Ağamalı Sadiq
Ağamalı Əhməd oğlu Əfəndiyev (8 mart 1947, Qaymaqlı, Qazax rayonu – 12 dekabr 1995, Qazax) — azərbaycanlı şair, naşir, ictimai xadim, dissident, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), "Müxalifət" qəzetinin yaradıcısı və ilk baş redaktoru (1991), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993).[2]
Ağamalı Sadiq | |
---|---|
Ağamalı Əhməd oğlu Əfəndiyev | |
Təxəllüsü | "Asəf"[1] |
Doğum tarixi | 8 mart 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 1995 (48 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı |
Həyatı
Ağamalı Sadiq 1947-ci ilin mart ayının 8-də Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi doğulduğu kənddə bitirmişdir.[3] Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik montyoru kimi başlamışdır (1964–1972). Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində təhsil almış, jurnalistika istisasına yiyələnmişdir (1972–1977). Universiteti bitirdikdən sonra "Yazıçı" nəşriyyatında korrektor (1978–1981), "Maarif" nəşriyyatında redaktor (1983–1986), "Ulduz" dərgisində ədəbi işçi (1986–1990), Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (1992–1993) vəzifələrində çalışmışdır. Ağamalı Sadiq Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizədə fəal iştirak etmiş, 1988-ci ildə başlayan Meydan hərəkatının öncüllərindən biri olmuşdur. 1991-ci ildə "Müxalifət" qəzetini yaratmış və qəzetin ilk baş redaktoru olmuşdur. 1995-ci ilin dekabr ayının 24-də vəfat etmiş, vəsiyyətinə uyğun olaraq doğulduğu Qaymaqlı kəndində dəfn olunmuşdur.
Ailəsi
Gənc yaşlarında Nabat xanımla ailə həyatı quran Ağamalı Sadiqin Nofəl və Orxan adlı iki oğlu olmuşdur. İxtisasca hüquqşünas olan böyük oğlu Nofəl Əfəndiyev I Qarabağ müharibəsinin qazisi olmuş, 2021-ci il oktyabrında vəfat etmişdir.[4]
Yaradıcılığı
Ötən əsrin 70-ci illər ədəbiyyatının ən parlaq imzalarından biri kimi tanınan Ağamalı Sadiq poeziya, nəsr və publisistika ilə məşğul olmuşdur. Şeir, hekayə, povest və publisist yazıları ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. "Mənə ümid verin" adlı ilk şeirlər kitabı 1982-ci ildə "Yazıçı" nəşriyyatında yayınlanmışdır. Vəfatından sonra yayınlanmış "Əyil səndən keçim dünya" adlı kitabına isə şeirləri və poemaları daxil edilmişdir. Poeziya yaradıcılığında imtimai mövzular ağırlıq təşkil etməkdədir. Onun bədii nəsr sahəsində ədəbi uğuru "Başsız" povesti ilə bağlıdır. İlk dəfə "Ulduz" dərgisində böyük ixtisarla yayınlanan bu əsər geniş oxucu kütləsinin marağına səbəb olmuş, ədəbi tənqid tərəfindən yetərincə dəyərləndirilmişdir. Ağamalı Sadiq istedadlı şair və nasir olmaqla bərabər, həm də gözəl publisist idi. Onun Aşıq Avdı haqqında "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi portret oçerki çox dəyərli ədəbi nümunədir. 1990-cı il 20 Yanvar faciəsindən sonra Ağamalı Sadiq mətbuatda çox sərt publisist yazılarla çıxış edirdi. Onun "Görək bu oyundan Mişa necə çıxacaq?", "Yazov, sənin anan olubmu?" məqalələri cəsarəti və siyasi kəskinliyi ilə diqqəti çəkir. Bu dönəmdə Ağamalı Sadiq jurnalist məramını da açıq-aydın bəyan edirdi: "Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım Sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, bir-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı". Ağamalı Sadiq tərcümə fəaliyyəti ilə də məşğul olmuş, Yevgeni Yevtuşenko, Aleksandr Qriç və başqa şairlərin şeirlərini Azərbaycan türkcəsinə çevirmişdir. Əsərləri türk, özbək və rus dillərinə tərcümə olunmuşdur.
Əsərləri
Haqqında
- Gülzar Əfəndiqızı. Vətən üçün yaşanmış Əfəndi ömrü, Bakı: Oka ofset, 2005, 229 s.[5]
- Teymur Əhmədov. Azərbaycan yazıçıları XX–XXI yüzillikdə, Bakı: Nurlar, 2011, s.41[6]
- Mustafa Çəmənli. Ürək yanmasa, "525-ci qəzet", 16 aprel 2016, s.18–19[7]
- Məmməd Dəmirçioğlu. Ağamalı Sadiq Əfəndi. "Ədalət" qəzeti, 15 noyabr 2018, s.7[8]
- Nofəl Ağamalıoğlu. "Atam heç vaxt şəhər adamı ola bilmədi", "Ədəbiyyat qəzeti", 16 may 2020, s.16–17[9]
İstinadlar
- "Ağamalı Sadiq 70 yaşında..." 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
- "Ağamalı Sadiq Əfəndi". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
- "Ağamalı Sadiq Əfəndinin İsmayıl Şıxlıya "məktub-harayı"". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
- "Ağamalı Sadiq Əfəndinin qazi oğlu Nofəl vəfat edib". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
- "Vətən, başın sağ olsun". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
- "Azərbaycan yazıçıları XX–XXI yüzillikdə" ensiklopedik məlumat kitabı nəşr edilmişdir
- "Ürək yanmasa… — ("Ürəyimdən kimlər keçdi" silsiləsindən)". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
- "AĞAMALI SADİQ ƏFƏNDİ". 2020-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
- "Nofəl AĞAMALI: "Atam heç vaxt şəhər adamı ola bilmədi"". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.