2 (ədəd)

İkisay sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Birdən sonra, üçdən əvvəl gəlir.

2
iki
 0 · 1 · 2 · 3 · 4 
Faktorizasiya 2 (sadə)
Rum rəqəmi II
İkili 10
Səkkizlik 2
Onaltılıq 2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Bütün başlanğıcların başlanğıcı, yəni elə sayların da ilki olan birdən sonra insanlar iki sayı ilə qarşılaşmışlar. Bu sayın da ilkin yaranışı çeçələ barmaqdan sonra qatlanan adsız barmaqla bağlıdır. Özündən əvvəlki bir sayından fərqli olaraq iki sayı insanları "cüt"lük, "qoşa"lıq aləmi ilə qovuşdurur. Bu "qoşa"lıq, "cüt"lüklə yeni inam, etiqad, görüşlər silsiləsi yaranır. İki sayı fərq qoymadan mifoloji və gerçək hadisələri, nəsnələri öz içinə alır. Bunlar isə sırası kəsilməz saydadır. Bir neçə örnəyi yada salaq. İnsan çoxluğunun yaranma başlanğıcına səbəb tək bir böyük Tanrının xəlq etdiyi Adəm-Həvva, yəni kişi-qadın cütlüyü. İşıqla (nur) qaranlığın (zülmət) yaratdığı gecə-gündüz həqiqəti. Daha çox yaradılış mifləri vasitəsi ilə təsəvvürə gətirilən yeraltı-yerüstü aləm. Həm də özlərində rəng əlaməti daşıyan ağ-qara inamının, etiqadının mövcudluğu. "Biri ölməsə, biri dirilməz" deyimindən yaranan canlı (həyat), cansız (ölüm) dialektikası və s. Türk ikisini əcnəbi "du"larına çevirib arxasına da "ist", "izm"lər artırmaqla "dualist", "dualizm" fikri yaratmışlar. Əslində "xeyir-şər" bildirən bu fikrin yaranma kökü nə ilə bağlıdır? Əvvəldə ideoqrafik say sisteminin Hindistanda yarandığını söyləmişdik. Xeyir-şər (qoşalıq, cütlük, yəni iki) konsepsiyasının "dualist", "dualizm" şəklində formalaşmasının başlanğıcını da elə burada axtarmaq gərək gəlir. Zərdüşt təliminin qanunnaməsi, anayasa kitabı olan "Avesta" bütövlükdə xeyir-şər üzərində köklənib. Burada Ahuraməzda xeyir işlərə rəvac verən, Əhrimən (Anqramanyu) isə bu rəvac verilmişləri pozmağa, dağıtmağa çalışan şər timsalıdır. Bu iki sayı ilə qüvvə sonsuz olaraq üz-üzə əlləş-vuruşda, çarpışmadadır. Həmişə də üstünlüyün birinciyə, yəni xeyirə verilməsi insanın istəyə qovuşmaq ideyasının təbii nəticəsidir. Bəllidir ki, "Avesta"nın üzə çıxarılma məkanı da elə Hindistandır. Və bu abidəni yaddaş, sinə kitablarında yaşadıb oraya aparanlar, buranın həmişəlik oturaq vətəndaşları olanlar, elə zərdüştiliyi özləri üçün iman, inam bayrağı kimi ucaltmış urmiyalılar – azərbaycanlı türklər olmuşdur. Zərdüştün özünün türk, yaratdığı təlimin türk təfəkkürünün məhsulu olması sübuta yetirilmiş həqiqətdir.

