Aşıqsayağı
Aşıqsayağı — bəstəkarların aşıq musiqisi üzərində fantaziyaları. İlk aşıqsayağı fantaziya Üzeyir Hacıbəyovun 1931-ci ildə skripka, violonçel və fortepiano üçün yazdığı pyesdir.
Üzeyir Hacıbəyovun "Aşıqsayağı"sı
"Aşıqsayağı" Azərbaycan musiqisində kamera-instrumental musiqinin ilk nümunələrindəndir. "Aşıqsayağı" həyatı harmonik vəhdətdə, nikbin ruhda görən Üzeyir Hacıbəyovun, bir növ, fəlsəfi kredosunun musiqi vasitəsilə ifadəsidir. "Aşıqsayağı"-da Üzeyir Hacıbəyovun sevimli bəstəkarı V.A.Motsartın təsiri duyulur. Bu təsir klassik sadəlik və təbiilikdə, yığcam musiqi formasında, əsərin fakturasının zərifliyində özünü göstərir. "Aşıqsayağı"-da aşıq və muğam (xüsusilə zərbi-muğam) sənətlərinə məxsus musiqi üslubu üzvi surətdə birləşmişdir. Üzeyir Hacıbəyov ilk dəfə Azərbaycan peşəkar musiqisinin iki müxtəlif sahəsini əsl yaradıcı dərinlik və novatora xas sərbəstliklə işləmişdir. Avropa və milli musiqi üslublarının üzvi əlaqəsi "Aşıqsayağı"-nın musiqi formasında başlıca cəhətdir ("Aşıqsayağı"-nı Üzeyir Hacıbəyovun yaradıcılığında sonata formasına xas musiqi möv-zularının işlənmə prinsipinə, işlənmə metodlarının tətbiqinə hazırlıq mərhələsi hesab etmək olar). Pyesdə çoxtərkibli musiqi formaları da özünü göstərir: rondovarilik, variasiyalılıq və s). "Aşıqsayağı"-nın musiqisindəki polifoniya (imitasiyalı və təzadlı) fakturasının incəliklə işlənməsinin kökü milli vokal-instrumental ansambl musiqisi ilə bağlıdır. "Aşıqsayağı" pyesi Koroğlu operasının bir sıra orijinal səhnələrinin yaranmasına zəmin olmuş, yol açmışdır.[1].
Digər bəstəkarların "Aşıqsayağı"ları
- Qara Qarayev - Üzeyir Hacıbəyovun "Aşıqsayağı"sını simfonik transkripsiyasını yaradıb [2].
- Fikrət Əmirov - fleyta (qoboy yaxud klarnet) ilə fortepiano üçün "Aşıqsayağı" [3]
- Ərtoğrul Cavid - "Aşıqsayağı"
- Aqşin Əlizadə - kamera orkestri üçün "Aşıqsayağı"
- Əli Əlizadə - piano üçün "Aşiq havası" (1990) [4]
- Süleyman Ələsgərov - saz, müğənni və xalq çalğı alətlərinin orksetri üçün "Aşıqvari" süitası
- Cahangir Cahangirov - "Aşıq Alı" kantatası
- Rəşid Əfəndiyev - aşıq melodiyaları mövzusunda saz, fortepiano və zərb alətləri üçün "Pyeslər"
- Rəşid Şəfəq - saz, solist və uşaq xoru üçün "Aşıq Alı baba" adlı mahnı-səhnəciklər
- Aydın Əzimov - səs, tar və ud üçün "Ozanların səsi"
- Cavanşir Quliyev - saz və alt üçün Sonata; saz və nəfəs alətlərinin kvarteti üçün Sonatina; fleyta, violonçel üçün "Karvan" [5]
İstinadlar
- "Üzeyir Hacıbəyov Ensiklopediyası - Aşıqsayağı". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.
- "Qara Qarayevin fikirləri". 2013-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-09.
- "Fikrət Əmirovun əsərləri". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-09.
- "Azərbaycan bəstakərları və musiqişünasları - Ə hərfi". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-09.
- Саадет Абдуллаева, доктор искусствоведения, профессор. Саз - неотъемлемый инструмент азербайджанских ашугов Arxivləşdirilib 2014-08-08 at the Wayback Machine. Журнал İRS, № 3(51), 2011.