Ərkivan
Ərkivan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[2]
Ərkivan | |
---|---|
39°01′06″ şm. e. 48°39′00″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 17 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
arkivan.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan qəsəbəsi respublikanın qədim yaşayış məntəqələrindəndir. Burada aşkar edilmiş tunc və dəmir dövrünə aid tapıntılar da bunu sübut edir.1985-ci ildə AMEA Tarix instutunun Paleolit arxeoloji ekspedisiyası professor Əsədulla Cəfərovun rəhbərliyi altında ilk dəfə viləş çayının sağ sahilində yerləşən Ərkivan ərazisində arxeoloji kəşfiyyat işləri aparmışdır. Bu tədqiqat zamanı Ərkivan ərazisində üst paleolit dövrünə aid daş məmulatı tapılmışdır. Bu tapıntı bizə Ərkivan ərazisində qədim insanların məskən salmasını söyləməyə imkan verir.
Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Talış dağlarının ətəyində, Lənkəran ovalığında yerləşir. Lənkəran ovalığı isə Talış sıra dağları ilə Xəzər dənizi arasında qərar tutub.[3]
Ərkivan qəsəbəsi Talış xanlığının 8 mahalından biri olan Dəştvənd mahalına daxil olmuşdur. Bu mahal qərbdən Talış dağları, şərqdən Xəzər dənizi və Muğan düzü, cənubdan bugünkü Boradigahın, şimaldan Göytəpənin ərazisini əhatə edən çox sərvətli bir məkan olub. Ərkivan isə bu mahalın mərkəzi, sanki üzük qaşı sayılıb. Bir sıra tədqiqatçılar isə ümumiyyətlə Dəştvənd və Ərkivanın eyni yer olduğunu bildirirlәr. S. Kazımbəyoğlunun fikrincə, "Talış xanlığının ən böyük mahallarından biri olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərqi isə düzənlik olan bir mahal olmuşdur. Şimaldan və şimal-şərqdən Şirvan vilayəti, şərqdən Xəzər dənizi, cənubdan Lənkəran və dağlıq mahalları, qərbdən Səfidəşt mahalı və İranla sərhəd olmuşdur."
Dəştvənd mahalının adına görə bir çox tədqiqatçılar Ərkivanı çöl kənarı, dəniz kənarı olan yer adlandırır. Sоn illərə qədər kənddə bir neçə yerdə tapılmış lövbər qalıqları buranın dəniz kənarında yerləşən bir yaşayış məntəqəsi olması ehtimallarını daha da gücləndirir. Xəzərin səviyyəsinin son minilliklərdə 6-7 dəfə kəskin şəkildə yüksəlməsi, Lənkəran şəhəri özü də daxil оlmаqlа, bir sıra yerlərin su altında qalması bu fikri bir daha təsdiq edir.
Bir sıra tarixçi alimlər Şeyx Səfinin (1252-1334) Ərkivanda olduğunu iddia edirlər.
Rus dilində çap edilmiş "Azərbaycanın tarixi coğrafiyası" kitabında XVI əsrə aid tərtib edilmiş xəritədə Ərkivan toponiminə də rast gəlinir.
Rus çarı I Pyotr (1672-1725) Ərkivan məntəqəsini Rusiya xadimlərindən "Kerç" ləqəbi ilə tanınan Bernard Aleksandroviçə hədiyyə etmişdi.
Bu vaxta qədər Ərkivan paleotoponiminin mənşəyinə dair müxtəlif mülahizələr,rəvayətlər və xalq etimologiyası mövcuddur.
Rəvayətlərin birində söylənilir ki,guya bu kəndin ilkin sakinləri çox ərkyana danışdıqlarına görə kəndə də Ərkivan deyilmişdir. "Ərkivan" - ərkyana,ərklilər,ərk edib söz danışanlar mənasındadır.
Bir qrup dilçi alimlər Ərkivan toponimini "ağac", "kol bitkisi" adı ilə əlaqədar yaranmasını qeyd edirlər. Guya bu ərazidə "ərki" adlı ağac növü bitdiyindən kənd həmin ərazidə salınmasına görə Ərkivan adlandırılmışdır.
"Ərk" Fars dilində "qala", "istinadgah", "i" birləşdirici səs, "van" isə yer deməkdir. Ərkivanın mənası qalanın yaxınlığında, istinadgah yerində salınmış kənd deməkdir.[4] Ərkivan qalalı yer, qala yeri deməkdir. "Ərk" qala, "van" yer deməkdir.[5] Başqa bir mənbədə – Vaqif Yusiflinin "Ərkivan və ərkivanlılar" kitabında isə göstərilir: Ərkivan, Ərkəvan, Ardjuvan və Akon kimi göstərilir. "Akon" Talış dilində "əkon" sözündəndir. "Ə" o, "kə" ev, "on" cəm şəkilçisidir. Bu toponimin talışca daha inandırıcı variantı "Arkon"dur, yəni ərklilər deməkdir.
Dilçi alim, professor Ağamusa Axundova görə "Ərkivan" qala yeri deməkdir.
Məlum olduğu kimi, tariximizdə mühüm və əhəmiyyətli yer tutan Səfəvilər sülaləsi dünyəvi və ruhani hakimiyyəti birləşdirmişdilər. Ərkivanın Səfəvilərlə bağlılığı artıq təsdiq olunmuş həqiqətlərdəndir. Tarixçi alimlər Şeyx Səfinin Ərkivan kəndində (7 il) yaşadığını (1274-1281) qeyd edirlər. Tarixi mənbələrin verdiyi məlumata görə, 1501-ci ildə Təbrizdən qayıdarkən Şah İsmayıl Xətai yolüstü Ərkivanda dayanаrаq bir müddәt dincəlmiş və Şeyx Sәfi bulağından su içmişdir.
