Abbas ağa Nazir

Qayıbzadə Abbas ağa Mirzə Nəbi əfəndi oğlu (9 (21) oktyabr 1849, Salahlı, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası30 dekabr 1919, Qazax, Qazax qəzası, Gəncə quberniyası, AXC) — şair, tərcüməçi və maarif xadimi.

Abbas ağa Nazir
Abbas ağa Mirzə Nəbi əfəndi oğlu Qayıbzadə
Təxəllüsü Nazir
Doğum tarixi 9 (21) oktyabr 1849
Doğum yeri
Vəfat tarixi 30 dekabr 1919(1919-12-30) (70 yaşında)
Vəfat yeri
Dəfn yeri Sudağılan qəbiristanlığı, Salahlı kəndi, Ağstafa rayonu
Vətəndaşlığı
Fəaliyyəti şair, tərcüməçi

Həyatı

Abbas ağa Nazir 1849-cu il 9 oktyabrda Qazax qəzasının Salahlı kəndində maarifçi ailəsində doğulmuşdur. Atası Mirzə Nəbi əfəndi Qayıbov (1810–1869) dövrünün görkəmli maarifçi-şairi idi. "Bəyani-hal" poemasında klassik şair Molla Vəli Vidadinin qız nəvəsi olduğu nəzmə çəkilmişdir. İlk təhsilini məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830–1917) almışdır. On dörd yaşına kimi kənd məktəbində oxumuş, Zaqafqaziya müftisi Osman əfəndi Məhəmməd ağa oğlu Vidadovun (M. V. Vidadinin nəvəsi) məsləhəti və köməyi ilə Tiflisdəki "Məvariyi-Qafqaz ruhani idarəsi"nin nəzdində açılmış altı sinifli (üç illik) məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra doğma kəndi Salahlıya qayıtmış, 1873-cü ilə qədər müəllimlik etmişdir. Sonra Tiflisə dəvət olunmuş, Zaqafqaziya ruhani idarəsində baş katib köməkçisi, baş katib vəzifəsində otuz beş il işləmişdir. 1910-cu ildən Tiflisdən doğma kəndi Salahlıya qayıdıb məktəbdarlıqla məşğul olmuşdur.

Əbülqasım Firdovsinin "Şahnamə"sindən "Rüstəm və Söhrab" dastanını Cəlil Məmmədquluzadənin məsləhətilə orijinaldan tərcümə edib "Qeyrət" mətbəəsində məşhur rəssam İzof Rotterin rəngli şəkillərilə, nəfis tərtibatla nəşr etdirmişdir (1908). Tərcümənin təkrar çapı 1959-cu ildə tədqiqatçı-alim Məmmədağa Sultanov tərəfindən olmuşdur. Xalq şairi Səməd Vurğun bu tərcüməni yüksək qiyymətləndirərək xatirə-qeydlərində yazır: "Mən "Rüstəm və Söhrab"ın o dövrdəki ilk tərcüməsini necə maraq və məhəbbətlə oxuduğumu yaxşı xatırlayıram…"

Abbas ağa Nazir özü "Bax" adlı qəzəlində yazır ki, tale onu övlad qismətindən məhrum etsə də o qədər də qəm etmir, çünki min bir əziyyətlə ana dilinə çevirdiyi "Rüstəm və Söhrab" onun övladı, oğludur:

Olmadımsa gər ata, yox isə oğlum, nə qəmim, "Zadeyi-təbim" olan "Rüstəmü Söhrab"imə bax.

Qəzəlin sonunda o belə bir səmimi izahat da vermişdir: "Hərçənd "Rüstəm və Söhrab" hekayəsi məlik-üşşüəra Firdovsinin zadeyi-təbidir, mən isəm ondan türk dilinə nəzmən tərcümə və nəql etmişəm, ancaq bu məqamda münasibi-hal "Zədeyi-təbim" deməgə məcbur olduğundan, bu barədə mana diqqət dutmalarını ərbabi-mərifətdən rica edirəm".

Abbas ağa nazir həm də rus yazıçısı Lev Tolstoyun "İnsana çoxmu torpaq lazımdır?" povestini nəzmlə tərcümə etmiş, L. Tolstoya məktub yazıb tərcümənin çapı üçün icazə istəmişdir (1909). Onun 1909-cu il fevralın iyirmi dördündə Yasnaya Polyanaya yazdığı məktubda deyilirdi:

"Hörmətli cənab qraf Lev Nikolayeviç!
Mən bir müsəlman şairi kimi, öz müsəlman həmməzhəblərimi Sizin əsərinizlə tanış etmək arzusu və Sizin "İnsana çoxmu torpaq lazımdır?" başlıqlı əsərinizi tatar-Azərbaycan dilinə nəzmlə tərcümə etmək xoşbəxtliyinə nail olmuşam. Ona görə də Sizdən izhari-hörmətlə xahiş edirəm ki, yuxarıda göstərilən tərcümənin nəşrinə və yayılmasına lütfən icazə verəsiniz. Hörmət və ehtiramla:Abbas ağa Qayıbov".

