Ərəfsə (Qarakilsə)

Ərəfsə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Sisian rayonunda kənd.[2] 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sisyan nahiyəsində Ərəfsa kimi qeyd olunmuşdur[3][4] Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib, Ərəfsə sözünün əvəzinə ermənicə "Günəşli" mənasını verən Arevis qoyulmuşdur. Ərəfsənin tarixi adlarından biri də Şəhərcikdir. 1903-cü ildə nəşr olunmuş "Qafqaz" xəritəsində kəndin adı məhz "Şəhərcik" kimi verilmişdir.

Ərəfsə
39°24′18″ şm. e. 45°54′04″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 18,3 km²
Mərkəzin hündürlüyü 1.900 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 54 nəf. (2011)[1]
Rəsmi dili
Ərəfsə xəritədə
Ərəfsə
Ərəfsə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Ərəfsə kəndi müxtəlif vaxtlarda ətrafda mövcud olan dövlət qurumlarının tərkibinə daxil olub. Xanlıqlar dövründə Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra kənd əvvəlcə Tiflis, sonra isə Yelisavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, mərkəzi Qarakilsə olan Sisian mahalının tərkibində olmuşdur. Çar Rusiyasının çökməsindən sonra Ərəfsə kəndi yuxarıda göstərilən quberniya və qəza tərkibində Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olmuşdur. Şimali Azərbaycanın təkrar Rusiya tərəfindən — bu dəfə bolşeviklərin iştirakilə işğal oluunmasından sonra Zəngəzur qəzası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun layihəsinə uyğun olaraq, iki yerə bölünmüş, şərqi Azərbaycan SSR-ə, qərbi isə Ermənistan SSR-ə verilmişdir. Bununla da Türkiyənin Azərbaycan və Orta Asiya türkləri ilə birbaşa təmasda olmasının qarşısı alınmışdı. Bu layihə Qərbdə hazırlansa da, onun icrası Leninin yaratdığı hökumətin funksionerləri — Stalin və Orconikidze tərəfindən həyata keçirilmişdir. Haqqında bəhs olunan dövrdə başda Andranik Ozanyan olmaqla erməni silahlı bandit dəstələrinin Zəngəzurun müsəlman kəndlərinə basqınları təşkil edilir, əliyalın türk-müsəlman əhali qılıncdan keçirilirdi. Bölgənin digər türk-müsəlman kəndlərinin sakinləri kimi, ərəfsəlilər də ev-eşiklərini atıb, Naxçıvana qaçmaqla canlarını ölümdən qurtarmışlar. Yalnız sovet hakimiyyəti bir qədər möhkəmləndikdən sonra 1924-cü ildə ərəfsəlilər kəndə qayıda bilmişlər. Ərəfsədən şərqdə yerləşən Hortuyüz kəndinin sakinlərinə isə dağıdılmış kəndlərində məskunlaşmağa icazə verilmədiyindən, hortuyüzlülər də 1924-cü ildə Ərəfsədə məskunlaşmaq məcburiyyətində qalmışlar.

