Amerika Birləşmiş Ştatları tarixi
ABŞ tarixi Şimali Amerikada yaradılan dövlətin, keçdiyi tarixdir.
ABŞ tarixi | |
---|---|
Bu məqalələr ölkə seriyasındandır | |
Xronologiya | |
İbtidai icma | |
Məskunlaşmaya qədər | |
Məskunlaşma | |
1776–1789 | |
1789–1849 | |
1849–1865 | |
1865–1918 | |
1918–1945 | |
1945–1964 | |
1964–1980 | |
1980–1991 | |
1991–2008 | |
2008–bügünə qədər | |
Milli mənsubiyyət üzrə | |
Afroamerikalılar | |
Amerikalı asiyalılar | |
Amerikalı çinlilər | |
Amerikalı flippinlilər | |
Amerikalı yaponlar | |
Amerikalı meksikalılar | |
Amerikalı polyaklar | |
Mövzu üzrə | |
Vətandaş hüquqları | |
1896–1954 | |
1955–1968 | |
Vətəndaş müharibəsi | |
Qızıla bürünmüş dövr | |
Mədəniyyət | |
Demoqrafiya | |
Diplomatiya | |
İqtisadiyyat | |
Tarixşünaslıq | |
Tibb | |
Hərb | |
Cənubi | |
Vəhşi Qərb | |
Texnologiya və sənaye | |
Ərazi | |
Qadın | |
ABŞ portalı |
İlk amerikalılar
Miladdan əvvəl 34-cü minilliklə 30-cu minilliklər arasında buz dövrünün ən yüksək çağlarında dünya sularının çoxu kontinental buz qatından ibarət idi. Bunun nəticəsi olaraq, Berinq dənizi cari səviyyəsindən yüzlərlə metr aşağı idi və Asiya ilə Şimali Amerika arasında Berinqiya adlı torpaq körpü var idi. Güman olunur ki, ən yüksək zirvə dövründə, Berinqiyanın 1500 kilometrə yaxın sahəsi var imiş. Nəm və ağacsız tundra olan bu sahə otlarla və bitkilərlə örtüldüyü üçün qədim dövrün adamları yaşamaq üçün ovladıqları iri heyvanları özünə cəlb edirmiş. Şimali Amerikaya gəlib çıxan ilk insanlar, demək olar ki, özləri də yeni qitəyə keçdiklərini bilməmişdilər. Min illər əvvəl onların əcdadları kimi, onlar da Sibir sahilləri boyu və daha sonra torpaq körpüdən keçərək, quş ovlamaqla məşğul olmuşlar. Alyaskadakı Şimali Amerika sakinləri min illər əvvəl böyük buzlaqlardan keçərək, indi Amerika Birləşmiş Ştatları adlanan yerə Cənuba yol açmışlar. Şimali Amerikada erkən həyat olduğunu təsdiq edən dəlillər tapılmaqda davam edir. Lakin Miladdan 12 min il əvvəl olan dəlillərin çox azına etibar etmək olar; məsələn, Şimali Amerikada bir qədər əvvəl tapılmış olan ovçu bərəsi də, demək olar ki, öz tarixini bu dövrdən götürür. Nyu Meksikoda Klovis yaxınlığında tapılan böyük ustalıqla hazırlanmış nizə dəmrənləri və başqa hissələr də bu dövrə aid ola bilər. Şimali və Cənubi Amerikanın bütün ərazisi boyu buna oxşar mədəniyyət abidələri tapılmışdır ki, bunlar da Qərb Yarımkürəsinin bir çox yerində Miladdan 10 min il əvvəl də, güman ki, artıq yaxşı həyat mövcud olduğunu göstərir.
Təxminən o dövrdə mamontlar yox olmağa başlamış və onların yerini erkən gəlmiş Şimali amerikalıların əsas ərzaq və sığınacaq mənbəyi olan bizonlar tutmuşdur. Zaman keçdikcə, çox ovlanmaq üzündənmi, yoxsa başqa təbii səbəblərə görəmi, müxtəlif növdən olan quşların da kökü kəsilmiş və erkən Amerika yeməyinin əsas hissəsini tərəvəz, giləmeyvə və başqa meyvələr təşkil etmişdir. Tədricən, ibtidai kənd təsərrüfatı sahəsində yem və ərzaq hazırlığı üçün ilk addımlar atılmışdır. İndi mərkəzi Meksikada məskunlaşmış hindular Miladdan təqribən 8 min il əvvəl taxıl, balqabaq və noxud əkib-becərərək, bu sahədə nümunələr göstərmişlər. Onların bu nümunələri yavaş-yavaş Şimala doğru yayılmışdır. Miladdan əvvəl 3000-ci ilə yaxın Nyu Meksikonun və Arizonanın vadilərində taxılın ibtidai bir növü yetişdirilirmiş. Sonra suvarmanın ilkin nümunələri və Miladdan 300 il əvvəl erkən kənd həyatının ilk əlamətləri meydana çıxmışdır. Miladdan sonra ilk yüzilliklərdə indi Arizona ştatında Feniks adlanan yerin yaxınlığında hohokumlar məskən salıb yaşamışlar. Onlar qalıqları bu gün Meksikada tapılan oyun meydançaları və piramidaya oxşar qəbirlər qazırmışlar, eyni zamanda, kanallar çəkir və suvarma sistemi yaradırmışlar.[1]
Məskunlaşma dövrü 1493-1775-ci illərə aiddir. Şimali Amerikada ilk ingilis məskənlərinin salınması XVII əsrin əvvəllərinə aiddir. İngilis kralı I Ceymsin Vircinya şirkətinə verdiyi xəritə əsasında buraya gələn ingilislər 1607-ci ildə Ceymstaun koloniyasını saldılar. Şəhər 1610-cu ildə Ceyms çayının yuxarı hissəsində salınmışdı. 1607-1624-cü illərdə Ceymstauna köçən 14,000 nəfərdən 1624-cü ildə yalnız 1,132 nəfəri sağ qalmışdı. Bundan sonra İngiltərədən Şimali Amerikaya qaçıb gələnlərin də sayı artdı.[2]
İngiltərədə rəsmi olaraq təqib olunan puritanların yeni qrupu 1630-cu ildə Massaçusets körfəzinin sahillərinə gəldi və təzə məskənlər saldılar. Onlar tədricən ölkənin şimalına gedərək bir neçə koloniya yaratdılar və bu koloniyaları Yeni İngiltərə adlandırdılar.[3]
1632-ci ildə Potomak çayının şimalında Merilend koloniyası təsis edildi. Buraya protestantlarla yanaşı katoliklər də yerləşdirildilər. Merilenddə ilk idarəçilik təsisatlarının yaranması 1635-ci ilə təsadüf edir. Hindulardan zor və hiylə yolu ilə əldə edilmiş torpaqlar hesabına Atlantik okeanı sahillərində daha 13 ingilis koloniyası təşkil edildi.[4]
Şimali Amerikadakı ingilis məskənlərində əhali sürətlə artırdı. Bunun əsas səbəbi İngiltərədə torpaqsızlaşan kəndlilərin və dini təqiblərə məruz qalanların buraya kütləvi şəkildə axıb gəlmələri idi. Şimali Amerikada əhalininin sürətli artımı nəticəsində 1643-cü ildə yeni koloniyalar birləşərək Yeni İngiltərə Konfederasiyası'nı yaratdılar.[5]
1660-cı ildə kral II Çarlzın hakimiyyətinin yenidən bərpasından sonra İngiltərə öz diqqətini Şimali Amerikaya yönəltdi. Qısa müddət ərzində Şimali və Cənubi Karolinada (1670), Nyu Yorkda (1664), Nyu-Cersidə (1664), Delaverdə (1702), Pensilvaniyada (1681) və Nyu-Hempşir'də (1680) yeni koloniyalar yaradıldı. 1732-ci ildə avropalılar Corciyada da məskən saldılar. Bu koloniya ilk mərhələdə yaradılan 13 koloniyanın sonuncusu idi.
