Abdulla Qəbulzadə

Abdulla əfəndi İbrahim (Hacıbaba) əfəndi oğlu Qəbulzadə (1853, Qaxmuğal, Tiflis quberniyası1943, Qax) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Zaqatala dairəsi Qax bölgəsinin qazısı, Əhrar Partiyasının üzvü.

Abdulla Qəbulzadə
15 dekabr 1918 16 oktyabr 1919
FraksiyaƏhrar fraksiyası
SonrakıBaba bəy Qəbulzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1853
Doğum yeri
Vəfat tarixi 1943
Vəfat yeri
Partiya
Uşağı

Həyatı

Abdulla Qəbulzadə 1853-cü ildə Qaxmuğalda doğulmuşdur. O, yerli ruhanilərdən, Dağıstan üləmalarından dərs almış, sonra iki il Bağdadda oxuyaraq, həm də dünyəvi elmləri mənimsəmişdir.

Abdulla Qəbulzadə Qax bölgəsinə qazı – şəriət məhkəməsinin hakimi təyin edilmişdir. O, həm də Qaxmuğal məscidi nəzdində məktəb açaraq müəllimlik etmişdir. Akademik İmam Mustafayev də Abdulla əfəndidən dərs almışdır.

Abdulla Qəbulzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dəstəkləmiş və yerli əhalini yeni dövlətə sədaqətlə xidmətə çağırmışdır. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Qaxda olarkən Abdulla əfəndi onun təmtəraqla qarşılanmasını təşkil etmiş və İslam bəy Qəbulovun evində paşa ilə görüşmüşdür.

Sovet dövrü

Sovet dövründə də Qaxda yaşayan Abdulla əfəndini dəfələrlə Bakı Dövlət Universitetin şərqşünaslıq fakültəsində dərs deməyə dəvət etmişdilər. Lakin o, ahıl yaşda olduğuna və səhhətinə görə getməmişdir.

Abdulla Qəbulzadə 1942-ci ildə həbs edilmiş, lakin yaşının çox olmasına görə bir neçə gündən sonra buraxılmışdır. Onu həbs edərkən kitabxanasında olan bürün kitabları yandırmışdılar.[1]

Ölümü

Abdulla Qəbulzadə 1943-cü ildə Qaxda vəfat etmiş, indiki Qax şəhər qəbiristanlığında dəfn olunmuşdur.[1]

Siyasi fəaliyyəti

Abdulla Qəbulzadə 15 dekabr 1918-ci ildə Zaqatala nahiyyəsi üzrə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, 16 yanvar 1919-cu ildə sənədləri təsdiqlənmişdir. O, parlamentdə əvvəlcə bitərəf olmuş, sonra Əhrar Partiyasının üzvü olmuşdur. Abdulla Qəbulzadə parlamentin qanun layihəsi komissiyasının üzvü olmuşdur.[1]

25 yanvar 1919-cu ildə parlamentin sayca doqquzuncu iclasında komissiya tərəfindən baxılmış olan "Ədəmi-ictimai" qanunu Məhəmməd Əmin Rəsulzadənin müdafiəsinin ardından yekdilliklə qəbul edilir. Qanunun qəbulundan sonra parlamentin 4 fevral 1919-cu il tarixli sayca on ikinci iclasında Vladimir Ollonqren, Abdulla Qəbulzadə, Bəhram bəy Vəzirov, Bayram Niyazi Kiçikxanlı, Əli bəy Zizikski, Hacı Hüseyn Əfəndizadə və Rəşid bəy Axundzadə hökumət qulluğundan istefa verərək, parlament üzvlüyünü qəbul etdilər.

Abdulla Qəbulzadə səhhəti və ailə vəziyyəti ilə əlaqədar istefa vermişdir. Parlamentin 16 oktyabr 1919 tarixli səksən dördüncü iclasında Abdulla Qəbulzadənin uzun müddətdir xəstə olduğundan istefa etməsi ilə bağlı Zaqataladan göndərilmiş teleqram oxundu. 25 dekabr 1919-cu ildə onun yerinə oğlu Baba bəy Qəbulzadə parlamentin üzvü seçilmişdir.[1]

Mənbə

  1. Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
  2. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
  3. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
  4. Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri (səkkizinci buraxılış), Bakı, 2012, səh. 218–220;
  5. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
  6. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.