Toponimi

1968-ci ildə kənd ermənicə Aravis adlandırılmışdır. Ərəfsə Azərbaycan ərazisində ən qədim kənd adıdır. İlk dəfə olaraq eradan əvvəl XIV əsrdə Kiçik Asiyada Xet (het) dövlətinin hökmdarı II Murşilin bir qayaüstü yazısında Aripsa adlı bir kiçik "ölkə" və qala adı çəkilir və tədqiqatçılar onu Şərqi Anadoluda İndiki Ərzrumdan şimal-şərqdə lokalizə edirlər. Ona görə ki, eranın VI əsrdə orada Bizans mənbələrində Arabis kimi yazılan məntəqə vardı[5][6]. Xet mənbələrində Aripsa, Bizans mənbələrində Arabis kimi qeyd olunan bu məntəqənin əhalisinin etnik mənsubiyyəti mə'lum deyil. Lakin Şərqi Anadoluda hələ eradan əvvəl I minillikdə Altay-türkmənşəli etnosların yaşaması artıq şübhə doğurmur[7] Aripsa xet dilində yazılış formasıdır. Əslində yerli əhalinin bu adı necə tələffüz etdiyi bilinmir. Ona görə ehtimal ki, Aripsa adının yerli forması məhz Ərəfsə (orta əsr erməni mənbələrində Arevis) adı Naxçıvan bölgəsinə gətirilmişdir. Culfa rayonunda İndi də Ərəfsə kəndi vardır. Bu hadisə hər halda ərəb işğalından (VII–VIII əsrlərdən) əvvəl baş vermişdir. Ona görə ki, birincisi, Ərəfsənin əhalisi islam dininə yalnız burada-Naxçıvanda keçə bilərdi, xristian dininə itaət edən Bizans dövlətində, o sıradan Ərzrum əyalətində islam dininə keçmək mümkün olmazdı; ikincisi, Naxçıvan bölgəsində eramızın əvvəllərində Türkmənşəli kəngərlər məskunlaşdıqda Ərəfsə (Culfa rayonu) məntəqəsi mövcud idi, çünki orta əsrlərdə kəngərlərin bir qolu həmin kəndin adı ilə Ərəfsə (yaxud Ərəfsəli) adlanırdı. Həmin qolun əsl adı Sofulu idi. Zəngəzurun Sisyan mahalındakı Ərəfsə də məhz kəngərlərin Sofulu qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır, çünki bura həmin tayfanın yaylaq yeri idi. Ona görə də 1590-cı ilə aid mənbədə kənd Ərəfsəcik, yə'ni "Kiçik Ərəfsə" kimi qeyd olunur[8]. Lakin 1728-ci ilə aid mənbədə kəndin adı Ərəfsə kimi göstərilmişdir[9][10]Qədim mənbələrdə Ərəfsənin adı Aripsa kimi çəkilir və onun İpək yolu üstündə olduğu qeyd edilir. Ərəfsəlilər mənşə etibarı ilə kəngərli türk tayfasından sayılırlar. Bu da onların bilavasitə şumerlərlə (şumerlərdə "kanqar") bağlılığına dəlalət edir.[11]

Ərəfsə kəndinin coğrafi quruluşu və sosial durumu

Ərəfsə kəndi rayon mərkəzindən 20 km cənub-qərbdə, Salvartıçay (Qarışıq) çayının sol sahilində, dağ ətəyində yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Ərəfsəcik formasında (s.183), Qafqazın 5 verstlik xəritəsində Ərəvsə kimi qeyd edilmişdir. Ərəfsə kəndi Qafqazətəyi Zəngəzur sıra dağlarının: Salvartı dağının (3161,8 m) cənub-şərqində, Qırxlar dağının (3089 m) simal hissəsində və Mərcanlı düzünün şərq hisəsində və həmin istiqamətdən gələn dərələrin birləşdiyi yerdə dəniz səviyyəsindən 1879 m hündürlükdə yerləşır. Kəndin yeri yaşayış ücün tam uygun yerdə yerləşmişdi. Demək olar ki, 3 böyük dağ çayının və bir neçə bulaq suyundan yaranan Xırdaçayın qovşağında yerləşır. Qırxlar dağı tərəfdən gələn Dəliçay, Mərcanlı düzü istiqamətdən gələn Taxtakörpüçay (Abuzər) çayı və Salvartı dağının ətəyindən gələn Salvartıçayın qovuşduğu və kəndi iki hissəyə bölən Xırdaçayın da qovuşduğu qarışıq Salvartıçay rayon mərkəzindən bir qədər aşağıda Bazarçayla qovuşur.

Kəndi bir sıra hündür dağlar əhatə edir. Burada Salvartı və Qırxlardan əlavə Xaşxaşlı (2485,8 m), Təvərə (2623,9 m, bu ad Cənubi Azərbaycandakı Tavr silsiləsinin adı ilə üst-üstə düşür), Topurqulu (2269 m), Sarıyataq (2551,6), Hortüyüz yaylağı (2531 m), Gədik (2563 m), Camışölən (2951,5 m), Çitandaşı (2708,2) və b. ilə əhatə olunub.

