Ərdalan xanlığı
Ərdalan xanlığı və ya Ərdəlan əmirliyi[1] (kürd. میرنشینی ئەردەڵان) — İranın Kürdüstan əyalətində, Sənəndəc şəhərində iqtidarda olmuş xanlıq (1169-1867).
Tarixi
XII əsrdən-XIX əsrin 60-cı illərinədək gah müstəqil, gah da yarımmüstəqil hakimiyyət sürmüş kürd tayfa birləşməsi Bani Ərdalan Kürdüstan və İran tarixinə öz damğasını vuran sülalələrdən biridir. Şərəf xan Bidlisi "Şərəfnamə"də ərdalanlıların adını kürdlərin güclü tayfa birləşmələri olan Həkəri Soran və Babanlarla yanaşı çəkir. [2]
Bani Ərdalan kürdlərinin tarixi haqqında çoxsaylı əsərlərdə geniş məlumat verildiyinə baxmayaraq, müxtəlif dövrlərdə yazılmış iki kitab dəyərli elmi mənbə kimi daha çox diqqəti cəlb edir.
Həmin kitablardan birincisi Xosrov İbn Məhəmməd Bani Ərdalanın o zamankı hakimi Xosrov xan Nakamın dövründə tamamlanmışdır. Lakin bu dəyərli əsər yalnız 1977-ci ildə Tehranda iranlı kürd alim doktor İsmayıl Ərdalan tərəfindən çap olunmuşdur. Rus alimi E.İ.Vasilyeva həmin əsəri fars dilindən rus dilinə çevirərək, 1984-cü ildə Moskvada çap etdirmişdir.
İkinci kitabın müəllifi Mah Şərəf xanım Kürdüstani Xosrov-xan Nakamin həyat yoldaşıdır. O, həm də Məsturə təxəllüsü ilə gözəl şerlər yazmış və tətqiqatçıların X.B. Natəvanla müqayisə etdiyi "divan sahibi" olan kürd şairəsidir. Müəllif həmin kitabı 1845-1847- ci illərdə, yəni birinci kitabdan təxminən 13 il sonra yazmışdır. Mah Şərəf xanımın kitabı ilk dəfə 1946-cü ildə onun vətənində - İran Kürdüstanında Demokratik Cümhuriyyət yaranan il çap olunmuşdur. Həmin kitabı çap etdirən kürd alimi Nasir Azadpur yazır: "Hərçənd ki, Ərdalan tarixinə dair çox kitab və əsrlər yazılmışdır, etiraf etmək lazımdır ki, Məsturənin Xronikası yazılması tarixinin qədimliyinə müəllifin şəxsiyyəti və Bani Ərdalan evinə qohumluq əlaqələri nöqteyi-nəzərindən istənilən digər kitabdan daha çox diqqəti cəlb edir".
Ərdalan kürdlərin yaşadığı yeganə vilayətdir ki, onların adı ilə, yəni Kürdüstan adlandırılmışdır. Bir çox mənbələrdə Ərdalan və Kürdüstan sözləri sinonim kimi işlənmişdir. İranın müasir ictimai-siyasi Kürdüstan ostanı məhz tarixi ərdalan vilayətinin ərazisində yerləşir. Bir çox tədqiqatçılar bu vilayətin ərazisini kürdlərin yaranma mərkəzi ocağı hesab edir.
Vilayətin tarixi haqqında hər iki kitabı farscadan rus dilinə tərcümə edən E.U.Vasiliyeva Bani Ərdalan knyazlığının tarixini 4 dövrə bölür:
- I dövr - knyazlığın yaranmasından XV əsrədək.
- II dövr - XVI əsrdən-1658-ci ilədək. Bu dövrdə vilayət geniş əraziləri əhatə edir və demək olar ki, müstəqil idarə olunurdu. Və hətta, hökmdarlarının adına pul buraxılırdı (36,85).
- III dövr - 1658-1825-ci illər. Knyazlığın ərazisi əsasən Ərdalan vilayətini əhatə edirdi.
- IV dövr - 1825-1868-ci illər. Bu dövrdə yerli hakimiyyət zəifləyir və vilayətdə Qacarlar sülaləsinin nüfuzu artmağa başlayır.
