Ağa Əlizadə

Ağa Cavad oğlu Əlizadə (d. 22 oktyabr 1871, Pirşağı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – ö. 15 dekabr 1954, Bakı, Azərbaycan SSR, SSRİ) — Qafqaz müsəlmanlarının VIII, Azərbaycan Demokratik Respublikasının (1918–1920) ilk Şeyxülislamı.

Ağa Əlizadə
Ağa Cavad oğlu Əlizadə
Qafqazın VIII şeyxülislamı
(Birinci dəfə) 1918 - 12 may 1920 (İkinci dəfə) 25 may 1944 - 1954
ƏvvəlkiMəhəmmədəli Pişnamazzadə
SonrakıMirmöhsün Həkimzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Pirşağı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR

Həyatı

Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə 1871-ci il oktyabrın 22-də Bakının Pirşağı qəsəbəsində, ruhani ailəsində anadan olmuşdur. Atası Axund Hacı Məhəmməd Cavad dövrünün çox tanınmış din xadimlərindən və hörmətli ziyalılarında biri olmuşdur. Gəncliyində Ağa Əlizadə ali dini təhsil almaq üçün Bağdada göndərilir. Bağdad Universitetinin ilahiyyat fakultəsini bitirdikdən sonra Nəcəf şəhərindəki Ali Dini Universitetə oxumağa gedir.[1]

Dini fəaliyyəti

1896-cı ildə 25 yaşında Nəcəfdə Dini Universitetdə təhsili böyük uğurla başa vurub "Axund" rütbəsi qazanan Ağa Əlizadə doğma vətəninə qayıdır və İçərişəhər məhəllə məscidlərindən birinə təyinat alır. 1903-cü ildə 32 yaşında Təzəpir məscidinə axund təyin edilir. 1904-cü ildə Axund Ağa Qafqaz müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçildi. 1907-ci ilin yayında Ağa Əlizadə Bakıda "Səadət" Müsəlman Ruhani Cəmiyyəti yaratdı və onun sədri seçildi. Cəmiyyətin fəaliyyətində yazıçı Nəcəf bəy Vəzirov, miliyonçular İsa bəy Aşurbəyov, Zeynalabidin Tağıyev və başqa elm, mədəniyyət və din xadimləri də fəal iştirak edirdilər. 1907-ci ilin sentyabrında Bakıda "Mədrəseyi-Səadət" məktəbi açıldı və Əli bəy Hüseynzadə məktəbə direktor təyin edildi.

Şeyxülislamlıq

Birinci şeyxülislamlıq

1918-ci ildə Dini etiqad və sosial təminat naziri Musa Rəfibəyovun əmri ilə Axund Ağa Əlizadə Şeyxülislam təyin edildi. O vaxt atası Hacı Cavad Əlizadə Bakı quberniya dini məclisinin sədri idi. Şeyxülislam 1918-ci ildə sələfi Pişnamazzadə kimi Məşixət sədrlərinə nazir səviyyəsində məvacib verilməsini və Mərkəzi Aparat üzvlərinin sayının 15 nəfərə çatdırılmasını tələb edirdi. Lakin bu alınmır. Axund Ağa Əlizadə 1920-ci ilin mayın 12-nə kimi Şeyxülislam vəzifəsində çalışdı.

İkinci şeyxülislamlıq

1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fəaliyyətinə 1920-ci ildə xitam verilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi bərpa edildi və Ağa Əlizadənin İdarənin sədri seçilməsi üçün namizədliyi irəli sürüldü. 1944-cü il mayın 25-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin birinci qurultayı çağrıldı. 1944-cü il mayın 28-də keçirilmiş səsvermə zamanı Axund Ağa Əlizadə yenidən Qafqaz Şeyxülislamı seçildi.[2] Şeyxülislam Axund Ağa Əlizadə dünyanın bir çox ölkələrində təşkil olunmuş konfranlarda iştirakçısı olur və Sovet müsəlmanları adından nitq söyləyirdi. 1952-ci ildə SSRİ-də müharibədən sonra ilk dəfə Zaqorskda sülhü müdafiə məsələlərinə həsr edilmiş konfransın, 1952-ci ilin mayında Vyanada keçirilən Sülhü Müdafiə Konqresində təşkil olunmuş konfransının iştirakçısı olmuşdur.

Vəfatı

Ağa Əlizadə 1954-cü ilin dekabrında, 84 yaşında Bakıda vəfat etmişdir.[3]

İstinadlar

  1. "Şeyxülislam Axund Ağa Əlizadə". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-06.
  2. Şeyxülislamlarımız — QMİ
  3. "Azərbaycanın görkəmli din xadimi Axund Ağa Əlizadənin anadan olmasının 140 illiyi qeyd olunub - AzTV". 2016-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.