May hadisələri (Azərbaycan)

May hadisələri (həmçinin 14–15 may hadisələri, 1992-ci il 15 may dövlət çevrilişi) — Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilən dövlət çevrilişi.

May hadisələri
Qarabağ münaqişəsi
Tarix 14 may 1992 (1992-05-14) – 15 may 1992 (1992-05-15) (1 gün)
Yeri Bakı, Laçın; Azərbaycan
Səbəbi Ayaz Mütəllibovun hakimiyyətə qayıtması
Nəticəsi dövlət çevrilişi
Münaqişə tərəfləri

AXC
Bozqurd Partiyası
Müdafiə Nazirliyi

Milli Qvardiya
Ali Sovetin Milli Şurası
Milli Təhlükəsizlik Nazirliyi

Komandan(lar)

Əbülfəz Elçibəy
İsgəndər Həmidov ×
Rəhim Qazıyev
Yaqub Məmmədov

Ayaz Mütəllibov
İlhüseyn Hüseynov

Tərəflərin qüvvəsi

10 min etirazçı
AXC milisləri
Zirehli texnika

Naməlum

İtkilər

Naməlum

10-a yaxın əsgər həlak olmuşdur.

    Zəmin

    Mütəllibovun istefası

    Fevralın 25-dən 26-na keçən gecə erməni dəstələri bir neçə zirehli texnikanın dəstəyi ilə Xocalı şəhərinə hücum etmiş, yerli əhaliyə soyqırım törətmişdir. Baş verən hadisələr mart ayına qədər ictimaiyyətdən gizli saxlanılmışdır. Həmin ay Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, Mütəllibova qarşı nifrətə səbəb olmuşdu.[1]

    Bir çox cəbhəçilər Mütəllibovu tənqid etmiş, İsgəndər Həmidov isə Mütəllibovun 20 Yanvar faciəsi nəticəsində hakimiyyətə gəldiyini və Rusiyanın maraqlarına xidmət etmək üçün Kreml tərəfindən Azərbaycan Kommunist Partiyasına rəhbər təyin edildiyini demişdir.[2] Həmçinin, o, Mütəllibovu Azərbaycan Konstitusiyasını pozmaqda ittiham etmişdir, çünki Ali Sovetin milli ordu yaratmaq məqsədi daşıyan qanunu qəbul etməsinə baxmayaraq, Mütəllibov onu icra etməmişdi. Bu səbəblərdən Həmidov Mütəllibovun istefaya getməsini tələb etmişdir.[3] Nəticədə, Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir.[4] Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edilmişdir. Müdafiə naziri vəzifəsi AXC üzvü Rəhim Qazıyevə verilmişdi.[4]

    Müvəqqəti hökumət

    İsgəndər Həmidov Mütəllibovun devrilməsi prosesi əsnasında partiyasının üzvlərini avtobusa yığmış, Şamaxıya yollanmışdır. Burada Mütəllibovun həmyerliləri onun hakimiyyətə qayıtması üçün etiraz aksiyası keçirirdi, lakin Həmidov və dəstəsi etirazçılara hücum etmiş, onları döyərək susdurmuşdu.[5] 9 may 1992-ci il tarixində Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı.[6][7]

    Hər halda, 14 mayda Azərbaycan Ali Soveti yenidən iclas keçirmiş və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edilmişdir.[8] Zalda iştirak edən 250 deputatdan 219-u "lehinə" səs vermişdi.[9] Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi.[8] Vəzifəsinə bərpa edilmiş prezident Bakıda iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq etmiş, daxili işlər naziri, AXC-nin tərəfdarı olan Tahir Əliyevi vəzifəsindən uzaqlaşdırmış, mitinq və nümayişləri qadağan etmişdir. Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyində (MTN) şəxsi heyətin toplantısı keçirilmiş və orada prezidentin dəstəklənməsi qərara alınmışdır. Bütün əməliyyat işçilərinə silah-sursat paylanılmış, MTN-nin ayrı-ayrı əməkdaşlarına AXC-nin bir sıra liderlərinin həbs edilməsi və ölkədə asayişin bərpası barədə göstəriş verilməsi xahişi ilə müraciət daxil olmuşdur. Buna baxmayaraq, Mütəllibov siyasi rəqiblərinə qarşı belə radikal tədbirlər görməyə cəsarət etməmişdi. Milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov da AXC-yə qarşı repressiyaların yalnız qaçılmaz və arzuolunmaz şəkildə qanın axılmasına gətirib çıxaracağına inanaraq barışdırıcı idi. Ona görə, MTN respublikada gedən siyasi proseslərə qarışmamalı idi.[9]

    Çevriliş

    Azərbaycan Prezident Ayaz Mütəllibov. 1992-ci il.