Kürd alimlərinin əksəriyyəti Bani Ərdalan sülaləsinin öz mənşəyini Sasanilərdən Ərdəşur Papakandan olduğunu yazır. Şərəf Xan Bidlisi qeyd edir ki, sülalənin banisi Baba Ardalan Diyarbəkrdə hökmranliq edən Mərvanilərdən idi və o, həmin dövrdə Şəhruzurun hakimi idi. K.Riç və başqalarının fikrinə görə Bani Ərdalan ailəsi (sülaləsi) öz başlanğıcını quran (goran) tayfa birləşməsinin bir qolu olan mamuilərdən almışdır.
Tədqiqatçılar belə hesab edir ki, bu sülalənin banisi Baba Ərdalan 1169-cu ildə Ərdalanda deyil, şəhrizur vilayətində hakimiyyətə gəlmişdir. Sülalənin ilk hökmdarları olan Baba Ərdalan, Kalul, I Xızır, İl yas, II Xızırın dövründə vilayətin sahəsi geniş əraziləri -Şəhrizur, Palanqan, Koy, Hərir, Baban, Şəhrbazar, Rəvandüz, Ərdəbil və İmadiyəni əhatə edirdi.
1550-ci ildə I Şah Təhmasibin göstərişi ilə qızılbaşların (səfəvilərin) qoşunu Ərdalan üzərinə hücuma keçir. Vilayətin hakimi Bikə bəyin qəhramancasına döyüşü nəticəsində qızılbaşlar geriyə qaçmağa məcbur olurlar.
1561-1562-ci illərdə Bağdad əmiri Osman paşa sülalənin ilk iqamətgahı olmuş Zalm qalasını və Şəhrizuru işğal edir. Xosrov ibn Məhəmmədin verdiyi məlumata görə üç ildən sonra (1565-ci ildə) Bəni Ərdalanın hakimi Sultan Əli bəy Şəhrizuru osmanlılardan geri alır.
Bani Ərdalan hakimi Teymur xan (Sultan Əli bəyin oğlu) (1579-1590) öz hakimiyyətini gücləndirərək və Şah Təhmasibin ölümündən istifadə edərək Kirmanşah, Sunqur, Dinəvər və Gorusu da Bani Ərdalanın tərkibinə daxil edir. O, əvvəlcə Osmanlı sultanı Murad-xana itaətkarlıq göstərsə də, sonradan vilayəti müstəqil idarə etməyə başlayır. Vaxtından əvvəl (goruslularla müharibədə) ölümü Teymur xanın müstəqil Kürdüstan dövləti qurmaq arzusunu ürəyində qoydu.
Teymur xanın ölümündən sonra hakimiyyətə gələn Helo xan Palanqan, Həsənabad, Mərivan qalalarını tikdi (bəzi tətqiqatlara görə bərpa etdi) və sülalənin ilk iqamətgahı olan Zalm qalasını bərpa edib daha da möhkəmləndirdi. Tədricən öz hakimiyyətini və ordusunu gücləndirən Helo-xan İran şahı (I Şah Abbas Səfəvi) və Osmanlı sultanına baş əyməyib vilayəti müstəqil idarə etməyə başladı.
1611-ci ildə İran şahının əmri ilə Luristan hakimi Hüseyn xan Lurun başçılığı altında böyük qoşun birləşmələri Ərdalanın üzərinə hücuma keçir. Helo xana itaətsizliyinə görə dərs vermək istəyən Şah Abbasın qoşunu məğlub olub, geriyə qayıdır. Buna görə şah Abbas özü Ərdalan üzərinə yeriməyə başlayır, lakin ətrafdakıların məsləhəti ilə Helo xana hücum etməyib geri dönür.
Öz bacısı Helo xanın oğlu Xan Əhməd xana ərə verən Şah Abbas onu Ərdalanın hakimi təyin edir. 1616-cı ildə hakimiyyətə gələn Xan Əhməd xan Ərdalan vilayətinin ərazisini daha da genişləndirir və onun iqtisadi-siyasi qüdrətini xeyli güclədirir. Tarixçi İsgəndər bəy Türkmən şah Abbasın dövründə hakimlik etmiş qüdrətli 17 kürd və lur (onlar da kürd xalqının bir qoludur) əmirləri içərisində birinci sırada Helo xanın oğlu Xan Əhməd xanın adını çəkir.
I Şah Abbasın ölümündən (19 yanvar 1629) sonra Xan Əhməd xan qızılbaşların tabeliyindən çıxıb, öz adına pul kəsdirməyə və Tam müstəqil hökmranlıq etməyə başlayır. Xan Əhməd xan Ərdalan vilayətinin sahəsini Kirmanşahdan və Həmədandan Urmiyayadək, Marağadan Mosul və İmadiyəyədək genişləndirir.
