10 manatlıq əsginas
10 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 4 dəfə (1992, 1993, 2005 və 2019-cu illərdə) buraxılmışdır. Son iki buraxılış hazırda tədavüldədir.
10 manat | |
---|---|
Ölkə | Azərbaycan |
Dəyər | 10 manat |
Eni | 134 mm |
Uzunluğu | 70 mm |
Təhlükəsizlik ünsürləri | gizli rəqəm, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər |
Nəşr illəri | 1992, 1993, 2005, 2009 |
Ön tərəf | |
Dizayn | Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda |
Arxa tərəf | |
Dizayn | Azərbaycan Respublikasının Xəritəsi, Azərbaycanın Avropaya inteqrasiyasını əks etdirən Avropanın xəritəsi; Azərbaycan xalçasının tipik naxışları |
Tarixi
10 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 10 manatlıq əsginas idi. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[1]. 10 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[2][3]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[3].
- 1992-ci ildə buraxılmış ilk 10 manatlıq əsginasların ön tərəfi
- 1992-ci ildə buraxılmış ilk 10 manatlıq əsginasların arxa tərəfi
1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 10 manatlıq əsginaslar dövriyyəyə buraxıldı. Amma ilk 10 manatlıq əsginaslar da dövriyyədə qaldı.
- 1993-cü ildə buraxılmış 10 manatlıq əsginasların ön tərəfi
- 1993-cü ildə buraxılmış 10 manatlıq əsginasların arxa tərəfi
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1992 və 1993-cü illərdə dövriyyəyə buraxılmış 10 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[4], 2005-ci ildə yeni 10 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 50 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.
- 2005-ci ildə buraxılmış 10 manatlıq əsginasların ön tərəfi
- 2005-ci ildə buraxılmış 10 manatlıq əsginasların arxa tərəfi
18 mart 2019-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən 10 manatlıq pul nişanı yenilənərək yeni, daha təkmil mühafizə sistemləri ilə təchiz olunmuş formada yeni 10 manatlıq əsginaslar dövriyyəyə buraxılmışdır[5]. Amma tədavüldə olan 10 manatlıq əsginaslar da dövriyyədə qalmışdır. Son əsginası əvvəlkindən fərqləndirən bir fakt da belədir ki, 2005 buraxılışının ön tərəfində "Azərbaycan Milli Bankı", 2019 buraxılışının ön tərəfində isə "Azərbaycan Mərkəzi Bankı" yazılmışdır.
Mövzusu
Hazırda dövriyyədə olan 10 manatlıq əsginaslar tarix mövzusuna həsr olunmuşdur[6].
Təsviri
İlk 10 manatlıq əsginas sadə dizayna malik olmuş[7], ön tərəfində Qız qalası təsvir olunmuşdur. Əsginasların arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üzərində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur[7].
İkinci 10 manatlıq əsginas çap olunarkən həmin vaxt dövriyyədə olan 5, 50 və 100 manatlıq əsginaslarla uyğunlaşdırılmışdır[7]. Onun ön tərəfinə Qız qalasının təsvirindən əlavə arxa fon təsvirləri də əlavə edilmişdir[7]. Bu əsginasın arxa tərəfində isə əlavə olaraq nominalın adı sözlə verilmişdir[7].
Ağ kağızda, əsas rəngi göy olmaqla 2005-ci ildə çap olunmuş əsginasların ön tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir[6]. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.
Bu əsginasların arxa fonunda isə Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir[6].
Ölçüləri
İlk iki 10 manatlıq əsginasların ölçüləri 125×63 mm idi[8].
2005-ci ildə dövriyyəyə buraxılmış 10 manatlıq əsginasların ölçüləri isə 134×70 mm-dir[6].
Mühafizə elementləri
Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 10 manatlıq əsginasda su nişanı - üç alov təsvir olunmuşdu[9].
2005-ci ildə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır[6].
Həmçinin bax
İstinadlar
- Milli pulun tarixi (FOTOLAR) Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine. modern.az, 15.08.2011 (az.)
- Milli Valyutamızın ilk eskizlərinin müəllifi Publika.Az-a danışır. Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine (az.)
- Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine. azadliq.org, 21.08.2012 (az.)
- "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az (az.)
- 10 AZN (2019) Arxivləşdirilib 2019-05-15 at the Wayback Machine. cbar.az (az.)
- Dövriyyədə olan əskinaslar - AZN Arxivləşdirilib 2021-04-24 at the Wayback Machine. cbar.az (az.)
- Müstəqillik dövrü pulları Arxivləşdirilib 2021-07-14 at the Wayback Machine. azerbaijans.com (az.)
- Dövriyyədən çıxarılmış əskinaslar - AZM Arxivləşdirilib 2018-02-24 at the Wayback Machine. cbar.az (az.)
- Adlarını pula yazdıranlar Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine. buro247.az (az.)