Hindularla mübarizə
İngilislər torpaq uğrunda mübarizəni torpaqların əzəli sahiblbaq, tənbəki kimi bitkiləri becərməyi onlardan öyrənirdilər. Hinduları qula çevirmək çox çətin idi, çünki onlar müstəmləkəçilərlə ölüm-dirim mübarizəsi aparırdılar.[6] XVII əsrin əvvəllərindən XVIII əsrin əvvələrinədək kolonistlərlə hindular arasında böyük toqquşmalar baş verdi. 1636-37-ci illərdə Pouxatan müharibəsində, 1675-1676-ci illərdə Kral Filipp müharibəsində, 1712-1716-cı illərdə Karolinada hindu üsyanlarında kolonistlər qələbə çaldılar.[7] Hinduların məğlub olmalarının əsas səbəbləri, qəbilələr arasında birliyin olmaması, silah çatışmazlığı, düşmənçilik kimi məsələlər müstəmləkəçilərin qələbə qazanmalarını xeyli asanlaşdırıdı. 1644-1676-cı illərdə aparılan müharibələr nəticəsində hinduların bir qismi fiziki olaraq məhv edildi,bir qismi isə qərbə tərəf sıxışdırıldı.[8] Şimali Amerikada yaşayan yeri hindu tayfalarından müstəmləkəçilərə qarşı, uzun müddət mübarizə aparanlar, əsasən Apaçilər, Mohavklar, Cheyenne, Navaholar, Çerokilər kimi tayfalar olmuşlar. Xüsusi ilə bəzi tayfa başçıları apardıqları öz şəxsi mübarizələrinə görə tanınırlar. Bunlardan Oturan Buğa, Ceronimo, Qara Şahin, Tekumse, Qırmızı Bulud və digərlərini misal göstərmək olar.[9]
İstiqlaliyyət müharibəsi
Müstələkələrdə əhali getdikcə artırdı, 1775-ci ildə 13 ingilis koloniyasında 2,500,000 adam yaşayırdı. Şimal şərqdə yerləşən ingilis müstəmləkəsi Yeni İngiltərənin torpağı münbit deyildi və burada qış uzun sürdüyündən kənd təsərrüfatı ilə məşğul olmaq hesabına yaşamaq çətin idi. Ona görə də əhali bir sıra istehsal müəssisələri yaratmışdı. Cənub koloniyalarda əhali başlıca olaraq kənd təsərrüfatı ilə məşğul idi. Burada torpaq sahibləri tütün, şəkər qamışı, çəltik, həmçinin pambıq becərirdilər.
Şimal və cənub müstəmləkələri arasında fərqlər getdikcə artırdı. Belə ki, şimal müstəmləkələrində fermer təsərrüftı, sənaye istehsalı inkişaf edir, nüfuzlu burjuaziya təbəqəsi formalaşırdı. Cənub müstəmləkələrində isə iri torpaq sahibləri olan plantatorlar ağalıq edirdilər. Koloniyalar kapitalist qaydaları əsasında yaradılsa da, ingilis kralı və torpaq aristokratiyası burada feodal qaydaları tətbiq etməyə çalışırdılar. İngiltərənin hakim dairələri müstəmləkələrə xammal mənbəyi və satış bazarı kimi baxırdılar. Britaniya kralı və parlament manufakturaların açılmasına, dəmir məmulatlarının hazırlanması və parça, xüsusilə yun parçalar istehsalına qadağan qoyulmuşdu. Metal alətlər və parçalar müstəmləkələrə İngiltərədən hazır şəkildə gətirilməli idi. Müstəmləkələrdə parça, şlyapa və dəmir məmulatları istehsalının sürətlə artması ingilis hökumətini daha çox narahat edirdi. Ona görə də hökumət bu proseslərin genişlənməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirirdi. 1763-cü ildə verilmiş fərmana görə kolonistlərə Qərbə tərəf köçmək qadağan edilirdi.[10] İngiltərə parlamentinin qəbul etdiyi Dönər Pul Qanunu'na görə bütün koloniyalarda buraxılan kağız pullar ödənc vasitəsi olmaq hüququndan məhrum edilirdi. Möhür Qanunu şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, lisenziyalara, müqavilə və digər sənədlərə vergi möhrü vurulsun və rüsum alınsın.[11] Bununla barışmayan müstəmləkələr 1765-ci ildə öz nümayəndələrini Nyu-Yorka qurultaya göndərdilər. Konqres Britaniyadan gətirilən bütün malları boykot elan etdi. Konqresin qəbul etdiyi qətnaməyə görə İngiltərə parlamenti müstəmləkələrin razılığı olmadan onlara vergi qoya bilməzdi. Bundan qorxuya düşən Britaniya parlamenti Gerb rüsümunu ləğv etdi. 1773-cü ildə Ost-Hind şirkətinin çayla yüklənmiş bir neçə gəmisi Boston limanına gəldi.[12] Çay gömrük haqqı ödənməlkə nisbətən ucuz qiymətə əhaliyə satılmalı idi. Lakin əhali buna etirazını bildirdi. Çay qutularını suya qərq etdilər. Bu hadisə tarixə Boston çay qonaqlığı adı ilə daxil oldu.