Əzizağa Şahverdiyev

Əzizağa Şahverdiyev (azərb. Şahverdiyev Əzizağa Xanbaba oğlu, rus. Шахвердиев Азизага Ханбаба оглы; d. 1951-ci il, 10 yanvar, Əli Bayramlı rayonu, Azərbaycan SSR, SSRİ) - Texnika elmləri doktoru, professor. Moskvada Neft və Qaz Hasilatı Proseslərinin Sistemli Tədqiqi İnstitutunun baş direktoru.

Əzizağa Şahverdiyev
Əzizağa Xanbaba oğlu Şahverdiyev
rus. Шахвердиев Азизага Ханбаба оглы
Doğum tarixi
Doğum yeri Əli Bayramlı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi adı professor
Alma-mater Azərbaycan Dövlət Universiteti

Həyatı

Şahverdiyev Əzizağa Xanbaba oğlu 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Əli Bayramlı rayonunun (indiki Şirvan rayonu) Ağaməmmədli kəndində anadan olub. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini “maye və qazın mexanikası” ixtisası üzrə bitirib. Elmi fəaliyyətə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda kiçik elmi işçi kimi başlayıb. SSRİ Elmlər Akademiyasının Yerin Fizikası İnstitutunda və akademik A.P.Krılov adına Ümumittifaq Neft-Qaz Elmi-Tədqiqat İnstitutunda təcrübə keçmək üçün Moskvaya göndərilib. Aspiranturada təhsilini başa vurduqdan sonra namizədlik dissertasiyası müdafiə edib, daha sonra Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləyib. 1984-cü ildə Ə.Şahverdiyev Moskvaya köçüb və A.P.Krılov adına Ümumittifaq Neft-Qaz Elmi-Tədqiqat İnstitutunda işə düzəlib. Burada o, kiçik elmi işçidən Neft yataqlarının işlənməsi prosesini idarəetmənin avtomatlaşdırılması elmi Mərkəzinin direktoru vəzifəsinədək yüksəlib. 1998-ci ildə institutu tərk etmək məcburiyyətində qalıb. 1999-cu ildə Ə.Şahverdiyev direktorun birinci müavini vəzifəsində instituta qayıdıb, bir il sonra isə baş direktor təyin edilib. Rəhbər vəzifədə o, qısa müddətdə dərin böhran keçirən institutun keçmiş şöhrətini qaytara bilib. Hazırda Ə.Şahverdiyev Neft-Qaz Hasilatı Proseslərinin Sistemli Tədqiqi İnstitutunun baş direktoru, Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının yeraltı sərvətlər bölməsinin sədridir. O, 250-dən çox elmi əsərin, Rusiya və xarici patentlərlə müdafiə olunan 100 ixtiranın müəllifidir. Neft və qaz yataqlarının işlənmə prosesinin sistemli opitimallaşdırma konsepsiyasının, o cümlədən layların məhsuldarlığının inkişafı və neft hasilatının intensivləşdirilməsi və işlənmə obyektlərinin modelləşdirməsinin yaradıcısıdır. Ə.Şahverdiyev tərəfindən yaradılan “Geoloji-texniki tədbirlərin texnoloji effektivliliyinin müəyyən edilməsinin vahid metodikası” və “ŞAHMET”, “ŞAHMETEK” proqram kompleksləri neft və qaz sənayesində geniş tətbiq olunub. Bununla bərabər, Ə.Şahverdiyev qeyri-müəyyənlik və informasiya çatışmazlığı şəraitində karbohidrogen yataqlarının işlənməsi layihəsinin optimal variant seçimini təmin edən yeni metodika hazırlayıb. Ə.Şahverdiyev tərəfindən qeyri-səlis çoxluq nəzəriyyəsinin istifadəsi ilə tətbiqi proqram təminatının alqoritmi, ehtimal-statistika və evristik minimaks meyarlar – “OPTİMA” təklif edilib. Ə.Şahverdiyev tərəfindən neft-qaz yataqlarının işlənməsi prosesinin kiçik parametrli stoxastik modelləşdirmənin, o cümlədən karbohidrogen yataqlarının işlənməsində bütövlükdə sinergistik effekt təzahürü ilə lay sisteminin fəaliyyətinin qanunauyğunluğunun əsasları yaradılıb. Elastik, elastik-plastik və plastik-məsaməli mühitlərdə flüidlərin filtrasiya nəzəriyyəsi hazırlanıb. Bu nəzəriyyə neft-qaz yataqlarının işlənməsi prosesində təzyiq dəyişikliklərinin məsaməlilik və keçiricilik dönməzliyini nəzərə alır. Rusiya Təbiət Elmləri Akademiyası yeraltı sərvətlər bölməsi çərçivəsində Ə.Şahverdiyevin təşəbbüsü və özünün fəal iştirakı ilə Rusiyada səmt neft qazının səmərəli istifadəsi konsepsiyası yaradılır. Konsepsiyanın məqsədi səmt neft qazının atmosferdə yandırılmasını və seyrəldilməsini xeyli azaltmaqdır. Ə.Şahverdiyev Rusiya Federasiyası Təbii Resurslar və Ekologiya Nazirliyi ilə dövlət müqaviləsi çərçivəsində “İnnovasiya texnologiyalarını istifadə etməklə neft yataqları laylarının məhsuldarlığının artırılması və səmt qazından istifadənin artırılması sayəsində neft yataqlarının səmərəli mənimsənilməsinə dair tövsiyələrin hazırlanması” layihəsinin rəhbəridir. Ə.Şahverdiyev SPE Beynəlxalq Neftçilər Assosiasiyasının (ABŞ, Riçardson), “Neftyanoye xozyaystvo”, “Bureniye i neft”, “Oborudovaniye i texnologii dlya nefteqazovoqo kompleksa”, “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” (“Yer elmləri” seriyası), Rusiya Elmlər Akademiyasının “Vestnik”, ARDNŞ-in Neft-Qaz Problemləri Elmi-Tədqiqat İnstitutunun “Elmi əsərləri” kimi tanınmış jurnalların redaksiya heyəti və redaksiya şuralarının üzvüdür.[1]

Mükafatları

  • Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə 1999-cu ildə Ə.Şahverdiyev “Rusiya Federasiyasının Əməkdar İxtiraçısı” dövlət mükafatına layiq görülüb.
  • Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və sənət cəngavəri” fəxri adı, “Ağ Qartal” ordeni, “Nobel mükafatı laureatı P.S.Kapitsa” gümüş medalı, “V.İ.Vernadski” gümüş medalı ilə təltif olunub.
  • 2003-cü ildə fəxri fransız mükafatı – strateji idarəetmə sahəsində əldə etdiyi nailiyyətlərə görə Sənaye Təşviqi Assosiasiyasının “Qızıl medal”ını alıb.[1]

Xarici keçidlər

İstinadlar

  1. Şahverdiyev, Əzizağa. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.