Aşıq Bəylər Qədirov
Aşıq Bəylər Qədirov (tam adı:Qədirov Bəylər Hacı Rəşid oğlu; d. 25 may 1914, Çuxanlı, Salyan rayonu, Azərbaycan – v. 1991, Çuxanlı, Salyan rayonu, Azərbaycan) — Azərbaycan aşığı, aşıq sənətinin "Bülbülü" kimi tanınmış, Şirvan aşıq məktəbinin inkişafında özünəməxsus xidmətləri olmuşdur.[1]
Aşıq Bəylər Qədirov | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Aşıq Bəylər Qədirov |
Ləqəbi | Aşıq sənətinin "Bülbülü" |
Doğum tarixi | |
Doğum yeri | Çuxanlı, Salyan rayonu, Azərbaycan |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Çuxanlı, Salyan rayonu |
Dəfn yeri | Çuxanlı, Salyan rayonu |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıqlıq |
Fəaliyyət illəri | 1937 – 1991 |
Musiqi aləti | Saz |
Albom şirkəti | "Səbuhi" |
Həyatı
Aşıq Bəylər Qədirov 25 may 1914-cü ildə Salyan rayonunun Çuxanlı kəndində doğulub. O uşaq yaşlarından aşıqlıq sənətinə maraq göstərmiş, yüksək bacarıq və istedadı sayəsində bu sənətin bilicisinə çevirilmişdir.[2]
1938-ci ildən el məclislərdə çıxış edib. Azərbaycan Aşıqlarının II və III Qurultaylarında iştirak edib. Bir sənətkar kimi xidmətləri yüksək qiymətləndirilib, diplom, fəxri fərman və müxtəlif mükafatlara layiq görülüb.[2]
1970-ci illərdə Moskvada "Azərbaycan mədəniyyəti günləri ongünlüyü"ndə iştirak etmişdir.
XX əsrdə Şirvan bölgəsində, eləcə də Azərbaycan səviyyəsində tanınan Aşıq Bəylər Qədirov Şirvan aşıq mühitinin ən layiqli nümayəndəsi olmuşdur. Aşığın sənətkar kimi formalaşmasında ərazinin toyları, el şənlikləri mühüm rol oynamışdır. Beləki, yaşayıb-yaratdığı illərdə bölgədə keçirilən bütün ictimai tədbirlərdə, el şənliklərində fəal iştirak etmişdir.[3]
Görkəmli sənətkar Aşıq Bəylər 1991-ci ilin 3 iyununda Salyan rayonunun Çuxanlı kəndində vəfat edib.[2]
Nəsli
Aşıq Bəylər Qədirli nəslinin nümayəndəsidir. Bu nəsil ruhani bir nəsil idi. Onlar əslən Şamaxının Çuxanlı kəndindəndirlər. Şamaxı zəlzələsindən sonra onlar bütün qohumları ilə birlikdə Salyanda Çuxanlı kəndinin əsasını qoyurlar. Aşıq Bəylərin
"Atam Şirvanlıdır özüm Muğanlı, Sən olmusan mənə bir ana Salyan" |
mahnısı heç də təsadüfi yaranmayıb. Köç zamanı Aşıq Bəylərin atası Hacı Rəşid gənc oğlan imiş. Daha sonralar bu ailə şura hökumətinin musadirələrilə üzləşmiş, evləri kənd sovetinin binasına çevrilmişdir.
Aşıq Bəylər Gülüstan Zahidova ilə ailə qurmuşdur. Adilə, Elmira, Əliyar, Zivər, İxtiyar, Yaqut, Bəsti, Rəşid və Xudayar adlı övladları var. Aşıq Bəylərin anasının adı Səlminaz, atasının adı isə Rəşiddir.