[13] Silahlı mübarizə 1775-ci il aprelin 19 da başladı. Həmin gün bir dəstə ingilis əsgəri partizanların Boston yaxınlığındakı silah anbarını dağıtmaq üçün Konkord şəhərinə getdi. Dəstə gələnə qədər partizanlar silahların çoxunu çıxarıb aparmışdılar. Anbarı dağıtdıqdan sonra geri qayıdan əsgərləri müxtəlif yerlərdə pusquda duran partizanlar güclü atəşə tutdular. İngilislər çoxlu itki verərək qaçdılar. Vətənpərvərlərin kralın buradakı tərəfdarları Loyalistlər arasında vətandaş müharibəsi alovlanmaqda idi. 1775-ci ilin mayında Filadelfiya'da bütün müstəmləkələrin nümayəndələrinin ikinci kontinental Konqresinin açılışı oldu. Konqres İngiltərə ilə bütün əlaqələri kəsməyi qərara aldı və partizan dəstələrindən ibarət ordunu öz ordusu hesab etdi. Konqres Virciniya plantatoru Corc Vaşinqton'u bu ordunun baş komandanı təyin etdi. Bu zaman Şimali Karolina'da loyalistlər öz malikanələrindən qovuldular. Nyu-Yorkda və digər şəhərlərdə isə toqquşmalar davam edirdi.[14]
1776-cı il iyulun 4-də Konqres Filadelfiyada İstiqlaliyyət Bəyannaməsi'ni qəbul etdi. Bu sənəd yeni bir dövlətin yarandığını elan etməklə yanaşı, həm də bütün dünyada ilk dəfə olaraq insan azadlıqlarının şərhini verdi. Üsyan qaldırmış müstəmləkələr İngiltərədən ayrılır və yeni müstəqil dövlət olan Amerika Birləşmiş Ştatları halında birləşirdilər. İstiqlaliyyət Bəyannəməsini Amerika inqilabının görkəmli xadimi Tomas Cefferson hazırlamışdı. Bəyannamədə göstərilirdi ki, bütün insanlar xalqın zülmkarları devirmək və öz hökumətini təsis etmək hüququ var. Bununla da ilk dəfə olaraq Xalq hakimiyyətin mənbəyi elan edildi. Bəyannamənin məhdud cəhətlərindən biri köləliyi ləğv etməməsi idi. O, hinduların əfv edilməsi və öz torpaqlarından qovulmalarının da dayandırmadı. Seçki məsələsində də əmlak senzi saxlanılmışdı. İstiqlaliyyət Bəyannaməsinin elan edildiyi 4 iyul günü hər il Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət günü kimi qeyd edilir.
Şimali Amerikada İngiltərənin koloniyalarının birləşərək özlərini müstəqil dövlət elan etmələri, İngiltərənin xarici siyasətdə olan maraqlarına ciddi zərbə vurdu. Yeni yaranmış dövlətlə mübarizə aparmaq məqsədi ilə qısa bir zamanda İngiltərədən qoşunlar toplandı. Əsasən İngilislərin üstünlüyü özünü daha çox dəniz donanmalarında göstərirdi. 1776-cı ildə Vaşinqtonun ordusu Boston'u azad edir.[15] Lakin ingilislər Nyu-York'u ələ keçirirlər. Tərəflər arasında ilk həlledici döyüş, 1777-ci ildə Saratoqa kəndi yaxınlığında baş vermiş Saratoqa döyüşü'dür. Üsyançılar İngilisləri məğlub etdilər, bu qələbə üsyançıların gücünü daha da artırdı, Fransa və İspaniyanın müharibəyə qoşulmasına təkan verdi. Konqres Fransa və İspaniya'nı müharibəyə cəlb etmək üçün Bencamin Franklin'i Avropaya göndərdi. Franklinin diplomatik səyləri nəticəsində həmin dövlətlərlə müqavilə imzalandı. Fransa və İspaniyanın müharibəyə girməsi ingilislərin vəziyyətini çətinləşdirdi. Saratoqa məğlubiyyətindən sonra ingilislər hərbi əməliyyatı cənuba keçirdilər. 1781-ci ilin oktyabrında Corc Vaşinqtonun orduları ingilisləri Yorktoun ərtafında mühasirəyə alaraq, onları təslim olmağa məcbur etdi. Bir il sonra İngiltərə müharibəni dayandırdı və sülh danışıqlarına başladı. 1783-cü il sentyabrın 3-də Versalda sülh müqaviləsi imzalandı.İngiltərə ABŞ-n müstəqilliyni tanıdı.Alleqan dağlarından Missispi çayına qədər olan ərazi ABŞ-nin sərhədıərinə daxil edildi. Ölkədə hakimiyyəti möhkəmləndirmək üçün güclü mərkəz yaradıldı. 1787-ci ildə ştatların nümayəndələrinin xüsusi məclisi ABŞ Konstitusiyasını qəbul etdi. Konstitusiya republika quruluşu təsbit edilərək,fedarativ dövlət forması yaradıldı.Ali qanunverici orqan iki palatadan ibarət Konqres idi. Yuxarı palata Senat,aşağı palata isə Nümayandələr palatası adlanırdı. Konstitusiyaya görə icta hakimiyyətinin başında 4 ildən bir seçilən Prezident dururdu. O, silahlı qüvvələrə komandanlıq və hökumətə rəhbərlik edirdi. 1791-ci ildə konqres Konstitusiyaya 10 düzəliş etdi. Bu düzəlişlərdə vətandaşlara söz,mətbuat,yığıncaq,vicdan azadlığı,şəxsiyyət,mənzil və xüsusi mülkiyyət toxunulmazlığı hüquqları verilirdi. Məhkəmənin qərarı olmadan özbaşına həbslər qadağan edilirdi. İstiqlaliyyət müharibəsi nəticəsində kapitalizmin inkişafına mane olan amil, ingilis müstəmləkə hökmranlığı aradan qaldırıldı. Feodal qaydalarına birdəfəlik son qoyuldu. ABŞ Konstitusiyası dünyada ilk dəfə olaraq ölkədə hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsini təsbit etdi.[16].
