Əmr cümləsi

Əmr cümləsi – əmr, xahiş, təkid, tələb, məsləhət, nəsihət, çağırış və s. bildirən cümlələrə deyilir.

Cümlənin bu növü danışan şəxsin fikirlərini, arzu və istəyini, işə, hərəkətə münasibətini müxtəlif çalarda ifadə edir; məs.: İlahi, yandıq! Yaratdıqlarına rəhmin gəlsin! (Ə.Haqverdiyev) Çəkil get, dinməz otur yerində. Get öz mənzilində otur. Get, bala, ağlını başına cəm elə və otur yerində. (Ə.Haqverdiyev) Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi işıqlı elə. (F.Kərimzadə) Dayı, mənim də bir məsləhətimə qulaq asın də. Qoy Əbu-Səid Arazı keçsin. (F.Kərimzadə)

Göründüyü kimi, bu cür cümlələrdə əksərən xitabların iştirakı vacib olur.

Şübhəsiz, əmr cümləsini formalaşdıran əsas vasitə intonasiyadır. Lakin burada digər vasitələrin – felin əmr formasının, əmr ədatlarının və əmr hökmündə işlədilən digər fel formalarının da rolu vardır.

Əmr cümlələrinin xəbəri əksərən felin əmr formasında olur; məs.: Çalış artıq söz danışma, Müşərrəf. Sualıma cavab ver. (İ.Hüseynov) Xahiş eləyək, köhnə, təcrübəli tədris mütəxəssisi kimi izah eləsin, başa salsın səni. (İ.Hüseynov) İcazə ver, sənnən elqızı kimi danışım, Məleykə bacı... Get burdan! Bir də ayağın dəyməsin Qonaqlıya. (İ.Hüseynov) Əsməsin hicranın qara yelləri, Çəkin Qarabağdan qara əlləri! (N.Xəzri) Qoy günəş dünyada ümidlə yansın. (N.Xəzri) Qorusun qoy bəşər öz qürurunu! (N.Xəzri) Baxsın gələcəyə hər nurlu düha, Qoy uçsun insanlıq məğrur sabaha. (N.Xəzri)

Digər feil formalarının əmr çalarında işlənməsi ilə də əmr cümlələri yaranır.

Məs: Əmiyin evinə getməməlisən sən. Yaxşı olar ki, burdan birbaş gedəsən bizim Məsimgilə. Amma, dediyim kimi, əvvəlcə Məsimgilə gedəsən gərək. Dözümlü olmalısan bu gün. Çox dözümlü! (İ.Hüseynov)

Əmr cümləsi fe"lin əmr forması ilə əmr ədatlarının birgə işlənməsi yolu ilə daha çox formalaşır: Qoy qızların üzü gün kimi gülsün, Kişinin üzündən mərdlik tökülsün. (S.Vurğun) Di ver cavabını, nə durmusan, din! (S.Vurğun) Qoy açılsın min bir çiçək, Qızıl güldən ətir çəkək. (S.Vurğun) Di gəl durnalara bir şer deyək. (S. Vurğun)

Bu ədatlar müstəqil əmr cümlələri yarada bilməsə də, müxtəlif məna incəliklərinin – təkid, tələb, xahiş, təəssüf və sairin güclənməsinə səbəb olur.

Əmr cümlələri məsdərlərin köməyi ilə də formalaşır; məs.: Qaçaqmalçıları həbs etmək! Heç kəsi sərhədi keçməyə qoymamaq!

"Əmr cümləsi" termini şərti bir termindir. Belə ki, əmr cümlələri yalnız təkid, tələb, həqiqi əmr məzmunu ilə məhdudlaşmır, məsləhət, nəsihət, çağırış, arzu, istək, təklif və s. kimi rəngarəng mənalar ifadə edir. Felin əmr formasının ifadə edə bildiyi bütün mənalar əmr cümlələrində də mövcuddur. İntonasiya və əmr ədatları onun məzmununu daha da genişləndirir.

Xəbər əmr formasının birinci şəxs təkində olduqda əmr cümlələri daha çox arzu, istək bildirir; məs.:

- Nə gəzirsən burda?.. Yəni sən belə hesab eləyirsən ki, təzədən əmi olacaqsan ona?- Olacam, Qurban. Gəlmişəm evə aparım. Xahiş eləyirəm, qarışma. (İ.Hüseynov) Gedim bir az da dincəlim.

Əmr cümləsinin ifadə etiyi məna mətn daxilində daha aydın başa düşülür. Gəlmişəm evə aparım – cümləsinin asılı komponentindən – budaq cümləsindən (evə aparım) danışanın üzüntülü, yalvarış çalarlı istəyi, arzusu hiss olunur.