1638-ci ildə Şah Səfi Zal xanın başçılığı altında Xan Əhməd xan Osmanlı sultanı tərəfindən ona köməyə göndərilən türk döyüşçü dəstələri ilə birlikdə şah Səfinin qoşununu Mərivan gölü ətrafında darmadağın edir. Həmin döyüşdən sonra Mosula gedən Xan Əhməd xan burada vəfat edir.
1682-ci ildə Süleyman şah Səfəvinin əmri ilə Kürdüstanın hakimiyyətinə Teymur xan Acarlu təyin olunur. [3] O, 1687-ci ilədək buranın hakimi olur.
1704-cü ildə Kürdüstanın hakimi Həsənəli xan Məhəmmədmömin xan oğlu Bəydili-Şamlı təyin edilir.[4] Həsənəli xan 1707-ci ilədək Kürdüstanı idarə edir.
1707-ci ildə Kürdüstanın hakimi Hüseynəli xan Məhəmmədmömin xan oğlu Bəydili-Şamlı təyin edilir.[5] Hüseynəli xan 1710-cu ilədək Kürdüstan valisi olur.
1744-cü ildə Nadir şah Qırxlı-Avşar Kürdüstana Hacı Mövlamverdi xan Qacarı hakim göndərdi. Bir müddətdən sonra onu Sübhanverdi xan Bəni-Ərdalani ilə əvəzlədi.[6]
1746-cı ildə Nadir şah Qırxlı-Avşar Kürdüstana Məşhədli Məhəmmədrza bəy Gürcünü hakim təyin edir. Bir müddətdən sonra onu yenidən Sübhanverdi xan Bəni-Ərdalani ilə əvəzləyir.[7]
Xosrov xan Bəni Ərdalanın hakimiyyəti illərində (1756/57-1790/91) Ərdalan Xanlığının hərbi siyasi-qüdrəti daha da güclənir, müstəqilliyi artır. Belə ki, 1779-cu ildə Kərim xan Zəndin ölümündən sonra hakimiyyəti ələ keçirməyə çalışan Qacarlar sülaləsi yalnız Xosrov xan Bani Ərdalanın hərbi köməyi sayəsində öz məqsədinə nail olur. Ağa Məhəmməd xan Qacarın hakimiyyət başına keçməsinə yaxın köməklik göstərən Xosrov xan Bani Ərdalan tədricən özünü müstəqil aparmağa başlayır. Onun bu itaətsizliyi Ağa Məhəmməd xan Qacarın xoşuna gəlmir və o öz müttəfiqinin (Xosrov xan) üzərinə qoşun göndərir. Həmədan yaxınlığında baş verən şiddətli döyüşdə Xosrov xan qalib gəlir və ağır itkiyə məruz qalan Ağa Məhəmməd xan Qacar geri çəkilməli olur. Tarixçilərin verdiyi məlumatlara görə bu döyüşdə "dərs alan" Ağa Məhəmməd xan sonralar birbaşa Xosrov xanın üzərinə hücuma keçməyə cürət etmir.
Bani Ərdalan axırıncı qüdrətli hökmdarlarından biri olan Əmənullah xan (Xosrov xanın oğlu) 20 ildən yuxarı (1799-1825) bir dövrdə vilayəti demək olar ki, tam müstəqil idarə etmişdir. Mənbələrin verdiyi məlumata görə, O, Şah (kral) mövqeyinə malik olub sözün tam mənasında müstəqil idi. Rus alimi F.Çyornozubov fars və erməni mənbələri əsasında vilayət haqqında yazdığı dəyərli əsərində ("Şirlər və Günəş" ölkəsi. Ərdalan, yaxud İran Kürdüstanı) qeyd edir ki, Əmənullah xanın adı bütün dünyada məşhur idi. Hindlər inglislərlə müharibə zamanı İran şahına və Əmənullah xana kömək üçün müraciət etmişdilər. Əgər İranda kiməsə heykəl qoyulması qərara alınsaydı, şübhəsiz ki, kürdlər Ərdalanın bu böyük dövlət xadiminə (Əmənullah xana) üstünlük verərdilər.