Qərbə axın dövrü
Qərbə axın dövrü 1789–1849-cu illərə aiddir. İstiqlaliyyət müharibəsi ABŞ-nin iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdı. Buna təbii şərait, mülayim iqlim, geniş münbit torpaqlar, faydalı qazıntıların olması da kömək edirdi. ABŞ-nin okeanın o biri tərəfinə nisbətən hərbi xərcləri azaldırdı ki, bu da iqtisadi inkişafı şərtləndirən amillərdən biri idi. 1800-ci ildə prezident seçilmiş Tomas Cefferson'un hakimiyyəti dövründə dövlətçilik möhkəmləndirildi, seçki senzi ləğv edildi, borclular və məhbuslar üçün daha humanist qanunlar qəbul edildi. Qərbə doğru hərakat genişləndirildi. İngiltərənin Şimali Amerikadakı müstəmləkələrini geri qaytarmaq cəhdi 1812-ildə müharibəyə səbəb oldu.İngiltərə məğlub oldu və 1814-cü ilin dekabrında Kent müqaviləsi'ni imzaladı. Müqaviləyə görə İngiltərə ABŞ-yə öz müstəmləkəsi kimi baxmaq iddiasından əl cəkdi. 1812-1814-cü illər müharibəsi ABŞ tarixində ikinci istiqlaliyyət müharibəsi adlanır. XIX əsr'in əvvəllərində Avropada aparılan aramsız müharibələr ABŞ-yə öz ərazisini artırmaq imkanı vermişdi. Luiziana, Florida, Texas və Kaliforniya torpaqlarının hesabına ABŞ-nin ərazisini üç dəfədən çox artmışdı. Qərb torpaqlarının mənimsənilməsi ABŞ-də kapitalizmin inkişafı üçün geniş imkanlar açırdı. Buna hökumətin keçirdiyi islahatlar da kömək edirdi. İqtisadi inkişaf Şimal və Cənub ştatlarında fərqli yollarla gedirdi. Şimalda fermer təsərrüfatı üstünlük təşgil edirdi. Kənd təsərrüfatında kapitalizmin inkişafının fermer yolu ABŞ iqtisadiyyatının sürətlə inkişafına kömək edirdi. Cənub ştatlarında təsərrüfatın əsas forması zənci qulların əməyinə əsaslanan iri plantasiyalar idi. Şimal ştatlarında quldarlıq XIX əsrin əvvələrində kəğv edilmişdi, Cənubda isə saxlanırdı.
Vətandaş müharibəsi
1823-cü ildə ABŞ prezidenti Ceyms Monro'nun müraciəti Konqresdə oxundu. Monro doktrinası kimi tanınan bu müraciət Müqqədəs itiffaqın İspaniyanın keçmiş müstəmləkələrində öz ağalığını bərpa etmək istəyinə qarşı irəli sürülmüşdü. Monro doktrinasında dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-nin Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. 1854-cü ildə Respublikaçılar partiyası yaradıldı. Quldarlıq əleyhdarlarının mərkəzinə çevrilmiş partiyada rəhbər rol sənaye burjuaziyasına məxsus idi. Partiyanın bazasını fermerlər və şəhərlilərin xırda burjuaziyası təşkil edirdilər. Onların tələblərindən biri torpaqlarda məskunlaşmaq istəyənlərin hamısına pulsuz torpaq sahələri palanması idi.
1860-ci ildə prezident seçkilərində Respublikaçılar partiyasından Avraam Linkoln prezident seçildi. Bu quladarların siyasi ağalığının sonu demək idi. Cənublular Linkolunun prezident seçilməsinə qiyamla cavab verdilər. Cənubi Karolina ştatı İttifaqdan çıxdığını elan etdi. Sonra daha altı ştat İttifaqdan çıxdı. 1861-ci ilin fevralında bu ştatlar ayrıca Konfederasiya halında birləşdilər. Missipi plantatoru Cefferson Devis yeni yaradılan dövlətin ilk və son prezidenti oldu. Bu zaman artıq ölkədə iki ordu və iki konqres fəaliyyət göstəridi. 1861-1865-ci illərin vətandaş müharibəsinin əsas səbəbi sənaye sahəsi üzrə inkişaf etmiş Şimalla, quldarlıq təsərrüfatının hökm sürdüyü Cənub arasında zidiyyətlərin kəskimləşməsi idi. Müharibənin birinci mərhələsində şimallılar bir sıra ciddi məğlubiyyətə uğradılar. Bu məğlubiyyətlərin əsas səbəbləri Avraam Linkoln hökumətinin quldarlığı ləğv etməməsi və ən əsası Homsedlər haqqında məsələnin həllini uzatması idi.
İkinci dövründə (1863-1865) Şimal ordusuna 190 min zənci əsgər daxil oldu. 250 min zənci arxa cəbhədə hərbi qulluğa cəlb edildi. Xalqın təzyiqi ilə Linkolin hökuməti 1862-ci ildə Konqresdə Homstedlər haqqında qanun qəbul edildi. Qanuna görə torpağı becərmək istəyən hər bir amerikalı pulsuz olaraq 160 akr (65 ha) torpaq sahəsi ala bilərdi. Avraam Linkolnin imzaladığı Azadlıq haqqında bəyannaməyə əsasən 1863-cü ilin yanvarın 1-dən quldarlığın ləğv edildiyi elan edilirdi. Bu iki mühüm qanunun qəbul olunması artıq Amerika Konfederativ Ştatları'ının güçünü zəiflətdi. 1863-cü ilin iyulunda cənublular Gettisberq və Missisipi çayı vadisindəki döyüşlərdə məğlub oldular. 1865-ci il aprelin 3-də Konfederasiyanın paytaxtı Riçmond şəhəri tutuldu. Həmin müharibədə tarixdə ilk dəfə zirehli gəmilərin döyüşü (1862-ci il martın 9-da) oldu. 1867-ci il martın 2-də Cənubun Yenidənqurması haqqında birinci qanun verildi. Müharibənin cənublular üçün məğlubiyyətlə bitməsi, onların bütün ümüdlərini məhv etdi. Şimalın qalib gəlməsinin bir sıra səbəbləri var idi. Ən əsası texniki üstünlük, əsgər sayı baxımından və silah təchizatına görədə şimal cənubu ən azı 2 dəfə qabaqlayırdı. Cənublular şimalın qalibiyyətinin əsas səbəblərindən birini Avraam Linkoln da görürdülər. 1865-ci ildə 14 aprel tarixində, Linkoln ailəsi ilə birlikdə Vaşinqton şəhərində yerləşən Ford teatrına getmişdir. Bu zaman gözlənilmədən aktyor Con Uilks Butun açdığı atəş nəticəsində Avraam Linkoln ağır yaralanmış, iki gün sonra isə vəfat etmişdir.
