Ağbaba mahalı
Ağbaba nahiyəsi — XIV əsr — 1930 əsr-XIX əsrlərdə inzibati nahiyə. Şərqi Anadolunun bölgələrindən biri. Adı Ağbaba (dağ)ndandır.
Tarixi Azərbaycan əraziləri | |
Ağbaba nahiyəsi | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Ağbaba mahalı |
Ermənistan ərazisində mahal.[1]
Tarixi
1593-cü ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Arpalı sancağının nahiyəsi[2][3]
Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi,1877–1878-ci illərdə Çar Rusiyası tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyyəsi şəklində Rusiyanın tərkibinə qatılıb.SSRİ dövründə 1930-cu ilə qədər Gümrü qəzasının Ağbaba nahiyyəsi adlanmış,Ermənistan SSR rayonlaşdırılan zaman burada Amasiya inzibati rayonu yaradılmışdır. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə SSRİ-Türkiyə sərhədləri dəqiqləşdirilərkən Ağbaba mahalının Köhnə İbiş və Bəzirkan kəndləri Türkiyə ərazisində qalmışdır. Mahal Qaraxaç silsiləsi, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnmişdir.
1914–1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistan ərazisinə qatılmışdır.
1930-cu illərdə Vedibasarın, Zəngibasarın, Qəmərli, Dərələyəzin, Ağbabanın və digər bölgələrin əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxıstan çöllərinə sürgün edilmişdilər. Sərt iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu. Amasiya rayonu dədə-babadan iki mahaldan-Ağbaba və Şörəyeldən ibarət olmuşdur. Ağbaba mahalının 1988-ci ilin sonuna Qoncalı, İbiş, Düzkənd, Çaybasar, Təpəkənd (Təpəköy), Şurabad (Sultanabad), Göllü, Yeniyol (Qaranamaz), Balıqlı, Xançallı, Öksüz, Güllücə, Ellərkənd (Elləryoğun), Quzukənd, Qarabulaq, Çivinli kəndləri vardır. Şörəyelin azərbaycanlı kəndləri isə-Oxçoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıx, Əzizbəyov (Qaraçantey), Daşkörpü olmuşdur.[4]
1937-ci ilin payızında Ermənistanda güclənən repressiyaların dalğasının fonunda azərbaycanlılar daha ağır zərbə almış oldular. Xalq düşmənlərini, trotskiçi-buxarinçi casusları ifşa etmək məqsədilə A. Mikoyan, N. Yejov və L. Beriya Ermənistana gəlmişdilər. Mikoyanın rejsissorluğu ilə keçirilən "təmizlənmə" prossesində Moskvaya belə məlumat vermişdilər ki, Ermənistanda Araz və yuxarı Arpaçay boylarında yaşayan azərbaycanlılar guya elliklə Türkiyəyə keçmək fikrindədirlər. Ona görə də həmin ilin payızında və 1938-ci ilin yazında Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, Ağbaba rayonlarının Türkiyə ilə həmsərhəd kəndlərində yaşayan on minlərlə azərbaycanlılar kütləvi surətdə repressiyaya məruz qaldılar. Minlərlə ailə sürgün edildi.
Ümumiyyətlə, Ermənistanda 30-cu illərdə 50 mindən artıq azərbaycanlılar repressiyaya məruz qalmışdılar. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan rəhbərləri 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində daha bir aksiyanın — azərbaycanlıların deportasiyası aksiyasının həyata keçirilməsinə nail oldular.
1988-ci ilə kimi azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Xançallı, Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəköy, Hozukənd, Qarabulaq, Ellərkənd, Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, Güllücə, Balıqlı
1918–1920-ci illər qırğınları
İndiki Ermənistanın Türkiyə ilə Yuxarı Arpaçay sərhədi boyunda yerləşən Ağbaba bölgəsi 1877–1878-ci illər rus-türk müharibəsindən sonra hərb təzminatı əvəzinə Üç Sancağın (Qars, Ərdahan, Batum) tərkibində Rusiyaya birləşdirilmişdi. Ağbaba nahiyəsi Qars vilayətinin hərbi-inzibati ərazi bölgüsü daxilində Qafqaz Canişinliyinə tabe edilmişdir. XX əsrin əvvəlində Ağbaba nahiyəsində 39 kənd olmuşdur ki, bunlardan da cəmisi 2 kənddə — Qaraməmməd və Bəzirganda 《qaxdağan》(köçkün) ermənilər yaşamışlar.
