Əl-Hakim ət-Tirmizi

Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür.

Əl-Hakim ət-Tirmizi
Doğum tarixi 820[1]
Doğum yeri
Vəfat tarixi 905 və ya 910
Vəfat yeri
Fəaliyyəti ilahiyyatçı

Həyatı

Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır.

Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir. Özünün hakim ideyalar dünyası, nüfuzu, ənənələri və metodologiyası ilə fərqlənən sufizm digər cərəyanlardan xeyli dərəcədə fərqlənir. Çox vaxt sufiliyin yaranması tarixini VIII əsrin ortaları– IX əsrin əvvəllərinə, Peyğəmbər haqqında rəvayətləri toplayanlardan və nəql edənlərdən, diyar– diyar gəzib– dolaşan vaizlərdən buranın peşəkar oxucularından habelə əməli saleh sənətkar və tacirlərdən ibarət daha qatı müsəlmanlar arasında tərki– dünyalıq, tövbəkarlıq və zahidlik əhval– ruhiyyəsinin yayıldığı bir dövrlə əlaqələndirirlər. Sonralar isə başqa adamları da sufilər sırasına daxil etməyə başladılar.

İlk sufilərin əməli fəaliyyətinin səciyyəvi xüsusiyyətləri Quranı arasıkəsilmədən öyrənmək, onun kamilliyə yetişməyənlər üçün «gizli» mənası üzərində düşüncələrə qapılmaq, ondakı bütün göstərişlərə, habelə sünnəyə– Peyğəmbərin davranış tərzinə çox ciddi əməl etmək olmuşdur. Sufilər kainatın əmələ gəlməsi təfərrüatına, Allahın zatına, Allahın zatının onun sifətləri ilə əlaqəsinə nəzər yetirməyə varmadan insan ruhunun hərəkətindəki ən incə xüsusiyyətlərin, insan davranışını doğuran səbəblərin təhlilinə böyük maraq göstərirdilər. İlk sufi mürşidləri əsas diqqəti dini vacibata «zahiri» formal əməl edilməsinə deyil, vəhy həqiqətlərinin dərindən dərk edilməsinə və duyulmasına, daxili imana verirdilər.

Təsadüfi deyildir ki, məşhur müsəlman ilahiyyatçısı Həsən əl–Bəsri (vəfatı 728– ci il) sufiliyin banilərindən biri sayılır. Çünki o özünün əməlisaleh həyat tərzi ilə yanaşı, həm də mömün insanın bütün əməlləri arxasında duran niyyətlərin təbiəti haqqında təlimin yaradıcısı kimi tanınmışdır.

Sonrakı sufi nəsilləri tərəfindən yüksək qiymətləndirilən Bəsrə zahid və abidləri Rəbah ibn Əmr, Rəbiyə əl-Ədəviyyə, Süleyman əd–Darani (VIII əsrin axırları, IX əsrin əvvəlləri) ənənəvi olaraq Həsən əl– Bəsrinin müridləri sayılırlar. Onların sözlərində, moizələrində, yəqin ki, ilk dəfə olaraq Allaha təmənnasız fədakar məhəbbət, ona hədsiz sevgi şövqü, Ona yaxınlıq cəhdi motivləri özünü göstərir. Elə o zamandan başlayaraq həmin motivlər sufi dünyagörüşünün ayrılmaz hissəsi olmuşdur.

IX əsr sufiliyin tarixində mühüm dövr təşkil edir. Bu dövrdə müsəlman təsəvvürü nəzəriyyəsi və praktikasının əsas müddəalarının fəal surətdə işlənib hazırlanması və dürüst ifadə edilməsi prosesi gedirdi. Adını çəkdiyimiz Bəsrə təsəvvüf– zühd məktəbi ilə yanaşı Bağdad və Xorasan məktəbləri də meydana çıxmışdı. Yeni məktəblərin nümayəndələri bəsrəliləri bir qədər arxaya sıxışdırmışdılar. Əvvəllər olduğu kimi bu məktəblərdə də başlıca diqqət zahidin daxili həyatının müşahidə edilməsinə, onun niyyət və əməllərinin «səmimilik» (sidq) dərəcəsinin müəyən edilməsinə mənəvi kamilliyə və cismani təmizliyə aparan yolda onu gözləyən təhlükə və sapqınlıqların təsvir edilməsinə yetirilirdi.

Digər dinlərin mistik təlimlərində olduğu kimi, sufilikdə də özünükamilləşdirmə və Allaha yaxınlaşma prosesinə arzu olunan məqsədə (ayrı–ayrı sufilər bu məqsədi müxtəlif cür ifadə edirlər) çatmaq üçün keçilməli olan «yol» kimi baxmağa başlayırlar.

Ət–Tirmizinin sufi müəllimləri arasında məşhur Xorasan şeyxləri Əbu Turab ən–Nəxşəbini, Yəhya əl–callı, Əhməd ibn Hədrəvəyhini və başqalarını xüsusi qeyd etmək lazımdır. Ət– Tirmizinin taleyində, onun baxışlarına şərik çıxan arvadı böyük rol oynamışdır. Ət– Tirmizinin əsərləri xüsusilə «İlal əş– şəriə» və «xətm əl auliyyə» qeyd edilməlidir. Həmin əsərlərdə müsəlman mərasimlərinin məna və mahiyyəti haqqında «Allaha məhəbbət haqqında» mistiklərin müxtəlif kateqoriyaları haqqında «peyğəmbərlərin möhürü» ilə yanaşı mövcud olan «müqəddəslərin möhürü» haqqında mühakimələr yürüdülmüşdür. Bu isə fakihlərin və hakimlərin narazılığına səbəb olmuşdur. Nəticədə Ət–Tirmizi bir sıra təqiblərə məruz qalmışdır. Təqibdən qaçan Ət–Tirmizi əvvəlcə Bəlxə gəlmiş, sonra isə Nişabura getmişdir. Nişabur şəhərində çoxsaylı tərəfdarları onu müdafiə etməyə çalışmışdır. Siyasi situasiyanın dəyişməsi nəticəsində onun əleyhdarları ölkəni tərk etdiyindən o doğma şəhərinə qayıda bilmişdir. Elə orada da Ət–Tirmizi şagirdləri və tərəfdarlarının əhatəsində vəfat etmişdir. Sufizm tarixi üçün Ət–Tirmizinin əhəmiyyəti onun 80–ə yaxın əsərləri ilə müəyyən edilir. Həmin əsərlərdə öz əksini tapan «ruh» haqqında onun «vəziyyəti» və «hərəkəti» haqqında fikirləri diqqəti cəlb edir. Eyni zamanda orada özünükamilləşdirmənin üsulları haqqında, alçaq hisslərin cilovlanması haqqında, saflaşmağa aparan iztirab haqqında və s. fikir və mülahizələri sonrakı sufi psixologiyasının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Hələ XIX əsrdə sufizmdən danışan P.Pozdnev yazırdı ki, sufilik Ərəbistanda və Persiyada hələ Məhəmmədə qədər mövcud olmuşdur. Lakin o zaman sufizm İranda bir ad, Ərəbistanda isə digər adlar altında yayılmışdır. Adlardakı fərqlər başlanğıcını götürmüş fəlsəfi elementlərlə bağlı olmuşdur. Eyni zamanda həmin fəlsəfi elementin dərvişlikdə nüfuzu və yayılması da böyük rol oynamışdır. Məsələn, Ərəbistanda neplatonizm güclü olduğundan sufizm onun xarakterini daşımışdır. Persiyada isə buddizm və magiyaçılıq üstünlük təşkil etdiyindən onlar sufizmdə hərtərəfli əksini tapa bilmişdir. Hər iki ölkədə tarixi xarakterlə yanaşı xalqların əqli– dini durumu da mühüm təsir göstərmişdir.

Sufilikdə ərəblərin xarakterindən çox mistikliyə daha çox meylli perslərin xarakteri mühüm yer tutmuşdur. Ondan da daha çox Persiya sakinlərinin və onların sektalarının fəlsəfi və dini etiqadları təsir göstərə bilmişdir. Sufilər orada islam dinində daha çox özlərinə yaxın elementlər tapa bilmiş və inkişaf etdirmişdir. Əgər suiflik olmasaydı islam Persiyada möhkəmlənməkdən ötəri onların etiqadları ilə uzun müddət mübarizə aparmalı olacaqdı. Perslər (farslar) sufiliyi qəbul etməklə öz keçmiş etiqadlarında olduqca az dəyişikliklər etmişlər. Əksər Avropa tədqiqatçıları kimi P.Pozdnev sufi fəlsəfəsinin panteist xarakterini xüsusi vurğulamışdır. O yazırdı: «Hind və Yunan fəlsəfəsi ilə tanış olan hər bir kəs çox asanlıqla görə bilər ki, dərvişlər emanasiya nəzəriyyəsini və ilahi panteist təsəvvürləri hind fəlsəfəsindən, dünyanın əbədiliyi, bəşəriyyətin yaradıcılığı prinsiplərini yunan fəlsəfəsindən götürmüşlər. Burada yunan fəlsəfi məktəbləri içərisində neoplatonizmi xüsusi qeyd etmək lazım gəlir. Bu baxımdan B.A.Batunskinin fikirləri də maraqlıdır. O yazırdı ki, islamın insan ruhunun müstəqil yaradıcılığı olmaması, ona qədər mövcud olan eretik təlimlərin qarışığının məhsulu olması tezisi həmin dövrdə hökm sürən əqidələr mövqeyindən tamamilə məntiqi hesab oluna bilər. Həmin məntiqə görə guya fikir bir adamdan digər adama sırf «maddi» yolla şifahi və yaxud yazılı şəkildə keçir. Beləliklə, təfəkkür prosesi ciddi qarşılıqlı asılılıq sistemi kimi, bütün dövrlərdə, coğrafi, siyasi, linqvist psixoloji maneələrə baxmadan mövcud olmuşdur.