Xəbəri əmr formasının birinci şəxs cəmində olan cümlələrdə təklif, arzu, istək, məsləhət, çağırış, səfərbərlik mənaları daha çox nəzərə çarpır:

Gedək, dostlar, gedək hey axın-axın,

Düşməni Təbrizə qoymayaq yaxın!

(S.Rüstəm)

Vaxtdır, qədəhləri qaldıraq, dostlar,

İçək təzə ilin şərəfinə biz!

(S.Vurğun)

Xəbəri əmr formasının II şəxs təkində olan cümlələrin məna çalarları daha zəngindir. Həqiqi əmr, təkid, tələb mənası bu cür cümlələrdə daha çox müşahidə edilir. Məntiqi cəhətdən də doğrudur ki, danışan şəxs özü özünə və ya özü də daxil olmaqla birinci şəxsin cəmini təmsil edənlərə və ya haqqında danışılanlara deyil, bilavasitə qarşıdakına, dinləyənə tə"kid və tələblə müraciət edir; Bu hal, şübhəsiz, dövlətçilik, idarəçilik siyasəti ilə bağlı olduğu kimi, müxtəlif hadisələrlə, insanların şəxsi münasibətləri, mənəvi-psixoloji keyfiyyətləri ilə də bağlıdır; məs.: Belə getmə! Aman günüdü, belə getmə, dərdin alım! Bədbəxt eləmə məni, belə getmə... Əmini də, özünü də, bizi də qana salma, dərdin alım, aman günüdü! Çıx get Bakıya, dərdin alım, çıx get! (İ.Hüseynov) Cavab ver sözümə, düzünü danış, Cəzanı artırar hər bir aldanış! (S.Vurğun) Baş aparma, dur! Qızmağın sonunda fəlakət olur.(S.Vurğun)

Xəbəri əmr formasının II şəxs cəmində olan cümlələrin də məna imkanları zəngindir: Davaya gəlməmişəm mən. Qorxmayın, söz tutsun diliniz, sağ söz deyin mənə! (İ.Hüseynov) Əylənin. Gözüm seçmir dünyanı. Gözləyin bir az. (İ.Hüseynov) Yekəxana danışmayın! Alim zəhmətinə qiymət vermək sizin xörəyiniz deyil. (V.Babanlı) Gəlin bu kefli İskəndərin sözlərini yaxşıca düşünün və nəsihətini qəbul edin... Gəlin bu kefli İskəndərin sözünü eşidin və necə ki yatıbsınız, yatın...(C.Məmmədquluzadə) Baxın! Baxın! Yaxşı baxın! Diqqətlə baxın! (C.Məmmədquluzadə)

Əmr cümlələrinin xəbəri III şəxsin təkində və cəmində olduqda cümlə yalnız ayrı-ayrı şəxsləri deyil, başqa canlı və cansız varlıqları da əhatə edir; məs.: Qoy baxsınlar! Əmi ilə qardaşoğlunun münasibətini görsünlər! Ölsünlər! (İ.Hüseynov) Qılınc Qurban insafa gəlsin, qılıncını qına qoysun, çax-çuxunu əlindən almasın Xeyrənin. (İ.Hüseynov) Partiya ancaq ideoloji işlə məşğul olmalıdır, təsərrüfata, plana, iqtisadiyyata qarışmamalıdır. (İ.Hüseynov) Mənim qonşum Hacını, gözlər olsun, görməsin! (Ə.Haqverdiyev) Oxucular məni bağışlasınlar (Ə.Haqverdiyev) Bu Vinokurov camaatı dağıtdı. Allah onun evini yıxsın. Balaları düzdə qalıb dilənsinlər! (Ə.Haqverdiyev)

Bu misallarda qəti əmrlə yanaşı, alqış, qəzəb, etiraz, şübhə, məsləhət və s. kimi mənalar da vardır. Əmri, təkidi, arzu olunanı yerinə yetirməli olan şəxs bilavasitə söhbətdə iştirak etmir, lakin iştirak edə də bilər.

Ayrı-ayrı şəxslər üzrə əmr cümlələrinin məna incəlikləri zəngin olsa da, xəbər I şəxs tək və cəmdə olduqda arzu, istək, çağırış, II şəxs tək və cəmdə olduqda əmr, təkid, III şəxsdə məsləhət, nəsihət, təklif mənaları daha aydın nəzərə çarpır. Əmr cümlələrində əmr, təkid, tələb mənaları olduqda cümlə nisbətən yüksək tonla, xahiş, məsləhət, nəsihət mənaları olduqda aşağı tonla tələffüz edilir.


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.