1915–1916-cı illərdə Türkiyənin içərilərindən köçüb gələn 《qaxdağan》ermənilər, Daşnaqsütyun partiyasının proqramına uyğun olaraq, Ağbabanın Gümrüyə yaxın aran kəndlərinə hücumlar edib onları Türkiyənin içərilərinə doğru qaçqın düşməyə məcbur etmişdiləri. Macal tapıb qaça bilməyən kimsəsiz qocaları, xəstələri və uşaqları quyulara atıb ağzını başlamış, yaxud saman damına doldurub, üstlərinə neft tökərək yandırmışdılar.
1917-ci ildə Rusiyada noyabr çevrilişindən sonra rusların Şərqi Anadolu cəbhəsində buraxıb getdikləri cəbhəxanaları ələ keçirən ermənilər, Qars vilayətinin hər yerində olduğu kimi, Ağbabada da dinc əhaliyə hücumlar edib qırğınlar törətmişdilər. Bu qırğınlar 1918-ci ilin martında türk qoşunlarının Ərzurumu azad etməsindən sonra daha da şiddətlənmiş, türk ordusunun önündən geri çəkilən erməni könüllü birlikləri Türk kəndlərini yandırıb, əhalisini qətlə yetirmişdilər. Qırğınlar Türk qoşunların ın Gümrünü azad etməsinədək davam etmişdi. Diviziya generalı (tümgeneral) Əhməd Hulki Saral 1919-cu ildə İstanbulda dərc edilən <Erməni məsələsi> kitabında yazır: "1918-ci il mayın 1-də yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd çevrəsində altmış uşaq, qadın və kişini qırmışlar"
1918-ci il martın 3-də imzalanan Brest-Litovsk müqaviləsinə əsasən, Üç Sancaqda plebist (rəy sorğusu) keçirmək qərara alınır və iyunun 12-də keçirilən plebistin nəticələrinə görə, bölgələrin əhalisi, o cümlədən də Ağbaba nahiyəsinin əhalisi yenidən Türkiyəyə birləşmək arzusunu ifadə edirdilər. Səsvermənin nəticələrini İstanbula təqdim etmək üçün nümayəndə heyəti göndərilir. Ağbabanı Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa təmsil edir. Heyət avqustun 15-də 6-cı Sultan Vahidəddin tərəfindən hörmətlə qəbul edilir. Bundan sonra bütövlükdə Qars vilayətində olduğu kimi, Ağbabanın qaçqın əhalisi də öz yerlərinə qayıdır.
Türkiyənin birinci dünya müharibəsində məğlubiyyəti nəticəsində bağlanan Mudros sazişinin (30 oktyabr 1918-ci il) şərtlərinə əsasən, Şərqi Anadoluda türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilməli olur, bölgəyə ingilis qoşunları nəzarət edir, lakin Sovet Rusiyasının 29 dekabr 1917-ci il tarixli《Türkiyə Ermənistanı haqqında》dekretinə əsasən, ermənilər həmin ərazilərə sahib çıxmaq istəyirdilər. Bunun qarşısını almaq üçün 1918-ci il noyabrın 5-də Qars İslam Şurası (sədri Borçalıdan Kəpənəkçi Emin ağa) təşkil edilir. Noyabrın 15-də 1-ci Qars konqresi keçirilir. Konqresdə Gümrü və Ağbabanı Qızıldaş kəndindən vəkil Xəlilbəyoğlu Topal Əli bəy təmsil edir. Konqresdə Fəxrəddin Ərdoğanın başçılığı ilə 《Müvəqqəti heyət》seçilir. Ağbabanın Qaraçanta kəndindən Əhməd bəy Hacıyev heyətin tərkibinə daxil olur. Konqres geri çəkilən türk ordusundan silah əldə etmək və Üç Sancaq çevrəsində Qars İslam Şurasının şöbələrini açmağı qərara alır.
Noyabrın 30-da keçirilən 2-ci Qars konqresinə qədər Ağbaba Milli Şirası təşkil edilir. Ağbabanın Köhnə İbiş kəndindən olan Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa Şuranın sədri və konqresə nümayəndə seçilir. Şuranın tərkibi 7 nəfərdən: Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa, qardaşları Mahmud və Əsəd ağalar, Babaş ağa, Bayramoğlu Haşım Ağbaba, Xəlil Vəli oğlu Budaqov, mibişli Hamza ağadan ibarət idilər.
Üç gün davam edən 2-ci Qars konqresində Batumdan Naxçıvanadək əraziləri birləşdirən Qars Milli İslam Şurası hökuməti qurulur. Hökumətin rəisi əslən gümrülü İbrahim bəy Cahangirov seçilir. Parlament funksiyasını icra edən 12 nəfərlik Mərkəz Müməssilləri heyətinin tərkibinə Ağbabadan Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa və Əhməd bəy Hacıyev daxil olurlar.
