Ərəbqədim (Qobustan)
Ərəbqədim — Azərbaycan Respublikasının Qobustan rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsində kənd.[1]
Ərəbqədim | |
---|---|
40°25′47″ şm. e. 48°58′07″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 678 m |
Saat qurşağı | |
|
Toponimikası
Keçmiş adı Köhnə Ərəb olmuşdur. XIX əsrdə Şirvanda yaşamış 205 ailədən ibarət ərəbqədim tayfasının adı ilə adlandırılmışdır. Etnotoponimdir.[2]
Tarixi
Muğan və Şirvanda yaşayan ərəblərin (xüsusən də köçəri ərəblərin) məşğuliyyəti dəvəçilik idi. Dəvəçilik peşəsi təxminən 1200 il əvvəl Ərəbistan yarımadasından bura köçən ərəblərin mirası kimi qalmışdı (Bünyadov, 2007:223). 1880-ci illərdə dəvəçilik təsərrüfatı ölkənin şərq hissəsində geniş yayılmışdı. Məsələn, Qəbristan mahalında yaşayan ərəb tayfalarında 1300-dən çox dəvə var idi. Ərəblər dəvəni əti ilə yanaşı yunundan müxtəlif məişət əşyaları hazırlamaq üçün istifadə edirdi. Buna baxmayaraq ərəblər üçün dəvələr əsasən nəqliyyat vasitəsi kimi vacib idi. Şamaxı və Göyçay uyezdlərində yaşayan Ərəb Şahverdi, Ərəb Cəbirli, Ərəb Şam və Ərəb Qədim tayfalarında dəvə ilə yük daşıma ticarəti (çarvadarlıq) geniş yayılmışdı. Bu tayfalardan olan ərəblər dəvələrlə Bakı quberniyasından Zaqafqaziyanın müxtəlif yerlərinə yük daşıyırdı. Azərbaycanın daxilində xüsusən duz və neft dəvələrlə daşınırdı. Göyçay ərəbləri bu malları Zaqafqaziya dəmir yolunun Ucar stansiyasında, Qəbristan ərəbləri isə bu malları Bakı quberniyasında alaraq digər regionlarda satırdı. Maraqlısı odur ki, ərəblər puldan istifadə etmirdi və satdıqları mal əvəzində düyü, fındıq, meyvə götürürdü.
Dəvəçilikdən başqa Azərbaycanın bəzi ərəb kəndlərinin sakinləri (məsələn, Ərəb Şahverdi) atçılıqla məşğul olurdular. Bir sıra kəndlərdə suvarma əkinçiliyi inkişaf etdirilmiş, həm də çəltikçilik vacib sahə olmuşdu. Xüsusilə, Ərəb Şamlı kəndinin sakinlərinin Pirsaat çayı yaxınlığında müəyyən əraziləri var idi və burada onlar çəltikçiliklə məşğul olurdu. Oturaq ərəb kəndlərində isə kiçik üzüm bağları salınmışdı. Xüsusən oturaq ərəb kəndlərində bəzi sənətkarlıq sahələri geniş yayılmışdı. Göyçayın Ərəb Cəbirli kənd sakinləri kömürdən istifadə edirdi. Bu kəndin sakinləri əldə edilən kömürü Bakının mis və dəmir tökmə müəssisələrinə satırdılar. Ərəb tayfalarının bir ortaq xüsusiyyəti də hər birində yun məhsullarının (kilim, xalça) geniş istifadə olunması idi. Bu xalçalardan ən məşhuru Ərəb Qədim xalçası idi. Qobustan rayonunun Ərəbqədim kəndində xalçaçılıq ənənəsi indi də qalır. Təəssüf ki, Azərbaycan ərəblərinin ailə həyatı və mədəniyyətini xarakterizə edən heç bir material yoxdur (Volkova, 1983:49).
Coğrafiyası və iqlimi
Kənd Zəngidərə çayının (Pirsaat çayının qolu) sol sahilindən 4 km aralıda yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1439 nəfər əhali yaşayır.[3]
Tanınmışları
Mehman Dəmirli- Hüquq elmləri doktoru, professor.
İlqar Məmmədov-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, laboratoriya rəhbəri.
Din
Kənddə Ərəbqədim kənd məscidi dini icması fəaliyyət göstərir.[4]
İstinadlar
- "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 70" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- Ərəbqədim (Qobustan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629
- MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)