On gün keçməmiş Abbas ağa Qayıbov Lev Nikolayeviç Tolstoydan aşağıdakı məzmunda cavab məktubu almışdır: "Mən artıq iyirmi ilə yaxındır ki, arzu edənlərin hamısına mənim 1881-ci ildən sonra yazdığım bütün yazıları istənilən dilə tərcümə və yenidən nəşr etmək ixtiyarı vermişəm, odur ki, üzərinizə götürduyünüz zəhmət üçün Sizə yalnız təşəkkür edə bilərəm. Lev Tolstoy".

1910-cu il noyabr ayının onunda Nazir böyük rus yazıçısının ölümünə — "Qraf Tolstoyun ölümünə aid" mənzumə yazmışdır.

Lev Tolstoy, ədibi-əzəmi rus, Dari-dükyadan eylədi rəhmət. Yəni fot oldu, səd həzar, əfsus, Nuri-şəmsi-həqiqətü hikmət.

Firudin bəy Köçərli də Abbas ağa Nazirlə məktublaşmış, onun poeziyasını yüksək qiymətləndirmişdir. O, 1911-ci il oktyabrın 10-da Abdulla Şaiqə yazdığı məktubunda Nazirin xoştəb bir şair, həyalı bir insan olduğunu bildirir: "Dağların vəsfində Qazax şairlərindən Mustafa ağa Arifin, Kazım ağa Salik və əlan hal-həyatda olan Abbas ağa Nazirin gözəl şerləri var ki, məcmuəmə giriblər…

Abbas ağa Nazirin "Bəyani-halım" namində xeyli məğrub bir əsəri var, oxusanız xoşunuza gələr, əfsus ki, çap olunmayıbdır. Abbas ağa bacarardı öz xərcinə çap etdirməyə, amma utancaq adam olduğuna görə özünü qeyrilərlə tanış etdirməkdən həya edir. Bilmirəm, onun əsərlərindən nəzərinizə yetişənlərdən olubdurmu? "Rüstəm və Söhrab"ın tərcüməsi, "Mövlüdi nəbavi", "Millətə xitab", "Molla və şeytan", "Çoxmu lazımdır insana torpaq?", "Bəyani-halım" və qeyriləri. Abbas ağa çox qabil və xoştəb şairdir, amma çoxları onu tanımır, o cəhətə ki, özünü nəzərə verən adam deyil".

Firudin bəy Köçərli 1909-cu ildə Abbas ağa Nazirin altmış illik yubileyi münasibətilə yazdığı məqalədə onu millət və Vətən üçün atəşin təranələr oxuyan həqiqi şair adlandırır. "Həqiqi şair… millət və Vətən yolunda canlar fəda etmək lazım isə Vətən oğullarının ürəyinə yandırıcı od salıb onları hər qism fədakarlığa və cannisarlığa şövqməd eləsin".

Abbas ağa Nazir isə 1909-cu ildə Firudin bəy Köçərliyə göndərdiyi məktubunda yazır ki, "Sizinlə gec tanış olmağıma heyfsilənirəm. Hərgah qırx il bundan əqdəm mənim şerimə Sizin kimi qədr-qiymət verən olsaydı, indiyə kimi otuz-qırx cild kitab yazardım".

1911-ci il dekabrın 5-də Tiflisdə M. F. Axundovun yüz illiyi təntənəsində Gürcü Zadəganlar Cəmiyyəti Teatrında məruzə edən Firudin bəy Köçərli yubiley gecəsini Abbas ağa Nazirin böyük dramaturqa həsr etdiyi on üç bəndlik şeri ilə açmışdır. Nazir şerində M. F. Axundovun təkcə Azərbaycan xalqına və ədəbiyyatına deyil, hətta yaxın Şərq xalqlarına və ədəbiyyatına olan misilsiz xidmətini nəzmə çəkmişdir:

Millətə şahrahi-elm açdın, Mərhaba, ey mühəndisi-qadir!
Vətənə təxmi-mərifət saçdın, Sən ey ustadı-kamilü mahir!
Bir əlifbayi-tazə tərh etdin, Şivəsi xoş, oxunmağı asan;
Rəsmi-təlimi zikrü şərh etdin, Qoymadın bir qüsuru, bir nöqsan.

Firudin bəy Köçərli 1912-ci ildə çap etdirdiyi "Balalara hədiyyə" kitabına Abbas ağa Nazirin "Vətən", "Qarayazı meşəsinin vəsfi və ovçuların zülmü" və başqa şerlərini daxil etmişdir.

