Əminə Cəfərova
Cəfərova Əminə Surxay qızı (1925, Ağdam, Ağdam qəzası – 13 avqust 2011, Bakı) — Sov.İKP-nin üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949).
Əminə Cəfərova | |
---|---|
Cəfərova Əminə Surxay qızı | |
Doğum tarixi | 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 2011 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Uşaqları | Rabilə, Zabilə, Yəmən, Tünzalə |
Atası | Surxay Cəfərov |
Anası | Güldəstə Cəfərova |
Fəaliyyəti | fermer |
Partiyası | |
Mükafatları |
|
Həyatı
Cəfərova Əminə Surxay qızı 1925-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Gənc yaşlarından Çəlik deyilən üzümçülük sahəsində əmək fəaliyyətinə başlamış, az bir vaxtda öz işgüzarlığı, əməksevərliyi sayəsində Manqa başçısı vəzifəsinə qədər yüksəlmişdir.
1941–1971-ci illərdə Ağdam rayonundakı "Nətəvan" adına üzümçülük sovxozunda manqabaşçısı, uşaq bağçasının müdiri, şərab zavodunda laborant, 1971-ci ildən isə mikrobioloq işləmişdir.
1947-ci ildən Sov.İKP-nin üzvü olmuşdur[1].
Əminə Cəfərova 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Belə ki, 3 hektarlıq məhsuldar sahənin hər hektarından 230,2 sentner məhsul götürmüşdür. Hökumət qarşısında xidmətini nəzərə alan SSRİ Ali Soveti 5 oktyabr 1949-cu il tarixli 4724 saylı qərarı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir. Bundan əlavə Əminə Cəfərova 3 dəfə Lenin ordeni və müxtəlif medallarla təltif edilmişdir.
1951-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində əmək qabaqcılları ilə birgə Moskva şəhərindəki Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində iştirak etmişdir.
1988-ci ildə Ağdam rayon partiya təşkilatının XI konfransına nümayəndə seçilmişdir.
1993-cü ildə Ağdam rayonunun işğalı ilə əlaqədar məcburi köçkün kimi bir müddət Bərdə şəhərində yaşadıqdan sonra birdəfəlik Bakı şəhərində məskunlaşmışdır.
Azərbaycan Respublikası Prezidendinin 2 oktyabr 2002-ci il tarixli 1049 saylı sərəncamı ilə Azərbaycanın iqtisadiyyat sahəsində böyük xidmətlərinə görə Cəfərova Əminə Surxay qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir[2][3][4].
Sosialist Əməyi Qəhrəmanı Əminə Cəfərova 2011-ci il avqustun 13-də Bakı şəhərində 86 yaşında vəfat etmişdir. O Keşlə qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir[5].
Əminə Cəfərova haqqında Xalq yazıçısı Əli Vəliyevin 1972-ci ildə çap olunan "Durna qatarı" adlı kitabında geniş məlumat verilmişdir.
Ailəsi
Əminə Cəfərova 1950-ci ildə Ziyəddin Əliyev ilə ailə həyatı qurmuş, — Rabilə (1951), Zabilə (1953), Yəmən (1958) və Tünzalə (1961) adlı dörd qızları dünyaya gəlmişdir.
Təltifləri
- "Oraq və Çəkic" qızıl medalı (4763)
- "Sosialist Əməyi Qəhrəmanı" (7248)
- "Lenin ordeni" (109569)
- "Lenin ordeni" (123681)
- "Lenin ordeni" (131374)
İstinadlar
- "TANINMIŞ ÜZÜMÇÜLƏR: Cəfərova Əminə Surxay qızı". 2016-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2002-ci il tarixli 1049 saylı Sərəncamı
- "Azərbaycan" qəzeti, 3 oktyabr 2002-ci il, № 228
- "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu", 31 oktyabr 2002-ci il, № 10, maddə 607
- Araz Yaquboğlu, Şəxsi toplama