Adolf Eyxler

Adolf Eyxler (8 noyabr 1869, Oryol5 fevral 1911, Bakı) — alman memarı. Azərbaycan almanları icmasına məxsus Lüteran kilsəsini (Kirxa) 1896–1899-cu illərdə Adolf Eyxler inşa etmişdir.

Adolf Eyxler
Doğum tarixi 8 noyabr 1869(1869-11-08)
Doğum yeri
Vəfat tarixi 5 fevral 1911(1911-02-05) (41 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti memar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ailəsi və uşaqlığı

Adolf Eyxler 8 noyabr 1869-cu uldə anası Yelena-Yelizaveta Qovorkonun ata yurdunda, Rusiyanın Oryol şəhərində anadan olmuşdur. Atası Vilhelm Eduard Eyxler 1864-cü ildə Bakıya gəlmişdir. Böyük bacısı Vilhelmina-Yelizaveta 1866-cı ildə, kiçik bacısı Viktoriya-Leontina 1870-ci ildə Bakıda anadan olmuşlar.

Atası Vilhelm Eduard məşhur kimya və farmasiya magistri sayılırdı. 1888-ci ildə Neft sənayeçiləri birliyi kerosinin keyfiyyətinə nəzarət etməyi ona həvalə etmişdi. Təbiətsevər şəxs olan Vilhelm Eduard, demək olar ki, ancaq öz şəxsi vəsaitləri hesabına 1878-ci ildə Mixaylov (Qubernator) bağını abadlaşdırmışdı.

Vilhelm Eduard həm də yeni bitki növləri kəşf etmiş və alman botanika jurnalında onlar haqqında məqalələr yazmışdı. Alimlər həmin bitkiləri onun şərəfinə Tulipa Eichleri və Bulbucodium Eichleri adlandırmışdılar.

Onun oğlu Adolfun həyatında əmisi Karl Eduard böyük rol oynamışdır. Kar Eduardın Quberniya (indiki Nizami) küçəsində yerləşən apteki xalq arasında məşhur idi. Dindar adam olan Karl Eduard 1877-ci ildə Lüteran Cəmiyyətinin Kilsə şurasının üzvü seçilmişdir.

Şəxsi həyatı

24 iyul 1907-ci ildə Adolf Eyxler katolik məzhəbə aid 24 yaşlı Lidiya-Eleonora Nagel ilə evlənir. 1908-ci ildə onların ilk uşağı- İren, 1910-cu ildə Korneliya dünyaya gəlir.

5 fevral 1911-ci il tarixində səhər saat 5-də Eyxlerlərin mənzilində atəş səsi eşidildi. Ertəsi gün bütün qəzetlər Adolf Eyxlerin intiharından yazır və özlərindən müxtəlif təfərrüatlar uydururdular. İntiharın motivləri daha sonra bəlli oldu. Adolf Eyxler çiçək xəstəliyindən əziyyət çəkirdi və əzablara dözməyərək intihar etmişdi. Həmin gün həyat yoldaşı və difteriya ilə xəstələnmiş uşaqlar Adolfun qaynatasıgildə idilər.

Onun ən yaxın rəisi mühəndis Məmməd Hacınski Eyxleri nümunəvi işçi kimi xarakterizə edərək demişdi ki, intiharın səbəblərini onun işgüzar fəaliyyətində axtarmaq yersizdir. Şəhərdə tikinti işləri aparan iri podratçı Hacı Qasımov deyirdi ki, 20 illik fəaliyyəti dövründə yüzlərlə memar və mühəndislə qarşılaşsa da, Adolf Eyxler kimi dürüst, hətta ifrat dürüst adamla qarşılaşmamışdı.

Adolf Eyxler şəhərin dağlıq hissəsində yerləşən lüteran qəbiristanlığında dəfn edildi. 1928-ci ildə həmin qəbiristanlıq ləğv edildi. İndi həmin yerdə türk məscidi yerləşir.[1]

Fəaliyyəti

2017-ci ildə buraxılmış Azərbaycan poçt markası
Bakıda Eyxlerin layihəsi əsasında inşa edilmiş "Xilaskar kilsəsi".

Peterburqda təhsil alan Adolf Eyxler XIX əsrin 90-cı illərindən memar kimi fəaliyyətə başlamışdır (1892–1911-ci illərdə sahə memarı). 1892-ci ilin əvvəlində o Suraxanı (indiki D. Əliyeva) küçəsində tikiləcək birmərtəbəli məktəbin binasını layihələşdirmişdir.