Kənddə 100-ə yaxın yaşayış evi yerləşirdi. Kəndin 8 illik məktəbi, klubu, kitabxanası, qədim məscidi və mağazası, idarə orqanları var idi. Əkin sahələri, otlaqları və maldarlıq, qoyunçuluq və quşçuluq fermaları var idi. Əhalisi tam türk kökənlı azərbaycanlılardan ibarət idi. Kəndin meydan hissəsndən keçən Xırdaçay onu iki yerə böldüyü üçün kənd Aşağı və Yuxarı məhəllələrə ayrılırdı. Kəndin mal-qarası da məhəllələr üzrə otarılardı. Ərəfsəlilərin sosial vəziyyəti orta səviyyəli idi. Kənddə bütün evlər daşdan və sementdən istifadə edilməklə inşa olunmuş, dağlardan kəndə və həyətlərin bir çoxuna dəmir borularla bulaq suyu çəkilmişdir. Ümumiyyətlə Ərəfsədə çoxlu suyu içməli sərin bulaqlar vardır. Onlardan əlavə kənddə diqqəti cəlb edən və təxminən bir-birindən 100–200 metr məsafədə yerləşən daha iki bulaq var idi. Bunlardan biri Turşsu bulağı idi. Yerdən qazla birlikdə çıxan bu su iştahgətirən və gənclərin dincəlmə yeri idi. Bəzən qonşu kəndlərdən də həmin bulağın yanına qonaqlar gəlir, qoyun kəsib, kabab bişirirdilər. İkinci bulaq Qotursu adlanırdı. ondan içmək üçün istifadə olunmurdu. Amma deyildiyinə görə tibbi faydası var imiş.

Rayon mərkəzi ilə kənd arasında gündəlik avtobus marşrutu mövcud idi. Ərəfsənin hava durumu yayda orta isti — 25–30, qışda nisbətən soyuq — 5–10 (bəzən də 20) dərəcə şaxta olurdu. Ərəfsəlilər inanclarına görə müsəlman idilər. Kənddə şiə və sünni əhali mehriban dolanırdı, ümumiyyətlə məzhəb, təriqət məsələsi heç vaxt gündəmdə olmamışdır. Əksinə, şiə və sünnilər çox adi hal kimi bir-birləri ilə qohumlaşmışdılar. Kənddə boz qranit, mərmər və tuf daşları mədənləri var idi. Kənddəki qırmızı tufdan V əsrdə inşa olunmuş Qızıl kilsənin daşı Meşəbaşı deyilən yerdən gətirilmişdi. Orada yonulmuş qırmızı tuf daşının qırıqları dövrümüzədək gəlib çatmışdır.

Faunası

Ərəfsənin heyvanlar aləmi bütövlükdə Zəngəzurun və Kiçik Qafqazın heyvanlar aləminin bənzəridir, burada yalnız cüzi istisnalar vardır. Bu istisnalar bir qisim məməlilərə, suda-quruda yaşayanlara və quşlara aiddir. Burada faunanın zənginliyi barədə ilk məlumata şərq səyyahlarının Azərbaycanla bağlı yazılarında rast gəlmək olur. Bəzi memarlıq abidələri, qədim qaya və daşlar, xüsusilə də baş daşları üzərindəki müxtəlif heyvan təsvirləri (bu baxımdan dağlarda geniş yayılmış qoç baş daşları diqqəti daha çox cəlb edir) dövrümüzə qədər gəlib çatmışdır.

Ərəfsədə heyvanlar aləmi ilə bağlı fərdlərin sayı və onların növ tərkibi haqqında ayrıca tədqiqat aparılmamışdır. Lakin hansı növlərin burada yaşaması konkret olaraq hər bir ərəfsəliyə bəllidir. Bunlar, ev heyvanları və quşları nəzərə alınmazsa, əsas etibarilə aşağıdakılardan ibarətdir: Ərəfsənin ərazisinin, çaykənarı xırda düzənlər nəzərə alınmazsa, demək olar ki, hamısı dağlıqdır. Yayı ortayağıntılı, bəzən isə quraq keçən sərin iqlimi var. Orta temperatur yanvar ayında 5–15 dərəcəyədək şaxta, iyulda 20–30 dərəcəyədək isti olur. Əsasən geniş alp çəmənləri, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar geniş yayılmışdır. Burada, xüsusilə də güney dağlar qayalıqlardan ibarətdir.

Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız çox məhdud (meşə, dağın bir hissəsi), digərləri isə kəndin bütün ərazisində yayılmışlar. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara kəndin bütün ərazisində rast gəlmək olar.

Florası

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.

Ərəfsənin flora aləmi bütövlükdə Zəngəzurun və Kiçik Qafqazın flora aləminin bənzəridir, fərqlər o qədər də çox deyil. Hələ 1956–1959-cu illərdə Moskva Dövlət Pedaqoji İnstitutunun aspirantı A. Q. Yelenevski burada nəbati və fiziki-coğrafi tədqiqatlar aparmış, "Zəngəzurun florası və Cənubi Qafqaz florası tarixinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası yazmış, 1965-ci ildə isə onu müdafiə etmişdir. Onun topladığı herbari, təxminən 1500 növü əhatə etmişdir. Əvvəlki tədqiqatların araşdırmaları ilə aparılan müqayisələr və tamamlamalar herbarinin sayını 1707-yə çatdırmışdır. Müəllif buradakı tədqiqatlarına əsasən Zəngəzuru, o cümlədən, həm də Ərəfsəni Cənubi Qafqazın nəbati baxımdan ən zəngin bölgəsi kimi dəyərləndirmişdir. Burada əsasən enliyarpaq ağaclar və kollar — yabanı alma, armud, əzgil, alça, gavalı, çaqqala, palıd, ağcaqayın, fıstıq, vələs, qovaq, söyüd, yemşan, böyürtkən, topurqu, həmərsün (itburnu), qoyungözü, gərməşov, iynəyarpaq ardıc və sairə bitir. Otların sayı isə son dərəcə çoxdur. Mədəni nəbati bitkilər sırasında meyvələrdən alma, armud, qoz, əzgil, alça, gavalı, tərəvəz qrupundan isə kartof, balqabaq, lobya, xiyar, pomidor, kələm, turp, kök, baş soğan, çuğundur, müxtəlif növ göyərti — tərxun, vəzəri, keşniş, mərzə, soğan, cəfəri, şüyüd və sairə becərilirdi.

İqtisadiyyatı

Ərəfsənin iqtisadiyyatında əsas yeri maldarlıq və taxılçılıq tuturdu. Kənddə iribuynuzli malqaradan əsas etibarı ilə inək saxlanılırdı. Dövründən asılı olaraq 500-dək inək kənd sakinləri tərəfindən, 1000-ə qədər də kolxoz tərəfindən saxlanılırdı. Bunlardan əlavə 100-dək at və eşşək var idi. Xruşşovun hakimiyyəti illərində eşşək malqara siyahısına daxil edildiyindən, bir çoxları özləri üçün pulsuz nəqliyyat vasitəsi hesab etdikləri eşşəklərini meşəyə buraxmaq məcburiyyətində qaldılar. Xırdabuynuzlu heyvanlardan qoyun və qismən də keçi saxlanılırdı. Alp çəmənlərinin mövcudluğu böyük qoyun sürülərinin saxlanılmasına imkan verirdi. Xırdabuynuzlu heyvanlar əvvəllər aran-yaylaq şəraitində saxlanılsa da, sonralar — 50–60-cı illərdə heyvanların qışda saxlanılması üçün dövrün tələblərinə uyğun böyük və texnika ilə təchiz olunmuş tövlələr inşa olunmuşdu. Sonralar bu tövlələr sökülərək, 1 km məsafəyədək kənddən kənara çıxarılmışdı. Cəfi qayası yaxınlığında beton bloklardan tikilən müasir tövlə isə ermənilərin dağıdıcı və ilhaqçı siyasəti nəticəsində yarımçıq qalmışdır.

Ev quşlarından toyuq, hinduşka, qaz və ördək saxlanılırdı. Kənddə, demək olar ki, hər bir ailə arı bəsləyir və bal hasilatı ilə məşğul olurdu. Hətta kolxozun da 100-dək arı pətəkləri var idi.

