Əlizadə Əsgərli

Əlizadə Bayram oğlu Əsgərli (8 may 1958, Sabirabad rayonu) — ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, dosent.

Əlizadə Əsgərli
Əlizadə Bayram oğlu Əsgərli
Doğum tarixi
Doğum yeri Cavad, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu

Həyatı

Əlizadə Bayram oğlu Əsgərli 8 may 1958-ci ildə Azərbaycan Respublikası Sabirabad rayonunun Cavad kəndində dünyaya gəlib.

1976-1980-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində, 1983-1986-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil alıb.

1980-1997-ci illərdə Sabirabad bölgəsinin Yolçubəyli, Cavad, Suqovuşan və Nizami Gəncəvi adına şəhər orta məktəblərində ixtisası üzrə müəllim və direktor müavini işləyib.

1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

2000-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunun elmi katibi olub.

2002-ci ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyib.

2002-2012-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutu "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışıb. 2012-2017-ci illərdə həmin İnstitutda baş elmi işçi vəzifəsini tutub.

2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini olub.

Filologiya elmləri üzrə Müdafiə Şurası nəzdində Elmi Seminarın sədri olib, Müdafiə Şurasının üzvüdür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının sədr olub.

10 cilddə Azərbaycan ədəbiyyatı tarixinin birinci, beşinci və altıncı cildlər redaksiya heyətinin üzvü, yeddinci cild redaksiya şurasının üzvüdür.

Kadrların hazırlanması sahəsində ciddi çalışır. Hazırda beş doktorantın dissertasiyasına elmi rəhbərlik edir.

150-ə qədər elmi-nəzəri məqalənin müəllifidir. Əsərləri Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və digər xarici ölkələrdə nəşr olunub.

2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

1998-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) müəllim, 1999-2007-ci illərdə Bakı Qızlar Universiteti Azərbaycan ədəbiyyatı və jurnalistika kafedrasının müdiri vəzifəsində çalışıb. 2007-2014-cü illərdə Bakı Qızlar Universitetinin elmi işlər üzrə prorektoru olub.

1998-ci ildən respublikanın aparıcı ali məktəblərində Azərbaycan ədəbiyyatı tarixi, tənqid və nəzəriyyəsi, habelə türk xalqları ədəbiyyatına dair mühazirələr oxuyur. 15 fənn proqramı və 2 dərs vəsaitinin müəllifidir.

2017-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimidir.

2002-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı, 2012-ci ildə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəxri fərmanı ilə təltif edilib.

2016-cı ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatını alıb, "Rəsul Rza" mükafatına layiq görülmüşdür.

Ailəlidir. Üç övladı var. Müəllifin bioqrafiyası Azərbaycan Milli Ensiklopediyasında da çap edilib.

Ədəbi(elmi-nəzəri) və publisistik fəaliyyəti

1987-ci ildə “Xəlqilik meyarı ilə” adlı ilk elmi məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib.

1987-ci ildə "Osman Sarıvəllinin poetikası" mövzusunda namizədlik, 2011-cu ildə "XX əsr Azərbaycan ədəbi-nəzəri fikrində milli ideal və xalq taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya üzrə elmlər doktorudur.

XX əsr Azərbaycan ədəbiyyatının aktual problemləri ilə məşğul olur. 1995-ci ildən Azərbaycan ədəbiyyatının milli-ideoloji məsələləri, türkçülük, azərbaycançılıq və istiqlalçılıq məfkurəsinin elmi-nəzəri tədqiqi istiqamətində araşdırmalar aparır. Xəlil Rza Ulutürk ədəbi irsinin ardıcıl tədqiqatçısıdır. Eyni zamanda, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Səməd Vurğun, Osman Sarıvəlli, Mikayıl Müşfiq, Əkrəm Cəfər, Bəkir Nəbiyev, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, İlyas Əfəndiyev, Söhrab Tahir, Cabir Novruz və başqaları haqqında tədqiqatların müəllifidir.

Ədəbiyyat nəzəriyyəsi sahəsində ədəbi metod, ədəbi məktəb və ədəbi cərəyanlar, heca vəzni, sərbəst şeir və ədəbi janrlar, bədii təsvir və ifadə vasitələri, habelə, ahəng və intonasiyaya aid məqalələr çap etdirib.

