Əmiraslan xan Qırxlı-Avşar

Əmiraslan xan Qırxlı-Avşar (1738-1748) — Azərbaycan hakimi , Əfşarlar sülaləsi dönəmində sərkərdə, ordu generalı.

Əmiraslan xan
Əmiraslan xan Qırxlı-Avşar
1747 1748
Əvvəlkitəsis edilib
SonrakıNəcəfqulu xan Dünbili
1738 1748
Əvvəlkiİbrahim xan Əfşar
SonrakıAzərbaycan xanlıqları dövrü
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Əbivərd, Xorasan, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Təbriz
Vəfat səbəbi edam
Dəfn yeri Təbriz
Ailəsi Əfşarlar sülaləsi
Dini Şiə İslam
Rütbəsi Ordu generalı

Həyatı

Qırxlı oymağının səsli əmirlərindən biri də Əmiraslan xandır. Əmiraslan xan Nadirqulu xanın bibisioğlu idi və ona xidmət etmişdi. Nadirqulu xan şah olandan sonra Əmiraslan xanı ölmüş qardaşının, İbrahim xan Zəhirüddövlənin yerinə, 1738-ci ildə Azərbaycana sərdar (ordu generalı) təyin etmişdi.

Əmiraslan xan Qırxlı-Avşar Nadir şahın ölümündən sonra qoşunla Ərdəbilə yürüş edib, Sam mirzəni tutdu. Edam edib, Təbrizə gəldi. Məhəmmədkazım xan Qaradağlını özünə həmfikir edib, şahlıq eşqinə düşdü. İran şahlıq taxtının iddiaçılarında şübhə doğurmamaq üçün, ehtiyatlı hərəkət edərək öz adından deyil, İmam Rza adından sikkə kəsdirməyə başladı.

Əli şah adı ilə taxta çıxan Əliqulu xan Qırxlı-Avşar (1747-1748) Əmiraslan xana elçi göndərib, onu şah kimi tanımağı təklif etdi. Əmiraslan xan Əli şahın elçisini öldürdü və asılılığını bildirmədi. Onun ən yaxın silahdaşı Məhəmmədkazım xan idi. Qaradağ qoşunundan istifadə edib, qonşu hakimləri tələb-təhdidlə, savaşla özündan asılı biçimə saldı. Sonra MuğanƏrdəbil vilayətlərini ələ keçirdi. Şahsevənlərin gücündən bəhrələndi. Rzaqulu xanı Gilana Rəşt şəhərini zəbt etməyə göndərdi. Qarabağ xanı Pənahəli bəyə öncə sultan, sonra xan ünvanı verib öz tərəfinə çəkdi.

1748-ci ilin sonunda qardaşı Əli şahı taxtdan salıb, gözlərinə mil çəkən İbrahim mirzə özünü şah elan etdi. İbrahim şah ilk növbədə qorxulu rəqib saydığı Əmiraslan xana qarşı mübarizəyə başladı. Əmiraslan xan ilk döyüşdə məğlub olub həmfikiri Məhəmmədkazım xanla Qaradağa qaçdı. Məhəmmədkazım xan İbrahim şahın intiqamından çəkinib, Əmiraslan xanı tutuqlu biçimdə Təbrizə yolladı. İbrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və hakimlik fərmanı göndərdi. Tarixçi Məhəmmədhüseyn Quddusi bu olay haqqında yazır: «Əmiraslan xanın qoşunları məğlub olub dağılmışdı, özü də dostu Məhəmmədkazım xan Qaradağlı ilə Qaradağa qaçdı. Amma Məhəmmədkazım xan bəhanə ilə onu tutdu. İbrahim xanın əmrilə onu və qardaşı Sarı xanla birlikdə Təbrizdə öldürdülər.[1]

Əmiraslan xanın qardaşı Sarıaslan xan İbrahim şahdan qardaşının əhf etməsini istədi. Yalvarıb, bağışlanmasını xahiş etdi. Əmiraslan xan təbiətən cəsur, qəyyur bir adam idi. Qardaşının hərəkətindən, yalvarışlarından rahatsız olub, dedi:

-Bir abırlı ölü, yüz diri abırsızdan yaxşıdı.

İbrahim şah Əmiraslan xanla üzbəüz gələndə rişxəndlə dilləndi:

-Sən də şahlıq eşqinə düşmüşdün?

Əmiraslan xan şaha üz tutub qayıtdı:

-Get, Qara Mehdi Avşarın canına dua elə ki, başının üstündə durub, can-başla hökmünü yerinə yetirir, mənim kimi aslanı sənin kimi tülküyə söz yeri eləyib. Beş günlük dünyada nə qədər ki, uğur səninlədi, get kefini çək. İndi bu başı vur, hökm sənindir!

Əmiraslan xan 1748-ci ildə öldürüldü.

Mənbə

  • Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008,
  • Ənvər Çingizoğlu, Əmiraslan xan Qırxlı-Avşar, "Soy" еlmi-kütləvi dərgi, 2008, №8, səh.30-33

İstinadlar

  1. M. Quddusi, Nadir şah, Bakı, 1999, səh. 214-215.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.