Abbas Abbasov (mühəndis)
Abbas Əsgər oğlu Abbasov (1928, Kəmərli, Qazax qəzası – 2009, Bakı) — Alim, Texnika elmləri doktoru, Azərbaycan Dövlət Neft Akademiyasının Ali riyaziyyat kafedrasının professoru (1977–2009), Özbəkistanın "SredazNİİqaz" İnstitutunda elmi işlər üzrə direktor müavini (1968–1970). Bir neçə medal, fəxri fərman və diplomlarla təltif olunmuşdur.
Abbas Abbasov | |
---|---|
Abbas Əsgər oğlu Abbasov | |
Doğum tarixi | 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 2009 |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | texnika |
Elmi dərəcəsi | |
Elmi adı |
Həyatı və elmi fəaliyyəti
Abbas Abbasov 1928-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1944-cü ildə Kəmərli kənd orta məktəbini bitirmiş və orta məktəbi bitirdikdən sonra 1949-cu ilə qədər Kəmərli və Körpülü kəndlərinin orta məktəblərində riyaziyyat və fizika fənlərini tədris etmişdir.
1949–1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. İnstitutu bitirdikdən sonra əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Neft Ekspedisiyasında kiçik elmi işçi kimi davam etdirmişdir. Ekspedisiya Azərbaycan Elmi-Tədqiqat İnstitutu ilə birləşəndən sonra elmi fəaliyyətini həmin institutda davam etdirmişdir.
1958-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi adı almışdır. 1960-cı ildə Ukraynanın "UkrNİİproekt" institutunda baş elmi işçi vəzifəsində işləmişdir
1960–1968-ci illərdə Azərbaycan Mili Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları problemləri institutunda baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.
1960-cı ildə doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi almışdır. 1970-ci ildə isə ona professor elmi rütbəsi verilmisdir.
1968–1970-ci illərdə Özbəkistanın "SredazNİİqaz" İnstitutunda elmi işlər üzrə direktor müavini, 1970–1977-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Dərin neft və qaz yataqları problemləri, sonradan isə Kibernetika institutunda laboratoriya müdiri vəzifələrində işləmişdir.
Abbas Abbasovun sonrakı əmək fəaliyyəti Azərbaycan Dövlət Neft Akademiyası ilə bağlıdır.
1977-ci ildən ömrünün axırına qədər bu ali təhsil müəssisəsinin Ali riyaziyyat kafedrasında professor kimi elmi və pedaqoji fəaliyyətini davam etdirmişdir.
100-dən çox elmi əsərin, o cümlədən üç monoqrafiya, bir metodik rəhbərlik və bir dərsliyin müəllifidir. Əsərləri Respublikamızda və xaricdə çap olunmuşdur. Onun rəhbərliyi ilə 20-dən çox elmlər namizədi yetişmisdir.
2009-cu ildə Bakıda vəfat etmişdir.
Təltif və mükafatları
Çoxillik səmərəli elmi və pedaqoji fəaliyyetinə görə bir neçə medal, fəxri fərman və diplomlarla təltif olunmuşdur.
İstinadlar
Mənbə
- Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.