ABŞ coğrafiyası
Birləşmiş Ştatlar coğrafi anlayışına bitişik Birləşmiş Ştatlar, Alyaska və Havay ştatları və ABŞ Federal Torpaqları, o cümlədə Puerto-Riko, Şimali Marian adaları, ABŞ Vircin adaları, Quam, Amerika Samoası və başqa kiçik ərazilər daxildir.[1]
ABŞ coğrafiyası | |
---|---|
Qitə | Amerika |
Region | Şimali Amerika |
Koordinatlar | 38° ş.e, 97° q.u. |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 19 924 km |
Sərhədlər |
12 217 kм /(Kanada 8 893 kм, Meksika 3 326 kм)6999,982 km |
Ən yüksək nöqtə |
Denarı dağı, Alyaska 6 195 m |
Ən alçaq nöqtə |
Ölüm vadisi Baduoter Kaliforniya (-86 m) |
Vikianbarda əlaqəli mediafayllar |
Sərhədləri və sahəsi
Amerika Birləşmiş Ştatları şimaldan Kanada, cənubdan Meksika, şərqdən Atlantika okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Ərazisi üç hissədən (ABŞ-nin özü, Alyaska yarımadası və Havay adaları) ibarətdir. Əsas ərazisi şimaldan cənuba 2500 km, şərqdən qərbə 4500 km məsafədə uzanır. Sahəsi 9518,9 min km².[2][3] Əhalisi 287,7 mln. (2002). Paytaxtı Vaşinqton şəhəridir. Rəsmi dili – ingilis dili, pul vahidi ABŞ dollarıdır. İnzibati cəhətdən 50 ştata və Kolumbiya federal paytaxt dairəsinə bölünür. Puerto-Riko və Virciniya adaları (Karib dənizində), Şərqi Samoa, Quam, Miduey və Ueyk adaları (Sakit okeanda) ABŞ-nin mülkləridir.[4]
Geoloji quruluşu və faydalı qazıntıları
Ölkənin daxili və şimal hissəsini Şimali Amerika platforması tutur. Platformanın bünövrəsi üzəri Paleozoy süxurları (şistlər, qırmızı qumdaşıları və s.) ilə örtülmüş Kembridən əvvəlki sistem süxurlarından (qranit, qneys, kvarsit və s.) ibarətdir. Şərq və cənub-şərq hissə Paleozoy yaşlı çökmə və kristallik süxurlarla örtülüdür. Atlantik okeanı sahillərində bu süxurların üzərində daha cavan çökmə süxurlar yatır. Tektonik çökəklik olan Meksika körfəzinin sahilləri Üst Paleozoy–Antropogen sisteminin çöküntülərindən ibarətdir. Ölkənin qərb hissəsini kəskin dislokasiyaya uğramış müxtəlif yaşlı Kordilyer geosinklinalı süxurları tutur. Nevada qırışıqlığı (Yura–Təbaşir) vaxtı yaranmış strukturlar daha çox inkişaf etmişdir.[5] Kordilyer dağlarının şərq hissəsini Larami yaşlı (Təbaşir–Paleogen) strukturlar, Sakit okean sahillərini isə Alp yaşlı qırışıqlıqlar əmələ gətirir. Şimali Amerika platforması ərazisində dəmir filizi, kömür, qaz, neft, qurğuşun və sink yataqları var. Paleozoy yaşlı qırışıqlıqlarda antrasit, dəmir filizi, Meksika körfəzi tektonik çökəkliyində neft, qaz, Kordilyer dağlarının qırışıqlıstruk turlarında isə mis, polimetal filizlər, qızıl və uran yataqları var.
Relyefi
ABŞ, əsasən, dağlıq ölkədir. Orta və şərq hissəsini ovalıqlar, düzənliklər və Appalaç dağları, qərb hissəsini Kordilyer dağlarının yüksək silsilələri, yayla və platoları tutur. Şərq və cənub-şərqdə Atlantikyanı (Florida yarımadası ilə birlikdə) və Meksika boyu ovalıqlardır. Atlantikyanı ovalıqdan qərbdə hündürlüyü 2037 m-ə çatan Appalaç dağları uzanır. Appalaç dağlarından şərqdə geniş ərazini Mərkəzi Düzənliklər (hündürlüyü 200–500 m) və qərbdə Böyük Düzənliklər (hündürlüyü 500–1700 m) tutur. Düzənliklərin relyefi şimalda təpəli-morenli, cənubda yastıdır; çay dərələri və yarğanlarla parçalanmışdır. Mərkəzi Düzənliklərin cənubunda alçaq Ozark platosu və Uoşito dağları var. Kordilyer dağları paralel uzanan 3 sıra silsilədən (Qayalı dağlar; Syera-Nevada dağları və Kaskad dağları; Sahil silsiləsi), daxili yayla və platolardan (Kolumbiya platosu, Böyük Hövzə, Kolorado platosu) və tektonik çökəklərdən (Kaliforniya, Uilla-mett dərələri, Ölüm Dərəsi) ibarətdir. Alyaska ərazisinin əsas hissəsi də Kordilyer dağlarına (şimalda böyük silsilə, mərkəzdə Yukon yaylası, cənubda Aleut və Alyaska silsilələri) aiddir.[5] Şimali Amerikada ən yüksək zirvə Alyaska silsiləsindəki Denari (Mak-Kinli) dağıdır (6193 m).
İqlimi
ABŞ-nin ərazisi (Alyaskadan başqa) 25–49° şm.enlikləri arasında, mülayim iqlim qurşağındadır. Okeanların təsiri, relyef və coğrafi mövqedən asılı olaraq iqlimi müxtəlifdir. Ümumiyyətlə, Alyaskada Arktika və subarktika, 40° şm.enliyindən şimalda mülayim, 40° şm.enlikdən cənubda subtropik, Florida yarımadasının cənubunda tropik iqlim xarakterikdir. Orta tempuratur yanvarda –24,8 °C (Alyaskanın şimalında), –18 °C ilə (Mərkəzi Düzənliklərin şimalında) 12 °C (ölkənin cənub-qərbində) və 20 °C (Florida) arasında, iyul da 14–22 °C (qərb sahilboyunda) ilə 16–26 °C (şərq sahilboyunda) arasında dəyişir. Cənubda daxili yayla və platolarda temperatur 32 °C-yə qalxır. Ən yüksək temperatur (56,7 °C) Ölüm Dərəsində, ən alçaq temperatur (–64 °C) isə Yukon yaylasında qeyd olunmuşdur. İllik yağıntı şərqdə və şimal-qərbdə sahil zolağında 1000–2000 mm, Mərkəzi Düzənliklərdə 600–900 mm, Böyük Düzənliklərdə 400–600 mm, daxili yayla və platolarda 400 mm-dən, bəzən isə 100 mm-dən (Mohave səhrası) də az dır. ABŞ ərazisində ən çox yağıntı (ildə 10000 mm-dən çox) Havay adalarına düşür.[6]
Şəhərlər üzrə iqlim göstəriciləri
Cədvəldə bəzi şəhərlər üzrə iqlim göstəriciləri göstərilib[7].
Şəhər | Mütləq minimum, °C | Ən soyuq ayın temperaturu, °C | Ən soyuq üç ayın temperaturu, °C | Orta illik temperatur, °C | Ən isti ayın temperaturu, °C | Ən isti üç ayın temperaturu, °C | Mütləq maksimum, °C | Orta illik yağıntıların miqdarı, мм |
---|---|---|---|---|---|---|---|---|
Ankoric | −38,9 | −8,3 | −7,4 | 2,8 | 14,9 | 13,8 | 30,0 | 423 |
Atlanta | −22,8 | 6,3 | 7,4 | 17,0 | 26,8 | 26,1 | 40,6 | 1263 |
Boston | −27,8 | −1,7 | −0,1 | 10,8 | 23,0 | 21,7 | 40,0 | 1112 |
Vaşinqton | −26,1 | 2,2 | 3,5 | 14,5 | 26,6 | 25,4 | 41,1 | 1010 |
Honolulu | 11,7 | 22,8 | 23,1 | 25,4 | 27,7 | 27,5 | 35,0 | 436 |
Dallas | −22,2 | 8,3 | 9,3 | 19,5 | 30,3 | 29,5 | 45,0 | 955 |
Denver | −33,9 | −1,1 | −0,5 | 10,2 | 23,4 | 21,9 | 40,6 | 379 |
Detroyt | −29,4 | −3,6 | −2,3 | 10,1 | 23,1 | 22,0 | 40,6 | 851 |
Kodiak | −26,7 | −0,8 | −0,6 | 4,9 | 12,9 | 11,7 | 30,0 | 1984 |
Kanzas Siti | −30,6 | −1,8 | −0,4 | 12,5 | 25,7 | 24,6 | 45,0 | 987 |
Kotzebue | −48,3 | −19,3 | −18,2 | −5,2 | 12,6 | 10,4 | 29,4 | 280 |
Las-Veqas | −13,3 | 9,3 | 9,9 | 20,8 | 33,6 | 32,2 | 47,2 | 106 |
Los-Anceles (sahil) | −2,8 | 13,7 | 13,8 | 17,0 | 20,9 | 20,6 | 43,3 | 326 |
Mayami | −2,8 | 20,1 | 20,9 | 25,1 | 29,0 | 28,7 | 37,8 | 1573 |
Memfis | −25,0 | 5,1 | 6,3 | 17,2 | 28,2 | 27,5 | 42,2 | 1364 |
Minneapolis | −40,6 | −9,1 | −7,4 | 7,9 | 23,2 | 21,8 | 42,2 | 779 |
Nyu Orlean | −11,7 | 11,8 | 13,0 | 21,3 | 29,2 | 28,8 | 38,9 | 1443 |
Nyu-York | −26,1 | 0,3 | 1,7 | 12,7 | 24,7 | 23,5 | 41,1 | 1270 |
Oklahoma-Siti | −27,2 | 4,0 | 5,1 | 16,4 | 28,3 | 27,3 | 45,0 | 926 |
Riversayd | −7,2 | 12,5 | 12,8 | 18,8 | 26,3 | 25,5 | 46,7 | 315 |
San-Dieqo | −3,9 | 13,6 | 14,0 | 17,6 | 22,0 | 21,5 | 43,9 | 265 |
San-Fransisko | −4,4 | 10,2 | 10,7 | 14,5 | 18,2 | 18,0 | 41,1 | 524 |
Sietl | −17,8 | 4,8 | 5,6 | 11,4 | 18,9 | 18,0 | 39,4 | 953 |
Solt-Leyk-Siti | −34,4 | −1,4 | −0,4 | 11,5 | 25,9 | 23,9 | 41,7 | 413 |
Filadelfiya | −23,9 | 0,6 | 1,9 | 13,2 | 25,6 | 24,4 | 41,1 | 1054 |
Feniks | −8,9 | 13,0 | 14,0 | 23,9 | 34,9 | 33,9 | 50,0 | 204 |
Hyuston | −12,8 | 11,7 | 12,6 | 21,0 | 29,2 | 28,8 | 42,8 | 1265 |
Çikaqo | −32,8 | −4,6 | −3,1 | 9,9 | 23,3 | 22,1 | 40,6 | 940 |
Daxili suları
ABŞ-nin çayları, əsasən, Atlantik okeanına və Sakit okeana, az qismi Şimal Buzlu okeanına tökülür. Ən böyük çayı Missisipidir. Onun hövzəsi ölkə ərazisinin təqribən 40%-ini tutur; qollarından ən uzunu – Missuri, ən sulusu – Ohayodur. Kordilyer dağlarından axan çoxsulu çaylar (Kolumbiya, Kolorado və s.) böyük hidroenerji ehtiyatına malikdir. Appalaç dağlarından və Atlantikayanı ovalıqdan axan çaylar qısa, lakin çox suludur; aşağı axınları gəmiçiliyə yararlıdır. Əsas nəqliyyat əhəmiyyətli çayları Müqəddəs Lavrenti və Hudzondur. Mühüm göl sistemi Kanada ilə sərhəddəki buzlaq-tektonik mənşəli Böyük Göllərdir. Bu göllər bir-birilə çaylar vasitəsilə əlaqələnir. Məşhur Niaqara şəlaləsi Niaqara çayındadır. Müqəddəs Lavrenti çayında astanaların yanında dərin kanallar qazıldıqdan sonra Böyük Göllərə okean gəmilərinin daxil olması üçün şərait yaranmışdır.[8]
Ölkənin on ən böyük gölü
s/n | Adı | Sahəsi, km² |
---|---|---|
1 | Yuxarı göl | 82 103 |
2 | Huron gölü | 59 570 |
3 | Miçiqan gölü | 57 757 |
4 | Eri gölü | 25 667 |
5 | Ontario gölü | 19 011 |
6 | Böyük Duzlu göl | 5483 |
7 | Meşəli göl | 3846 |
8 | İliiamna gölü | 2626 |
9 | Oahe (su anbarı) | 1774 |
10 | Okiçobi gölü | 1715 |
Torpaqları, bitki örtüyü və heyvanat aləmi
Alyaskanın qərbində və Aleut adalarında çimli-torflu subpolyar torpaqlar inkişaf etmişdir. Lavrenti yüksəkliyinin mərkəzi hissələrində və Yukon yaylasının çökəkliklərində donuşluq tayqa torpaqları geniş yer tutur. Bu torpaqlar Labrador yarımadasının cənub hissəsində podzol, Lavrenti yüksəkliyinin cənub-qərbində və Böyük Düzənliklərin şimalında çimli-pod zol torpaqlarla əvəz olunur. Böyük Göllər rayonu və Şimali Appalaç üçün qonur meşə torpaqları səciyyə vidir. Böyük Göllərdən cənubda və Mərkəzi Düzənliklərin şimal-qərbində prerilərin qara torpaqlarına bənzəyən torpaqlar, Böyük Düzənliklərdə qara və şabalıdı torpaqlar yayılmışdır. Böyük Hövzədə şorlaşmış qonur yarımsəhra torpaqları inkişaf etmişdir. Materikin rütubətli cənub-şərq hissəsində qırmızı və sarı torpaqlar, Missisipidən qərbdə qırmızımtıl-qara, qəhvəyi və boz qəhvəyi, Meksika yaylasının daxili hissələrində boz, Kaliforniya yarımadasında tropik səhra, Mərkəzi Amerikanın ovalıqlarında, əsasən, qırmızı-sarı və qırmızı-ferrallit, Kordilyer dağlarının yamaclarında müxtəlif dağ torpaqları yayılmışdır.
