Aşşurbanipalın şir ovu
Aşşurbanipalın şir ovu (ing. Lion Hunt of Ashurbanipal) - Nineva şəhərinin Şimal sarayından aşkarlanmış məşhur saray relyeflərinə verilmiş ümumi addır. Relyeflər hazırda Britaniya muzeyinin 10a zalında sərgilənir. Bu relyeflər mütəxəssislər tərəfindən “Assur incəsənətinin yüksək şah əsərləri” kimi qiymətləndirilmişdir. Relyeflərdə Aşşurbanipalın (çarlıq dövrü e.ə. 668 – 631/627) ritual xarakterli formal “şir ovları” təsvir edilib. Ritual zamanı əvvəlcədən tutulmuş Asiya şirləri xüsusi arenalarda qəfəsdən buraxılırdı ki, çar onları qovaraq qılıncla, oxla və xəncərlə öldürsün.[1] E.ə. 645-635-ci illərdə hazırlanmış relyeflər sarayın müxtəlif hissələrində yerləşdirilmişdi. Böyük ehtimal ki, orijinalda müxtəlif boyalarla rənglənmiş relyeflər, sarayın parlaq dekorasiyasının tərkib hissəsi olmuşdur.[2]
Aşşurbanipalın şir ovu | |
---|---|
ing. The royal Lion Hunt of Ashurbanipal | |
Ölmüş Asiya şiri relyefi, təxm. e.ə. 645-635 | |
Material | daş |
Yaranıb | e.ə. 645-635 |
Kəşf edilib | Hörmüzd Rəssam və Uilyam Loftus |
Tarixi | 1852-1854 |
Saxlanılır | Britaniya muzeyi, 10a zalı |
Vikianbarda əlaqəli mediafayllar |
Daş plitələr 1852-1854-cü illərdə Hörmüzd Rəssam, 1854-1855-ci illərdə isə Uilyam Loftus tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış və tədqiq edilmələri üçün birbaşa Britaniya muzeyinə göndərilmişlər. Daş plitələrdəki şirlərin realistcəsinə təsvir edilməsi həmişə yüksək qiymətləndirilsə də, ehtimal ki, Assuriya dövründə yaşamış insanların bu əsərlərə yanaşması müasir insanların baxışından daha fərqli olmuşdur. İnsan personajları, xüsusilə çar formal pozalarda, əsasən profildən verilsə də, şirlər canlı, ölən və ölmüş vəziyyətlərdə müxtəlif poza və formalarda göstərilmişdir.[3]
Bu daş qabartmalarda son 250 il ərzində Assur sənətkarlarının əldə etdiyi uğurlar əks olunmuş, onlar bu mədəniyyətin tənəzzülündən əvvəl yaradılmış ən yaxşı nümunələr kimi diqqət çəkmişdir.[4] Aşşurbanipal Assuriyanın sonuncu böyük çarı olmuş, onun ölümü ilə Yeni Assuriya imperiyası dövrü başa çatmış, çarın varisləri, ordu başçıları və qiyamçılar arasında mənbələrdə az işıqlandırılmış vətəndaş müharibəsi başlamışdır. 25 il sonra, 612-ci ildə imperiya süqut etmiş, Nineva şəhəri talan olunmuş və yandırılmışdır.[5]
Assur şir ovları
Bu relyeflərin hazırlanmasından min il əvvəl də, Mesopotamiyada kral ailələri arasında şir ovları ənənəsi məşhur olmuş və müxtəli hökmdarlar şir ovu zamanı təsvir edilmişlər. Ola bilsin ki, bu fəaliyyətin dini baxımdan da bir anlamı olmuşdur. Gil kitabə üzərində dövrümüzdə çatmış mətndə bildirilir ki, əyalətlərin birində evə şir girməsi zamanı, onu tutaraq qayıqla çara göndərmişdilər. Vəhşi təbiətdə yalnız Hindistan ərazisində yaşan və sayları Afrika şirindən dəfələrlə az olan Asiya şirinin öldürülməsi relyeflərdə təsvir edildiyi kimi çətin olmamışdır. Bu zaman, sol ələ keçi tükü dolanaraq, şirin diqqəti həmin ələ cəlb edilir və sağ əldə saxlanan xəncər və ya qılıncla ona zərbə endirilirdi. Lakin, bu fənd relyeflərdə heç vaxt təsvir edilməmişdir.[6] Relyeflərdə daha çox çar şirlərə ox atarkən təsvir edilir, əgər şir təslim olmadan hücuma keçirsə, çarın yanındakı döyüşçü ox atəşi açır.[7]