1825-ci ildə Əmənullah xan vəfat etdikdən sonra onun yerinə oğlu Xosrov xan Nakam (şairə Məsturənin əri) keçir. O, 1819-cu ildə Fətəli şah Qacarın qızı Valiyə xanım ilə evlənmişdi. 1835-ci ildə Xosrov xan Nakam 30 yaşında vəfat edir. Ərinin ölümündən sonra Valiyə xanım vilayəti idarə etməyə başlayır və beləliklə, burada hakimiyyət Qacarlar sülaləsinin nüfuzu altına keçir. 1865-ci ildə Xosrov xan Nakamın ikinci oğlu Qulam şah (II Əmənallah) vilayətin hakimi təyin olunur, onun ölümündən sonra 1868-ci ildə İran şahı Nasirəddin şah Qacar Ərdalan vilayətinə yerli sülalədən deyil, ərdalanlıların hakimiyyətə gətirdiyi Qacarlar sülaləsindən olan öz dayısı (Nəsrəddin şahın dayısı) Mötəmməd əd-Dövləni hakim (vali) təyin edir. Beləkilə, əsrlər boyu müstəqli hökmranlıq edən Bani Ərdəlan sülaləsinin hakimiyyətinə son qoyulur. Lakin tarixçilərin yazdığına görə sonralar da bu sülalənin nümayəndələri şah sarayında böyük nüfuza malik olmuşlar.
Ərdalan sülaləsi
I Bab Ərdalan
I Culul
I Xızra
I İlyas
II Xızra
I Həsən
I Bablul
I Munzir
I Məmun Bəy
I Bəgə Bəy
II Məmun Bəy
I Surxab Bəy
I Sultan Əli Bəy
I Bəsat Bəy(? -1578)
I Teymur Xan (1578-1589)
I Halu Xan (1589-1616)
I Əhməd Xan (1593, 1616-1637)
I Süleyman Xan (1637-1657)
I Kəlb Əli Xan (1657-1679)
II Əhməd Xan (1679-1679; 1688-1694)
I Xosrov Xan (1679-1682)
II Teymur Xan Arjalu (1682-1688)
I Məhəmməd Xan (1694-1701-?)
II Məhəmməd Xan Gürca (1701-1704)
I Həsən Əli Xan (1704-1706)
I Hüseyin Əli Xan (−1706-1709-?)
I Key Xosrov Bəy (1709-1710-?)
I Abbas Quli Xan (1710-1716; 1719-1723)
I Əli Qulu Xan (1716-1719-?)
I Xane Paşa Baban (1723-1729-?)
I Sübhan Verdi Xan (1729-1732; 1733-1743; 1744-1745; 1746-1748)
I Xalid Paşa Baban (1732-1733-?)
I Mustafa Xan (1733-1733)
III Əhməd Xan (1743-1744-?)
I Mövla Verdi Xan (1745-1746-?)
I Məhəmməd Riza Bək Gürca (1746-1746-?)
II Həsən Əli Xan (1746-1746; 1748-1750-1751)
I Kərim Xan (1750-1752-1779)
II Xosrov Xan (1752-1752; 1756-1763; 1766-1790)
I Səlim Paşa Baban (1752-1756-1758)
I Süleyman Paşa Baban (1763-1764)
I Əli xan (1764-1766-?)
I Lütf Əli xan (1790-1794)
III Həsən Əli xan (1794-1799-1802)
I Əmənullah xan (1799-1824)
III Xosrov xan (1804-1824-1834)
I Riza Qulu xan (1823-1834-1846; 1846-1847; 1848-1848-?)
II Əmənullah xan (1846-1846; 1848 - ???)
IV Xosrov xan Nakam (−1847-1848-?)
İstinadlar
- "Ərbil türkmanlarının Azərbaycan Prezidentinə müraciəti". Diplomat (az.). 9 (9). yanvar 2004. səh. 2.
- Шараф-хан ибн Шамсаддин Бидлиси, Шараф-наме, т. I. Перевод, предисловие, примечания и приложения Е. И. Васильевой, М., 1967.стр. 87.
- Хосров ибн Мухаммад Бани Ардалан, Хроника, Москва, 1984, стр. 125.
- Хосров ибн Мухаммад Бани Ардалан, Хроника, Москва, 1984, стр. 127.
- Хосров ибн Мухаммад Бани Ардалан, Хроника, Москва, 1984, стр. 127.
- Хосров ибн Мухаммад Бани Ардалан, Хроника, Москва, 1984, стр. 134.
- Хосров ибн Мухаммад Бани Ардалан, Хроника, Москва, 1984, стр. 135.