Əxmət Söləymənov
Əxmət Söləymənov (tam adı: Əxmət Möxəmmətvəli ulu Söləymənov; başq. Сөләймәнов Әхмәт Мөхәмәтвәли улы; d. 15 mart 1939, Nəbi, Böryən, Başqırd MSSR, SSRİ – ö. 21 noyabr 2016, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstanın görkəmli folklorşünası[1].
Əxmət Söləymənov | |
---|---|
başq. Сөләймәнов Әхмәт Мөхәмәтвәли улы | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nəbi, Böryən, Başqırd MSSR, SSRİ |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Ufa, Başqırdıstan, Rusiya |
Elm sahəsi | folklorşünaslıq |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
Həyatı və fəaliyyəti
Əxmət Söləymənov 1939-cu il martın 15-də Başqırdıstandakı Böryən rayonunun Nəbi kəndində kasıb bir ailədə anadan olmuşdur[2].
O, 1957-ci ildə rayon mərkəzindəki orta məktəbi bitirdikdən sonra iki il kolxozda işləmiş; 1958-ci ildə hərbi xidmətə aparılmışdır. Onu diribaşlığına görə hərbi xidmət dövründə tankçılar hazırlayan kursa yazıblar. Nəticədə tank komandiri olmuş, hərbi məktəb bitirməsə də, ali təhsili olmasa da ona zabit rütbəsi verilmişdir. 1961-ci ildə əsgəri xidmətini leytenant rütbəsində başa vurub öz kəndlərinə dönür[1].
Elə həmin il Ufadakı Başqırdıstan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinə daxil olmuşdur. Ali məktəbdə oxuyarkən tələbələr arasından seçilənlərdən olsa da, 1964–1965-ci illərdə təhsilini dayandırıb, səkkizillik məktəbdə müəllim işləmişdir[1].
Universiteti 1967-ci ildə bitirdikdən sonra yenə də kəndlərinə dönür. Nəbi kənd səkkizillik məktəbində müəllim işləyib. Elə bu dövrdə də folklor materialları toplayaraq, aspiranturada təhsilini qiyabi davam etdirmişdir[1].
1972-ci ildə onu Başqırdıstan Dövlət Universitetində başqırd dili və folklorundan dərs deməyə dəvət edirlər[1].
1973-cü ilin fevralında isə yazdığı dissertasiyanı müdafiə edərək "10.01.09 — folklorşünaslıq" ixtisası üzrə elmlər namizədi elmi dərəcəsi alıb[1].
Əxmət Söləymənov 1973–1991-ci illərdə əsasən pedaqoji fəaliyyətlə məşğul olaraq, universitetdə dərs demişdir. Həmin illərdə o, elmi fəaliyyət adına yazdığı beş-on məqalə yazmış, 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Başqırd məişət nağıllarının janr özünəməxsusluğu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Başqırdıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adını da həmin dövrdə almışdır[1].
Əxmət Söləymənov SSRİ-nin süqutundan sonra isə ciddi elmi fəaliyyətlə məşğul olmuşdur. Elə həmin il Rusiya Federasiyası Elmlər Akademiyasının M. Qafuri adına Tarix, Dil və Ədəbiyyat İnstitutunun folklor və incəsənət şöbəsində müdir kimi işə başlayıb, dosent seçilib. Gənclik illərində yazdığı, topladığı, lakin çap etdirə bilmədiyi əsərlərinin üzərində yenidən işləyərək dalbadal nəşr etdirməyə başlayıb[1].
1991–2002-ci illərdə Rusiya Elmər Akademiyası Ufa Elm Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri işləyən Əxmət Söləymənovu Ümumdünya Başqırdları Qurultayı İcraiyyə Komitəsinin sədri seçirlər. Dörd il bu vəzifəni ləyaqətlə yerinə yetirdikdən sonra 2006-cı ildə Miftaxetdin Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin Başqırd Ədəbiyyatı və Mədəniyyəti kafedrasına müdir seçilir. Burada işləyərkən "Folklor mərkəzi" yarada bilir və ona da rəhbərlik edir[1].
AMEA Folklor İnstitutunun tövsiyəsi ilə Əxmət Söləymənov yeni nəşrə başlayan "Türkologiya" jurnalının redaksiya heyətinə daxil edilmişdir[1].
30-a yaxın monoqrafiya, 400-ə yaxın elmi məqalə, orta və ali məktəblər üçün 40-a yaxın metodik vəsait çap etdirən[2] Əxmət Söləymənov bədii yaradıcılıqla da məşğul olduğuna görə onu Başqırdıstan Respublikası Yazıçılar Birliyi və Rusiya Fedarasiyası Yazıçılar Birliyinə üzv seçmişdilər[1].
75 illik yubileyi Ufada təntənəli şəkildə keçiriləndə AMEA Folklor İnstitutu da onu təbrik etmişdir[1].
