Aşıq Xındı Məmməd
Qəniyev Məmməd Gülabı oğlu (Aşıq Xındı Məmməd) (1896, Böyük Muğanlı, Borçalı qəzası – 28 avqust 1968, Böyük Muğanlı, Marneuli rayonu) — gürcüstanlı aşıq.[1]
AŞIQ XINDI MƏMMƏD | |
---|---|
Məmməd Gülabı oğlu Qəniyev | |
Doğum tarixi | |
Doğum yeri | Qaş Muşanlı, Marneuli rayonu, Gürcüstan |
Vəfat tarixi | 28 avqust, 1968 |
Vəfat yeri | Qaş Muşanlı, Marneuli rayonu, Gürcüstan SSR |
Dəfn yeri |
Həyatı
Aşıq Xındı Məmməd 1896-cı ildə Borçalıda — Marneuli rayonunun Qaş Muğanlı (Böyük-Muğanlı) kəndində anadan olmuşdur. Məmməd Gülabı oğlu çətin uşaqlıq dövrü keçirmişdir. Lap körpəlikdən çox məlahətli bir səsə malik olduğunu duyan dayısı Söyün Qoca oğlu onu 1914-cü ildə məşhur el şairi, gözəl söz xiridarı şair Ağacanın yanına gətirib ona şagird vermişdir.
Gənc Məmməd bir müddət Ağacanın yanında qalır, şeir-sənət dünyasının sirlərinə dərindən bələd olur, aşıq yaradıcılığını mənimsəyir.
Tale sonra Məmməd Gülabı oğlunu o zamanlar Borçalı da məşhur aşıq kimi tanınan Bəyazidli Məsimlə qoşalaşdırır və bu da onun nadir ifaçı kimi püxtələşməsində əvəzsiz rol oynayır. Qeyri-adi zil, məlahətli səsə malik olan Məmməd aşıq sənətinə dərindən yiyələnib, Borçalının ustad aşığı kimi formalaşır və sonralar "Xındı Məmməd" təxəllüsü ilə gözəl aşıq şeirləri yazmağa başlayır, sazı-sözü ilə böyük şöhrət qazanır.
Xındı Məmməd çox gözəl dastan danışan, ifaçı sənətkar, hazırcavab, bağlama və qaravəllilərin gözəl bilicisi kimi əvəzsiz bir aşıq olmuşdur.
Ustadlardan dərs ala-ala Xındı Məmməd özü sonralar geniş yaradıcılıq yoluna qədəm qoymuş, divani, təcnis, gəraylı, müxəmməs kimi aşıq şeir üslubunda xeyli əsər yazmışdır. O bir çox ustad aşıqların şerlərinə qabaq-qaytarmalar yazmış, neçə-neçə ustadlarla deyişmişdir.
Dövrün mükəmməl, tanınmış el şairləri və aşıqları Şair Ağacan, Şair Nəbi, Bəyazidli Məsim, Təhləli Novruz və bir çox başqaları ilə şeirləşmişdir.
Hələ 1930-cu illərdə bu Borçalı bülbülünə də qara yaxaraq pantürkist damğası vurmuşlar. Buna görə də o bir müddət Tiflisdəki Metex qalasında yatmışdır.
Böyük Vətən müharibəsi (1941–1945) başlayanda Xındı Məmməd də cəbhəyə getmişdir. O, müharibəyə yola düşməzdən əvvəl canından artıq sevdiyi öz sədəfli sazını "Cəngi" havası üstündə kökləyib divardan asmışdı.
Müharibədən evə sağ-salamat dönən Xındı Məmməd öz gözəl sənətini davam etdirmişdir. Bu sənətdə ustadlıq zirvəsinə çatan aşığın Borçalıda xeyli ünlü şagirdi vardır. Onlardan Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar, Aşıq Ziyəddin, Aşıq Seyfi və başqaları bu gün Borçalının ən ünlü sənətçilərindəndir. Bu şagirdlərin arasında ustadın oğlu Gülabı Xındı Məmmədə layiq əvəz olmuşdur.
Ustad aşığın yazdığı şeirlər rayon və respublika mətbuatında çap olunmuşdur. Onun şeirlərinin tam külliyyatı Bakıda "Borçalı" nəşriyyatinda Müşfiq Çobanli tərəfindən "Meydanda mərdi-mərdanə" adı altında çap olunmuşdur. Qədirbilən Borçalı camaatı və sazsevərləri Xındı Məmmədin 1986-cı ildə 90, 1996-cı ildə 100 illiyini böyük bayram şənliyinə çevirdilər.
Xındı Məmməd 1968-ci il 28 avqustda vəfat etmişdir. Qəbri doğma yurdu Qaş Muğanlıdadır.
İstinadlar
- Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
Xarici keçidlər
Aşıq Xındı Məmməd Arxivləşdirilib 2011-08-19 at the Wayback Machine