Aşıq Ədalət Dəlidağlı

Ədalət Dəlidağlı (Ədalət Hacıbaba oğlu Qaraşov; 1 fevral 1967, Yellicə, Kəlbəcər rayonu) — Azərbaycan aşığı.[1] Azərbaycanın Əməkar mədəniyyət işçisi (2007).

Ədalət Dəlidağlı
Ədalət Hacıbaba oğlu Qaraşov
Doğum adı Ədalət
Təxəllüsü Dəlidağlı
Doğum tarixi 1 fevral 1967(1967-02-01) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Hacıbaba
Təhsili Kəlbəcər musiqi məktəbi
Fəaliyyəti aşıq, musiqiçi
Fəaliyyət illəri 1985-ci ildən
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Aşıq Ələsgər – 200" yubiley medalı Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Həyatı

Ədalət Dəlidağlı 1967-ci il fevralın 1-də Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub[2]. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Kəlbəcərdəki yeddiillik musiqi məktəbində təhsil alıb. Hələ uşaq yaşlarından saz çalmağa başlayan Ədalətin ilk ustadı o zamanlar Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblının rəhbəri Əliş Quliyev olub[3]. Saza olan sevgisi, yanğısı onu saz sənətinin sirlərinə daha dərindən yiyələnməsinə vadar edib. Məhz bu sirlərə yiyələnmək üçün sonralar “Bala Ədalət” Qəmkeş Allahverdidən, 1993-1998-ci illərdə isə Azərbaycanın əməkdar incəsənət xadimi, ustad aşıq, “Şöhrət” ordenli, prezident təqaüdçüsü Ədalət Nəsibovdan mükkəməl dərs almışdır[4].

Ədalət Dəlidağlı gənc yaşlarından uğur qazanmağa, sevilməyə başlamışdır. Ona ilk uğuru gətirən 1989-cu ildə Gəncədə keçirilən “Gənc ozan” müsabiqəsində iştirakı olur. Daha sonra ustadı aşıq Ədalət Nəsibovla birlikdə İraqda keçirilən “Ozan-folklor” müsabiqəsində iştirak edərək, bu müsabiqənin qalibi olur. Bu Ədalət Dəlidağlının Azərbaycandan kənarda qazandığı ilk uğuru olmuşdur.

2006-cı ildə “Azərsun”un keçirdiyi “Ozan” müsabiqəsində birinci yerə layiq görülmüşdür. Onun sənətdə qazandığı bu uğurlar rəsmi dövlət qurumları tərəfindən də diqqətə alınaraq, 2007-ci ildə Azərbaycanın Əməkar mədəniyyət işçisi adına layiq görülür.

Ədalət Dəlidağlının bütün saz-söz məclislərində öz yeri var, özünəməxsus şirinliklə ifa etdiyi saz havalarıyla saz-söz pərəstişkarlarının ruhunu oxşamaqda, ovsunlamaqdadır. Onun səsləndirdiyi saz havalarında Murov dağlarının əzəməti, nigarançılığı, nisgili və bir də bizlərə ünvanlanan qınağı gizlənib sanki. Qol-boyun olduğu sazında Kəlbəcərin ruhunu, itirilmiş torpaqlarımızın xiffətini və bir də canımızı ruhumuzdan ayıran “Ruhani”sində həm də o torpaqlara dönmək ümidini yaşadır bizə Ədalət Dəlidağlı. Tanrı Kəlbəcər yaylalarını “Ruhani”siz qoymasın. Allah “Bala Ədalət”ə Dədə Şəmşirin ruhunu şad etməyi nəsib etsin, Ulu sazımızın Kəlbəcərdən hicrətinə son qoysun!

İstinadlar

  1. Dəlidağlı, Ə. “Hələ də özümü Ədalət Nəsibovun şəyirdi sayıram”: [Əməkdar mədəniyyət işçisi, aşıq Ədalət Dəlidağlı ilə müsahibə] /müsahibəni apardı Təbriz Vəfalı //Həftə içi.- 2013.- 6-8 aprel.- S.14.
  2. İlqar İLKİN. "Kəlbəcər xiffətli, Kəlbəcərdən hicrətli Saz!" Arxivləşdirilib 2010-12-13 at the Wayback Machine  (az.)
  3. Ədalət Dəlidağlı Arxivləşdirilib 2011-05-10 at the Wayback Machine  (az.)
  4. Təbriz Vəfalı. “Hələ də özümü Ədalət Nəsibovun şəyirdi sayıram”. "Həftə içi" qəzeti.- 2013.- 6-8 aprel.- S.14. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.