Əziz Əliyev (cərrah-onkoloq)

Əziz Cəmil oğlu Əliyev (16 yanvar 1975, Bakı) — tibb elmlər doktoru, professor. İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru (14 dekabr 2015-ci ildən). Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır (may 2013-cü ildən).[1]

Əziz Əliyev
Əziz Cəmil oğlu Əliyev
Doğum tarixi 16 yanvar 1975(1975-01-16) (49 yaş)
Doğum yeri
Atası Cəmil Əliyev
Elm sahələri tibb, onkologiya
Elmi dərəcəsi
Elmi adı
Təhsili

Həyatı

Əziz Cəmil oğlu Əliyev 16 yanvar 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı şəhəri 134 saylı məktəbi gümüş medalla bitirib.

1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakültəsinə daxil olub.

Təhsilini Azərbaycan Respublikasının Dövlət proqramıi xətti ilə Amerika Birləşmiş Ştatlarında davam etdirərək Nyu-York Universitetini bitirib. Daha sonra Pittsburg Tibb Universitetinin (ABŞ) rezidenturasına qəbul olunub və rezidentura müddətində əsas diqqət baş və boyun şişlərinin cərrahi müalicəsi yönəldilib.

Amerika Birləşmiş Ştatlarında Memorial Sloan-Kettering Xərçəng mərkəzində "Baş və boyun onkologiyası" üzrə 2 illik proqramı uğurla bitirdikdən sonra cərrah-onkoloq diplomuna layiq görülüb. Avstriyada cərrahlıq üzrə tibb diplomu təsdiqləndikdən sonra Avstriyanın Barmherzigen Schwestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində işləyib.

On ildən çoxdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır.

Ə. C. Əliyevə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru alimlik dərəcəsi və onkologiya üzrə "Professor" elmi adı verilmişdir.

Azərbaycan Tibb Universitetinin müalicə işləri üzrə prorektor vəzifəsində çalışıb.

2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin olunmuşdur.

Avropanın Onkoloqlar Cəmiyyətinin və Amerika Birləşmiş Ştatların klinik onkologiya üzrə cəmiyyətinin üzvüdür. "Azərbaycan Onkologiya Jurnalı"nın redaksiya heyətinin, "Onkologiya" və "Şüa diaqnostikası və terapiyası" ixtisasları üzrə Dissertasiya Şurasının üzvüdür. Milli Onkologiya Mərkəzi Elmi Şurasının sədr müavinidir.

Təcrübəli səhiyyə təşkilatçısı kimi onun başçılığı altında Respublikada beynəlxalq konfranslar və konqreslər yüksək səviyyədə təşkil edilmiş və keçirilmişdir. Dəfələrlə ABŞ, Almaniya, Avstriya və Rusiyada apardığı tədqiqatların nəticələri haqqında müxtəlif Beynəlxalq konqreslərdə, konfranslarda və qurultaylarda məruzələrlə çıxış edib.

Onkologiya sahəsində gələcək tədqiqatların inkişafı üçün Milli Onkologiya Mərkəzinin ABŞ MD Anderson xərçəng mərkəzi, Weill Cornell Universiteti, Illinoys Universiteti və Avropanın qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə elmi mübadilə haqqında sazişlərin imzalanmasında fəal iştirak etmişdir.

Onun rəhbərliyi altında onkologiya ixtisasında müvəffəqiyətlə tibb üzrə fəlsəfə doktoru elmi adına 2 dissertasiya işlərini müdafiə olunub, daha 2 dissertasiya işi yerinə yetirilir. Ə. C. Əliyevin onkologiya sahəsində 50-dən çox dərc olunmuş elmi işi, 1 monoqrafiyası, 4 dərsliyi və1metodik tövsiyəsi vardır.

Professor Əziz Əliyev Azərbaycanda baş boyun şişlərinin diaqnostikası və cərrahi müalicəsi sahəsində aparıcı mütəxəssisdir. Onun elmi-praktik fəaliyyətinin ən mühüm istiqamətləri qalxanabənzər vəzi, qırtlaq, udlaq, dil, dəri və baş-boyun nahiyəsində olan digər patologiyalardır. Professor Əziz Əliyevin rəhbərliyi ilə baş-boyun xərçəngi və xərçəngönü xəstəliklərinin ilkin diaqnostikası və müalicəsinin kompleks proqramı hazırlanmışdır.

Ailəlidir, iki övladı var.

Atası — akademik Əliyev Cəmil Əziz oğlu, Milli Onkologiya Mərkəzinin direktoru, anası — Əliyeva Dilşad Hüseyn qızı, Azərbaycan Dövlət Neft və Sənaye univetsitetinin dosenti.

İstinadlar

  1. Ə. C. Əliyevin İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilməsi haqqında Arxivləşdirilib 2018-01-18 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli Sərəncamı. president.az, 14.12.2015 (az.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.