Əliyevşünaslıq

ƏliyevşünaslıqHeydər Əliyevin həyat və fəaliyyətini tədqiq edən elmi-tədqiqat istiqaməti. Əliyevşünaslıq Azərbaycan ictimai-siyasi fikir tarixinin üzvi tərkib hissəsi olan əliyevçiliyi öyrənir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş marka üzərində Heydər Əliyevin şəkli

Heydər Əliyev dünya xəritəsində kiçik yer tutan bir ölkənin böyük rəhbəri olub, dünya liderləri səviyyəsində qiymətləndirilən görkəmli dövlət xadimidir. Yer kürəsinin ən görkəmli dövlət və siyasi xadimləri: Corc Buş, Bill Klinton, Barak Obama, Vladimir Putin, Hi Tszintao, Kraliça II Yelizaveta, Jak Şirak, Toni Bleyr, Süleyman Dəmirəl, Rəcəb Tayyib Ərdoğan, Nursultan Nazarbayev, Eduard Şevardnadze, Leonid Kuçma, Henri Kissincer, Zbiqnev Bjezinski kimi məşhur simaların Heydər Əliyevə verdikləri yüksək qiymət geniş mənada şəxsiyyət və zaman, lider və xalq, siyasət və cəmiyyət kimi aktual məsələlərin dəyərləndirilməsinə dair ciddi və əhəmiyyətli mülahizələr olub, Azərbaycan xalqının ümummilli liderinin beynəlxalq aləmdəki yerini və miqyasını təsəvvür etməyə imkan yaradır.[1]

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsi ilə bağlı tədqiqatlar akademik Yaqub Mahmudovun çoxşaxəli elmi fəaliyyətində mühüm yer tutur. Təsadüfi deyildir ki, professor Yaqub Mahmudov Heydər Əliyev irsini araşdıran “Əliyevşünaslıq” elmi məktəbinin yaradıcılarından biri hesab olunur.[2]

Akademik Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı monumental monoqrafiyalarında və çoxsaylı məqalələrində Ümummilli liderin zəngin dövlətçilik irsi və ictimai-siyasi fəaliyyəti dərindən təhlil edilir, bu dahi şəxsiyyətin fenomenal cəhət və xüsusiyyətləri çoxsaylı faktlarla ilk dəfə sistemli şəkildə araşdırılaraq geniş ictimaiyyətə təqdim olunmuşdur.[2]

6 may 2003-cü ildə Bakıda I Ümumrespublika Əliyevşünaslıq konfransı keçirilmişdir. Konfransın əsas mövzusu "Heydər Əliyev və müasir Azərbaycan" olmuşdur.[3] Konfransda Səlahəddin Xəlilovun “Müdriklik: ideya və əməyin harmoniyası”, YAP sədrinin müavini, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin “Müstəqil Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev yolu”, Şahlar Əsgərovun və təhsil naziri Misir Mərdanovun “Heydər Əliyev və təhsil quruculuğu” mövzularında məruzələri dinlənilib.[4]

Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” əsəri indiyədək Heydər Əliyev barədə yazılmış kitablardan əsaslı surətdə fərqlənir. Alim, özündən əvvəlki müəlliflərdən fərqli olaraq, Əliyevşünaslıqda ilk dəfədir ki, dahi şəxsiyyətimizin həyat yoluna bütün tariximiz fonunda nəzər salır.[5]

Fenomenal siyasi və dövlət xadimi kimi tarixə qovuşmuş Heydər Əliyevin dövlətçilik fəaliyyətinin elmi əsaslarla öyrənilməsi, Azərbaycan xalqının milli sərvəti, tükənməz xəzinəsi olan siyasi irsinin araşdırılması son dərəcə böyük nəzəri-siyasi və əməli əhəmiyyətə malikdir. Bu baxımdan, Əliyevşünaslığa çox dəyərli töhfə saydığımız tarix elmləri doktoru İradə Hüseynovanın «Müstəqil Azərbaycan dövlətinin qurucusu» monoqrafiyasının elmi uğurlarından biri Heydər Əliyevin təkcə müstəqil Azərbaycana rəhbərliyi dövrünü deyil, həm də əmək fəaliyyətinə başladığı 1941-ci ildən respublika rəhbərliyinə gələnədək olan mərhələdəki xidmətlərini də ilk dəfə arxiv materialları əsasında tədqiq etməsidir.[6]

İxtisaslaşmış qurumlar

  • Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda "Əliyevşünaslıq" adlı şöbə fəaliyyət göstərir. Şöbə AMEA Rəyasət Heyətinin 2 aprel 2008-ci il tarixli qərarı ilə yaradılmışdır. Şöbə əvvəlcə "Heydər Əliyev irsini tədqiq edən şöbə" kimi fəaliyyətə başlamış, 2010-cu ildə isə AMEA Rəyasət Heyətinin qərarı ilə "Əliyevşünaslıq" şöbəsi adlandırılmışdır.[7]
  • Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının nəzdində Əliyevşünaslıq İnstitutu fəaliyyət göstərir. Onun əsas məqsədi Heydər Əliyevin ictimai-siyasi və elmi-fəlsəfi irsinin öyrənilməsi sahəsindəki tədqiqatların mütəşəkkilliyini təmin etməkdir.
  • Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində "Heydər Əliyev məktəbi" fəaliyyət göstərir. Onun əsas məqsədi Ulu Öndər Heydər Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin elmi əsaslarının tədqiqi və təbliği işini təşkil etməkdir. Məktəbin əldə etdiyi elmi nəticələr sırasına müvafiq elmi-tədqiqat işlərinin hazırlanması, Ümumrespublika və beynəlxalq elmi konfransların təşkil edilməsi, ölkədə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini kompleks şəkildə öyrənmək və bu sahədə gənclərin dərin biliklərə yiyələnməsini formalaşdırmaq üçün “Əliyevşünaslıq” irsinin elmi məktəb olaraq öyrənilməsi daxildir. Əldə olunmuş biliklərin ölkə ictimaiyyəti qarşısında təbliği ayrıca istiqamət olaraq həyata keçirilir.[8]
  • AMEA Mərkəzi Elmi Kitabxanasının nəzdində Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyət göstərir. Azərbaycan dövlətçiliyi və Heydər Əliyev irsinin kitabxana fondlarında komplektləşdirilməsi Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, dövlətçilik tarixi, Azərbaycanın keçmişi və bu günü haqqında məlumat əldə etməyə imkan verir.

Uzun illər fəaliyyət göstərən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi – Azərbaycan dövlətçiliyinə dair ədəbiyyatın komplektləşdirilməsi, mühafizəsinin və istifadəsinin təşkili, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili, Azərbaycan dövlətçiliyi və Heydər Əliyev şəxsiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin informasiya təminatını təşkil edir, mövzu və şəxsi biblioqrafik göstəricilərin, çap kataloqlarının hazırlanması, elmi-kütləvi tədbirlərin təşkili və keçirilməsi fəaliyyətini nəzərdə tutur. Son illərdə şöbənin təşkil etdiyi və uğurla həyata keçirdiyi ən mühüm layihələrdən biri – görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə dəstək məqsədilə təşkil etdiyi silsilə xarakterli Heydər Əliyev lektoriyalarının keçirilməsidir.[9]

Həmçinin bax

İstinadlar

  1. İsa Həbibbəyli. "Azərbaycan HeydərƏliyevşünaslığı: nailiyyətlər və vəzifələr" (az.). https://science.gov.az/. