ət-Tibyan fi təfsiril-Quran

Haqqında

"Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir.

Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir.

"Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir.[1]

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

"Əbədi Nur" dərgisində "Ət-Tibyan fi təfsiril-Quran" məqaləsi

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.