Qızıla bürünmüş dövr
Vətəndaş müharibəsindən sonrakı illərdə güclü bir şəkildə böyüyən Amerikan iqtisadiyyatı öz tarixindəki ən böyük sıçrayışı, Mark Tvenin deyimiylə Qızıl əsr olaraq bilinən, 1870-1880-ci illərdə reallaşdıraraq dünyanın ən böyük iqtisadiyyatı halına gəlmiş və bu öncül mövqeyini bu günə qədər davam etdirmişdir. O dövrün böyük kommersiya fəaliyyətlərini tənqid edənlər, varlı sənayeçiləri bazarları manipulyasiya edən, inhisarları gözləyən, işçilərə pis davranan, acgöz, oğru baronlar olduqlarını irəli sürdülər. Qızılı əsrin zəngin plütokratlar tərəfindən dominasiya edildiyini qarşıya qoyan bu münasibət, dövlətin ticarətə ağır qaydalar gətirərək rəhbərlərə nizam verməsinin vacibliyinə inanan bəzi tarixçilər arasında hələ də müdafiə olunan münasibətdir. Şirkətlər arasındakı rəqabət intensivliyi də işçilərin həyat standartlarında nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı. Qızılı əsrə dair bu müsbət yanaşmanı mənimsəyən digər tarixçilər, bu, qeyri-adi iqtisadi böyümənin insanları yoxsulluqdan xilas etdiyini, ticarətdəki ağır dövlət sanksiyalarının isə bu böyüməyə maneə törətdiyini və gəlirləri azaltdığını müdafiə etdilər. Qızılı dövrdə ticarət və qanunlar haqqında tarixçilər arasındakı mübahisələr müasir siyasətdə oxşar müzakirəni əks etdirir; ancaq 19-cu əsrin ikinci yarısında kommersiya fəaliyyətlərinin ölçü və əhatəli olaraq geniş yayılmış olduğu mövzusunda bütün tarixçilər həmfikirdir. Dəmir yolları, milli səviyyədə yayılacaq ilk sərmayə hakim sənaye idi.19-cu əsrin ikinci yarısında kütləvi istehsal və fabriklər də daha geniş yayılmışdır. Bu nəhəng yeni istehsalçılar Amerika xalqının ilk ictimai birliyi idi. Həm rəqiblərlə birləşmək mənasını verən üfüqi inteqrasiya, həm də xammaldan satışa çıxarmağa qədər bütün istehsal proseslərini satın almalı olan şaquli inteqrasiya, bu dövr içində qüsursuz hala gətirilən rəhbərlik texnikaları arasında idi. 1865-ci ildən sonra ticarət müvəffəqiyyətinin memarları, bankir J.P. Morqandan başqa iki iş adamı Endryu Karnegi və Con D. Rokfeller idi. Polad sənayesinin öndə gedən iş adamı Karnegi, rəqiblərini satın alaraq, fabriklərində istifadə olunan son texnologiyalar və innovativ istehsal prosesləri sayəsində xərcləri aşağı salaraq qiymətlərini rəqiblərindən üstün duruma gətirdi. Rokfeller, daha sonra öz sahəsində ən böyük şirkət halına gələcək olan Standard Oil üçün oxşar addımları atdı. Vətəndaş müharibəsindən sonra, 1980-ci illərdə inflyasiya yavaşladı. 1890-cı illərə qədər qiymətlər hər il təxminən bir faiz azaldı. Bu vəziyyət, təcrübələri böyüyən qənaətkar sahiblər və istehlak mallarını hər keçən il daha uyğun qiymətlərə satın ala bilən istehlakçılar üçün bir nemət idi. Bəzi fermerlər bazar qiymətlərinin davamlı geriləməsindən ağır təsir görürdü, çünki torpaq və avadanlıq almaq üçün xeyli borclanmışdılar. Digər tərəfdən bu dövrdəki yeni avadanlıqlar inqilabı ferma məhsullarının istehsalında nəhəng sıçramalara və bir çox işçinin çöl sahələrini tərk edib şəhərlərdə daha yaxşı imkanlar axtarışına gətirib çıxardı. Klassik genişmiqyaslı müəssisələr bu dövrdə bazarda hər cür ehtiyaclara cavab verə bilmədi; kiçik biznes bu boşluğu doldurur və böyük qazanc əldə edir və özlərini zənginləşdirirdi. Məsələn Pennsilvania Pittsburqdakı kiçik polad fabrikləri mismar, qoz-fındıq və boltlar, tikanlı məftil istehsal edirdi.İşçilər uzun müddət təhlükəli şəraitdə işləməli idilər. Orta polad işçisi həftədə 72 saat işləyirdi; lakin onların gəlirləri və həyat standartları da artmışdı. Bu,xüsusilə zavodlarda işə başlayan miqrantlar üçün də keçərlidir. Tarlada işləyənlər böyük dərəcədə uzun və yorucu saatlar işləməsinə baxmayaraq, bir də pis maaş şərtlərinə məruz qalırdılar. Bununla müqayisədə fabrikdə olan şeylər daha yaxşı bir alternativ hesab olunurdu. Vətəndaş müharibəsindən I Dünya Müharibəsinə qədər olan dövrdə məmnun olmayan işçilər öz qazanclarını 44% artırdı; dülgərlər, santexnika, polad istehsalçıları və yeni yayılmış elektrik enerjisi ilə işləyənlər daha yüksək gəlir əldə edirdilər. Bu dövr Birləşmiş Ştatların iqtisadi artım və sənayeləşmə dövründə təklif etdiyi çoxsaylı imkandan istifadə etmək üçün burada, xüsusilə də Şərqi və Cənubi Avropadan köç etmiş milyonlarla insanın da diqqətini özünə cəlb edirdi.