    Ayaz Mütəllibovun prezident səlahiyyətlərinin bərpa edilməsini dövlət çevrilişi kimi görən AXC onu yenidən vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı.[10] AXC batalyonunun qoşunları 14 maydan 15 maya keçən gecədə cəbhə xəttindən geri çəkilmişdi. Arif Paşayevin başçılıq etdiyi Laçın alayının çoxlu sayda əsgəri və Etibar Məmmədovun döyüşçüləri də mövqelərindən geri çəkilərək Bakıya yola düşmüşdü.[11] AXC əvvəlcə Mütəllibova ultimatum göndərdi, lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücum başladı. Mütəllibov hakimiyyətdə qalmaq üçün rus qüvvələrinin köməyinə ümid bəsləsə də, Rəhim Qazıyevin səyləri nəticəsində ondan məhrum olmuşdu.[12]

    15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonna ilə küçələrə axın etmişdir.[8] 10 min etirazçı ilə Milli Məclisin binasına doğru irəliləyirdi. Moskva mehmanxanası yaxınlığında boş güllələrlə atəş açılmağa başlanılmışdır. Panikaya səbəb olan hadisəyə görə İsgəndər Həmidov huşunu itirmiş və Milli Təhlükəsizlik Nazirliyinin binasına aparılmışdır.[13] Hər halda, Həmidov kollonanın önünə keçmiş və qolundan yaralanmışdır.[14] O, ardınca dəstələri ilə birlikdə parlament binasınateleviziyaya basqın etmişdir. Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi.[8]

    Nəticə

    Ayaz Mütəllibov çevrilişin növbəti günü Qala aviabazasından Moskvaya uçmuşdur. Bundan başqa, İlhüseyn Hüseynov "Rusiya hərbi kəşfiyyatçılarının bilavasitə iştirakı ilə dövlət çevrilişi təşkil etməkdə" ittiham edərək MTN rəhbərliyindən uzaqlaşdırılmışdır. AXC-nin aparıcı simaları Hüseynovun "çevrilişə hazırlıqda iştirakına görə" cinayət məsuliyyətinə cəlb edilməsi tələblərini səsləndirmışdı. Yeni nazir yeni rəisi MTN-in Bakı Şəhər Baş İdarəsinin sabiq şöbə rəisi Fəxrəddin Təhməzov olmuşdur.[9]

    Ayaz Mütəllibov devrildikdən sonra müxalifət təmsilçisi İsa Qəmbər həm parlamentin spikeri, həm də 7 iyunda keçiriləcək prezident seçkilərinə qədər Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən şəxs seçilmişdir. Həmidov daxili işlər naziri, başqa bir müxalifət təmsilçisi Tofiq Qasımov xarici işlər naziri təyin edilmiş, Qazıyev isə müdafiə naziri olaraq qalmışdı.[8]

    Jurnalist Çingiz Mustafayev azərbaycanlı qoşunların Laçını tərk etməsini lentə almışdır.

    Vəziyyətdən xəbərdar olan erməni komandanlığı Laçına hücum əməliyyatına başlamışdır.[11] Erməni qüvvələri ilk növbədə Zarıslı kəndinə hücum edərək oradakı azərbaycanlı qüvvələri qovmuşdur. Müdafiə xəttində boşluq yarandığından Elbrus Orucov rəhbərlik etdiyi qüvvələrə geri çəkilməyi əmr etmiş, lakin bu, orduda panikaya səbəb olmuşdu.[15] Erməni qüvvələri Turşsu kəndini işğal etmiş və Laçına doğru irəliləməyə başlamışdır. Azərbaycanlı qüvvələr tank və PDM-lərlə rayon ərazisini tərk etmiş[7] və 18 maya qədər Laçın boşaldılmışdır. Erməni qüvvələrinin hücumu sürətli şəkildə həyata keçirilirdi. Kəndlər müqavimətsiz zəbt edilmiş, Azərbaycan əsgərləri tərəfindən arxada qoyulan silahlar, texnika və döyüş sursatı ələ keçirilmişdi. Erməni komandanlığı tərk edilmiş kəndlərdə ərzaq, yanacaq təchizatı, kənd təsərrüfatı heyvanları ilə ehtiyaclarını qarşılamışdı. Erməni qüvvələri 18 mayda Laçına daxil oldu və şəhər müqavimətsiz işğal edilmişdir.[16] Ermənilər Laçını işğal etdikdən sonra onu talan və məhv etmişdir,[17][18] Laçın dəhlizi ərazisində yerləşən yaşayış məntəqələrini yandırılmışdır.[19] Laçın şəhərinin təqribən 7,800 nəfərdən ibarət Azərbaycankürd əsilli sakini qaçqın düşmüşdür.[20][21]