1896-cı ildə isə Eyxlerin layihəsi üzrə Kirxanın tikintisi başladı və tikinti 1899-cu ildə tamamlandı. Bu layihədən sonra Eyxler şəhər memarı kimi fəaliyyətə başladı: məktəblərin və yaşayış evlərinin tikintisi, sanitar tələblərə cavab verməyən karvansarayların bağlanması, zibilin yandırılmasına nəzarət və s.

1904-cü ildə Adolf Eyxler şəhərin mərkəzi hissəsinin ikinci sahəsinin memarı təyin edilir. 1908-ci ildə isə onu birinci sahəyə köçürüb 150 rubl da əmək haqqı təyin edirlər.

Xeyriyyə tədbirlərində fəal iştirak edən Adolf Eyxler 1904-cü ildə təmənnasız olaraq 2-ci Qanlı təpə (indiki A. Bünyatov) və Maqazin (indiki Süleyman Rüstəm) küçələrinin kəsişməsində yerləşəcək uşaq evinin layihəsini hazırlayır.[1]

Adolf Eyxlerin Bakıda layihələşdirdiyi binalar:

  • İkimərtəbəli yaşayış evi (1895-ci il)- İçərişəhər
  • İkimərtəbəli yaşayış evi (1895-ci il)- Dəniz (indiki Bülbül prospekti) və Karantin (indiki Həsi Aslanov) küçələrinin kəsişməsində
  • Birmərtəbəli ev (1895-ci il)- Telefon (indiki 28 may) küçəsi
  • Yaşayış evləri və kirxa (1895–1897-ci illər)- Telefon (indiki 28 may) küçəsi 15 və 17
  • Birmərtəbəli yaşayış evi (1895)-ci il- Merkuri (indiki Z. Əliyeva) və Birja (indiki Ü. Hacıbəyov) küçələrinin kəsişməsi
  • İkimərtəbəli yaşayış evi (1896-cı il)- Suraxanı (indiki D. Əliyeva) küçəsi
  • Haşımov məscidi və onun daş hasarı (1895-ci il)- Poçt (indiki Süleyman Tağızadə) küçəsi
  • İkimərtəbəli yaşayış evi (1896-cı il)- Naqornaya (?) və Pozen (indiki Cəfərov qardaşları) küçələrinin kəsişməsi
  • İkimərtəbəli yaşayış evi (1896-cı il)- Nijni Priyutksaya (indiki Süleyman Rəhimov) küçəsi
  • İkimərtəbəli yaşayış evi (1896-cı il)- İçərişəhər
  • Daş skamyalar (1896-cı il)- Praçeçnaya (indiki Mərdanov qardaşları) küçəsi
  • Birmərtəbəli yaşayış evi (1896-cı il)- Spasskaya (indiki Zərgərpalan) küçəsi
  • Birmərtəbəli yaşayış evi (1897-ci il)- Gimnaziya (indiki Tolstoy) küçəsi
  • İkimərtəbəli yaşayış evi (1897-ci il)- Quba (indiki Zivərbəy Əhmədbəyov) küçəsi
  • İkimərtəbəli yaşayış evi (1898-ci il)- Quberniya (indiki Nizami), Kolyubakin (indiki N. Rəfibəyli) və Spasskaya (indiki Zərgərpalan) küçələrinin kəsişməsi[2].

1909-cu ildə Bakı bulvarının salınması haqqında qərar qəbul edilərkən Adolf Eyxler təşkilati məsələlərdə yaxından iştirak edirdi[3]. O zaman müsabiqə yolu ilə seçilmiş layihənin işlənilib həyata keçirilməsində mühəndis Kazimir Skureviçin və memar Adolf Eyxlerin də böyük zəhməti olmuşdur. Onların təklifi əsasında dəniz sahili ilə yeni salınmış Aleksandr küçəsinin (indiki Neftçilər prospekti) arasında yaşıllıq zolağının salınması nəzərdə tutulmuşdu[4].

İstinadlar

  1. "Т. Гумбатова А. Эйхлер-архитектор Кирхи в Баку". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-28.
  2. "Архитектор Эйхлер". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-28.
  3. М.Сулейманов Дни Минувшие
  4. "Dənizkənarı Milli Park". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-28.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.