V-VI əsrlərdə tikilən Ərkivan qalası həmişə hərbi strateji əhəmiyyətə malik olmuşdur. Aparılan elmi tədqiqatlar Ərkivan qalasının müdafiə məqsədilə tikildiyini və düşmənə qarşı mərdliklə döyüşmüş Ərkivan əhalisinin qəhrəmanlıq simvolu olduğunu göstәrir.
Nadir şahın vəfatından sonra İranda mərkəzi hakimiyyət zəifləyir və Azərbaycanda ayrı-ayrı xanlıqlar, o cümlədən XVIII əsrin sonlarında Talış xanlığı meydana çıxır. Ərkivan qalası Talış xanlığının iqtisadi cəhətdən ən inkişaf etmiş ərazilərindən biri olmuşdur.
XVIII əsrin əvvəllərindən başlayaraq Ərkivan Rusiya dövlətinin diqqətini cəlb etməyə başlamışdır. XIX əsrin əvvəllərində Rusiya və İran arasında gеdәn müharibə dövründə (1904-1913) Ərkivan hər iki tərəf üçün mühüm əhəmiyyətə malik idi. Təsadüfi deyil ki, general Pyotr Kotlyarevskinin rəhbərliyi ilə Rus qoşunları Talış xanlığına gələrkən ilk növbədə Ərkivanı ələ keçirməyi daha vacib hesab edirdi. Bu zаmаn Ərkivanı Sadiq xanın rəhbərliyi ilə İran qoşunları qoruyurdu. O, Kotlyarevskiyə müqavimət göstərməyib cənuba doğru geri çəkildi. Rus qoşunları Ərkivanı ələ keçirdilәr. Abbasqulu ağa Bakıxanov yazır: "Pyotr Kotlyarevski Muğana gedib burada Qarabağ elatını və Ərkivanı aldı."[6] "Rus və Talış qoşunlarının qələbəsi nəticəsində Ərkivan vuruşunda düşmənin 2 topu və çoxlu silahı ələ keçirildi."[7]
"Cəvahirnameyi-Lənkəran" kitabında Ərkivan qalası barədə yazılıb: "Bu qala Mir Mustafa xanın səadət ulduzu çıxmamışdan Mir Əhməd xanın və onun əmisi uşaqlarının məskəni olmuşdur. Hazırda onlardan bir dəstəsi, o cümlədən, Mir Əhməd xanın övladlarının tikdirdiyi imarətin binası dağıdılmışdır." Аmmа 1747-1750-ci illərdə Ərkivan qalasının içində həmin imarəti tikmək üçün Mir Həsən xana vəsait verilmişdir. Həmin kitabda həmçinin qeyd olunmuşdur ki, bu imarət bir-birinin içində yerləşən üçqat divardan hörülmüş qala içərisində olmuşdur.
1812-ci il dekabrın 31-də 1813-ci ilin yanvarına keçən gecə Lənkəran şəhəri və Ərkivan tamamilə rusların əlinə keçir. Gülüstan müqaviləsindən sonra Ərkivan qalasında imarəti olan Mir Həsən xan burada hakimiyyət başına gəlir.
Uzun illər indiki Masallı rayonunun mərkəzi, paytaxtı olmuş Dəştvənd-Ərkivan, 1930-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasında rayonlaşma aparılarkən mərkəz funksiyasını indiki Masallı şəhərinə vermişdir. Həmin vaxt kənddəki məşhur Qala bazarı da Masallıya köçürülmüşdür.[8]
Ərkivan qalası
Arxeoloji qazıntılar zamanı tapılan (maddi mədəniyyət) nümunələrinin elmi təhlili Ərkivan qalasının V-VI əsirlərdə tikilməsini müəyyən etmişlər. Ulu babaların deməsinə görə 2000 il bundan əvvəl Ərkivan yaşayış məntəqəsi və Ərkivan qalası mövcud olmuşdur. Ərkivan qalası məmləkətimizin çoxəsrlik mədəniyyətinin ulu yurdunun qüdrətinin hazırda dünyada təsdiqləyən antik dövr mədəniyyətinin bir yadigarıdır. Ərkivan qalasının yaxınlığında antik şəhər yerinin xarabalıqları mövcuddur. Ərazidən aşkar olunmuş maddi-mədəniyyət abidələri qalıqları və qalanın müdafiə məqsədi daşıması burada qədim şəhərlərdən birinin ərazisində olmasına dəlalət edir (çox güman ki, həmin şəhər xarabalığı yerində Ərkivan şəhəri olmuşdur) . Antik şəhər xarabalığı ərazisi təqribən Ərkivan qəsəbəsinin qərb hissəsində relyef xüsusiyyətlərinə görə hündürlükləri əhatə edir. Çox ehtimal ki, bu şəhər xarabalığı keçmişdə mövcüd olmuş Ərkivan şəhəri adlanırmış. Ərkivan şəhərinin maddi mədəniyyət nümunələri torpağın altında qalmışdır. Bizə elə gəlir ki, şəhər xarabalığı ərazisində gələcəkdə xüsusi arxeoloji tədqiqatlar aparılacaq, bu şəhər yerində tapılan maddi mədəniyyət abidələrinə dair zəngin məlumatlar əldə etməyə imkan verəcəkdir.
Ərkivan qalasında olan möhtəşəm qala qapısı çar Rusiyası tərəfindən 1880-90-cı illərdə Dərbənd şəhərinə aparılmış, şəhərin darvazası kimi istifadə edilmişdir. Deyilənlərə görə qapı xüsusi dəvə arabası ilə Dərbəndə aparılmışdır. Həmin vaxtdan el arasında Dərbənd şəhəri "Dəmir qapı Dərbənd" adlandırılır.
Bu gün Ərkivan qalasının taleyi necədir? Ərkivanın Cəbili məhəlləsində yerləşən bu abidə qızıl həvəskarlarının və həvəskar arxeoloqların kortəbii qazıntıları nəticəsində insafsızcasına dağıdılıb. Yaşlı adamların bildirdiyinə görə, bəziləri dərin quyulardan qiymətli zinət əşyaları tapmışlar.
Mədəniyyəti
Ərkivan ərazisində aparılmış arxeoloji tədqiqat nəticəsində ibtidai icma dövrünə aid zəngin maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağlarının ətəklərində yerləşir Lənkəran ovalığı Xəzər dənizi ilə Talış dağları arasında yerləşir. Cənubda Astara çayınadək uzanır. Şimalda isə Salyan və Mil düzənliyinə qovuşur. Lənkəran ovalığının uzunluğu 110 km, eni şimalda 25–30 km, cənubda 7 km-ə çatır. Viləş çayının sağ sahilində yerləşən Ərkivan ərazisinin yuxarı hissəsində arxeoloji kəşfiyyat işləri bir neçə illər əvvəl aparılmışdır. Kəşfiyyat işləri zamanı Ərkivan ərazisindən üst paleolit dövrünə aid Daş məmulatı əldə edilmişdir. Bu, Ərkivan ərazisində qədim insanların 15-20 min il undan əvvəl yaşamağa başladığını söyləməyə imkan vermişdir. Xüsusilə Ərkivan ərazisinin Viləş çayı terraslarından tapılmış əmək alətlərindən texniki və tipoloji xüsusiyyətlərinə əsasən həmin alətlərin üst paleolit mədəniyyəti dövründə hazırlandığını söyləmək mümkün olmuşdur. Məlumat üçün bildirək ki, Üst paleolit mədəniyyəti Azərbaycanda 35 min il bundan əvvəl başlanmış və 12 min il əvvəl sona çatmışdır.
Ərkivanda aparılan tədqiqatlar zamanı tunc dövrünə aid maddi-mədəniyyət nümunələri qeydə alınmışdır. Tunc dövrü bəşəriyyətin inkişafında mədəni, tarixi bir dövrdür. Bu dövr Azərbaycan ərazisində V minillikdən eneolit dövrünü əvəz etmiş və eramızdan əvvəl I minilliyin əvvəllərinədək davam etmişdir. Tuncun alınması və ondan əmək alətləri istehsalında əsas material kimi istifadə olunması dövrün əsas xüsusiyyətlərindən biridir. Bu dövrdə misə nisbətən üstün keyfiyyətləri olan tuncun istehsalının kəşfi təkmilləşmiş, daha möhkəm əmək alətlərinin meydana çıxmasına zəmin yaranmışdır. Bu isə oturaq əkinçi-maldar tayfalarının mədəni-tarixi inkişafında əhəmiyyətli rol oynamışdır. Ərkivan tuc dövründə Ərkivanın tunc dövrünə aid yaşayış məskənlərində maddi-mədəniyyət nümunələrinin aşkar olunması burada yaşayan sakinlərin əkinçiliklə məşğul olduqlarını göstərir. Tunc dövrünün əvvəllərində duluzçuluq özünün yüksək inkişaf mərhələsinə çatır. Artıq bu dövrdə qabların əl ilə, lakin simmetrik formada hazırlanmış nümunələrinə təsadüf olunur. Eyni zamanda qulplu qabların sayı artmağa başlayır. Aparılan elmi-tədqiqatlar zamanı ilk nehrələrin meydana çıxması müəyyən olmuşdur. Maraqlıdır ki, neolit dövründən, yəni IX minillikdən Ərkivanda başlamış gil qablar istehsalı bu gün də davam etdirilir. Gil qablar istehsalında mühüm yenilik duluz çarxının meydana çıxmasıdır. Duluz çarxı vasitəsi ilə daha mükəmməl qablar hazırlanmağa başlanmışdır. Duluz çarxının meydana çıxması gilin yaxşı yoğrulmasına səbəb olmuşdur. Bu da qabların keyfiyyətində və formasında dəyişiklik əmələ gətirmişdir. Xüsusən məişətdə işlənən qabların istehsal olunması kütləvi xarakter almışdır. Bu gün də Ərkivanın Bağlakücə məhəlləsində duluz çarxlarında qabların hazırlanması davam etdirilir.
Aparılan arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan ərazisində və Ərkivanda tunc dövrünü üç inkişaf mərhələsi müəyyən olunmuşdur. Azərbaycanda III minilliyin sonunda ibtidai icma quruluşu dağılmış, dövlətlər meydana çıxmışdır. Aparılan arxeoloji tədqiqatlar və yazılı mənbələr göstərir ki, Ərkivan ərazisi qədim Manna və Atropeten dövlətlərinin ən mühüm ərazilərindən biri olmuşdur. Manna dövləti e.ə IX əsrin ikinci yarısında tarix səhnəsinə çıxmışdır. Manna dövləti özünün çiçəklənmə dövrünü e.ə VIII əsrin ikinci yarısında göstərmişdir. Bu dövrdə dövləti İranzu idarə etmişdir. İranzu özünün hakimiyyəti illərində ölkənin ərazisini genişləndirmək üçün yaranmış əlverişli şəraitindən bacarıqla istifadə etmişdir.
Ərkivanda heyvandarlıq, eləc də atçılıq Mannanın vilayətlərində heyvandarlığın, xüsusən atçılığın inkişafı haqqında Assuriya MİXİ yazıları məlumat verir. Ərkivanda da I minilliyin ortalarında və xüsusən dəmir dövründə özünün yüksək mərhələsinə çatmışdır. Aparılan elmi-tədqiqatlar zamanı atın insanların fəaliyyətində mühüm yer tutması müəyyən olunmuşdur. Uzun müddət at insanların təsərrüfatında və məişətində aparıcı mövqe tutmuşdur. Bu gün də Ərkivanda atdan təsərrüfat işləri zamanı istifadə olunmaqdadır.
Coğrafiyası
Ərikivan qəsəbəsi coğrafi mövqeyinə görə cənub şərqdən Lürən kəndi, cənubdan Qızılavar və Kolatan kəndləri, şimal qərbdən Kosakül kəndi, Bambaşı və Yeyənkənd kəndləri,
şərqdən İskəndərli kəndi, Masallı şəhəri, qərbdən Qəriblər kəndi və Qodman kəndləri ilə həmsərhəddir. Ərazisi 2294 kvm-dir.
Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağlarının ətəklərində yerləşir
Ərazidə rəsmi qeydiyyatda olan təsərrüfatların miqdarı 3802, əhalinin sayı isə 19.000 nəfərə yaxındır. Ərkivan qəsəbəsində ümumi torpaq sahəsi 2200 hektardır. Bunun 1263 hektarı əkinə yararlı torpaqlardir.
Coğrafiyaşünas alim Mirnuh İsmayılovun dediklərinə istinad edərək, bilologiya elmləri doktoru, görkəmli filoloq tənqidçi alim Vaqif Yusifli "Ərkivan və ərkivanlılar" kitabında yazır: - "Zəngin və rəngarən təbiətə malik Ərkivan Azərbaycanın cənub bölgəsində ən böyük kəndlərdən biridir. Azərbaycanın digər əraziləri ilə müqayisədə Ərkivanın təbiəti təkraredilməzdir. Bura yarımrütubətli subtropik iqlimlərin olduqca əlverişli şəkildə görüşdüyü ərazidir"
Qəsəbənin relyefi yarğan və çay dərələri ilə parçalanmış maili düzənlikdir. Viləş çayının min illər boyu səbrlə topladığı çöküntülərin əmələ gətirdiyi klassik formalı gətirmə konsunun üzərində formalışmışdır.
Maili düzənlik şərqə doğru 10–12 m hündürlüyü olan terrasla birdənbirə dəniz çöküntülərindən ibarət olan hamar ovalığa keçir. Qəsəbənin özü birbaşa terrasın qaş hissəsindən formalaşmağa başlamışdır. Bura həm təbii şəraitinə, həm də ətraf ərazilərdən seçilən mənzərəsinə görə fərqlənir.
Ərkivan qəsəbəsinin yerləşdiyi terrasın mütləq hündürlüyü dünya okeanının səviyyəsinə uyğun gəlir. Yəni, müasir deyimdə Ərkivan qəsəbəsi Xəzər dənizinin səviyyəsindən indiki halda 26,8 m hündürlükdə yerləşir.
Əhalisi
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Ərkivan kəndində 155 evdə 572 nəfəri kişilər, 478 nəfəri isə qadınlar olmaqla 1.050 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı.[9]
1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Ərkivan kənd cəmiyyəti tərkibinə daxil olan Ərkivan kəndində 183 evdə şiə etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 1.507 nəfər (940 nəfəri kişilər, 567 nəfəri qadınlar) əhali yaşayırdı.
Kəndin ərazisi 2.294 hektardan artıq olmaqla 13 məhəlləni, 3.765 ev təsərrüfatını əhatə edir. Əhalisinin sayı 19.000 nəfərdən artıq, torpağı məhsuldar və bərəkətlidir. Ərazidə 4 orta, 1 əsas məktəb, mədəniyyət evi, 4 kitabxana, sağlamlıq mərkəzi, 2 feldşer-mama məntəqəsi, poçt, uşaq bağçası, yanacaq və qaz doldurma məntəqələri, qaz paylayıcı stansiya, 4 kərpic, 5 çörəkbişirmə, 2 makaron, 1 şəkər, 1 mineral su qablaşdırma sexi, 2 un dəyirmanı, Seyid Sadıq ziyarətgahı, 9 məscid, 3 stadion, idman meydançaları, istirahət mərkəzləri, bir sözlə, qəsəbə statusunun verilməsi üçün bütün infrastruktur vardır. Kəndin əmək qabiliyyətli əhalisi kənd təsərrüfatının bütün sahələrində, habelə sənaye, ticarət, istehsal xidmətləri sahəsində, dövlət qurumlarında və təhsil ocaqlarında çalışırlar.
Din
Ərkivan yüksək ruhani təhsilə malik din xadimlərinin yurdu, respublika və dünya şöhrətli alimlər, ziyalılar məskənidir. Burada ruhaniyyətin ən yüksək zirvəsini fəth edən 5 nəfər müctəhid və 20 nəfərə yaxın, 25-30 il ruhani təhsilli Nəcəfil Əşrəf alimləri olmuşdur. Molla Hacı Məhəmmədəli Axund Məhəmməd oğlu, Molla Ağarza Axund Molla Fətəli oğlu, Şeyx Bəşir Axund Molla Hüseynəli oğlu, Seyid Qüdrət Axund Mikayıl oğlu, Ayətulla Şeyx Fazil Hacı Bəşir oğlu, Ayətulla Usman Şeyx Hacı Məhəmməd Fazil Lənkərani, Hacı Molla Əlihəsən Şeyx Bəşir oğlu və başqalarını misal göstərmək olar. Molla Hacı Məhəmmədəli Axund Məhəmməd oğlu Ərkivanın ilk məsçidinin mollası olmuşdur. Ərkivanın ilk məscidi olan Bağlakücədəki məscidin baş mollası kimi fəaliyyət göstərmiş, öz hesabına mədrəsə açıb, burada çoxlu tələbələr yetişdirmişdir. Həmin məscid Ərkivanın Bağlakücə, Qızılaküçə və Pələnküştə məhəllələri sakinlərinə məxsus olmuşdur. Şeyx Fazil Lənkərani Müçtəhidlik adını qazanmış ilk ərkivanlılardan biri 1884-cü ildə Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açmışdır. O, ruhaniyyət elminin ən yüksək pilləsinə yüksələrək 1940-cı ildə 56 yaşında müctəhidlik dərəcəsinə çatmış, 1971-ci ildə 87 yaşında İranın Qum şəhərində vəfat etmişdir. Məzarı Qum şəhərindədir. Ruhaniyyət elminin ən yüksək dərəcəsinə yüksələn ərkivanlı, 1987-ci ildə 21 yaşında müctəhidlik dərəcəsinə nail olmuş Məhəmməd Cavid Fazil Lənkərani Qum şəhərində Ayətulla-Uzma Fazil Lənkəraninin dəftərxanasının rəisi, "Məsum İmam"lar adına Beynəlxalq fiqhi mərkəzinin müdiridir. Ərkivanlı müctəhidlərdən sonra ənənə olaraq müxtəlif ölkələrdə ali ruhani təhsil alanların sayı daha da artmışdır. Xüsusilə Sovetlər qurluşunun süqutundan sonra dini-mənəvi dəyərlərə qayıdış yeni vüsət almışdır. Azərbaycanın müstəqilliyi dövründə ziyalılar məkanı sayılan Ərkivan qəsəbəsindən bir neçə gənc ümumi orta məktəbi uğurla başa vurmuş, sonra isə ali ruhani müəssisələrdə təhsillərini davam etdirirlər. Bu gün ali məktəblərdə tələbə kimi dini biliklərə yiyələnənlər yəqin ki, Ərkivanın keçmiş nüfuzlu alimlərinin, şəriət təbliğatçılarının, müctəhidlərinin şərəfli işini davam etdirəcək, xalqın mənəvi dəyərlərini qoruyacaqlar.
Qəsəbədə 9 məscid vardır. "Göllü" məscidi,[10] "Zeynoba" məscidi,[11] "Şeyx Səfi" məscidi,[12] "Qızlaküçə" məscidi[13] və "Ramazanlı" məscidi dini icmaları fəaliyyət göstərir.
Təhsil
Deyilənlərə görə, 19-cu əsrin sonlarında qəsəbədə yalnız bir nəfər Mirzə olmuşdur. 20-ci əsrin birinci onilliyində isə qəsəbənin Göllü məhəlləsindən Abasəli Baxış oğlu və Həsənəküçədən Qurbanəli Əliməmməd oğlu kənddə ana dilində məktəb açmağa cəhd etmişlər.
1920-ci ildə Əkbərxan Talışinskinin yaxından köməyi ilə Ərkivan kəndində ilk ibtidai məktəb açılmış, o zaman kənddə ictimai bina olmadığından ilk dəfə Abbaslı məhəlləsində, Molla Səfər İbrahim oğlunun evində fəaliyyətə başlamış və türk əlifbası ilə keçirilmişdir. Kənddə ilk Ali təhsilli şəxs Əkbərxan Mirqasım oğlu Talışinski olmuşdur. Kəndin ilk qadın müəllimi Qayda müəllimə olmuşdur.
1923-1926-cı illərdə Ərkivan kəndində gənclər oxumağa ciddi meyl göstərirdilər. Bunu nəzərə alaraq dövlət tərəfindən Ərkivan kəndində 1927-ci ild böyük bir məktəbin bünövrəsi qoyulmuş, məktəbin tikintisi 1928-ci ildə başa çatdırılmışdır. Həmin məktəb xarici görünüşünə görə "Ağ məktəb" adlandırılmışdır. "Ağ Məktəb" əvvəl 7-illik, sonra isə 1937-ci ildən orta məktəb kimi fəaliyyət göstərmişdir.
1931-1932-ci illərdə daha 3 məhəllədə -Bədirli, Həsənəkücə və Bağlakücə məhəllələrində ibtidai məktəblər yaradıldı. Bunlar 1933-cü ilə kimi Ərkivan 7 illik məktəbinin nəzdində olmuş, sonra isə müstəqil olaraq 7 illik məktəb kimi fəaliyyət göstərmişlər. Bu məktəblərdə ilk dəfə Vəkil Əbdüləli oğlu Bayramov (Pələnküştə) və Nüsrət Mirzəyev (Bədirli məhəlləsi) müəllim işləmişlər.
Ərkivan kəndində 1978-ci ildə 624 yerlik (Abbaslı) yeni bir məktəb tikilməyə başlandı və 1980-cı ilin sentyabrında istifadəyə verilərək C.Cabbarlı adına orta məktəb kimi fəaliyyət göstərir. Bununla yanaşı Bədirli, Həsənəkücə və Bağlakücə 7 illik məktəblər də sonrakı illərdə orta məktəbə çevrilmişdir.
Hazırda Ərkivan kəndində ilk orta məktəb olan "Ağ məktəbdən" başqa (Bu məktəb indi əsas məktəb kimi fəaliyyətdədir) daha 4 orta məktəb fəaliyyət göstərməkdədir. Bunlar C.Cabbarlı adına Ərkivan, Vəkil Bayramov adına Bağlakücə, Şəhid Əlvan Bağırov adına Həsənəkücə və Şəhid Zahir Nəcəfov adına Bədirli orta məktəbləridir. Bundan əlavə, 2013-cü ildən Allahyarlı kəndi Ərkivan qəsəbəsinə qatıldığından buradakı ibtidai məktəb də Ərkivan məktəblərindən sayılır.
Hal-hazırda qəsəbənin AMEA-da (Azərbaycan Milli Elmlər Akademiyası) 11 elmlər doktoru, 30 fəlsəfə doktoru vardır. Onu da xatırladaq ki, elmlər doktorları və fəlsəfə doktorlarının 7 nəfəri Cəbili məhəlləsindən (2-si elmlər doktoru), 12 nəfəri Bədirli məhəlləsindən (4-ü elmlər doktoru), 5 nəfəri Ramazanlı məhəlləsində (2-si elmlər doktoru), 5 nəfəri Həsənəküçə məhəlləsində (2 elmlər doktoru), 5 nəfər Qızılaküçə məhəlləsində , 3 nəfəri Bağlaküçə məhəlləsinə (1-i elmlər doktoru), 2 nəfər Miyondi məhəlləsində, 1 nəfəri Abbaslı məhəlləsindəndir. Bu alimlərdən 5 nəfəri tibb, 3 nəfəri filologiya, 12 nəfəri fizika-riyaziyyat, 7 nəfəri iqtisadiyyat, 5 nəfəri geologiya-minerologiya və coğrafiya üzrə və başqa sahələrdə ailmlik adı qazanıblar.
Məhəllələri
Ərkivan qəsəbəsi əhalisinin sayına görə müstəqil Azərbaycan Respublikasında ən böyük qəsəbələrindən biridir. Toponimik hesablamalara görə Ərkivandakı coğrafi adların sayı 3 mindən artıqdır. Qəsəbədə aşağıdakı məhəllələr vardır.
- Abbaslı məhəlləsi
Məhəlləyə ad orada məskunlaşan ilkin sakinlərin nəsil mənsubiyyətinə görə verilmişdir. Bu məhəllədə Abbas kişinin nəsli yaşayır.
- Bağlaküçə məhəlləsi
Bu yaşayış məntəqəsinin adının düzgün yazılışı Bağılarküçə məhəlləsi olmalıdır. Coğrafi adın tərkibindəki ”bağla” komponenti "kücə” isə Talış dilində "kənd”, "məhəllə”, "yaşayış yeri”, "yaşayış məskəni”mənasındadır. Məhəllədə Bağılar nəsli ilk dəfə məskən salmasına görə o, belə adlandırılırmışdır. Bağlakücə - bağılar nəsli yaşayan məhəllə deməkdir.
- Bədirli məhəlləsi
Yaşayış məntəqəsinin ilkin sakinlərinin Bədir nəslinin adını daşımasına görə belə adlandırılmışdır.
- Qızılaküçə məhəlləsi
Yaşayış məntəqəsinin ilk sakinlərinin Qızılavar kəndindən köçüb gəlməsi ehtimalı etmək mümkühdür. Çox ehtimal ki, "Qızla” komponenti "Qızıl-vo” sözündən təhrifdir. "Qızılvo” adındaki "vo” sözü talışca külək mənasındadır. Qızlakücə Qızılavar kəndindən köçüb gəlmiş əhalinin saldığı məhəllə deməkdi.
- Zeynoba məhəlləsi
Zeynoba toponimi Zeyni oba adından təhrifdir. Yaşayış məntəqəsi Zeyni obası adlı yerdə salınmasına görə belə adlandırılmışdır. Coğrafi adın düzgün yazılışı Zeynioba məhəlləsi olmalıdır.
- İsoba məhəlləsi
Yaşayış məntəqəsi adının İsoba yazılışı təhrifdir. Mənbələri araşdırdıqda aydın olur ki, coğrafi adın ilkin yazılış variantı İsa oba olmuşdur. Yerli əhalinin tələffüzü və elziya (səsdüşümü) nəticəsində "a” səsi düşmüş və coğrafi ad İsoba şəkilində yazılmışdır. Bu məhəllənin ilkin sakinləri İsa obasında mıskunlaşmasına görə məhəllə belə adlandırılmışdır.
- Göllü məhəlləsi
Məhəllənin ilkin sakinləri çoxlu kiçik göl olan ərazidə məskunlaşmasına görə yaşayış məntəqəsi belə adlandırılmışdır.
- Miyondi məhəlləsi
Coğrafi adın tərkibindəki komponentlərdən olan "miyon” ("miyona”) talışca dairəvi, orta, mərkəz, "di” isə kənd deməkdir. Burada məskunlaşmış əhalinin əksəriyyətinin milliyyətcə talışlardan olması da fikrimizi təsdiq edir.
- Pələnküştə məhəlləsi
Respublikamızda bir qrup yaşayış məntəqələri yuxarıda qeyd etdiyimiz kimi baş vermiş müəyyən hadisəni əks etdirir. Belə coğrafi adlardan biri də Pələnküştə məhəlləsi adıdır. Toponimin tərkibindəki pələng – heyvan adıdır, küştə isə talışca öldürülən deməkdir. Məhəllə pələng öldürülən ərazidə salınmasına görə yaşayış məntəqəsi belə adlandırılmışdır. Deməli, Pələnküştə pələng öldürülən yer mənasındadır.
- Ramazanlı məhəlləsi
Yaşayış məntəqəsinə ad ilkin sakinlərinin nəsil mənsubiyyətinə (Ramazanlı nəslinin orada məskən salmasına) görə verilmişdir.
- Həsənəküçə məhəlləsi
Yaşayış məntəqəsi ilkin sakinlərinin başçısının (Həsənin) adını daşıyır. Həsənəküçə coğrafi adında "Həsən” şəxs adı, "ə” birləşdirici səs, "küçə” yaşayış yeri, kənd, məhəllə deməkdir.
- Cəbili məhəlləsi
Məhəlləyə ad ilkin sakinlərinin nəsil mənsubiyyətinə (Cəbili nəslinin orada məskunlaşmasına) görə verilmişdir. Bu məhəllədə sırf Məşədi Cəbinin övladları yaşayır.
2013- cü ildən Allahyarlı kəndi də Ərkivanın məhəllələrindən biri hesab edilir.
Memarlıq abidələri
- Ərkivan qalası – IX-X əsrlər
- Şahsəfi bulağı – XIII əsr
- Mehti bulağı – XIX əsr
- Göllü məscidi – XIX əsr (Göllü məhəlləsi)
- Məscidlər və bir neçə tikililər – XX əsr
- Mir Seyid Sadıq Ağa məqbərəsi – XXI əsr
- Şəhidlər bulağı - XXI əsr
- Şəhidlər parkı - 9 may 2007-ci il
İqlimi
Ərkivanın iqlimi rütubətli subtropikdən quru subtropikə keçiddir
Yayı quraq, qışı mülayim və yağıntılıdır. Yay aylarında havanın hərarəti 36-38 dərəcəyə çatır. İl ərzində atmosfer yağıntısının yalnız 8-10 faizi yaya düşür. Buna görə də yayda əkin sahələrinin suvarılması lazım gəlir. Yayın istisini axşamlar Talış dağlarından axıb gələn xəfif meh yumşaldır.
Qışda havanın orta temperaturu müsbət 3 dərəcədən yuxarı müşahidə edilir. İl ərzində atmosfer yağıntılarının miqdarı 700–800 mm-ə çatır. Bunun da əsas hissəsi ilin soyuq dövründə düşür. Bəzi illər qış ayları kəskin soyuqlaşmalarla qeyd edilir. Belə hallarda havanın temperaturu mənfi 18 dərəcəyə qədər aşağı düşür.
Mülayim qış şəraitinə uyğunlaşmış subtropik bağlar və plantasiyalar kəskin şaxtalı illərdə adətən xeyli ziyan çəkir. Təqribən 812 ildən bir Ərkivanda kəskin şaxtalı illər qeydə alınmışdır. Qış aylarında ara-sıra Talış dağlarının zirvələrini aşıb keçən isti tropik hava axınları temperatura xeyli yumşaldıcı təsir göstərir və kəskin şaxtaların əkinlərə vuracağı ziyanın qarşısını alır. Belə isti küləklərə coğrafi ədəbiyyatlarda "Fyon", Ərkivanın yerli coğrafi terminologiyasında isə "Gərmic" deyirlər. Bu küləklə bağlı Ərkivanda belə bir məsəl də dolaşmaqdadır:
Ərkivan təbiətinin ən mühüm sərvətlərindən biri də onun yeraltı və yerüstü sularıdır. Yerüstü su hövzələrindən ən böyüyü Viləşçaydır. Talış dağlarından süzülüb gələn şirəli suları Viləş çayı Ərkivan qəsəbəsi yaxınlığnda düzənliyə çatdırır. Hazırda suvarma məqsədilə çayın düzənliyə qovuşduğu yerdə Talış bölgəsində ən böyük "Viləş çay" su anbarı yaradılmışdır. Bundan əlavə kəndin özündə bir neçə su anbarları vardır.
Görkəmli şəxsləri
- Axundov Çingiz Qəni oğlu. Bakı Dövlət Universiteti, Fizika problemləri elmi tədqiqat inistitutu, fizika riyaziyyat elmləri namizədi dosent fizik. (Ramazanlı məhəlləsi), (Axundoba)
- Abdurrəhman Səmədov Qubad oğlu – Baytarlıq üzrə fəlsəfə doktoru, "Ərkivan salnaməsi ” kitabının müəllifi. Vəfat edib. (Qızılaküçə məhəlləsi)
- Bağır Bağırov – Geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü. (Bədirli məhəlləsi)
- Cavanşir Yusifli – Tənqidçi, ədəbiyyatşünas və tərcüməçi. (Həsənəkücə məhəlləsi)
- Cəbrayıl Cəbrayılov – Ağır atletika üzrə SSRİ çempionu. Beynəlxalq dərəcəli hakim. Azərbaycan Tibb Universitetinin müəllimi. (İsoba məhəlləsi)
- Əliməmməd Nuriyev – Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti. (Bağlakücə məhəlləsi)
- Əsədulla Cəfərov Qüdrət oğlu – Tarix elmləri doktoru, professor, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunda şöbə müdiri, beynəlxalq İNTAS-2000 proqramının qrant lauretı. (Bağlaküçə məhəlləsi)
- Əvəz Cəbiyev Abdulhəsən oğlu – Tibb elmləri doktoru, Azərbaycan Tibb Universititinin professoru. Masallı Rayon Mərkəzi Xəstəxanası onun adını daşıyır. Vəfat edib. (Cəbili məhəlləsi)
- Fərqanə Səmədova Vasif qızı – Siyasi elmlər üzrə fəlsəfə doktoru. ABŞ-də yaşayır. (Qızılaküçə məhəlləsi)
- Firudin Şiriyev Ağaxan oğlu – Biologiya üzrə fəlsəfə doktoru. (Pələnküçtə məhəlləsi)
- Gülağa Qəmbərov – Gülağa Tənha adı ilə tanınan Azərbaycanlı şair və iş adamı. (Miyondi məhəlləsi)
