Ağ cırtdanlar
Ağ cırtdanlar – ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlar. Ağ cırtdanların kütləsi Günəşin kütləsi tərtibindədir, radiusları isə Günəşin radiusundan təxminən 100 dəfə kiçikdir.
Ağ cırtdanlar maddəsinin orta sıxlığı təqibi 108–109 kq/m³-dir. Ağ cırtdanların sayı bütün Qalaktika ulduzlarının bir neçə faizini təşkil edir. Onların çoxu qoşa ulduzlar sisteminə daxildir. Ağ cırtdanlara aid edilmiş ilk ulduz 1862-ci ildə Amerika astronomu A.Klarkın kəşf etdiyi Sirius B (Siriusun peyki) ulduzu olmuşdur. 1910-cu illərdə Ağ cırtdanlar xüsusi ulduzlar sinfi kimi ayrılmışdır; adı ilk təmsilçilərinin rənginə uyğun müəyyən edilmişdir. Ağ cırtdanlar başlanğıc kütləsi 8M☉-dan az olan adi ulduzlardan, onlarda istilik-nüvə yanacağının tükənməsindən sonrakı təkamülün sonuncu mərhələsində yaranır. Bu mərhələdə ulduz, qırmızı nəhəng və planetar dumanlıq mərhələlərini keçməklə özünün xarici qatlarını kənara atır və çox yüksək temperatura malik nüvəsini çılpaqlaşdırır.
Ulduzun nüvəsi tədricən soyuyaraq Ağ cırtdanlar halına keçir və nüvəsində toplanmış istilik enerjisinin hesabına uzun müddət işıq saçmaqda davam edir. Vaxt keçdikcə Ağ cırtdanların işıqlığı azalır.
Tədqiq edilmiş Ağ cırtdanlar səthinin istiliyi 5·103K-dən 105K-dək temperatur intervalındadır. Ağ cırtdanların təxminən 3%-də spektr şüalarının çox güclü polyarlaşması və ya spektral xətlərin Zeyeman parçalanması müşahidə olunur; bu fakt həmin ulduzlarda maqnit induksiyası 3·105 Tl civa rında olan maqnit sahələrinin mövcud ol duğunu göstərir.
Mənbə:
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 143–144. ISBN 978-9952-441-02-4.