Daha əvvəlki dövrdə hakimiyyətdə olmuş və Nimruddakı sarayında şir ovlarını təsvir etdirmiş II Aşşurnasirpalın (təxm. e.ə. 883-859) e.ə. 865-ci ildə yazdırdığı kitabədə qeyd edilir ki, “tanrılar Ninurta və Nerqal mənim mükəmməlliyimi sevərək, heyvanlarla dolu böyük düzənliklər bəxş etmiş və ov etməyimi əmr etmişlər. Mən, 30 şiri məğlub edərək öldürmüşəm; 257 vəhşi buğanı arabamdan atəş açaraq öldürmüşəm; 370 böyük şiri ov oxundan atəş açaraq öldürmüşəm.”[8] Aşşurnasirpalın arabadan ox atan yerdə təsvir edilməsindən belə qərara gəlmək olar ki, bu, daha məşhur ov manerası olmuşdur.[9]
Daha sonrakı dövrə aid relyeflərdə şirlərin əsgərlərin yaratdığı qalxan divarlardan formalaşdırılmış qapalı məkanlara buraxılması təsvir edilmişdir.[7] Bəzi təsvirlərdə şirlərin taxta qəfəslərdən buraxılmasını izləmək mümkündür. Ovlanmalarına baxmayaraq, Mesopotamiyada şirlər XX əsrə kimi varlıqlarını davam etdirmişlər.[10][11]
Bəzən, şirlər öldürülmür və yalnız əsir alınırdı. II Aşşurnasirpal kitabəsində heyvanxanasından bəhs edərək deyir: “Qəddar ürəyim ilə, mən dağlar və meşələrdən 15 şir tutmuşam. 50 aslan balası ələ keçirmişəm. Mən onları Kalhuya (Nimrud) qovaraq sarayıma gətirmişəm. Cütləşdirərək, çoxalmalarını təmin etmişəm.”[12]
Saray relyefləri
Assuriya saray relyeflərində iki düjündən çox şir ovu səhnələri təsvir edilmişdir ki[13], onların da əksəri qısa səhnələrdir. Yeni Assuriya dövrü sarayları bu cür relyeflərlə daha zəngin bəzədilirdi. Həmin relyeflər Şimali İraq ərazisində geniş yayılmış gips alabasterdən hazırlanırdı. Relyeflərdə digər heyvanların ovlanması səhnələrinə yer verilsə də, əsasən üstünlük sarayı inşa etdirmiş hökmdarın hərbi səfərlərinə verilirdi. Digər səhnələrdə, çar, saray əhli, “qanadlı dahi” və lamassu kimi personajlar göstərilirdi.
Əksər relyeflər sarayların böyük zallarının divarlarını bəzəyir, bəzi hallarda isə otaqlar silsilə şəklində seriya xarakterli relyeflərlə dekorasiya edilirdi. Lakin, Şimal sarayından əldə edilmiş şir ovu səhnələri bir otaqdan yox müxtəlif məkanlardan, əsasən böyük zallara aparan kiçik dəhlizlərdən aşkarlanmışdır. Onlar tam deyil. Onların bəziləri sarayın yuxarı mərtəbəsinə aid olsa da, arxeoloji tədqiqatlar aparılan zaman artıq qoparaq yer səviyyəsinə düşmüşdü. Saray tavanlarının hündür olmasına baxmayaraq, relyelərin orijinal yerləşməsi hazırda sərgiləndiyi səviyyədə olmamışdır. Həmin sarayda həm də tez-tez ağac kölgələrində əylənən, uzanan erkək və dişi şir təsvirlərinə də rast gəlinir ki, bunlar da, ehtimal ki, ev şəraitində saxlanan (ev heyvanı kimi əhliləşdirilən) şirlərin təsvirləridir.[14]
Səhnələr
Bəzi şir ovu səhnələri relyefin bütün hündürlüyünü əhatə edir; həmin saraydan olan əksər narrativ Assur səhnələri kimi, bir çox şir ovu səhnələri də iki horizontal registerə bölünür. Yuxarı mərtəbəyə aid olan relyeflərin bəziləri üç registerlidir.[15] Burada təməl xəttləri dəqiq şəkildə verilmişdir ki, bu da az təsadüf olunan haldır, böyük səhnə formalaşdıran bəzi şirlər də, aydın təməl üsərində təsvir edilmişdir. Şirlər kimi, hökmdarın geyimlərinin “qeyri-adi müşahidə incəliyi ilə təsvir edilməsi”[7] də xüsusi gözəlliyi ilə diqqət cəlb edir. Son mərhələdə demək olar ki, bütün şirlərin quyruq təsvirləri qısaldılmışdır.[16]
