Abbas Zamanov (ədəbiyyatşünas)
Zamanov Abbas Fəttah oğlu (10 oktyabr 1911, Maxta, Şərur-Dərələyəz qəzası – 1 aprel 1993, Bakı) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın Əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988).[1]
Abbas Zamanov | |
---|---|
Abbas Fəttah oğlu Zamanov | |
Doğum tarixi | 10 oktyabr 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 1993 (81 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | ədəbiyyat |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur.[2] Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921–1927). Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmışdır (1929–1937), iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933–1934). Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937–1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir.
Opera Teatrının və Filarmoniyanın direktoru (1940–1941) olmuşdur. M. F. Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948–1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960–1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968–1971), ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1971–1979) vəzifələrində çalışmış, daha sonra kafedranın professoru (1979–1993) kimi fəaliyyət göstərmişdir.
1993-cü il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
İctimai fəaliyyəti
Abbas Zamanov dəmir pərdənin hökm sürdüyü sovet siyasi rejimi dönəmində dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın mühacir alimləri, yazıçıları ilə məktublaşmış, kitab mübadiləsi etmişdir. Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universitetində professor Abbas Zamanovun vaxtilə sovet rejiminin çətin dövrlərində göndərdiyi kitablardan təşkil olunmuş və üç mindən artıq kitabı əhatə edən "Bağış kitablığı" yaradılmışdır.
Elmi yaradıcılığı
Abbas Zamanov ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlamışdır. Həmin vaxtdan Azərbaycanda və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunmuşdur. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri yayınlanmışdır. "Sabir və müasirləri" monoqrafıyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, "Cəlil Məmmədquluzadə" oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunmuşdur. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərmiş, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Seyid Hüseyn, Hacıbaba Nəzərli, Sultan Məcid Qənizadə və başqa şair və yazıçıların əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirmişdir. O, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə "Sabir xatirələrdə" (1982) və "Cavidi xatırlarkən" (1982) adı ilə kütləvi tirajla çap etdirmişdir.
Təltifləri
- Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971);
- Azərbaycanın Əməkdar elm xadimi (1980)
- Konya Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1989);
- Birinci Dərəcəli "Vətən müharibəsi" ordeni.
Əsərləri
- İrəli (cəbhə qeydləri). Bakı: Azərnəşr, 1943, 24 s.
- A. Şaiqin həyatı və yaradıcılığı. Bakı: Bilik, 1956, 22 s.
- Müasirləri Sabir haqqında. Bakı: Azərnəşr, 1962, 324 s.
- Sabir və müasirləri. Bakı: Azərnəşr, 1973, 282 s.
- Əməl dostları. Bakı: Yazıçı, 1979, 372 s.
- Sabir gülür. Bakı: Gənclik, 1981, 260 s.
- Sabir bu gün. Bakı: Gənclik, 1985, 350 s.
- Cəbhə dəftərindən. Bakı: Azərnəşr, 1986, 95 s.
- Bu dünyadan Rəsul Rza gəlib keçdi. Bakı: MBM, 2008, 72 s.
- Cənubdan səslər. Bakı: Min bir mahnı, 2010, 364 s.
Tərcümələri
(ruscadan)
- N. Jurba. Aleksey Matrosov. B.: Uşaqgəncnəşr 1951, 240 s.
- H. Məmmədquluzadə. Mirzə Cəlil haqqında xatirələrim. B.: Gənclik, 1981, 155 s.
Haqqında yazılanlar
- Fərqanə Kazımova. Abbas Zamaov: Biblioqrafiya, Bakı: Yazıçı, 1997, 71 s.
- Fərqanə Kazımova. Professor Abbas Zamanov, Bakı: Mütərcim, 2012, 336 s.
- Müasirləri Abbas Zamanov haqqında (Tərtib edəni İsa Həbibbəyli). Bakı: Çinar-çap, 2003, 336 s.
- Kamran Əliyev. Abbas Zamanov olmasaydı, Bakl: Elm, 2011, 138 s.
- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə). Ensiklopedik məlumat kitabı, Bakı: Nurlar, 2011, s.21
- Elçin. ədəbiyyat və cəsarət tərcümanı — Abbas Zamanov, Bakı: Gənclik, 2016, 142 s.
- Qəzənfər Paşayev. Abbas Zamanov, Bakı: Gənclik, 2016, 131 s.
Filmoqrafiya
- Sovet Naxçıvanı-şərqin qapısı (film, 1949)
- Azərbaycan naminə (film, 2005)
- Zəlimxan dastanı (film, 2007)
- Mətbuat fədaisi (film, 2007)
İstinadlar
- "Abbas Zamanov – (1911–1991) tənqidçi, ədəbiyyatşünas, tərcüməçi". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-12.
- "VƏTƏN FƏDAİSİ". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.