Adil Bəbirov

Adil Bəbirov — (Doğumu: 5 fevral 1934, Bakı, Azərbaycan - Ölümü: 26 sentyabr 2021, Toronto, Kanada) Görkəmli Azərbaycan bəstəkarı, səs rejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989).

Adil Bəbirov
Ümumi məlumatlar
Doğum adı Adil Musa oğlu Bəbirov
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Toronto, Kanada
Dəfn yeri Toronto, Kanada
Vətəndaşlığı Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar, səs rejissoru
Fəaliyyət illəri 1966-2021
Janrlar mahnı, romans, pyes
Təhsili Azərbaycan Dövlət Konservatoriyası
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989

Həyatı

Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olmuşdur. 1954-cü ildə musiqi texnikumunu bitirən Adil Bəbirov elə həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə qəbul olunur. Tələbəlik dövründə Adil Bəbirov fortepiano üçün prelüdlər, variasiyalar (1956), skripka üçün sonata, Violonçel və fortepiano üçün pyeslər, romans və mahnılar yazmışdır. O, hələ gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri baş redaktoru kimi fəaliyyət göstərmişdir.[1]

Daha sonra Azərbaycanı tərk edərək Kanadaya köçmüşdür.

26 sentyabr 2021-ci ildə ömrünün son illərini yaşadığı Kanadanın Toronto şəhərində xəstəxanada vəfat etmişdir.[2]

Yaradıcılığı

1966-cı ildə «Azərnəşr»in çap etdiyi fortepiano üçün sonatası Adil Bəbirovun məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan bu əsər Avropa klassik musiqi ənənələri ilə üzvi surətdə birləşərək, özünəməxsus tərzdə bəstəkarın yeni stilistik üslubu, bənzərsiz musiqi dili ilə diqqəti çəkir. Əsər bu günədək bir çox pianoçuların repertuarında yer alır. Hətta sonata sonradan simfonikləşdirilərək, müəllif tərəfindən partitura şəklinə salınmışdır.

1968-ci ildə isə «Azərnəşr» bəstəkarın fortepiano ilə oxumaq üçün nəzərdə tutulan 4 mahnısının klavirini nəşr etmişdir. Albomun ilk səhifəsi «Mən anayam» adlı mahnı ilə başlanır. Fikrət Qocanın kiçik, sadə bir şeirinə yazılmış mahnı kuplet formasında olub, zəngin harmonik müşayiətlə, oxuyanın axıcı, süzgün və lirik ifasını birləşdirirək yeni mənzərə yaradır. Kiçik bir şeir parçasında bəstəkar musiqinin ifadə vasitələrindən, bacarıqla istifadə edərək lad yönəlməsindən də bəhrələnə bilmişdir.

«İlk addımlar» adlanan digər mahnı isə Şüştər ladından başlayaraq tədricən Segah ladına gəlir və qısa müddət, bir neçə xanədən sonra dalğavari hərəkətlə yenidən, əvvəlki pilləyə keçir. Vals ritmində yazılmış «Yollar» mahnısının melodiyası və harmonik dili elə bir tərzdə yazılmışdır ki, klassik harmoniyaya, Avropa musiqisində işlədilən triton intervalları, majoro – minor akkordları, ikiqat dominanta, nonakkordlar üstünlük təşkil edir. Linear və adi keçici akkordlar, ləngimədən sonra həll olunma və s. geniş tətbiq olunur. Dalğavari xətlə inkişaf edən melodiya müxtəlif tonallara elliptik dövrə edərək əvvələ qayıdır. Vokalı yaxşı duyan bəstəkar kantilena yaratmaqla, oxumaq üçün əlverişli gəzişmələrdən və mahnı mətnində ən yaxşı səslənən saitlərdən istifadə edir. Mahnıda Azərbaycan ladlarına xas olan kadansvari melizmlər işlədilməklə ona ustalıqla milli don geydirilmişdir. Bu kiçik mahnı məcmuəsi, şair Yusif Həsənbəyin sözlərinə yazılmış «Xoşbəxt olsunlar» nəğməsi ilə tamamlanır. Kuplet formasında yazılmış mahnı Segah ladının pərdələrinə toxunur.

Adil Bəbirovun mahnılarına xas olan üslub, hətta kiçik bir musiqi cümləsində belə, eləcə də hər bir dövrədə, bir neçə lada yönəlmələr üstünlük təşkil edir. Bu sadəcə müxtəlif ladların süni şəkildə, yönəlmə və ya modulyasiya etmək xatirinə müqayisəli vəziyyətdə tutuşdurulması olmayıb, müxtəlif rəng çalarlarından ibarət çələngə və ya xalıya bənzədilə bilər ki, bu rənglərin uyarlığında da heç bir təsadüfilik yoxdur. Adil Bəbirovun yalnız mahnılarında deyil, digər janrlarda yazdığı əsərlərində də bu üslub tərzi bir «qırmızı xətt» kimi keçir.

1975-ci ildə «İşıq» nəşriyyatı tərəfindən nəşr olunmuş, «Azərbaycan bəstəkarlarının pyesləri» adlı fortepiano məcmuəsinə bəstəkarın iki əsəri də daxil edilmişdir. Prelüd-skertso adlanan pyes, pianoçular arasında artıq çoxdan məşhurdur. Ağır tempdə başlayan bu əsər, bir növ lirik balet adjiosunu xatırladır. Əsərə giriş preludü rolunu oynayan adajio poetik obraz yaratmaqla onunla üzvi surətdə birləşir. Əvvəlki hissədən ölçüsünə və obraz xarakterinə görə fərqlənən ikinci hissə rəqsvari səpgidə olub, mürəkkəb 3 hissəli formada yazılmışdır. Pyesin Skertso adlandırılması canlı tempdə, dəqiq ritmdə olan musiqi mövzusu olduğuna işarədir. Formaya burada bir qədər başqa səpgidə, şərti baxılmalıdır. Belə ki, əsər əslində qısa dramatik musiqi məzmununa görə sonatina kimi qavranılır.

