Əmmar ibn Yasir

Əmmar ibn Yasir (ərəb. عمار بن یاسر; 570, Məkkə[1]22 iyul 657) - Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri.

Əmmar ibn Yasir
ərəb. عمار بن یاسر
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi 22 iyul 657(0657-07-22)
Vəfat səbəbi döyüşdə ölüm
Anası Süməyyə binti Həyat[1]
Fəaliyyəti hərbi lider[d], vali[d], şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əmmarın atasının adı Yasir, anasının adı Süməyyə idi.

Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzuminin kənizi Süməyyə ilə izdivac etdi və Əmmar bu nikahdan dünyaya gəldi.

Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlar əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar.

Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi. O, ata-anasının cəlladlar əlində şəhadətə yetməsinə şahid oldu. Öz əzizlərini müdafiə etmək gücündə olmayan Əmmar dərin iztirab keçirirdi. Əmmar işgəncələr altında müşriklərin istədiyi sözü deməyə məcbur oldu. Amma onun qəlbi Allaha iman və eşqlə dolu idi. Onu küframiz sözlər deməyə məcbur etdilər. O, Peyğəmbərdən (s) xəcalət çəkirdi. Amma ayə nazil oldu və bu ayə Əmmarın imanına şahid duraraq, onun təqiyyəsini bəyəndi. [2]

Siffeyn döyüşündə Əlinin qoşununda vuruşan Əmmar Müaviyənin qoşunu tərəfindən 94 yaşında şəhid oldu.

Əmmarın fəzilətləri

Əmmar Həbəşəyə mühacirət edənlərdən biri idi. Bu dəstə Qüreyş müşriklərindən canlarını qorumaqla yanaşı, hicrət etdikləri yerdə İslamın təbliğilə də məşğul olmaqla vəzifələndirilmişdilər. Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra o da mühacirlərlə birliklə Peyğəmbərə (s) qoşuldu. Mədinə məscidinin tikintisində Əmmar iki nəfərin işini görür, ağır daşlar daşıyırdı. Peyğəmbər (s) ona dedi:

— Əmmar! Özünü bu qədər zəhmətə salma.

Əmmar dedi:

— Bu məscidin tikintisində daha artıq işləmək istəyirəm.

Peyğəmbər (s) əlini Əmmarın çiyninə qoyub dedi:

—Sən behişt əhlisən, bir dəstə zalım səni qətlə yetirər.[3]

Səxavət, isar da Əmmarın digər fəzilətlərindəndir. Cabir ibn Əbdüllah Ənsari belə nəql edir:

Bir gün əsr namazından sonra Peyğəmbər məsciddə oturmuşdu və onun ətrafında səhabələr toplanmışdı. Məscidin bir küncündə pal-paltarı cırıq-yırtıq, arıq bir kişi oturmuşdu. Həzrət Peyğəmbər (s) ona müraciətlə buyurdu:

- "Əgər bir istəyin varsa, de yerinə yetirək."

Qoca kişi dedi:

- "Ya Rəsulilah! Bir müddətdir acam… Ailəmin yanına qayıtmaq üçün də yol pulum yoxdur."

Həzrət buyurdu:

- "Mənim yanımda sənə verməyə bir şey yoxdur, amma səni bir evə göndərəcəyəm, nə istəsən verəcəklər."

Sonra həzrət Peyğəmbər (s) onu Bilala qoşub həzrət Zəhranın (s) evinə göndərdi. Onlar evin qapısına çatdıqları vaxt qoca kişi dedi:

- "Salam olsun sizə, ey peyğəmbər Əhli-beyti! Sizin eviniz vəhyin nazil olduğu və mələklərin gəldiyi yerdir."

Qocanın səsini eşidən Zəhra buyurdu:

- "Salam olsun sənə! Haradan gəlmisən və nə istəyirsən?"

Qoca dedi:

- "Ehtiyaclarımın ödənməsi üçün atanız məni buraya göndərdi."