Mülayim qurşağın meşələri tayqa, okeanyanı iynəyarpaqlı, qarışıq və enliyarpaqlı meşələr yarımzonalarına bölünür. Alyaskada Arktika səhralar zonası, tundra və meşə-tundralar yayılmışdır. Şimal-şərq üçün iynəyarpaqlı və qarışıq meşələr səciyyəvidir; cənuba doğru bunlar enliyarpaqlı və subtropik meşələrlə əvəzlənir. Subtropiklərdə meşələr həmişəyaşıl qarışıq (şərdə) və iynəyarpaqlı (qərdə) meşə zonalarından ibarətdir. Meksika yaylasının və Floridanın cənub hissələri, Mərkəzi Amerika və Vest-Hind tropik bitki örtüyünə malikdir. Kordilyer dağlarının yamacları iynəyarpaqlı meşələrlə örtülmüşdür; daxili yaylalar üçün yarımsəhra və səhra bitkiliyi səciyyəvidir. ABŞ ərazisinin bitki və torpaq örtüyü insan fəaliyyəti nəticəsində olduqca dəyişmiş, qırılma və yanğınlar nəticəsində meşələrin sahəsi xeyli azalmış, prerilərin təbii bitkiliyi tamamilə məhv edilmişdir.[9]
Tundra zonası üçün şimal maralı (karibu), ağ ayı, tundra tülküsü, lemminq, ağ bayquş, ağ kəklik, tayqa zonası üçün sığın, vapiti maralı, Amerika dələsi, qonur ayı, porsuq, qunduz, oxlu kirpi, ondatra və s. səciyyəvidir. Qarışıq və enliyarpaqlı meşələrdə Virciniya maralı, boz tülkü, qırmızı vaşaq, ağ sincab, köstəbək, quşlardan çəngəlquyruq beli bağlı, ular və s. var. Subtropiklərdə, ölkənin cənub-şərqində enliyarpaqlı meşələrin heyvanları ilə yanaşı tropik faunaya (alliqator, kayman tısbağası, qızılqaz, tutuquşu və s.)da rast gəlinir. Meşə-çöl və çöl heyvanları (bizon, çəngəlbuynuz və s.) çox qırılmışdır. Çoxlu sürünən (zınqırovlu ilan, çöl yatağanı, zəhərdiş kərtənkələ və s.) var. Mərkəzi Amerikada, Vest-Hinddə, qismən Meksika yaylasının cənubunda tropik heyvanlar (meymun, yarasa, tutuquşu, timsah və s.) üstündür.
Qorunan ərazilər
ABŞ-də təqrribən 270 qorunan təbii ərazilər (milli parklar, təbiət abidələri, qoruqlar və s.) vardır. Ən iri milli parklar: Yellouston, Yosemit, Sekvoya, Qrand-Kanyon.
Həmçinin bax
Mənbə
- ABŞ // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 417–418. ISBN 978-9952-441-02-4.
İstinadlar
- U.S. State Department, Common Core Document to U.N. Committee on Human Rights Arxivləşdirilib 2017-07-15 at the Wayback Machine, December 30, 2011, Item 22, 27, 80; Homeland Security Public Law 107-296 Arxivləşdirilib 2017-12-10 at the Wayback Machine Sec.2.(16)(A); Presidential Proclamation of national jurisdiction Arxivləşdirilib 2017-08-22 at the Wayback Machine
- Атлас мира, ПКО «Картография» федеральной службы геодезии и картографии России, Москва, 2005
- Атлас мира, обзорно-географический, ИПУ РАН, ООО «УНИИНТЕХ», Москва, 2004
- U.S. State Department, Common Core Document to U.N. Committee on Human Rights Arxivləşdirilib 2017-07-15 at the Wayback Machine, December 30, 2011, Item 22, 27, 80; Homeland Security Public Law 107-296 Arxivləşdirilib 2017-12-10 at the Wayback Machine Sec.2.(16)(A); Presidential Proclamation of national jurisdiction Arxivləşdirilib 2017-08-22 at the Wayback Machine
- "Geologic Provinces of the United States: Records of an Active Earth". 2017-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-25.
- Diana Leone. Rain supreme. Arxivləşdirilib 2011-08-10 at the Wayback Machine
- "«Погода и климат»". 2012-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-25.
- "Largest Rivers in the United States". 2012-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-25.
- Science Basis for Changing Forest Structure to Modify Wildfire Behavior and Severity Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine U.S. Department of Agriculture Forest Service April 2004