Aşkenazi yəhudiləri

Aşkenazi yəhudiləri (ivr. אשכנזים, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur. Orta əsr yəhudi ədəbiyyatında "aşkenazi" adı altında Reyn çayının sahilində, daha sonra isə alman torpaqlarında yaşayan yəhudilər nəzərdə tutulurdu. Bu termin orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan törəmişdir. Yəhudi ənənəsinə görə, Yasəfin (Nuh peyğəmbərin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşmışlar. Ona görə də yəhudilər həmin ölkəyə bu adı vermişlər. Zaman keçdikcə bu termin subetnik anlayış kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir. Aşkenazilərin ana dili idişdir. Bu dil X–XIV əsrlərdə Mərkəzi və Şərqi Avropada alman dilinin orta əsrlərdə yayılmış ləhcələri, eləcə də ibrani, arami, roman, slavyan dilləri əsasında yaranmışdır. Qeyd edək ki, aşkenazilərin Azərbaycanda məskunlaşması çar Rusiyası dövrünə təsadüf edir. Belə ki, ilk aşkenazilər 1832-ci ildə Bakıda məskunlaşmışlar. XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu səbəbilə şəhərdəki yəhudi əhalisinin, o cümlədən aşkenazilərin sayı sürətlə artmışdır. 1897-ci ildə Bakıda iki mindən yuxarı yəhudi vardı ki, onların da əksər hissəsini aşkenazilər təşkil edirdi. Bununla yanaşı, 1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı ildə Belostokda, habelə Rusiya imperiyasının digər məntəqələrində baş vermiş yəhudi qırğınları nəticəsində bir çox aşkenazi Azərbaycana pənah gətirmiş, əsasən, Bakıda məskunlaşmışdır. Qırğınlardan xilas olmaq üçün ölkəmizə üz tutmuş aşkenazilər burada özlərinə ikinci vətən tapmışlar.

        

Məşhur insanlar

1912-ildə, qeyddə olan vəkil və həkimlərin üçdə biri Yəhudi idi.Çar və Sovet dövründə Azərbaycanda əksəriyyət köçəri kimi, Aşkenazların dilləri də ruslaşdı. Aşkenazların çoxu Rus dilini bilməklə bərabər, Azərbaycancan türkcəsindədə sərbəst danışmaqda xüsusi səygöstərirdilər.Yidiş dilini bilənlərin sayı məlum deyil. Hal hazırda aşkenaz yəhudiləri azərbaycanda dağ yəhudilərindən sonra ikinci ən böyük yəhudi icmasıdır. Aşkenaz yəhudilərinə ait bakıda bir sinaqoq fəaliyyət göstərir.[1]

Həmçinin bax

Yəhudilər

Dağ yəhudiləri

Sinaqoqlar

İstinadlar

  1. "Azərbaycan yəhudiləri- tarixdən bu günə". anl.az/down. Archived from the original on 16 May 2023.

Xarici keçidlər

Yəhudilər kimdir?

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.