Ağbaba Şurası bölgə əhalisini erməni hücumlarından qorumaq üçün yerli səfərbərlik keçirir və Ağbaba süvari alayını təşkil edir. Belə qayda qoyulubmuş ki, əsgər verə bilməyən ailələr bir tüfəngin pulunu və bir at, yaxud bir inək verməli idilər. Bu qaydada əməl etməyənlər ciddi cəzalandırılmışlar.
Geri çəkilən türk ordusunun zabiti, yüzbaşı Xurşud bəy Ağbabada qalıb könüllü dəstələrin təlimi vəzifəsini öz üzərinə götürmüş, Ağbaba süvari alayı ermənilərə qarşı mücadələ edəcək bir gücə sahib olmuşdu.
1919-cu il yanvarın 17–18-də 131 nümayəndənin iştirak erdiyi 3-cü Qars konqresi hökumətin adını dəyişdirərək Cənubi-Qərbi Qafqaz HökumətiMüvakkata-i Milliyyəsi adlandırmış, onun Anayasasını (Konstitusiya) qəbul etmişdi. Cənubi-Qərbi Qafqaz Hökuməti1919-cu il yanvarın 27-də Azərbaycan hökumətinə müraciət etmiş, ondan zabitlər, məmurlar və pul istəmişdi.
F. Ərdoğan xatirələrində yazır ki, ermənilərin alayları və topları ilə türk köyləri üzərinə yürütdüklərini görən Qocaoğlu Məhəmməd bəy, Doktor Əsəd bəy, və Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd bəy Axılkələyə gələrək, Borçalı yolu ilə Bakıya getdilər. Yardım üçün Azərbaycan hökumətindən əsgəri qüvvət istədilər. Azərbaycan hökuməti bir tümən əsgəri qüvvətini Gürcüstan ərazisindən keçmələri tələb etdikdə, gürcülər müsaidə etmədilər. Bərabərlərində Bakıdan, albay (polkovnik) İsmayıl bəy Yadigarov, Yusif Kənan bəy və İsmayıl bəy Nəzərəliyevlə birlikdə xeyli Azərbaycanlı götürərək Ağbabaya gəldilər, oradan da Çıldırana keçdilər》.
Bu arada, yəni 1919-cu il martın 25-də Cənubi-Qərbi Qafqaz hökuməti öz müstəqilliyini elan edir və özünü Cənubi-Qərbi Qafqaz Türk Cümhuriyyəti adlandırır. Aprelin 12-də ingilislər erməni daşnak hökumətinin arzusunu yerinə yetirərək Cənubi-Qərbi Qafqaz Türk Cümhuriyyətinin parlament binasını mühasirəyə alaraq 30 nəfər parlament üzvünü və hökumət nümayəndəsini həbs etmiş, baş nazir İbrahim bəy Cahangirov başda olmaqla 11 nəfəri Malta adasına girov göndərmişdilər. Bundan sonra CQQDR-in12 bölgəsində milli şuralar yerli hökumətlər şəklində müstəqil fəaliyyət göstərirlər. Ağbaba Şurası da Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağanın sədrliyi ilə öz işini davam etdirir.
İngilislərin CQQDR-i süquta yetirməsindən dərhal sonra Ermənistan ordusunun 1-ci və 4-cü piyada polkları general Osipyanın komandanlığı altında, daşnak hökumətinin Qars valisi təyin etdiyi Korqanovla birlikdə respublikanın sərhədlərinə daxil olurlar. Aprelin 30-da daşnak hökuməti Qarsda öz fəaliyyətinə başlayır və bölgələrdə qəza təşkilatlarını qurmaq üçün öz nümayəndələrini yerlərə göndərir. F. Ərdoğan xatirələrində yazır: Çıldırda doktor Əsəd bəy, Ağbabada Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd bəy əllərindəki qüvvətlərini gecə gündüz çalışıb yerləşdirdikdən sonra bura ermənilərin girməsinə mane oldular. Ermənilər də buralarda qəza təşkilatlarını qurmaq üçün alay komandanı Marzmanovun idarəsində iki top, səkkiz ağır makinalı tüfənglə (pulemyot) bu qüvvətlər üzərinə hücuma başladı. Marzmanov 50 ölü və bir ağır makinalı tüfəng buraxaraq çəkilməyə məcbur oldu.
Daha sonra F. Ərdoğan yazır ki, Azərbaycan təşkilatları erməniləri elə sıxışdırmışdılar ki, onlar "Böyük Ermənistan" xülyasından əl çəkib, kiçik qəzalarla barışıq əldə etmək məcburiyyətində qalmışdılar. Ağbaba və Çıldırda 8 maddəlik müqaviləni Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd və Qocaoğlu Məhəmməd bəy imzalamışdılar. Müqavilənin şərtləri belə idi:
- Arpaçay-Çıldır və Ağbaba qəzalarına ermənilər məmur göndərməyəcəklər.
