Quşçu qalası
Quşçu Qalası (gürc. გაგის ციხე; Gagis tsixe) — Gürcüstanın Marneuli rayonunun Quşçu kəndi yaxınlığında yerləşən qədim qala.
Quşçu qalası | |
---|---|
41°28′00″ şm. e. 44°42′47″ ş. u. | |
Vəziyyəti | dağılmış |
Qalanın tarixi çox qədimlərə gedib çıxır. Qalanın Tərəkəmə xanlarından biri tərəfindən tikildiyi güman edilir.Qala sonuncu dəfə Ağa Məhəmməd şah Qacarın yürüşü zamanı dağıdılmışdır. Qalanın yaxınlığındakı Quşçu kəndi bölgədəki ən qədim kəndlərdən biridir.
Bəzi mənbələrdə adı Ağcaqala kimi göstərilir. Qeyd edilir ki, Quşçu kəndi yaxınlığında, Dəbəd / Borçalı çayının aşağı axarı boyunda yerləşən qalanı 1488-ci ildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun tapşırığı ilə Xəlil bəy tikdirmişdi. Xəlil bəy Ağcaqalanı özünə iqamətgah, dayaq nöqtəsi seçmiş, buradan bütün Borçalıya, Kartliyə, Tiflisə nəzarət etmişdi. Digər mənbədə isə Quşçu kəndi yaxınındakı Ağcaqalanın əvvəlki Qurdbasar qalasının yerində 1488-ci ildə Ağqoyunlu sərkərdəsi Xəlil bəyin tikdirdiyi, sonra Səfəvi hakimi Şah İsmayılın şenləndirdiyi Ağcaqala böyük dairəvi bürcləri, ikimərtəbəli qüllələrilə, daş, saxsı qırıntılarından bəzək laylarıyla maraqlı olması göstərilir.
“Tiflisskiye vedomosti”nin 1830-cu il saylarında “Zaqafqaziya diyarı ilə səyahət” rubrikasında rus publisisti D. Y. Zubaryovun Borçalı tarixi abidələrindən Sınıq körpüyə həsr olunmuş “Qırmızı körpü” (Krasnıy Most) və Ağcaqalaya həsr olunmuş “Bozqala” (Serıy Zamok) məqalələri dərc edilmişdir (Tiflisskiye vedomosti, 1830: № 71; Tiflisskiye vedomosti, 1830: № 87]. «Bozqala» məqaləsində müəllif Borçalının Quşçu kəndi yaxınlığındakı Ağcaqalanın əsasının XV əsrin sonlarında Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən qoyulduğunu, Borçalı Osmanlı tabeliyinə keçəndə Ağcaqalada Musa Paşanın, Kartli-Qaxet çarlığının tərkibində olanda Borçalı idarəçilərinin, XVIII əsrin axırlarında şahzadə Georginin (sonralar Kartli-Qaxet hökmdarı oldu) yaşadığını, bu məqalənin çap olunduğu dövrdə isə qalanın Borçalı baş pristavlarının qış malikanəsi olduğunu yazır və onun ruslar tərəfindən Bozqala adlanmasının inşa edildiyi daşların rəngi ilə əlaqəli olduğunu ehtimal edirdi. XVIII əsr gürcü tarixçisi Vaxuşti Baqrationi Ağcaqala qalasının 1488-ci ildə Yaqub şahın göndərdiyi sərkərdə Xəlil bəy tərəfindən inşa olunduğunu yazırdı [1]
Həmçinin bax
- Çaça qalası
İstinadlar
- Bagrationi, 1976: 14). Fahri Valehoğlu / Gürcistan’daki Türk Maddi-Kültürel Mirası Hakkında / A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi – Sayı: 50 – s, 246-247)