Lakin P.Pozdnevin fikirləri ilə razılaşmayan həmin fikirləri qətiyyən yaxına buraxmayan müəlliflər də olmuşdur. Məsələn A.Şprenger yazırdı ki, sufizmin özbaşınalığından metafizik və panteist sistem olması həll edilmiş məsələ sayılmalıdır. Panteizm onun həyati mənbəyi, asketizm isə sonrakı dövrlərin əlavəsi olmuşdur. Bəziləri belə hesab edirlər ki, sufizm Yunanıstandan keçmişdir, digərləri isə onun Hindistandan keçdiyini sübut etməyə çalışırdılar. Lakin onların heç birisi sanskritdən ərəb dilinə tərcümə edilmiş bir əsər göstərə bilməzlər. Yaxud Hindistana səyahət edən bir nəfər də olsun sufinin adını belə çəkə bilməzlər. Özünü alim hesab edən adamlar axmaq bir nəzəriyyə yaradaraq müsəlmanların brəhmənlərdən fəlsəfi sistemi və asketik praktikanı götürdüklərini sübut etməyə çalışırdılar. Əslində isə sufilərin görüşləri onların dinləri ilə sıx surətdə əlaqədar olmuşdur. Həmin forma ilə biz Hindistanda heç vaxt rastlaşmamışıq. Beləliklə, A.Şprenger belə bir qəti nəticə çıxarırdı ki, sufizmin yaranması Hindistandan və yaxud Yunanıstandan keçmiş ekzotik sistem deyildir. Sufizm– islamın inkişafının nəticəsidir. Bir sözlə, sufizm islamın inkişafının ən orijinal və ən həqiqi fazasıdır.

Ət–Tirmizi sufi yolunun təkmilləşdirmə prinsiplərini müdafiə etmişdir. İlk dəfə həkim ət– Tirmizi tərəfindən irəli sürülmüş və İbn Ərəbi tərəfindən inkişaf etdirilmiş sufi öliyalığı təlimi müsəlman təsəvvüfünün sonrakı dövr tarixi üçün həm əməli, həm də nəzəri cəhətdən böyük əhəmiyyət kəsb etmişdir. Hər dövrün ən kamil sufi «arifləri» bu övliyalığın daşıyıcıları elan olunurdular. Həmin təlimə uyğun olaraq övliyalılıq sufilik nəzəriyyəçiləri tərəfindən peyğəmbərlik risaləsinin davamı, müəyyən mənada isə ondan yüksək hesab olunurdu. Göründüyü kimi, sufi övliyası Peyğəmbərin «varisi» (varis) olur və buradan irəli gələn bütün əməli məziyyətlər– şəriətin izah edilməsində daha üstün haqqa malik olmaq, müsəlman icmasının başçısı vəzifəsini icra etmək, həyatverici və şəfaverici «bərəkətə» sahib olmaq və sairə məziyyətlər ona da aid edilirdi.

Ət–Tirmiziyə görə insanın biliklə əldə etdiyi mistik «qnosis» (mərifət və yaxud hikmət) sayılmalıdır. Ət–Tirmizi onu «ilahi işıqla» eyniləşdirir və onun insanların ürəklərində olduğunu elan edirdi. Adi bilikdən (elm) fərqli olaraq qnosis şeylərin gizli mənasını açır və sonda isə «ilahi mahiyyətə» çatır. Əgər elm tədris, təlim prosesində əldə edilirdisə, mərifət– insanlara Allahın bəxş etdiyidir. Elmin tətbiq və təsir sahəsi və zamanı məhduddur. Mərifətin isə sərhədləri yoxdur. «Qnosis»ə hamı yiyələnə bilməz. Ona yalnız tək– tək adamlar, ürəyi dünya problemi və qayğılarından təmizlənmiş və yalnız Allaha bağlı insanlar yiyələnə bilərlər. Belə adamları ət– Tirmizi sufi «müqəddəsləri» elan etmişdir. Onlar elə «qnosisə» malik olmaqları ilə digər dindarlardan fərqlənirlər. Tədqiqatçıların əksəriyyəti bu fikirdə olmuşlar ki, ət– Tirmizi buddizm, xristianlıq və maniheyçilik təlimləri ilə yaxından tanış olmuşdur. Həmin təlimlərin təsiri onun yaradıcılığında da öz əksini tapmışdır. Onun biliyi, geniş məlumatı, müasirlərinin onu əl– həkim (müdrik) adlandırmağa imkan vermişdir.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.