    AXC-nin sədri Əbülfəz Elçibəy 7 iyun 1992-ci il tarixində Azərbaycan Prezidenti seçilmiş və nəhayət, AXC hakimiyyətə gəlmişdir. Elçibəyin qələbəsi ölkədə uzun sürən siyasi böhranı aradan qaldırmış, cəbhədə əhval-ruhiyyəni yüksəltmişdir.[22]

    Mənbə

    İstinadlar

    1. Əlizadə, 2006. səh. 366–376
    2. Qolts, 2015. səh. 136
    3. Bölükbaşı, 2011. səh. 185
    4. de Vaal, 2013. səh. 185–186
    5. Əlizadə, 2006. səh. 384–385
    6. de Vaal, 2013. səh. 192–193
    7. Akopyan, 2010
    8. de Vaal, 2013. səh. 194
    9. Tumşis, 2016. səh. 101
    10. Qolts, 2015. səh. 190–191
    11. Həmid, 2020
    12. Əlizadə. səh. 558
    13. Əlizadə, 2006. səh. 394–395
    14. Qolts, 2015. səh. 198
    15. Vəliməmmədov, 2019. səh. 77–78
    16. Köçəryan, 2019. səh. 86
    17. de Vaal, 2013. səh. 195
    18. Qolts, 2015. səh. 206
    19. Frelik, 1994. səh. 596
    20. BBC, 2020
    21. Caucasian Knot, 2020
    22. de Vaal, 2013. səh. 308

    Ədəbiyyat

    • de Vaal, Tomas. Black Garden: Armenia and Azerbaijan through Peace and War (ingilis) (10th Anniversary, Revised, Updated). NYU Press. 2013. ISBN 0814760325.
    • Qolts, Tomas. Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic (ingilis) (1st Edition). Routledge. 1998. ISBN 076560244X.
    • Bölükbaşı, Suha. Azerbaijan: A Political History (ingilis). London: I. B. Taurus. 2011. ISBN 1780767595.
    • "Keçmiş nazir İsgəndər Həmidov onu tanıyanların xatirəsində necə qalacaq?". BBC Azərbaycanca (az.). 26 fevral 2020. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-19.
    • Тумшис, Михаил. Щит и меч Советского Союза (rus). Moskva: Rusiya Təhsil və Elmin Təşviqi Fondu. 2016. ISBN 978-5-91244-161-5.
    • Frelik. "Faultlines of Nationality Conflict: Refugees and Displaced Persons From Armenia and Azerbaijan". International Journal of Refugee Law (ingilis). 6 (4). 1994. doi:10.1093/ijrl/6.4.581.
    • Vəliməmmədov, Məmməd. Очерки по Карабахской войне (rus). ЛитРес. ISBN 9785532102002.
    • Köçəryan, Robert. Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха (rus). Intellektualnaya literatura. 2018. ISBN 978-5-9500962-9-7.
    • Əlizadə, Zərdüşt. Конец второй республики (rus). I. Moskva: Граница. 2006. ISBN 5-94691-207-0.
    • "Азербайджан взял под контроль Лачин спустя 28 лет". Caucasian Knot (rus). 1 dekabr 2020. 15 yanvar 2021 tarixində arxivləşdirilib.
    • Akopyan, Tatul. Lachin Falls, Red Kurdistan between Armenia and Karabakh // Karabakh Diary, Green and Black: Neither War nor Peace (ingilis). Antelias Publishing. 2010. ISBN 9953018162. 11 iyul 2021 tarixində arxivləşdirilib.
    • Həmid, Tural. "Laçının işğalı (1992)". AzLogos (az.). 1 dekabr 2020. 4 yanvar 2021 tarixində arxivləşdirilib.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.