Həzrət Zəhra özü də bir müddət idi ki, ac idi. Evə baxdı və Həsənlə (ə) Hüseynin (ə) altındakı qoyun dərisini gördü. Uşaqlar onun üstündə yatmışdılar. Həzrət Zəhra (s) dərini qocaya vermək istədi. Amma qoca dedi:

- "Mən acam, qoyun dərisinə ehtiyacım yoxdur!"

Nəhayət, həzrət Zəhra öz boyunbağısını çıxarıb kişiyə verdi. Qoca boyunbağını götürüb, həzrət Peyğəmbərin yanına gəldi və əhvalatı ona danışdı. Həmin vaxt Səlman, Əbuzər və Miqdad da orada idi. Əmmar həzrət Peyğəmbərdən icazə istədi ki, dəyərini ödəyib, qocadan boyunbağını alsın. Həzrət (s) buyurdu:

- "Ey Əmmar, boyunbağını al. Hər kəs bu boyunbağının alınmasına şərik olsa, Allah onu oda və əzaba düçar etməz."

Əmmar boyunbağının müqabilində 20 dinar 200 dirhəm pul, geyim və çörək verdi, Xeybər döyüşündə payına düşmüş qənimətdən kişi üçün yol azuqəsi tədarük etdi. Əmmarın səxavəti kişini heyrətə gətirmişdi. Bütün hazırlıqlardan sonra qoca Peyğəmbərin yanına gəlib, ona təşəkkürünü bildirdi. Peyğəmbər (s) başını qaldırıb, həzrət Zəhraya (s) dua etdi. Sonra o, Səlmana, Əmmara və Miqdada Həzrət Əli və xanım Zəhranın, Həsənlə Hüseynin bəzi fəzilətləri haqqında söhbətlər etdi.

Əmmar evə qayıdıb, boyunbağını qiymətli bir parçaya bükdü və ətirlədi. Onu Xeybər döyüşündə payına düşmüş kənizlə birlikdə Peyğəmbərə (s) hədiyyə göndərdi. Peyğəmbər (s) hədiyyələri qəbul edib, qızı Fatimənin (s) ixtiyarına verdi. Kəniz əhvalatı həzrət Fatiməyə danışdıqdan sonra xanım Fatimə onu Allah yolunda azad etdi. Kənizin gülümsədiyini görən Fatimə (s) bu gülüşün səbəbini soruşdu. Kəniz belə cavab verdi:

- "Bu boyunbağıya gülürəm. Bir boyunbağı acı doyurdu, yoxsulu geyindirdi, möhtacın ehtiyacını aradan qaldırdı, bir qulu azad etdi, nəhayətdə isə öz sahibinə qayıtdı."[4]

Müaviyənin siyasi hiyləgərliyinə cavab

Əmmar Yasir, Peyğəmbərin(s) böyük görkəmli səhabələrindən biri idi. O, həmişə Peyğəmbərdən(s) sonra da həqiqi İslam yolunda olaraq, Əli əleyhissalama tabe idi. Nəhayət Siffeyn müharibəsində şəhadət şərbətini nuş etdi. Peyğəmbər(s) onun barəsində buyurmuşdur. - "Təqtulukəl fiətul bağiyəh." ("Zalım qövm səni qətlə yetirəcəkdir.") Müsəlmanlar bu sözü eşitmişdilər və Peyğəmbərin(s) Əmmarın barəsində bu cür buyurduğunu həmişə yadlarında saxlayırdılar. Bu hadisədən uzun illər ötüb, keçdi. Nəhayət İmam Əli əleyhissalamın xilafəti dövründə, Müaviyənin ordusu ilə Həzrət Əli əleyhissalamın ordusu arasında Siffeyn müharibəsi baş verdi. Bu müharibədə Əmmar Yasir İmam Əli əleyhissalamın tərəfində döyüşürdü. Nəhayət çoxlu rəşadətlər göstərdikdən sonra, Müaviyənin əsgərləri tərəfindən öldürüldü. Müaviyə və ya Əli əleyhissəlamın, hansı birisinin haqq olduğunda şəkk edənlər, bu hadisədən başa düşdülər ki, Peyğəmbərin buyurduğuna əsasən Müaviyənin ordusu zalımdır. Çünki onlar Əmmarı qətlə yetirmişlər. Deməli Müaviyə batildir. Burada Müaviyə gördü ki, həmin hadisə onun ordusunun ruhiyyə zəifliyinə səbəb olur, dərhal camaatı aldadaraq belə dedi:

- "Əmmar Yasiri Əli öldürdü, mən yox. Çünki əgər Əli, onu mənimlə müharibəyə göndərməsəydi heç vaxt öldürülməzdi."

Bununla da bəzilərini aldada bildi. İmam Əli əleyhissalam onun bu yalançı sözləri müqabilində dərhal cavab verdi:

- "Əgər Müaviyənin sözü düz olsa, onda demək lazımdır ki, Ühüd müharibəsində həzrəti Həmzəni müşriklər deyil, Peyğəmbər(s) öldürmüşdür. Çünki onu müharibəyə Peyğəmbər(s) göndərmişdir."

Əmr Asın oğlu Əbdullah, bu cavabı Müaviyəyə çatdırdıqda, Müaviyə o qədər narahat olub, qəzəbləndi ki, onun atası Əmr Asa (Müaviyənin ən hiyləgər və xüsusi müşaviri) dedi:

- "Öz axmaq oğlunu bu məclisdən çıxart."

Bu da öz növbəsində düşməni məğlubiyyətə uğradan bir elmi mübahisə idi.

[5]

Kufə valisi

Əmmar Ömər bin Xəttabın xəlifəliyi dövründə Kufəyə vali təyin olunur. İbn Məsud da bir Quran müəllimi və xəzinədar kimi onu müşayiət edir. Xəlifənin onlara aid olan hökmündə belə yazılmışdı: "Bu iki şəxs Məhəmmədin (s) ən üstün və seçilmiş köməkçilərindəndirlər. Onları dinləyin və onlara iqtida edin."

Peyğəmbərdən tərbiyə almış Əmmar üçün ixlas, təvazö və təqva hər şeydən uca idi. Onun Kufədə qısa müddətə hakim oldu. Onun hakimiyyəti altında olan xalqın əksəriyyətinin Əli tərəfdarları idi. Onun ədalətli və dinə müvafiq rəftarı bəzilərini razı salmadı və onlar xəlifəyə böhtan dolu məlumatlar olan məktub ünvanladılar. Bununla da Əmmarın valilikdən kənarlaşdırıldı. Əmmar yenidən Mədinəyə qayıtdı. bu vaxt ondan soruşdular ki, işdən uzaqlaşdırılmağın səni narahat etmirmi? Əmmar belə cavab verdi: "Mənə bu iş həvalə olunanda sevinməmişdim ki, kənarlaşdırılanda da narahat olam!"[6]

Həmçinin bax

İstinadlar

  1. Али-заде А. Аммар ибн Йасир (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
  2. Nəhl surəsi, 106: Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!'
  3. "Əyanuş-Şiə", c. 8, s. 373
  4. "Biharül-ənvar", c. 43, s. 56
  5. Əyyamu şiə 42-ci cild səhifə 115
  6. Cavad Mühəddisi. Əmmar Yasir, səh. 21-22

Xarici keçidlər

  • Cavad Mühəddisi. "Əmmar Yasir kimdir?" ( (az.)). islamazeri.com. 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.
  • Mərvan Xəlifat. "Tarixi aydınlatma: Osman Əmmarı vurur, Əmmar isə onu təhqir edir!" ( (az.)). 313news.net. 2018-03-09. 2019-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.