Qızılı əsrdə miqrasiya
Qızılı əsr zamanı ABŞ-yə yeni immiqrasiya dalğası başladı.Bu dövrdə təxminən 20 milyon nəfər yeni immiqrant kimi ABŞ-yə gəldi. Bəziləri, xüsusilə də Böyük Düzənliklər əyalətində torpaq və avadanlıq satmaq üçün nağd pulla ölkəyə fayda verən fermerlər idi. Bir çoxları dəyirmanlar və zavodlarda işləyən yoxsul kəndlilər idi. Buna baxmayaraq, bunların arasında əksər immiqrant yoxsulluq səbəbindən buraya üz tuturdu. 1892-ci ildə federal hökumət, bu axını təmin etmək üçün Ellis adasında, Azadlıq Heykəlinin yaxınlığında bir qəbul mərkəzi açdı.
Keçmiş və yeni köç dalğaları
Bu miqrantlar iki qrupdan ibarət idi: Almaniya, İngiltərə, İrlandiya və Skandinaviyadan gələn "Keçmiş Köç" dalğasını təşkil edənlər və 1910-cu ildə pik nöqtəyə çatan "Yeni Miqrasiya" dalğası. Bəzi insanlar geriyə doğru və irəli hərəkət edirdilər.Onlar Atlantik Okeanı boyu əsasən məskunlaşırdılar və buranın daimi sakinləri idi. Yeni gələnlər həm şəhər, həm də kənd ərazilərinə yerləşirdilər. Alman Amerikan cəmiyyətləri Alman dilində danışırdı, amma gənc nəsillər ikidilli idi.Skandinaviyadan gələnlər ümumiyyətlə sürətlə assimilyasiya edilmişdir. Miqrasiya baxımından, 1880-ci ildən sonra keçmiş Alman, İngilis, İrlandiyalı və Skandinaviya köçü yavaşladı. Amerika Birləşmiş Ştatları hər il çox sayda yeni ixtisassız iş növləri meydana gətirir və onları doldurmaq üçün İtaliya, Polşa, Avstriya, Macarıstan, Rusiya, Yunanıstan və cənub və orta Avropanın digər nöqtələri ilə yanaşı Fransız Kanadasından yeni miqrantlar gəlirdi. 1870-ci illərdə gəlib burada yaşayan keçmiş immiqrantların olduqca sabit cəmiyyətləri vardı, xüsusən də Alman amerikalıları bunu meydana gətirirdilər.Bu dövrdə ingilis immiqrantları ümumi əhaliyə doğru cəlb olunmağa meyl etdi. İrlandiya Katolikləri, aclığın milyonları öldürdüyü İrlandiyadakı böyük qıtlığdan sonra, 1840-cı illərdə və 1850 ci illərdən sonra daha çox ABŞ-yə üz tuturdu. Onların ilk bir neçə on ili, yaşadıqları bölgələrdə həddindən artıq yoxsulluq, ictimai yerindən oynamalar, cinayət və şiddətlə xarakterizə edilirdi. XIX əsrin sonunda isə, İrlandiyalı immiqrantlar, Bostonda orta sinif yerli iş adamı, peşəkar və siyasi lider olan P.C.Kennedi (1858-1929) ilə böyük nisbətdə sabitlik qazandılar. İqtisadi olaraq İrlandiyalı katoliklər 1850-ci illərin sonlarından buralara gəlmişdi. 1900-cü ilə qədər artıq sayları milli ortalamaya çatmış və 20-ci əsrin sonlarına doğru milli ortalamanı çoxdan ötüb keçmişdilər. Hal-hazırda da siyasi cəhətdən İrlandiya katolikləri ölkə daxilində şəhər demokratik institutlarının rəhbərliyində mühüm amildirlər.İ rlandiyalılar Katolik əhalinin yalnız üçdə biri olmasına baxmayaraq,Katolik Kilsəsində suveren idi.(yepiskoplar,kollec müdirləri,xeyriyyəçilər).Bu immiqrantlar İrlandiya, İngiltərə, Fransa, Almaniya və Kanadadan irəli-geri hərəkət edən beynəlxalq bir Katolik şəbəkəsinin parçasıydılar.
Yeni miqrantlar
"Yeni Miqrasiya" dönəmi ilk başda çox cənubdan, şərqdən olan, italyanlardan, polyaklardan və yəhudilərdən ibarət olan çox yoxsul kənd əhalisi idi. Bəzi kişilər, xüsusilə İtalyanlar və yunanlar, özlərini müvəqqəti vətəndaşlar kimi gördükləri və uzun müddət vərdişsiz əməklə əldə etdikləri qazanc ucbatından geri dönmək istədilər.Digərləri, xüsusilə də yəhudilər, Şərqi Avropadan qovulmuş və geri qayıtmaq niyyətində deyildilər. Tarixçilər köçmənin səbəb faktlarını (insanları ölkə xaricinə qovmaq) və faktiki faktları (Amerikaya çəkmək) baxımından təhlil edirlər. Təzyiq faktorları arasında iqtisadi məcburiyyət, torpaq çatışmazlığı və antisemitizm var idi. Mübahisəli faktorlar, ucuz kənd təsərrüfatı ərazilərinin və ya fabriklərin və mədənlərdəki işlərin iqtisadi şansı idi. İlk nəsil, tipik olaraq ortaq bir dil, yemək, din və keçmiş kənd əlaqələriylə etnik bölgələrdə yaşayırdı. Bu insanların çoxunun böyük şəhərlərdə kirayədə qalması bu şəhərlərdə həddindən artıq əhali artımına səbəb oldu. Lakin, kiçik şəhərlərdə yerləşmə adətən ucuz kirayə ilə də başa vurula bilirdi.