- Gülağa Salayev Azadxan oğlu – Hüquq üzrə fəlsəfə doktoru. Hazırda Belorusiya Respublikasında Arbitraj Məhkəməsinin hakimidir. (Həsənəküçə məhəlləsi)
- Həsənağa Qənbərov Məmi oğlu – Tibb üzrə fəlsəfə doktoru. Bakı xəstəxanalarında həkim işləyir. (Miyondi məhəlləsi)
- Qorxmaz Mikayılov Eyvaz oğlu – Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, ABŞ-də işləyir. (Bağlaküçə məhəlləsi)
- Qoşqar Şiriyev Ağaxan oğlu – İqtisadiyyat və tibb üzrə fəlsəfə doktoru. (Pələnküçtə məhəlləsi)
- Qubad Cəbrayılov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Dosenti. Əməkdar müəllim. (İsoba məhəlləsi )
- Maarif Teymur – Ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
- Məhərrəməli Niftullayev Zülfüqar oğlu – Tibb elmləri doktoru. Azərbaycan Tibb Universitetində dərs deyir. (Bədirli məhəlləsi)
- Nadir Ağayev – Güləşçi, SSRİ çempionu SSRİ idman ustası, əməkdar məşqçi. (Bağlakücə məhəlləsi)
- Nadir Məmmədov – 1982-ci ildən BDU-da çalışır. Xarici ölkələrin iqtisadi–siyasi coğrafiyası və turizm kafedrasının professoru.
- Rəsmiyyə Sabir – İqtisad üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan, Rus, Türk, İngilis dillərində nəşr olunan 100 elmi əsərin müəllifi. (Miyondi məhəlləsi)
- Sabir Mirzəyev – Fizika-riyaziyyat elmləri doktoru, professor. (Bədirli məhəlləsi)
- Samirə Bağırova – Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. ABŞ-də işləyir. (Bədirli məhəlləsi)
- Şeyx Məhəmməd Fazil Lənkərani (ata, Ərkivan kəndi) – İslam dünyasının və Şiə məzhəbinin böyük alimi, İranda din xadimi, ayətullah, müctəhid və mərcəyi-təqlid. (atası - Göllü məhəlləsi)
- Tağı Cəbiyev – Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. (Cəbili məhəlləsi)
- Vaqif Yusifli – Filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət işçisi, "Azərbaycan" jurnalının baş redaktor müavini.
- Babayev Taleh Əkbər oglu—Karate üzre dünya ve avropa çempionu , prezident mükafatçısı (Bağlakücə məhəlləsi)
- Ələddin Məlikov — Fəlsəfə üzrə elmlər doktoru. AMEA Fəlsəfə və Sosiologiya İnstitutu. (Ramazanlı məhəlləsi)
- Şahin Yəhyayev Xanoğlan oğlu- AMEA Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi (Bədirli məhəlləsi).
- Yaqub Məmmədov – Güləşçi, SSRİ çempionu.
- Fateh Fətullayev — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSRİ əməkdar artisti.
- Əli Əliyev – Güləş üzrə Avropa çempionu, idman ustası.
- Niyam Salami – müğənni
- Nadir Rəsulov – AR Prezidentininin Sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif edilib. (Bağlakücə məhəlləsi)
Şəhidlər
- Ağayev Ələddin Bahaddin oğlu
- Bağırov Əlvan Ramazan oğlu
- Bədəlov Qalib Kitabəli oğlu
- Bədəlov Vüsal Həmdulla oğlu
- Binyatov Mahir Yadulla oğlu
- Cəfərov Əfruz Mahmud oğlu
- Əhmədov Yavər Məmmədağa oğlu
- Əliyev Mircəlil Seyidağa oğlu
- Gözəlov Güləsgər Qafur oğlu
- İbrahimov Şirvan Oruc oğlu
- Qənbərov Səyyad Yavər oğlu
- Mirzəyev Əhməd Qədir oğlu
- Nəcəfov Rafiq Zabil oğlu
- Nəcəfov Zahir Zülfi oğlu
- Səfərov Elnur Şahbaz oğlu
- Talıbov Şaiq Tahir oğlu
- Teymurov Yavər Nəbi oğlu
- Anar Novruzov Gülverdi oğlu
- Əlizadə Famil Habil oğlu
Fotoqalereya
- Göllü məscidi
- Dəştvənd Hotel
- Limon bağı
- Ferma istili su hövzəsi
- Ərkivan Mərasim evi
- Həsənəkücə məhəlləsi
- Ərkivandan keçən yollar
- Bulaq
- Viləş çayı və Talış dağları
- Həsənəkücə məhəlləsi qış fəslində
- Şəhidlər bulağı
- Ərkivanda tut bağı
İstinadlar
- https://www.stat.gov.az/map/az/06_5/006_5_dem.xls.
- "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ Qərarı". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ASE, IV cild, Bakı, 1982
- "Kənd həyatı" jurnalı. 17-ci sayı, 1977
- Ağamusa Axundov. "Torpağın köksündə tarixin işləri" Bakı, 1983.
- "Gülüstani-İrəm" əsərindən.
- F. Əsədov, "Dar gündə yaxşı arxa" kitabından.
- Zahir Əmənov, "Ərkivan" kitabı.
- Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37
- MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
- MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
- MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
- MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az (az.)