Adolf Disterverq
Adolf Disterverq (29 oktyabr 1790[1][2][…], Ziqen[3] – 7 iyul 1866[1][2][…], Berlin[3]) — alman pedaqoqu.
Adolf Disterverq | |
---|---|
alm. Adolph Diesterweg | |
Doğum tarixi | 29 oktyabr 1790[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 7 iyul 1866[1][2][…] (75 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | təhsil[4] |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Görkəmli alman pedaqoqu Fridrix Adolf Vilhelm Disterverq (1790–1866) 1790-cı ildə Zigen şəhərində məhkəmə məmuru ailəsində anadan olmuşdur. O, əvvəlcə xalq məktəbində, sonra isə latın məktəbində oxumuşdur. Təlimdə formalizm və sxolastika, şagirdlərin müstəqilliyinin və marağının boğulması, həyat üçün o qədər də zəruri olmayan, az əhəmiyyətli bilikllərin verilməsi A. Disterverqdə acı təəssürat yaratmışdı. 1808-ci ildə A. Disterverq bir vaxtlar Y. A. Komenskinin oxuduğu Herborn universitetinə daxil olmuş, bir ildən sonra Tyubingen universitetinə keçmişdir. 1811-ci ildə universitet təhsilini başa vuran A. Disterverq altı il sonra "Dünyanın sonu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. A. Disterverq hələ universitetdə oxuduğu zaman fəlsəfə, riyaziyyat və tarix elmləri ilə ciddi maraqlanmışdır. O, müstəqil olaraq çalışmağa üstünlük verir, J. J. Russonun, İ. Pestalossinin pedaqoji görüsləri ilə tanış olur. Bu da onun dünyagörüşünün formalaşmasında böyük rol oynayır. Universiteti bitirdikdən sonra A. Disterverq müəllimlik fəaliyyətinə başlayır. Bir müddət ev müəllimi olur, gimnaziyada müəllim işləyir. Daha sonra Manheymdə, Frankfurtda (1813–1818), Reyn üzərindəki Elberfelddə (1818–1820) çalışır. Onun pedaqoji görüşlərinin formalaşmasına Frankfurtda müəllimlik etdiyi dövr həlledici təsir göstərmişdir. Burada o, İ. Pestalossinin ardıcılları ilə birlikdə işləyirdi. A. Disterveq də ömrünün sonuna kimi İ. Pestalossinin pedaqoji ideyalarını təbliğ etmiş, praktik fəaliyyətində onu həyata keçirməyə çalışmışdır. A. Disterveq Almaniyada pedaqoji təhsilin ilk təşkilatçısı hesab olunur. Onun əsərləri və redaktorluğu ilə nəşr olunan jurnal xalq məktəblərinin müəllimlərinə ünvanlanmışdı. O, otuz ildən çox müəllimlər seminariyasının direktoru olmuşdur. 1820-ci ildən 1832-ci ilə qədər Merseldə, 1832–1847-si illərdə isə Berlində müəllimlər seminariyasının direktoru olmuş, həm də pedaqogika, riyaziyyat və alman dilindən dərs demişdir. Bu illərdə o, Almaniya xalq məktəblərində istifadə olunan riyaziyyat, astronomiya, təbiətşünaslıq, coğrafiya və alman dilinə aid 20-dən cox dərslik və metodik rəhbərlik hazırlamışdır.