Müxtəlif dövrlərdə kənddə pendir sexi, süd zavodu, quşçuluq ferması və s. fəaliyyət göstərmişdir. Hər ailənin kiçik həyətyanı torpaq sahəsi var idi və əsas ehtiyatlarını — kartof, lobya, kələm, göy-göyərti, çuğundur, xiyar və sair tərəvəzi, meyvə və giləmeyvəni həmin kiçik sahədən əldə edirdilər.

Taxıl istehsalında buğda, çovdar, arpa, qarğıdalı, habelə mərcimək, vələmir, günəbaxan və s. becərilirdi. Taxılçılıq demyə idi. Taxıl sahələri ilk vaxtlar öküz qoşulmuş cütlərlə, sonralar isə tırtıllı traktorlarla şumlanırdı. Əvvəllər dərz şəklində yığılıb kəndə daşınmış taxıl xırmanda öküzlərin qoşulduğu vəl ilə döyülərdi. XX əsrin 50-ci illərindən etibarən zamana uyğun olaraq dövrün müasir texnikasından istifadə olunurdu. Kənddə yük maşınları, tırtıllı və Belarus traktorlar, kombayn və dərzdöyən (molotilka), silos üçün otdoğrayan və s. texnikadan istifadə olunurdu.

Əhaliyə məxsus minik maşınları — əsasən jiquli və moskviç maşınları var idi. Müharibə illərində kəndə telefon xətti, 1956-cı ildə isə elektrik xətti çəkilmişdi. Kənddə geoloji-kəşfiyyat işləri aparılır, filiz çıxarılırdı. Əsasən molibden hasil edilirdi. Xırdaçayın üzərində, Dərə tövlə deyilən yerdə bu məqsədlə böyük tunel qazılmışdı. Kənddə şıxlarlı Novruz Mahmudovun rəhbərliyi ilə Geoloji-kəşfiyyat məntəqəsi fəaliyyət göstərirdi. Mədənlərdə ərəfsəlilərlə yanaşı, qonşu kəndlərdən də işləməyə gələnlər var idi. Məzməzək, Qurban dərəsi, Meşəbaşı, Səngərin arxasında — Xırdaçayın sol sahilındə və digər yerlərdə müxtəlif növ filiz aşkar edilmişdi.

Mədəniyyəti

Ərəfsə kəndi yerləşdiyi coğrafi mövqeyə görə rayonun ucqar kəndi olmasına baxmayaraq, burada dövrün tələblərinə cavab verən məktəb, klub, kitabxana, kolxoz idarəsi, sovet idarəsi, dükan var idi. Ara-sıra burada kinofilmlər nümayiş etdirilir, kəndin gəncləri və məktəb müəllimlərinin təşkilatçılığı ilə şagirdlərin ifasında xor dərnəyi, teatr tamaşaları fəaliyyət göstərirdi.

Müəllim Tapdıq Məhərrəmovun məccani olaraq şagirdlərdən təşkil etdiyi xor və rəqs dərnəyi dəfələrlə rayon mərkəzində çıxış etmiş, yarışlara qoşulmuş və erməni məktəblərini üstələyərək, qalib olmuşdu.

Bəzi hallarda Naxçıvandan və qeyri bölgələrdən gətirilmiş teatr tamaşaları, sirk ustalarının və kəndirbazların çıxışları təşkil olunurdu. Kənddə əvvəllər 6 illik, sonralar isə 7 və 8 illik məktəb, habelə vaxtaşırı 11 siniflik fəhlə-kəndli gecə məktəbi fəaliyyət göstərmişdir. Kənddən 30-dan artıq alim, 200-dən artıq müəllim, həkim, mühəndis, onlarla dövlət xadimləri, təsərrüfat rəhbərləri, hərbçi və digər ziyalı kateqoriyasından olanlar çıxmışdır. Kənddə məscid var idi. Lakin sovet hakimiyyəti illərində məscid müsadirə edilmişdi. Kənd sakinləri onun tövləyə çevrilməsinə yol verməmək üçün buranı taxıl anbarı etmişdilər. Bir müddət anbarda pendir sexi fəaliyyət göstərmişdi.