Hələ 1908-ci il dekabrın 5-də Firudin bəy Köçərli Qoridən Abdulla Şaiqə yazırdı: "Rus şairlərinin əsərlərindən türkcə tərcümə etmək üçün Abbas ağa Qayıbov Nazir təxəllüsə müraciət etmənizi səlah görürəm. Cənab Abbas ağanın çox səlamət və rəvan təbi var və özü də rus dilini kamil bilir. Abbas ağadan başqa yenə bir neçə xoştəb şairlər vardır və onlar rus dilini bilmirlər. Abbas ağa Tiflisdə sünni idareyi-ruhaniyyəsinin kargüzarıdır".

Abbas ağa Nazir yüzlərlə lirik, satirik şerlərin, vətənpərvərlik ruhunda yazılmış mənzumə və qəzəllərin, rübailərin müəllifidir. "Vətən təranəsi", "1905-ci il inqilab cərəyanına dair", "Nəsihət", "Məktəb", "Könül, aldanma çərxə, bivəfadır", "Bax", "Təxmisi-qəzəli-Füzuli Bağdadi", "Molla və şeytan", "Millətə xitab", "Təraneyi-milliyə", "Vətən", "İsmayıl bəy Kasprinskinin vəfatına aid", "Ədəbiyyat" və s. kimi çoxlu poetik əhəmiyyətini itirməyən şeir və poemaları vardır.

Abbas ağa Nazir min misradan çox olan "Bəyani-halım" poemasında elm və fəzilət sahibi atası Mirzə Nəbinin şairliyini, ilk təhsilini Salahlıda aldığını, Qacarın Tiflisi yandırmasını, Vaqifin Qarabağa köçməyini nəzmə çəkmişdir. Poemada Abbas ağa Nazir ana tərəfdən Molla Vəli Vidadinin qız nəvəsi olduğunu tarixi faktlarla vermişdir Poemanın əsli Respublika Əlyazmaları İnstitutunda saxlanılır.

"Əsərləri"nin tam külliyyatını ilk dəfə tədqiqatçı Səmistan Nəzirli nəşr etdirmişdir.

Şair Abbas ağa Nazir Qayıbzadə 1919-cu il dekabrın 30-da Qazaxda vəfat etmişdir. Doğma kəndi Salahlıdakı Sudağılan qəbiristanlığında dəfn olunmuşdur. Nazirin vəfatından kədərlənən dövrünün maarif və mədəniyyət xadimləri onun ölümünü ağır itki kimi qiymətləndirərək mətbuat səhifələrində çıxış etmişlər. Həmin ili Qazax Seminariyasında ədəbiyyat müəllimi işləyən, sonralar görkəmli dövlət xadimi olan Yusif Qasımov "Azərbaycan" qəzetinin 1920-ci il 11 yanvar tarixli nömrəsində böyük bir məqalə ilə çıxış edərək yazırdı: "Onun vəfatı heç kəsi məraqə və təlaşa gətirmədi, o qədər əhali onun vəfatına kəmqeyd və kəmetina qaldı. Onu görən Firudin bəy Köçərli cənabları "Ar olsun bizə, bu böyük şəxsi çox həqiranə, çox beyhörmətanə yola salırıq. Bunun vəfatına çox beyganə baxırıq" — deyə burdakı beş-üç nəfərə etdiyi yanıqlı xitabı çox məqamlı və münasib oldu… Vətən və millət uğrunda atəşli təranələr çalan bir şəxsin aldığı mükafat iştə bu, amma ərbabi-fikrin çox da təqdirə və mükafata ehtiyacı yoxdur. O, özü-özünün hakimi və məhkumu, özü-özünün tosifi və zəmedicisidir".

Tanınmış maarifçi Fərhad Ağazadə də "Ədəbi tədqiq" adlı məqaləsində Abbas ağa Nazir poeziyasından, onun vətənpərvərlik ruhunda yazılmış şerlərindən söhbət açır. O yazırdı: "Mərhum Abbas ağa qayət dərəcədə Vətəni, yəni Azərbaycanı ürəkdən sevən bir şair idi. Vətən yaylalarının gülü-çiçəyi şairi məftun edir".

Əsərləri

  1. Molla və şeytan (nəzmlə hekayə). Tiflis: Gürcü nəşriyyatının "Şirkət" mətbəəsi, 1911, 15 səh.
  2. İki qardaş (poema). Tiflis: Gürcü nəşriyyatının "Şirkət" mətbəəsi, 1912, 18 səh.
  3. Əsərləri. Bakı: OKA Azərbaycan-Türkiyə ofset nəşriyyat və poliqrafiya şirkəti, 2004, 350 səh.

Tərcümələri

  1. Müsəvvər Rüstəm və Söhrab. Tiflis: "Qeyrət" mətbəəsi, 1908, 120 səh.
  2. Rüstəm və Söhrab. Bakı: Azərnəşr, 1959, 199 səh.

Mənbə

  • "Abbas ağa Nazir Qayıbov". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX–XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. — səh. 547–588.
  • XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı, 2011.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.