- Bu qəzaların xalqından əsgər istəməyəcəklər.
- Tacirlər tür parası ilə sərbəstcə alış-veriş yapacaqlar.
- Bu qəzaların xalqı Gümrüdən istədikləri əşyaları ala biləcəklər.
- Ermənilər bu müqaviləyə əməl edilməsi üçün girov alacaqlar.
- Bu girovlar Hacı Abbas oğlu Mahmud, Əhməd oğlu Murtaza və İsgəndər olacaqlar.
- Bunun müqabilində üç erməni taciri-Bağdasarov, Arslanov və Ağasi girov olaraq türklərə veriləcək.
- Bu müqaviləyə hər iki tərəf riayət edəcəkdir.
Tanınmış şəxsləri
- Kamran Musayev (Kamran Kazım oğlu Musayev) — Mərkəzi Klinik Xəstəxananın baş həkimi(2009 — bu günədək), Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri(2004 — bu günədək).
- Əli Ömərov (Əli Ömər oğlu Ömərov) — Azərbaycan Respublikasının Baş Prokuroru (1993–1994).
- Qərib Məmmədov — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), biologiya üzrə elmlər doktoru (1991), professor, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2002), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri. AMEA-nın Aqrar məsələlər üzrə müşaviri (2016), BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir (2004)[5].
- Buludxan Xəlilov — publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999).
- Pərviz Abdullayev – dosent, Milli Aviasiya Akademiyası, "Uçuş aparatları və aviasiya mühərrikləri" kafedrasının müdiri.
- Nazim Mustafa – Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şövə müdiri, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı
- Mehdi Abbasov – Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
- Səxavət Məhərrəmov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
- Yavər Həsənov — Azərbaycanın azadlığı uğrunda Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
- Avtandil Ağbaba — şair, publisist, folklorşünas. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
- Abbas Qasımov (şəhid) — 20 Yanvar şəhidi.
- Aslan Bayramov — Filologiya eimləri doktoru. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sumqayıt Dövlət Universitetinin dekanı
- İsmayıl Tanrıverdi — Bakı Dövlət Universitetinin "Erməni araşdırmaları mərkəzi"nin direktoru.
- Məhərrəm Seyidov — Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
- Şahmar Əhmədov — Azərbaycanlı hüquqşünas, uzun illər Ermənistan SSR-in Azərbaycanlılar kompakt yaşayan Amasya rayonunda (1957–1972-ci illərdə) hakim işləmişdir.
- Nəriman Rəsulov -Texniki elmlər doktoru, professor.Azərbaycan Texniki Universitetində kafedra müdirü işləyir.
- Nazim Şəmilov- kimya elmləri doktoru, professor. BDU-da dekan vəzifəsində işləyir.
- Şəmsi Qoca- şair-publisist, AYB-nin üzvü. Bakı şəhərindəki 126 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir.
- Şahbəndər Hacıyev — Amasiya Orta Məktəbinin tarix müəllimi vəzifəsində işləmişdir.
Ədəbiyyat
- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
- Aslan Bayramov-"Qədim Oguz ellərinin-Agbaba Şorəyel və Pəmbək bolgələrinin yer-yurd adları" Bakı 1996
- Aslan Bayramov-"Kitabi-Dədə Qorqud vəQafqaz"Bakı 2003
- Aslan Bayramov"Oguz elindən Ozan dilindən" Bakı 2001
- Ağbaba şivəsi sözlüyü. Müəlliflər: Aslan Bayramov və Arzu Bayramova; Elmi redaktor: prof. Cəfər Cəfərov. Bakı: "AM965", 2014, 280 səhifə.
Xarici keçidlər
- "Qərbi Azərbaycan, Ağbaba mahalı, Amasiya rayonu, Göllü kəndi". www.youtube.com. İstifadə tarixi: 16 noy 2023.
- "Ağbaba mahalı necə parça-parça edildi?". www.youtube.com. İstifadə tarixi: 16 noy 2023.
- "Göllü kəndi, Ağbaba mahalı. Amasiya, Qərbi Azərbaycan". www.youtube.com. İstifadə tarixi: 16 noy 2023.
İstinadlar
- "Ağbaba mahalı". goyce.az. 2023-07-01 tarixində arxivləşdirilib.
- Gürcüstanda Azerbaycan Menşeli Toponimlərin Izahlı Luğeti — B. Budaqov — Q.eybullayev
- "Arxivlənmiş surət". 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.
- "Ağbaba mahalı". goyce.az. 2023-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noy 2023.
- "Torpaqşünaslıq kafedrası". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.