Ustad-şəyird münasibətləri
Aşıq Bəylər aşıqlıq sənətinin sirlərini Şamaxı rayonunun Cəyirli kəndindən olan atasının yaxın dostu Aşıq Abbasdan öyrənib.[2]
Aşıq Bəylər Rza Məmmədovun (Aşıq Rza Qobustanlı[4]), Mirzəlinin, Ağababa Bədəlovun, Aslan İsmayılovun, oğlu İxtiyar Qədirovun və onlarla başqalarının ustadı və müəllimi olub.[5]
Yaradıcılığı
1966-cı ildə Aşıq Abbas Tufarqanlının "Abbas və Gülgəz" dastanının ifası üçün Azərbaycan radio komitəsinin səs yazma studiyasına dövrünün tanınmış bir neçə aşıqları dəvət olunmusdur. Heç biri bu məsuliyyətli işi öz öhdəsinə götürməmişdir. Aşıq Bəylər bir neçə gün möhlət istəmiş və səs yazmaya gəlmişdir. Bədii şura Aşıq Bəylər Qədirovu qəbul etmişdir. Dastanda musiqili hissəni Aşıq Bəylər Qədirov, bədii hissəni Məhluqə Sadıqova və Lütfi Məmmədbəyli icra etmişdir. Həmin səsyazma Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.[6]
Yarım əsrdən çox telli sazı ilə xalqa xidmət edən Aşıq Bəylər "Peyvənd şıkəstə", "Kərəmi", "Peşron"un əvəz olunmaz ifaçısı olub. Hətta, o vaxtlar Aşıq Bəylər aşıq sənətinin "Bülbülü" adlandırılmışdır.[7]
Qiymətli gözəlləmələr, ustadnamələr, dastanlar müəllifi və ifaçısı olan Aşıq Bəylər təkcə Şirvan-Muğan məktəbi ilə yox, eyni zamanda Gəncə-Tovuz və Göyçə-Borçalı məktəblərinə məxsus olan klassik aşıq havalarını özünəməxsus ustalıqla ifa edib.
Onun ifa etdiyi bir çox musiqi nömrələri və aşıq mahnıları Azərbaycan radiosunun qızıl fondunda saxlanılır. Bu musiqilər bu gündə sevə-sevə dinlənilir. Belə musiqilərdən biri də müəllifi olduğu "Kəndimiz" aşıq mahnısı indi də sevilir və mütəmadi olaraq televiziya verilişlərində, konsert salonlarında, toy məclislərində ifa edilir.
Musiqi albomları
Aşığın ilk musiqi albomu 1999-cu ildə çıxmışdır. Daha sonra "Səbuhi studiyası" aşığın musiqi albomunu buraxmışdır.
2006-cı ildə Azərbaycan Folklor İnciləri seriyasından olmaqla 14 musiqisindən (Telli sazım, Dolanır, Səhərlər, Pərimin, Qadan alım, Bizim qızlar, Vətən, Bizimdir, Pərim, Oynayır, Səs verir, Keçdi, Gözlərin, Bəxtəvər) ibarət musiqi albomu buraxılmışdır.[8]
Biblioqrafiyası
- Oktyabr günəşi. "Kommunist" qəzeti, 1951.
- Basdı sinəsinə görək nə dedi. "Azərbaycan kənd təsərrüfatı" qəzeti, 1959.
- Muğan. "Azərbaycan kənd təsərrüfatı" qəzeti, 1960.
- Vətən. "Sovet kəndi" qəzeti, 1961.
İstinadlar
- "Aşıq şeiri: Azərbaycan aşıq poeziyası özündə bir neçə aşıq məktəbini və aşıq mühitini birləşdirir: Şirvan məktəbi" (az.). azerbaijans.com. 2011. 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- "Aşıq sənəti / Aşıq sənəti simalarda" (az.). Musiqi Dünyası. 2015. 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Səfərova, Aynurə. Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş "Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları (PDF) (az.). "Nurlan". 2013. 120–121. 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-08.
- AŞIQ RZA QOBUSTANLI Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine — Şamaxı ensiklopediyası
- Sayılov Q. XX əsr Şirvan aşıqları. Bakı, 2007
- "Aşıq Abbas Tufarqanlıya həsr edilmiş veriliş: Məhluqə Sadıqova. Lütfi Məmmədbəyov və Aşıq Bəylər Qədirov". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- "Aşıq Bəylər Qədirov" (az.). salyan-ih.gov.az. 2012. İstifadə tarixi: 2012-04-01.
- "Bəylər Qədirov - Azərbaycan Folklor İncileri (2006) Albom" (az.). flacindir.in. 16.10.2015. 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
Ədəbiyyat
- Vaqif Yusifli. "Yolun düşsə Şirvana", Bakı, 1993.
- İbrahim Hüseynov. "Unutsaq unudularıq", XX əsrin xatirə kitabı, 2007.
- Seyfəddin Qəniyev. Şirvan aşıqları. Bakı, 2007
- Xeyrulla Xəyal. "Şirvan şikəstəsi" (az.). "Azadlıq" qəzeti. 24–25 fevral 2008. 2017-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- Dadaşov F. Aşıq sənətinin korifeyləri sırasında Salyan triosu: Aşıq Pənah, Aşıq Qurbanxan və Aşıq Bəylər. “Aysberq və həyat” qəzeti. 15 may, 2013
- Aynurə Səfərova. "Neftçala - Salyan aşıq mühiti: tarixi və nümayəndələri", "Ozan dünyası" jurnalı. - 2014. - №6(21). - S.72-80.
- "Aşıq Bəylər Qədirov" (az.). beyaz.az. 23.01.2013. 2017-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.