Aşıq Əkbər Cəfərov

Aşıq Əkbər Cəfərov (1933, Tovuz rayonu24 avqust 1990) — Azərbaycan aşığı.

Aşıq Əkbər Cəfərov
Əkbər Zərbalı oğlu Cəfərov
Doğum tarixi 1933
Doğum yeri Tovuz rayonu, Bozalqanlı
Vəfat tarixi 24 avqust 1990(1990-08-24)

Həyatı

Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb.[1] Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların – Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub.

Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır.

Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.

Gözəl saz çalmaq, dastanlar söyləməklə yanaşı, Aşıq Əkbər öz şeirləri ilə də ad-san qazanıb. Onun "Dağlar", "Bənövşələr", "Mənim", "Doymaq olmaz", "Sözüm olsun" və s. gəraylıları, ""Deyirəm", "Bizimdir", "Gözəl vətənim", "İstərəm", "Bəxtəvər" və s. qoşmaları, "Yaradar məni", "Yaralar məni", "Deyim", "Haqqı danısan" və s. təcnisləri, "Can demə", "Şaxtadır", "Düşmüşəm" və s. divaniləri, "Gəzirəm", "Çayçının qızı" müxəmməsləri, cığalı təcnisləri, dodaqdəyməz təcnisləri, deyişmələri oz dövrünün dillər əzbəri olmuşdu. O, həm də "Leyli və Məftun" dastanının müəllifidir.

Aşıq Əkbər vətənə, millətə, torpağa çox bağlı bir insan idi. "Vətən deyib dil-dil ötən, gümüş telli sazım var" – deyən ustadın yaradıcılığında vətənə məhəbbət, torpağa bağlılıq, millətə sədaqəthəmişə ön planda olub.

Aşıq Əkbər 1990-cı il avqustun 24-də vəfat edib.[2]

Ədəbiyyat

  • Abdullayeva, S. Ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunub: [R.Behbudov adına Mahnı Teatrında] //525 -ci qəzet.- 2013.- 2 oktyabr. - S.7.
  • Fərəcov, S. “Vətən deyib dil-dil ötən gümüş telli sazım var”: [Azərbaycan Dövlət Mahnı Teatrında ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunmuşdur] //Mədəniyyət.- 2013.- 2 oktyabr.- S. 13.
  • Paşayeva, Q. İlahi səsin möcüzəsi: [Aşıq Əkbər haqqında] //Mədəni həyat. - 2013.- № 9.- S. 35-37.

İstinadlar

  1. Tovuzda aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunub //Mədəniyyət. — 2013.- 13 noyabr.- S. 2.
  2. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.