Deməli, "primitiv" iki sayını mürəkkəb "xeyir-şər" – qoşalıq, cütlük donuna salan bu Hindistandakı zərdüşti türklər olmuşdur. Nağıllarda səfərə çıxanlar çox vaxt gəlib iki yolayırıcına çatırlar. Bu yollardan biri gedər-gəlməz (şər), o biri isə çətinliklərlə dolu gedər-gələr (xeyir) yol sayılır. Misal üçün, "Cəlayi-vətən" nağılında deyilir: "Bir gün Cəlayi-vətən oturub pəncərədən bayıra baxırdı. Gördü ki, uzaqdan iki yol görünür. Tez qarı nənəsini çağırıb dedi: - Nənə, de görüm, bu yollar hara gedir? Qarı dedi: - Bala, bu yolların biri gedər-gələr yoldu, o birisi gedər-gəlməz yoldur ki, ora gedən bəni-insanın heç biri qayıtmamışdır". "Şah İsmayıl" dastanında sevgilisi Gülzarın arxasınca Türkmana yollanan Şah İsmayıla Rəmdar Pəri deyir: "...Türkmana iki yol gedir. O yolun biri ilə üç aya, o biri ilə on günə getmək olar. Üç aylıq yol səlamət, on günlük yol məlamətdi". Buradakı "məlamət yol" elə gedib-dönməz yol deməkdir. İki sayının xaçla bağlılığı da mühüm məsələlərdəndir. Azərbaycanda, o sıradan türk xalqlarının yaşadıqları bir çox yerlərdə çay, bulaq kənarlarında, həmçinin su qablarının üstündə xaç qabardılmış bəlgələr olur. Bunlar nə üçündür? Etiqada görə, dünya xaç şəklində alt-üst dayanmış iki durna balığının belindədir. Baş verən zəlzələlərə, dağıdıcı təlatümlərə səbəb də elə bu iki balıqdır. Balıqlar həmişə xatırlanmalarını, yada salınmalarını istəyirlər. İnsanların onları unutmalarından qəzəblənib zəlzələ törədirlər. Odur ki, bu balıqlara hörmət, ehtiram, yadetmə əlaməti olaraq su sahilindəki bəlgələrdə, su qablarında xaç naxışları açılır. Xaç balıqların baş, quyruq, bədənlərini tərpətməsi ilə zəlzələnin olması türklər arasında yayğın olub. Zaman keçdikcə, daha dəqiqi, islam dini türk ellərinə yayıldıqca müsəlman öküzü bu balıqları əvəz etmişdir. Bununla belə, yenə də elə xaçşəkilli balıqlara məxsus əlamətlər necə varsa, elə də öküzün üzərinə köçürülmüşdür. Düşünülmüşdür ki, dünya öküzün üstündədir və o başını, bədənini tərpətdikdə zəlzələlər başlayır. Sözsüz ki, bu deyilənlər ibtidai etiqadların yaddaşlardakı izləri ilə bağlı məsələdir. Çünki təfəkkürün, elmin inkişafı bu və bunabənzər xüsusiyyətlərin qanunauyğunluqlarını elmi şəkildə izah etmişdir.

Riyaziyyatda

İnam və etiqadlarda

Tale rəqəmi iki olan uşaq anadan olandan suyu şirin olur. Əslində o numerologiya silsiləsində ən heyranedici, ünsiyyətçil, hər bir qulluğa yarıyan tipdir. Onlar kiminsə xətrinə dəyməyə qorxduqlarından öz həqiqi hisslərini gizlədə bilirlər. Buna görə böyüyəndə çox qətiyyətsiz olurlar. Digərlərinə xoş gəlmək üçün həddən artıq enerji sərf edirlər. Çətinliklərlə rastlaşmaqdan qorxurlar. Həssas, ehtiyatlı və utancaq olan «iki»lər yad adam görəndə, çox güman ki, anasının yanında gizlənəcək. İlkin qorxaqlıq dövrü keçəndən sonra onlar (əsasən də oğlanlar) boşboğaz olur. Yaşıdları ilə oynamağı xoşlayırlar. Çoxlu dostları olur. Sakit, sözəbaxan, mərifətli, mehriban və həssas olan «iki»lərin qucaqlanmaqdan xoşları gəlir. Tərifləməsən və məqsədlərinə çatmaq üçün həvəsləndirməsən, sizdən uzaqlaşa bilərlər.

Qurani-Kərimdə

  • Ya Peyğəmbər!) De: "Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir![1]
  • Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər çür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!"[2]
  • İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur.[3]
  • (Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).[4]
  • Orada (o cənnətlərdə) iki axar bulaq vardır.[5]
  • Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ vardır (mö’minlər onların birini dünyada görmüş, digərini isə görməmişlər).[6]
  • Onlar (möminlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (möminlər harada olsalar, ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər).[7]
  • Onlardan (o iki cənnətdən) başqa (möminlər üçün) daha iki cənnət (Firdovs və Məva cənnətləri) vardır.[8]
  • Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır.[9]
  • Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi (peyğəmbər) göndərdik. (Saleh öz tayfasının yanına gələn kimi) onlar bir-biri ilə çəkişən (düşmənçilik edən) iki firqəyə (möminlərə və kafirlərə) ayrıldılar.[10]
  • (Bütlər yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan, üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və (şirin və şor suları bir-birinə qarışmasın deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini, Onun nə qədər əzəmətli olduğunu) bilmirlər![11]
  • Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur![12]
  • (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.[13]
  • (İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur[14]
  • Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir![15]
  • Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: "(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!" – deyildi.[16]
  • Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda (barışmaq istəsəniz) onları yaxşılıqla (mehrlərini verib) yola salın. (Sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.[17]

İstinadlar

  1. Fussilət surəsi, 9
  2. Fussilət surəsi, 12
  3. Rəhman surəsi, 17
  4. Rəhman surəsi, 19
  5. Rəhman surəsi, 50
  6. Rəhman surəsi, 52
  7. Rəhman surəsi, 54
  8. Rəhman surəsi, 62
  9. Rəhman surəsi, 66
  10. Nəml surəsi, 45
  11. Nəml surəsi, 61
  12. Qaf surəsi, 17
  13. Nəcm surəsi, 9
  14. Nəcm surəsi, 45
  15. Logman surəsi, 14
  16. Təhrim surəsi, 10
  17. Talaq surəsi, 2
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.