Ə.B.Əsgərli 1980-ci illərdən publisistika fəaliyyəti ilə məşğuldur. Respublikanın dövri mətbuatında ictimai-siyasi və ədəbi məqalələri çap olunur.

1991-1994-cü illərdə «Demokrat», 1994-1995-ci illərdə «Yurd» qəzetlərinin təsisçisi və baş redaktoru olub. 2008-2014-cü illərdə Bakı Qızlar Universitetinin «Elmi əsərlər» jurnalının baş redaktor müavini kimi fəaliyyət göstərib.

2017-ci ildən AMEA-nın "Ədəbiyyat məcmuəsi" jurnalı redaksiya heyətinin üzvüdür.

Tərtibçi və redaktor kimi fəaliyyəti

Xəlil Rza Ulutürkün «Mənə bənzə» (2000), «Seçilmiş əsərlər» (2001), «İsgəndərnamə»/N.Gəncəvidən tərcümə/ (2003), «Mən onsuz da əbədiyəm» (2003), «Ədəbi tənqid» (2003), «Müasirləri Xəlil Rza Ulutürk haqqında» (2004), «Gəl, ey səhər» (2004), «Ustadım Əkrəm Cəfər» (2005), X.R.Ulutürkün «Seçilmiş əsərləri». 2 cilddə. I və II cildlər (2005), «Turan çələngi» (2005), «Lefertovo zindanında» (2006), X.R.Ulutürkün «Seçilmiş əsərləri». 5 cilddə. I cild (2007), II cild (2009), III cild (2014), «Bir odlu gözləri, bir də xoş səsi»/S. Vurğun haqqında/, (2007), "Eşqim, vəfadarım mənim" (2007,2013) «Həyat, həyat deyə çırpınan könül»/M. Müşfiq haqqında/, (2009), «Mənim Tanrım gözəllikdir» /H.Cavid haqqında/,(2009), «Söhrab Tahir Azər-Azər haqqında» (2009), «Dünyaya pəncərə» (2010), Nizami Gəncəvinin «Lirika, “Sirlər xəzinəsi”, “Yeddi gözəl”» (2011), “Şeir və poemalar” (2012), “Yaşasın od yurdu, qardaş Türkiyə” (2013), “Hara gedir bu dünya...” (2013), “Məndən başlanır Vətən” (2014), “Məqsud Şeyxzadə və “Azərbaycan dəftəri” (2014), “Ayla günəş arasında” /şeirlər və poemalar/ (2014), “Doğmalıq və ucalıq” (2015), “Yeni zirvələrə” (2015), İsa Həbibbəylinin “Əsərləri” /2019-cu ildən/, Ağarəhim Rəhimovun «Seçilmiş əsərlər» (2009-2010) kitablarına ön söz və şərhlər yazıb, elmi redaktorluq еdib.

Dövlət Sərəncamları ilə Xəlil Rza Ulutürkün 2 və 5 cildlik seçilmiş əsərlərini nəşrə hazırlayıb.

Monoqrafiya və kitabları

  1. «Kökün və sözün yaddaşı» (2002)
  2. «Osman Sarıvəllinin poetikası» (2005)
  3. «Milli ideal mücahidi» (2005)
  4. «Sözün divanı və vətəndaş yanğısı» (2007)
  5. «Xəlil Rza Ulutürkün poetikası» (2009), (2012)
  6. «Sənət və şəxsiyyət» (2013)
  7. «XX əsr Azərbaycan şeirinin poetikası» (2014)
  8. «Xəlil Rza Ulutürk» (həyatı, fəaliyyəti və sənəti) (2015)
  9. "Fərdi üslubun poeziyası" (2017)
  10. "Bəxtiyar Vahabzadə" (2019)
  11. “Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” (2020)
  12. “Elm və təhsil qurucusu” (2021)

İstinadlar

    Xarici keçidlər

    http://elibrary.bsu.az/yenii%5Cyeni_kitablar%5C1413998591.pdf%5B%5D

    http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2586%5B%5D

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.