Çinli immiqrantlar
Asiyalı immiqrantlar - indi müvəqqəti dəmir yolu işi üçün Çin-Kaliforniya tikinti şirkətləri tərəfindən işə götürülürdü.Kaliforniyadan Yutaya qədər Mərkəzi Sakit okean dəmir yolunun tikintisi əsasən Çin işçiləri tərəfindən həyata keçirilirdi. 1870-ci il siyahıyaalmasına görə ABŞ-də 63 min Çinli kişi vardı (bir neçə qadınla).1880-ci ildə isə bu rəqəm 106 min nəfərə çatdı. Samuel Qompersin rəhbərliyindəki birliklər Çin işçililərinin mövcudluğuna qətiyyətlə qarşı çıxdılar. Çin köçkünlərə 1950-ci ilə qədər ABŞ vətəndaşı olmaq üçün icazə verilmədi;.Lakin, Birləşmiş Ştatlar, Ali Məhkəmənin qərarının nəticəsi olaraq, ABŞ-də doğulmuş Çinli uşaqlara tam vətəndaşlıq hüququ verirdi. 1882-ci ildə, Konqres Çin Xarici Qanununun tətbiqi ilə daha çox Çin köçünə qadağa qoydu; Çinli işçilərin ABŞ-yə girməsi qadağan edildi, amma, bəzi tələbə və iş adamları müvəqqəti olaraq sərbəst buraxıldı. 1940-cı ildə ABŞ-də Çin əhalisinin sayı 37 min nəfərə kimi düşdü.Gələnlər əsasən böyük şəhərlərin “Çintaun” adlanan yerlərində məskunlaşırdılar.Təcrid siyasəti isə 1940-cı illərə qədər davam etdi.
ABŞ II Dünya müharibəsi illərində
II Dünya müharibəsinin başlanması və ABŞ-nin bitərəflik siyasəti
II Dünya müharibəsi başladıqdan az sonra sentyabrın 3-də F.D.Ruzvelt amerikan xalqına müraciət edərək ölkəni müharibədən kənarda saxlayacağını qeyd etdi. Konqresin 1939-cu ilin sentyabrın 5-də keçirilən xüsusi sessiyasında 1937-ci ildə qəbul edilmiş "Bitərəflik haqqında" qanun qüvvəyə mindi. Ruzvelt 1935-ci ilin avqustundan sonra "Bitərəflik haqqında" sayca dördüncü olan qanunu 1939-cu ilin noyabrın 5-də imzaladı. Lakin tezliklə Qərbi Avropada Hitlerin işğalları ABŞ-ni da narahat etməyə başladı. Müharibə konqresi və hökuməti hərbi qüvvələrin artırılması üzrə iri planların yerinə yetirilməsinə başlamağa məcbur etdi. Çox gizli şəraitdə atom bombasının yaradılması işi inkişaf etdirildi. 1939-cu ildə ABŞ-yə böyük italyan fiziki Ferme gəldikdən sonra, zəncirvari nüvə reaksiyasının qiyməti müəyyənləşdirildi. Nüvə silahı hazırlamaq layihəsi "Manxetten" adlanırdı. ABŞ-nin Los-Alamos şəhərində laboratoriya təşkil edildi. 2 min elmi işçi və 150 min işçi bu işə cəlb edildi. Görkəmli alimlərdən R.Oppenqeymer, N.Bor, B.Buş, A.Komerton bu işlə məşğul olmağa başladılar. Hələ 1939-cu ilin payızında "Bitərəflik haqqında" qanuna yenidən baxıldı və Almaniya ilə müharibə edən ölkələr haqqını nağd ödəmək və öz gəmilərində aparmaq şərti ilə ABŞ-dən silah və müharibə materilaları almaq imkanı əldə etmiş oldular. 1940-cı ilin sentyabrın 2-də bağlanmış sazişə əsasən İngiltərənin 1941-ci ilin əvvəllərində işləyib hazırladığı plan müharibədə onların koalision strategiyasının əsasını qoydu. ABŞ müharibədə iştirak etməsə də, getdikcə Böyük Britaniyaya hərbi-iqtisadi yardımı artırdı.
ABŞ-nin hərbi büdcəsi 1940-cı ildə 5 dəfə artırılaraq 10,5 milyard dollar təşkil etdi. ABŞ-nin 47 ştatı neytralitetin ləğv edilməsinə tərəfdar çıxdı. Avropada "qəribə müharibə" başa çatdıqdan sonra Ruzvelt "Milli müdafiə proqramı"nı irali sürdü. Bu proqrama əsasən konqress hərbi xərcləri 17,7 mld. dollara, ordunun sayını isə 280 min nəfərdən 1 mln. 200 min nəfərə çatdırmaq barədə qərar qəbul etdi. 1940-cı ilin sentyabr ayında "dinc dövrdə" ilk dəfə olaraq seçmə hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. Müəyyən ixtisası şəxslər orduya çağırıldı. İqtisadiyyatı yenidən qurmaq məqsədi ilə 1941-ci il iyulun 30-da vitse-prezident H.Uelles başda olmaqla İqtisadi Müdafiə İdarəsi yaradıldı. İqtisadiyyatı yenidən qurmaq üçün 20 yeni idarə təşkil edildi. Müharibənin başlanması amerikan iqtisadiyyatının inkişafına müsbət təsir göstərdi. 1940-cı ilin oktyabr ayında kapitalın amortizasiyası (kapitalın işlənməsi nəticəsində get-gedə onun qiymətinin azalması) haqqında qanun qəbul edildi. Bu qanuna görə korporasiyaların ödədiyi vergilərin həcmi aşağı salındı. Ölkə iqtisadiyyatında iri şirkətlərin xüsusi çəkisi artdı. Lakin onu da qeyd etmək lazımdır ki, bu dövrdə ABŞ-dəki 184-min sənaye müəssisəsinin 150-yə qədəri ancaq hərbi sənaye ilə məşğul olurdu. Perl-Harbordakı hadisə ərəfəsində dünya silah istehsalında ABŞ-nin payı 12%-dən çox deyildi.