Kənddən bir-iki kilometr aşağıda, təxminən V əsrdə Bizans stilində inşa olunmuş kilsə var idi və ona Qızıl kilsə deyirdilər. Bu kilsə Qərbi Azərbaycanın Zəngəzur mahalında Sisian rayonunun Ərəfsə, HortuyüzComartlu kəndləri arasında, yolun qarşı tərəfində, Hortuyüzdən bir qədər yuxarıda yastan üzərində inşa olunub. V əsrdə Bizans stilində inşa olunub. Bu kilsənin erməni qriqorian dininə heç bir aidiyyəti yoxdur. Bizans pravoslav kilsəsini xarakterizə edir. El arasında "Qız damı" adlanan yeraltı saxlama kameraları vardır.

Deyilənə görə Comartlu kəndindən bir nəfər II Dünya müharibəsi illərində dörd il ərzində həmin Qız damında gizlənibmiş. Qızıl kilsəyə aid şəkillər aşağıda təqdim olunur. 1988–1992-ci il hadisələrindən sonra ermənilər Qızıl kilsəninComartlu kəndinin adını dəyişib Tanahat qoymuşlar.

Ermənilər təkcə XX əsr ərzində indiki Ermənistan adlandırılan ərazidə qırx minədək türkmənşəli coğrafi adları dəyişib erməniləşdirmişlər. Ermənistan Respublikası Dövlət Kadastr Komitəsinin rəhbəri Manuk Vardanyan 2006-cı il yanvarın 23-də mətbuat nümayəndələrinə bildirmişdir ki, indiyədək dəyişdirilən coğrafi adlar qaneedici deyil və hələ ən azı 8000–10000 türkmənşəli yer adları da dəyişdirilməlidir.

Əhalisi

1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya edilmişlər. İndi burada ermənilər yaşayır. Kənddə cəmi 2 müsəlman (azərbaycanlı) və 2 xristiyan ailəsi yaşayır[12]

1918–1919-cu illərdə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Ərəfsə kəndində evlər üzrə əhalinin siyahısı. Bu siyahı 1960–80-ci illər üzrə Ərəfsədə olan ailələrin nisbətən dolğun siyahısdır. Siyahıda müxtəlif dövrlərdə oxumağa və ya işləməyə getmiş sakinlərin də adları verilir. Hal hazırda kənddə işğaldan sonra bir-neçə erməni ailəsi yaşayır. Kəndin girəcəyində — aşağı məhəllədə dağıdılmış və salamat qalmış evlər haqda müəyyən məlumat əldə etmək mümkün olsa da, kəndin yuxarı məhəlləsi haqda bu sözləri söyləmək mümkün deyil. Ara-sıra daxil olan məlumatlara görə kəndin yuxarı məhəlləsində azərbaycanlı əsirlər saxlanılır və bu səbəbdən də kəndin yuxarı hissəsinə kənar adamlar buraxılmır. Buna görə də kəndin həmin hissəsi barədə ətraflı məlumat əldə etmək mümkün deyil. Hərçənd kənddə hərbi münaqişə olmayıb, ancaq evlərin çoxu erməni vandalları tərəfindən dağıdılıb.

Tanınmışları

Mənbə

  • İbrahim Bayramov. "Qərbi Azərbaycanın türk mənşəli toponimləri"

Xarici keçidlər

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  3. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
  4. Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958.
  5. Алияров С.С. К эпической биографии Алп Эрена. "Советская тюркология", 1987, № 6.
  6. Капанян Г.А. Историко-лингвистические работы. К начальной истории армян. Древняя Малая Азия. Ереван, 1956.
  7. Q. Ə. Qeybullayev, Azərbaycanların etnik tarixinə dair. Bakı, 1995
  8. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.
  9. Юсифов Ю.Б. Ранние контакты Месопотами и с северо восточними странами. (Приурмийская зона) "Вестник древней истории", 1987, № 1.
  10. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  11. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Әрәфсә // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  12. Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1997.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.