Adil Bəbirovun yaradıcılığında 1980-ci ildə yazdığı, estrada üçün nəzərdə tutulan, birhissəli «Konsert pyesi» əsəri maraq doğurur. Sonata formasında yazılan əsərin əsas mövzusu çılğın, oynaq və enerjili xarakterdə olub, sürətli alleqro tempindən başlayaraq, tədricən lirik əhval-ruhiyyəli, mahnıvari, cantilenanı xatırladan köməkçi mövzuya keçməklə, sonataya xas olan kontrastlıq prinsipi yaradır. Konsertdə olan kəskin ritm və intonasiyalar bir qədər caz musiqisinə xas olan elementləri xatırladır. Konsert-pyesi əsəri, tar və simfonik orkestr üçün köçürülmüş və tar ifaçılarının repertuarında geniş yer almışdır.

Bəstəkarın səhnə əsərləri arasında dram tamaşalarına yazdığı musiqi, eləcə də «Yer tutanlar» müzikli musiqi ictimaiyyətinə yaxşı tanışdır. Müzikl musiqili komediya teatrında 1982-ci ildə səhnəyə qoyulmuş, 1984-cü ildə isə «Melodiya» səsyazma firması tərəfindən iki valdan ibarət alboma yazılmışdır. Bu dövrdə yazılmış musiqi əsərləri arasında «Kamera orkestri üçün 5 pyes» (1983), «Balet süitası» (1984), Səməd Vurğunun «İnsan», Bəxtiyar Vahabzadənin «İz qalır» pyeslərinə yazılmış musiqi bəstəkar yaradıcılığının maraqlı səhifələrindəndir.

Adil Bəbirov pedaqoq kimi də fəaliyyət göstərmişdir. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Pedaqoji Universitet) musiqi kafedrasında alətşünaslıq dərsləri aparmışdır. Bu dövrdə bəstəkar teleradio şirkətində də səs rejissoru kimi çalışmışdır. Sənətdə yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətinə verdiyi töhfələrə görə bəstəkar, 1989-cu ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Kino musiqisi sahəsində məhsuldar işləyən Adil Bəbirov 12-yə dək filmə musiqi bəstələmişdir. Bu sırada «Oxu tar» (1968), «Sevinc» (1968), «Azərbaycan ipəyi» (1972), «Pəncə..qulaq..palaz..tikan.» (1976), «Bağda rahat yer» (1978), «Sağ ol, dostum» (1980), «Böyük anda sadiqik» (1981), «Ekskursiya» (1991), «Yurd yeri» (1994-97), «Cümhuriyyət generalları» (2006), «Bağ yerində» kimi filmlər misal göstərilə bilər. Bəstəkarın Qarabağ torpağından məcburi köçkün düşmüş insanların real həyatını əks etdirən, «Yurd yeri» televiziya tamaşasına yazdığı musiqi onun son vaxtlarda yazmış olduğu əsərlərindəndir.

1990-2001-ci illərdə Adil Bəbirov milli musiqi folkloruna müraciət edərək təksəsli olan, bir sıra Azərbaycan xalq mahnılarını harmonizə etməklə fortepiano üçün işləyib.

Mahnı janrına sadiq qalan, ona vaxtaşırı müraciət edən bəstəkar bu janrın gözəl nümunələrini yaratmışdır. Onlar sayca bir o qədər çox olmasa da, qeyri-adi melodizmi, təzə harmoniyası ilə seçilir və üslub cəhətincə heç kəsə bənzəmir. Televiziyada və radio efirindən bu mahnılar tez-tez səslənir.

Adil Bəbirovun mahnılarını Şövkət Ələkbərova, Oqtay Ağayev, Yaşar Səfərov, Yalçın Rzazadə, Elmira Rəhimova, Akif İslamzadə, Mobil Əhmədov və başqaları ifa etmişlər. Bəstəkarın mahnılarının mətnləri tanınmış şairlərimizdən Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Yusif Həsənbəy, Vaqif Səmədoğlu və başqalarının şeirlərindən götürülmüşdür. Həmin mahnılar bunlardır: «Bilirsən özün», «Oyan», «Taleyim olar», «Görüşə gəl», «Çiçək açar ömrümüz», «Ana laylası», «İncitmə məni», «El üçün», «Özünlə apar», «Ceyran baxışlı yar», «Bənövşə», «Salam olsun», «Ey vətən», «Yurd yeri» və s. Bu mahnılar o qədər səmimi yazılmışdır ki, onların hər biri geniş formalı əsərə bərabər sayıla bilər.

Filmoqrafiya

  1. Oxu, tar (film, 1968)
  2. Sevinc (film, 1968)
  3. Azərbaycan ipəyi (film, 1972)
  4. Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
  5. Bağçada Rahat Yer (1978)
  6. Sağ ol, dostum (film, 1980)
  7. Böyük anda sadiqik (film, 1981)
  8. Ekskursiya (film, 1991)
  9. Yurd yeri
  10. Qu quşunun məhəbbəti (1995)
  11. Yurd yeri 2
  12. Cümhuriyyət generalları (film, 2006)
  13. Bağ yerində (film, 2007)

Video

İstinadlar

  1. "Adil Bəbirovun lirik musiqi dünyası". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-27.
  2. "Azərbaycanlı bəstəkar Adil Bəbirov Kanadada vəfat etdi". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.