Lend-liz haqqında qanun
1940-cı ilin dekabr ayında Ruzvelt "ox" ölkələrinə qarşı döyüşən dövlətlərə amerikan yardımı göstərməyi təklif etdi. 1941-ci il yanvarın 10-da ABŞ konqresinə təqdim olunan amerikan silahlarını və digər materiallarını başqa ölkələrə icarəyə verməyi nəzərdə tutan qanun layihəsi martın 11-də qəbul edildi. Bu "Lend-liz" sistemi» adlandırıldı. Lend-liz proqramının rəhbəri H.Hopkins idi. Həmin qanuna görə düşmənə qarşı müdafiəsinin ABŞ üçün həyati əhəmiyyəti olan ölkələrə borc olaraq və ya icarə qaydası ilə silah və ya hərbi material verilməsi nəzərdə tutulurdu. Bu, əslində ABŞ-nin öz təhlükəsizliyini müharibədə iştirak edən ölkələrin səyi ilə təmin etmək istədiyini göstərirdi. Lend-liz üzrə kömək alan dövlətlər ABŞ hökuməti ilə sazişlər imzalayırdı. Bu sazişlərə əsasən həmin dövlətlərə göndərilən və müharibə vaxtı məhv edilmiş, itirilmiş, yaxud işlədilmiş maşınların, müxtəlif hərbi texnikanın, silahın və sair predmetlərin haqqı müharibə qurtardıqdan sonra ödənilməli deyildi. Müharibədən sonra salamat qalmış və mülki istehlak üçün istifadə edilə biləcək malların və materialların haqqını Amerikanın verdiyi uzunmüddətli kredit əsasında tamamilə və ya qismən ödəmək nəzərdə tutulurdu. Hərbi materialların qaytarılmasını ABŞ tələb edə blərdi. Əslində bu qanun ABŞ-nin «ox dövlətlərinə» qarşı elan edilməmiş müharibəsi demək idi. Qanun elə həmin gün İngiltərə və Yunanıstana tətbiq edildi.
1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdikdən iki gün sonra iyunun 24-də Ruzvelt sovet hökumətinə kömək göstərməyə hazır olduğunu bildirdi. ABŞ hökumətinin 1941-ci il iyunun 23-dəki bəyanatında deyilirdi ki, "Hitlerizm əleyhinə hər hansı mübarizə onun mənşəyindən asılı olmayaraq, indiki alman rəhbərlərinin sonunu sürətləndirir. Hitler orduları bu gün Amerika qitəsi üçün başlıca təhlükədir". SSRİ-yə Almaniyanın hücumundan iki gün sonra ABŞ-nin ictimai rəyi öyrənən institutunun keçirdiyi sorğu zamanı əhalinin 72%-i Rusiyanın, 4%-i isə Almaniyanın qalib olmasını istədiyini bildirdi. Lakin ABŞ SSRİ-yə kömək etməzdən əvvəl bir neçə ay müddətində "Rusiyanın müqavimət göstərmək qabiliyyətinin" necə olduğunu özü üçün aydınlaşdırmış, bundan sonra isə öz mövqeyini müəyyənləşdirmişdir. 1941-ci ilin iyulun axırlarında Stalinlə Hopkinsin danışıqlarında müəyyən edildi ki, Qızıl Ordunun ən çox ehtiyacı olan şeylər – zenit topları, iri kalibrli pulemyotlar, tüfənglər, yüksək oktanlı aviasiya benzini və təyyarə istehsalı üçün lazım olan alüminiumdur. ABŞ əslində bu malları SSRİ-yə tez göndərməyə çalışmırdı. ABŞ-nin keçmiş xarici işlər naziri İkes yazırdı ki, ABŞ rəhbərliyi çalışırdı ki, "ruslar özlərinin bütün qızılını, lap tükənənə qədər bizə versinlər, bu qızıl onlara göndərilən malların haqqı kimi hesab ediləcək. Həmin andan etibarən biz Lend-liz haqqında qanunu Rusiyaya tətbiq edəcəyik". Göndərilən malların haqqı olaraq SSRİ Amerika Birləşmiş Ştatlarına həm də strateji xammal-manqan, xrom, asbest, platin və s. verirdi.
Xarici keçidlər
- ABŞ Dövlət departamentini Tarix məlumatları
- ABŞ-nin canlandırılmış xəritəsi, ərazi genişlənməsini və mədəniyyət inkişafı qeyd edilib.(Hyuston Mədəniyyət İnstitutu) Arxivləşdirilib 2013-01-17 at the Wayback Machine
- Yardım proqramı cərcivəsində qeyd olunan,ABŞ tarixi haqqında məlumat
- Gilder Lehrman İnstitutunun ABŞ tarixi haqqında rəsmi məlumatı,
- ABŞ tarixi haqqında geniş məlumat
Mənbə
- Сивачев Н.В., Языков Е.Н. Новейшая история США, М.,1980.
- Новейшая история зарубежных стран: Европа и Америка. 1917-1945, т. 1, М.,1967.
- Новейшая история 1939-1975. Курс лекций под ред. В.В.Александрова, М., 1977.
- Новейшая история зарубежных стран. Европа и Америка, 1939-1975 гг., под ред. С.М.Стеткеевича, М.,1978.
İstinadlar
- Frənsis Vitni, Riçard Hofştadter, Vuud Qrey, D. Stiven Endsli, Keyt U. Olsen, Natan Qlik, Alan Uinkler, Amerika Tarixinin Əsas Cəhətləri İngiliscədən prof. Aslanov Vaqif tərcümə etmişdir. (az.)
- Yeni Tarix 9, Bakı, 2005, səh 58
- Yeni Tarix 9, Bakı, 2005, səh 58 .II başlıq
- Yeni Tarix 9, Bakı, 2005, səh 58 .III başlıq
- Ayna Uşaq Ensiklopediyası,Tarix 2002
- Yeni Tarix 9, Bakı, 2005, səh 59
- Ayna Uşaq Ensiklopediyası, Tarix 2002
- Yeni Tarix 9, Bakı, 2005, səh 59.II başlıq
- "Evidence Supports Date for People in North America". 2016-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-31.
- Yeni Tarix 9, Bakı, 2005, səh 59 son başlıq
- Yeni Tarix 9, Bakı, 2005, səh 60
- Yeni Tarix 9, Bakı, 2005, səh 60 II başlıq
- Yeni Tarix 9, Bakı, 2005, səh 60 III başlıq
- Yeni Tarix 9, Bakı, 2005, səh 60 IV başlıq
- Yeni Tarix 9, Bakı, 2005, səh 62.II başlıq
- Yeni Tarix 9, Bakı, 2005, səh 63 V başlıq