Adət-ənənə
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur.[1]
Adət-ənənə anlayışının məzmunu
Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir.[2] Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır. Xüsusilə Avropada maarifçilik dövrü sonunda inkişaf edən Tarix anlayışı və Tarixiçilik perspektivi keçmişə bağlı (və günümüzdəki də) hər düşüncə, anlayış və rəftarın qaynağını digər dövrlərdə axtarmaq istiqamətində bir meylin inkişafına gətirib çıxarmışdır.
Adət-ənənələr mədəniyyətin mühüm aspektidir. Adət geniş qəbul edilmiş bir məhfumdur, ənənə isə davranış tərzidir və müəyyən bir cəmiyyətə, məkana və s. aid ünsürləri davam etdirməkdir. Ənənələr ardıcıl olaraq nəsillərə ötürülür. Adətlər zaman keçdikcə dəyişərək nəsildən-nəslə ötürülən ənənələrə çevrilirlər.[3] Dünyanın bütün mədəniyyətləri və cəmiyyətləri uzun müddət inkişaf edən özünəməxsus adət və ənənələrə malikdir. Hər bir cəmiyyət öz xalqı arasında əmin-amanlığı və asayişi qoruyub saxlamaq, həmçinin cəmiyyət üzvləri arasında qarşılıqlı əlaqə üçün yollar hazırlayır.
Qədim dövr və orta əsrlərin görkəmli, tanınmış filosofları Platon, Aristotel, Demokrit, Epikür, Lamеtri, Didro, Helvetsi və başqaları öz əsərlərində adət və ənənələr haqqında maraqlı fikirlər irəli sürmüşlər. Məsələn, qədim Yunan filosofu Platon bayramları dövləti sabit saxlaya bilən bir alət kimi təsvir etmiş, tərbiyə prosesində buraxılan qüsurları bayramlar, adət və ənənələr vasitəsilə düzəltməyin mümkünlüyünü söyləmişdir.[4] Aristotel isə insanların bayram etmək haqqı olduğunu deyir və bu haqqı onların əlindən almağın mümkünsüzlüyünü söyləyirdi.[5]
Ənənə üç məzmunda ələ alına bilər. Birinci, keçmiş həyat formalarının içində yaşanılan anlar daşıdıqları maddi və mənəvi dəyərlər bütünüdür. bu sosioloji mənada ən çox rəğbət görən izahdır. Bəşəri müstəvidə cəmiyyəti bütün dinamikləri ilə inşa edən gücdür.
İkincisi isə ənənənin özünün təşkil etdiyi zəngin və müqəddəs dəyərlər ehtiva edən köklü tərəfidir ki, bu mənada ənənə birincidən fərqli olaraq həm fenomenolojik, həm də ilahi bir istiqamət daşıyar. Bu ənənənin sosioloji və bəşəri mənasından çox daha fərqlidir.
Üçüncüsü isə ənənənin postmodernist yanaşmalarla qaynaqlanan funksional istiqamətidir. Bəhs edilən istiqamət ənənənin sənət və ədəbiyyatdan təsirlənən tərəfidir.
Adət-ənənənin xüsusiyyətləri
Adət və ənənənin nə olduğunu başa düşmək üçün onun əsas xüsusiyyətlərinə nəzər salmaq lazımdır:
• mənəvi-əxlaqi dəyərlərdən fərqli olaraq, adət-ənənə ictimai şüurda avtomatik olaraq daha dərin kök salır
• kortəbii şəkildə ortaya çıxır
• çoxsaylı təkrarlanmalar nəticəsində inkişaf edir
• münasibətlərin konkret modelini təqdim edir
• cəmiyyətin vərdişləri və rəyi ilə təmin olunur
• geniş təsir dairəsinə malikdir. (əraziyə görə)[6]
Adət və ənənənin fərqi
• Ənənələr və adət-ənənələr müəyyən bir müddət ərzində inkişaf etmiş inanc və təcrübələrdir.
• Ənənə nəsildən-nəslə ötürülən və bir cəmiyyətin və ya mədəniyyətin əksər insanları tərəfindən riaət edilən bir təcrübədir, halbuki adət qısa ömürlü ola bilər və hətta ailə və ya fərdi səviyyədə müşahidə oluna bilər.
• Həmçinin, bütün adət-ənənələr adət-ənənə kimi təsnif olunsa da, bütün adətlər adət-ənənəyə aid edilə bilməz. Adət sözünün dəqiq bir tərifi yoxdur, lakin, ənənə əlbəttə ki, nəsillər boyu keçən bir inanc və ya təcrübədir.
Ezoterizmdə ənənə
Ezoterizm sahəsində ənənə, “keçmişdə müxtəlif vasitələr və təmaslar vasitəsilə şifahi və yazılı formada bəşəriyyətə verilmiş və bu günə qədər dini, ezoterik, okkultoloji, mifoloji, folklor (nağıllar, rəqs və s.) formaları”. Ezoterizmdə ənənə, adət-ənənələr və ya mifologiya ilə sinonim hesab edilmir, lakin onlarda olan dərin bilikləri ehtiva edir.[7]
Termini bu mənada istifadə edən yazıçılardan ən tanınmışı ezoterizm haqqında bir çox əsəri olan Rene Guenondur. O, ənənəçiliyin öndərlərindən biri olaraq qəbul edilir.[8]
Mənbə
- Abdullayev O. Sosial fəallıq və yeni adət-ənənələr. Bakı, Azərnəşr, 1987.
- Məmmədov Ə. Milli adət və ənənələr. Bakı, “Mars Print” nəşriyyatı, 2000.
İstinadlar
- Thomas A. Green. Folklore: an encyclopedia of beliefs, customs, tales, music, and art. ABC-CLIO. 1997. 800–. ISBN 978-0-87436-986-1. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2016.
- İlqar Hüseynov. Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti. Bakı: Mars-Print. 2002. səh. 305.
- Gibbon Rangel. Characteristics of Culture, Customs and Traditions. South Africa. 2022. səh. 5:136.
- Платон. Сочинения, в. 3-х томах. 1910.
- Aristotel. Poetika. Bakı: Azərnəşr. 1974. səh. 120.
- Xatirə Həsənova. Dünya xalqlarının qida mədəniyyəti, adət və ənənələri. Bakı. 2021. səh. 282.
- "Ezoterizm". www.fredericlenoir.com. İstifadə tarixi: 2023.09.13.
- "Rene Guenon". www.cambridge.org. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.13.