Merseldə seminariya direktoru olarkən ibtidai məktəblər üçün 200-dən artıq müəllim hazırlamışdır.1827-ci ildə A. Disterveq "Tərbiyə və təlim üçün Reyn vərəqəsi" adlı pedaqoji jurnal nəşr edir. O, ömrünün sonuna kimi bu jurnalın redaktoru olmuş, burada təlim-tərbiyənin müxtəlif problemləri ilə bağlı 400-dən artıq məqalə çap etdirmişdir. A. Disterveqin vəfatından sonra da onun tələbələri bu jurnalın nəşrini davam etdirmişlər. Yalnız 1903-cü ildə bu jurnalın nəşri dayandırılmışdır. A. Disterveq 1835-ci ildə "Alman müəllimlərinin təhsilinə rəhbərlik" adlı məşhur əsərini nəşr etdirir. Kitab iki hissədən ibarətdir. Birinci hissədə təhsil-tərbiyənin təşkilinin ümumi prinsipləri, tərbiyəedici təlim məsələləri, ikinci hissədə isə ayrı-ayrı fənlərin tədrisi metodikası öz əksini tapmışdır. Bu əsər müxtəlif dillərə, o cümlədən rus dilinə tərcümə edilərək nəşr (1837–1875-ci illərdə) olunmuşdur. A. Disterveqin pedaqogikanın müxtəlif problemləri ilə bağlı yüzlərlə məqalə və oçerkləri vardır. Onları xarakterinə görə üç qrupa bölmək olar:
- 1.tərbiyənin ümumi məsələlərinə həsr olunmuş məqalələr;
- 2.tərbiyəedici və inkişafetdirici təlimə həsr olunmuş məqalələr;
- 3.müəllimə, onun şəxsiyyətinə, peşə hazırlığına həsr olunmuş məqalələr.
A. Disterveq təhsil sahəsində köhnə ənənələrə qarşı ciddi etiraz etmişdir. Məktəblər üzərində nəzarəti ruhanilərə deyil, mütəxəssis pedaqoqlara tapşırmaq barədə A. Disterveqin fikirləri hakim dairələri qorxuya salmışdı. Onun cıxışları dövlət məmuruna layiq olmayan hərəkət kimi qiymətləndirilirdi və o, 1847-ci ildə Berlin seminariyasının direktoru vəzifəsindən çıxarıldı. Öz mübarizəsindən geri çəkilməyən A. Disterveq 1851-ci ildə "Pedaqoji məcmuə" nəşr edir, Prussiyanın 1854-cü il məktəb qanununa etiraz edir. A. Disterveq 1857-ci ildə bütün fəaliyyətini yekunlaşdıran avtobioqrafik "Pedaqoji ideyalar və imkanlar" adlı kitabını nəşr etdirir. 1865-ci ildə A. Disterveqin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilir. Bir il sonra – 1866-cı il iyulun 7-də A. Disterveq vəba xəstəliyindən vəfat etmişdir.
A. Disterveqin əsas prinsipləri
A. Disterveqin pedaqoji irsində tərbiyənin mahiyyəti məqsədi və əsas prinsipləri mühüm yer tutur. A. Disterveq tərbiyənin məqsədini insan fəaliyyətinə, həqiqətə, gözəliyyə, xeyirxahlığa xidmət etməsində görürdü. Onun fikrincə, məktəbin vəzifəsi milli mənafeyi yüksək tutan, milli ədavətdən, milli məhdudluqdan uzaq insanlar tərbiyə etməkdir. A. Disterveq "Alman müəllimlərinin təhsilinə rəhbərlik" (1835) adlı məşhur əsərində təlim və tərbiyənin qarşılıqlı əlaqədə olan iki prinsipini-təbiətəmüvafiqlik və mədəniyyətə müvafiqlik – fərqləndirirdi. A. Disterveq tərbiyənin təbiətəmüvafiqliyini, yəni uşaq təbiətini təbii inkişafını uyğun olması fikrini müdafiə edirdi. İrsiyyətə üstünlük verən A. Disterveq deyirdi ki, palıd toxumundan müvafiq şəraitə düşdükdə başqa bir şey deyil, ancaq palıd ağacı bitə bilər. A. Disterveq tərbiyənin təbiətəmüvafiqlik prinsipindən əlavə, həm də mədəniyyətəmüvafiqlik prinsipini irəli sürmüş, onun məzmununu şərh etmişdir. Bu prinsip tələb edir ki, tədris-tərbiyə prosesi xarici, daxili və ictimai mədəniyyət əsasında təşkil edilsin. A. Disterveq xarici mədəniyyətə əxlaq normalarını, məişəti, istehlakı, daxili mədəniyyətə isə sosial münasibətləri və milli mədəniyyəti aid edirdi.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Friedrich Adolph Wilhelm Diesterweg // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Deutsche Nationalbibliothek Record #118525484 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Çex Milli Hakimiyyət Məlumat bazası.