Abasqulu Quliyev
Abasqulu Quliyev (Quliyev Abasqulu Məmməd oğlu; 13 noyabr 1940, Axta – 20 dekabr 2022) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü,[1], əməkdar elm xadimi.
Abasqulu Quliyev | |
---|---|
Doğum tarixi | 13 noyabr 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 20 dekabr 2022 (82 yaşında) |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adı |
|
Təhsili | |
Mükafatları |
Bioqrafiya
Abasqulu Məmməd oğlu Quliyev 1940-cı ilin noyabrın 13-də Qərbi Azərbaycanın Zəngibasar mahalında anadan olub. Orta təhsilini Uluxanlı məktəbində başa vuran alim 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt "Səthi-aktiv maddələr" zavoduna işləmək üçün göndərilib. 1962-ci ildə Sumqayıt şəhərində yerləşən qapalı Kimya müəssisəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə SSRİ EA-nın Yüksəkmolekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasına daxil olub. 1970-ci ildə namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. О, 1989-cu ildə professor elmi adına layiq görülüb. 1968-ci ildən Polimer Materialları İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləyib. 1993-cü ildən elmi işlər üzrə direktor müavini, 2007-ci ildən 2014-cü ilə qədər isə institutun direktoru vəzifələrində çalışıb. Abasqulu Quliyev Funksional smart polimerlər laboratoriyasının müdiri kimi fəaliyyət göstərib.
Geniş diapazonlu elmi axtarışlarının nəticələri 450-dən çox elmi əsərdə, о cümlədən 70 ixtira və patentdə öz əksini tapıb. Abasqulu Quliyev Türkiyədə və keçmiş SSRİ-nin bir sıra respublikalarında keçirilən beynəlxalq konfranslarda maraqlı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. Onun elmi əsərləri ABŞ, Macarıstan, Bolqarıstan, İngiltərə, Almaniya, Braziliya və İspaniyada keçirilən konfrans materiallarında dərc edilib.
Tanınmış alimin rəhbərliyi altında 20 namizədlik və 3 doktorluq dissertasiyaları müdafiə olunub. Yaratdığı elmi məktəbin yetirmələri hal-hazırda respublikanın və başqa ölkələrin müxtəlif elmi mərkəzlərində fəaliyyət göstərirlər. Elmi fəaliyyəti ilə yanaşı bilik və bacarığını daim gənc nəslə aşılamaq üçün fəal çalışan alim Sumqayıt Dövlət Universitetinin professoru kimi yuxarı kurs tələbələrinə, magistrlərə mühazirələr оxuyub.
2005-ci ildə Abasqulu Quliyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar elm xadimi fəxri adı ilə təltif edilib. Eyni zamanda AMEA-nın Fəxri fərmanı ilə təltif olunub. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Abasqulu Quliyev uzun illər Polimer Materialları İnstitutunun Elmi şurasının sədri, AMEA-nın Kimya Elmləri Bölməsi Bürosunun, Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının kimya elmləri üzrə Ekspert şurasının və Azərbaycan Kimya Jurnalı Redaksiya heyətinin üzvü, Polimer Materialları İnstitutunun Elmi şurasının üzvü və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədr müavini olub.
İstinadlar
- "Quliyev Abasqulu Məmməd oğlu" (az.). science.gov.az. 2017. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.