AMEA Yüksək Texnologiyalar Parkı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) — elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir. YT Parkı elm tutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir.[1]

Yaranma tarixi

AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli 2425 nömrəli Sərəncamı ilə yaradılmışdır. YT Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsini həyata keçirən idarəedici təşkilat AMEA-nın tabeliyində yaradılan dövlətə məxsus hüquqi şəxs “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-dir. Hazırda "AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru Vasif Bilal oğlu Abbasovdur.[2]

Əsas məqsədi

YT Parkın yaradılmasında əsas məqsəd ölkədə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarətdir.[3]

Fəaliyyət istiqamətləri

AMEA Yüksək Texnologiyalar Parkı yarandığı dövrdən innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir. Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən YT Park elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə  əlaqələr qurur. Park həm də innovativ biznes ideyası olan gənc startapçılar və universitetlərlə əməkdaşlıq edir. Texnologiyalar Parkı hazırda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.[4]

Bu müəssisə yalnız Azərbaycanda deyil, həm də ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən alimlərimizlə əməkdaşlıq edir. Həmçinin, Park texnologiya və innovasiya sahəsində baş verən yeniliklərlə yaxından tanış olmaq məqsədilə müxtəlif ölkələrin texnoparkları ilə sıx əlaqədədir.

YT Parkın rezidentləri

AMEA Yuksek Texnologiyalar Parkı girişi
  • AMEA Təcrübə-Sənaye Zavodu; MMC
  • Elm və Texnologiya Parkı; MMC
  • Millers Oils Azerbaijan; MMC 
  • DN Technologies; MMC 
  • Azeltech; MMC 
  • INKOR; MMC
  • “Aşqar” Elmi İstehsalat Birliyi
  • “Buta Armor Technologies” MMC
  • “Buta Armor” MMC
  • “4MAPS Bilgi Teknolojileri” MMC
  • “INTELPRO” MMC
  • “EMSYS” MMC

İnkubator rezidentlər

  • ZEYTUN; ELMİ-İSTEHSALAT ŞİRKƏTİ
  • KASPİAN İNSPEKŞN KOMPANİ; MMC 

AMEA YT Parkın Müşahidə şurası

Müşahidə Şurası öz səlahiyyətləri hüdudlarında Cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. Şuranın üzvləri 5 il müddətinə AMEA tərəfindən təyin edilir. Onlar təkrar müddətə təyin edilə bilərlər. İcra orqanının rəhbəri Şuranın üzvü ola bilməz. Sədr Şuranın üzvləri arasından Şura üzvləri tərəfindən seçilir. Şuranın sədri Şuraya rəhbərlik edir.

Şuranın  iclasları növbəti və ya növbədənkənar ola bilər. Növbəti iclaslar ən azı üç ayda bir dəfə Şuranın sədri tərəfindən çağırılır. Növbədənkənar (fövqəladə) iclaslar cəmiyyətin maraqları tələb etdikdə Şura üzvlərinin  tələbi ilə, sədr tərəfindən çağırılır. Müşahidə Şurasının sədri AMEA-nın prezidenti, akademik  Ramiz Ənvər oğlu Mehdiyevdir.

AMEA YT Parkın Ekspertlər Şurası

Ekspertlər Şurası texnologiyalar parkında rezident kimi qeydiyyata alınma ilə əlaqədar müraciət etmiş ərizəçilər tərəfindən təqdim olunan innovasiya və ya yüksək texnologiya layihəsinin qiymətləndirilməsi, müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədilə yaradılır. Eyni zamanda, innovasiya məhsulunun hazırlanması və ya işlənməsi sahəsində nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi, onların tətbiqinə dair təkliflərin hazırlanmasını həyata keçirir.

Ekspertlər  Şurasının əsas vəzifələri aşağıdakılardır
  • Ərizəçilərin innovasiya layihələrinə dair rəy vermək;
  • Texnoparkda hazırlanmış texnologiyaların, elmi nəticələrin və innovativ
  • məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəy vermək;
  • səlahiyyətli orqan (dövlət elm və təhsil müəssisəsi) və idarəedici təşkilat tərəfindən müəyyən edilən digər vəzifələri icra etmək.

Ekspertlər şurasının sədri AMEA-nın vitse-prezidenti, akademik  Rasim Məhəmməd oğlu Əliquliyevdir.

YT Parkın yaranması və fəaliyyətinə dair fərman və sərəncamlar

  • “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 15 may tarixli 192 nömrəli Qərarı
  • “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nın, “Texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Forması”nın və “Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 257 nömrəli Qərarı
  • Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli 2425 nömrəli Sərəncamı “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli 214 nömrəli Qərarı

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.