İctimai-siyasi fəaliyyəti
Əxmət Söləymənov ictimai-siyasi işlərdə də fəal olmuş, zamanında baş verən hadisələrə münasibətini yazıları və radio-televiziyadakı çıxışları ilə bildirmiş, başqırdların müasir yazılı ədəbiyyatı haqqında dəyərli əsərlər yazmışdı. "Seçkilər haqqında düşüncələr", "Ölkəmizin sevinci — xalq şairi Mustay Kərim haqqında esse", "Üç möcüzə: M. Akmulla, Ş. Babiç yaradıcılığının folklorizminə dair və Xalq şairi Mustay Kərim haqqında esse" (2009), qızı Nərgiz Xubiddinova ilə birgə yazdığı "Ədəbi əsərlərin təhlil yolları" və başqa əsərləri bu qəbildəndir[1].
Kitabları
- Doktorluq dissertasiyası "Başqırd məişət nağıllarının janr özünəməxsusluğu" (1990, Ufa, rus dilində)
- "Başqırd xalq məişət nağılları: süjet repertuarı və poetika" (1994, Moskvadakı "Elm" nəşriyyatı)
- "Nağılda həqiqət" (1997)
- "Yumoristik xalq nəsri" (1998)
- R. Rajapovla birgə yazdığı "Başqırd xalqının arxaik eposu" (1999)
- L. Baraq ilə birgə yazdığı "Başqırd folklorunun təhkiyə janrları" (2000)
- "Möcüzənin mənbəyi" (2001)
- "Hesabını bilən qədirbilən olar" (2002)
- "Yolumuz hayanadır?" (2003)
- "Ayıq-sayıq olaq" (2003)
- "Şairi ulduzlar işıqlandırdı: şair Rif Mitxatovun ədəbi portreti" (2003)
- "Seçkilər haqqında düşüncələr" (2004)
- Folklorla bağlı "Başqırd xalq novellası" (2005)
- Q. Xusainov və M. Naderqulovla birgə yazdığı "Yazılı dastanlar" (2006)
- "Akmullanın soydaşlarının — minlərin folkloru" 1-ci hissə (2006)
- "Uşaq oyun folkloru" (2007)
- "Bizim epik abidələr" (2007)
- "Məhəbbət dastanları" (2007)
- "Ölkəmizin sevinci — xalq şairi Mustay Kərim haqqında esse" (2007)
- qızı Nərgiz Xubiddinova ilə birgə hazırladığı "Akmullanın soydaşlarının — minlərin folkloru. 3-cü hissə" (2008)
- qızı Nərgiz Xubiddinova ilə birgə hazırladıqları "Başqırd uşaq təhkiyə folkloru. 3-cü hissə" (2008)
- "Üç möcüzə: M. Akmulla, Ş. Babiç yaradıcılığının folklorizminə dair və Xalq şairi Mustay Kərim haqqında esse" (2009)
- Nərgiz Xubiddinova ilə birgə yazdığı "Ədəbi əsərlərin təhlil yolları" (2012)
Mükafatları
- Başqırdıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi
- Başqırdıstan Respublikasının "Əməkdar elm xadimi" (1997)
- Başqırdıstan Respublikasının "Təhsil Əlaçısı" (1999)
- Rusiya Federasiyasının "Əməkdar elm xadimi" (2006)
- "Cəlil Kiakbayev" adına mükafat (2004)
- "Miftaxetdin Akmulla" adına mükafat (2009)
Ailəsi
Faniya Bayqidiyeva ilə ailə həyatı qurmuşdur[1]. Onların bu evlilikdən Leysan və Nərgiz adlı qızları və Cəlil adlı oğulları var[1].
Xanımı Faniya Bayqidiyeva uzun illər Başqırdıstan radiosunun Musiqi redaksiyasına rəhbərlik etmiş; xalq artisti adını almış və Başqırdıstan Respublikasının Şaqit Xudayberdiyev adına mükafatına layiq görülmüşdür[1].
Böyük qızı Leysan İtkulova fəlsəfə elmləri namizədidir[1]. Hazırda Başqırdıstan Dövlət Universitetinin etika, estetika və dinlər tarixi kafedrasına rəhbərlik edir[1].
Kiçik qızı Nərgiz Xubbetdinova filologiya elmləri doktorudur. O, Rusiya Federasiyasi Elmlər Akademiyası Ufa Elmi Mərkəzində böyük elmi işçidir[1].
Oğlu Cəlil Söləymanov Başqırdıstan Respublikası Rəssamlar İttifaqı sədrinin müavinidir. Cəlil Şeyxzadə Babiç adına Respublika mükafatına layiq görülmüşdür[1].
İstinadlar
- Əli ŞAMİL. Türk Dünyası səmasından bir ulduz da axdı… Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine. 525.az və anl.az Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine 22.12.2016 (az.)
- Ибрагимов Г. Учитель. Ученый. Фольклорист Arxivləşdirilib 2017-04-06 at the Wayback Machine // Статья в "Ватандаш"
- Өфөлә танылған ғалим, фольклорсы, йәмәғәт эшмәкәре Әхмәт Сөләймәнов вафат булды Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine. bashinform.ru, 22.11.2016 (başq.)
Xarici keçidlər
- Шакуров Р. З. Сулейманов, Ахмет Мухаметвалеевич Arxivləşdirilib 2016-04-07 at the Wayback Machine // Башкирская энциклопедия. — Уфа: ГАУН "Башкирская энциклопедия", 2013. — ISBN 978-5-88185-306-8.