Dəhlizin bir tərəfində olan böyük registerdə üç səhnə təsvir edilmişdir. Səhnələrdən birində yaxşı görünüşş və ya təhlükəli yerlərdən uzaqlaşmaq üçün ağaclı təpəyə çıxan insanlar təsvir edilib. Təpənin yuxarısında çarın şir ovu təsvirini daşıyan kiçik bina vardır. Çar, atları xidmətçilər tərəfindən tutulmuş arabada ova hazırlaşır. Ovçular mastiff itləri və oxlarla qalxan divarlara yaxınlaşacaq şirləri gözləyirlər. Çarın ovlanması səhnəsində əksəri ölü və ya yaral olan 18 şir təsvir edilmişdir. Dəhlizin digər divarında isə iki dəfə hərəkətdə olan araba təsviri ilə oxşar səhnələr göstərilmişdir.[17]
Yuxarı mərtəbədəki otaqlar və “şəxsi otaqda” yerləşmiş bir qrup relyeflər isə üç registerli olmaqla, hər register xüsusi xəttlə bir-birindən ayrılmış, fiqurlar isə daha kiçik verilmişdir.[17] Bəzi səhnələr təkrarlansa da, bu dəqiq təkrarlanma deyildir. Şirlər qəfəsdən azad edilərək çara tərəf gəlir, çar isə bu zaman öldürülmüş şirlərin üzərinə maye tökərək libatsiya ayinini yerinə yetirir. Bu təsvirlərin bəziləri Parisdə saxlansa da, bəzilərinin eskizləri dövrümüzə çatmış, orijinalları isə itirilmişdir. Bunların sırasında çarın vəhşi təbiətdə şir ovu; çarın xəndəkdə gizlənərək ox və xəncərlə ceyran ovuna hazırlanması səhnələri də vardır.[18] Səhnələrdən birində eyni şir üç dəfə, bir-birinə yaxın formada təsvir edilmişdir: qəfəsdən çıxarkən, çara hücuma keçərkən və onun üzərinə tullanarkən. Bu, müasir strip komikslərinin təsvir üsulunu xatırladır.[19]
- Yaralı şir
- Şirə hücum
- Araba atları
- Yaralı şir
- Şirin qəfəsdən buraxılması
- Ölü şirin daşınması
İstinadlar
- Honour & Fleming, 76–77; Reade, 72–79, 73; Frankfort, 186–192; Hoving, 40–41
- Honour & Fleming, 77
- Honour & Fleming, 76–77; Reade, 73
- Frankfort, 189
- Reade, 90–91
- Reade, 72–73, 76–77; Frankfort, 187, quoted. Reade emphasizes that the lions reaching the king were probably already badly wounded. Frankfort assumes arm-padding was actually used, but omitted in the images.
- Frankfort, 187
- Reade, 39
- Frankfort, 189, Reade, 39
- Reade, 79
- Hatt, R. T. The mammals of Iraq. Ann Arbor: Museum of Zoology, University of Michigan. 1959.
- Oates, 34
- Hoving, 40
- Frankfort, 186, Reade, 72
- Reade, 73
- Reade, 73–74
- Reade, 74–75
- Reade, 75–79
- Frankfort, 187; Reade, 76; Honour & Fleming, 76–77
Ədəbiyyat
- Frankfort, Henri, The Art and Architecture of the Ancient Orient, Pelican History of Art, 4th ed 1970, Penguin (now Yale History of Art), ISBN 0-14-056107-2
- "Grove": Russell, John M., Section 6. "c 1000–539 BC., (i) Neo-Assyrian." in Dominique Collon, et al. "Mesopotamia, §III: Sculpture." Grove Art Online, Oxford Art Online, Oxford University Press, accessed 19 November 2016, subscription required
- Hugh Honour and John Fleming, A World History of Art, 1st edn. 1982 (many later editions), Macmillan, London, page refs to 1984 Macmillan 1st edn. paperback. ISBN 0-333-37185-2
- Hoving, Thomas. Greatest Works of Western Civilization, 1997, Artisan, New York, ISBN 978-1-885183-53-8
- Oates, D. and J. Oates, Nimrud, An Assyrian Imperial City Revealed, 2001, London: British School of Archaeology in Iraq, full PDF (332 pages) ISBN 978-0-903472-25-8
- Reade, Julian, Assyrian Sculpture, 1998 (2nd edn.), The British Museum Press, ISBN 978-0-7141-2141-3
- Wilson, David M.; The British Museum; A History, 2002, British Museum Press, ISBN 0-7141-2764-7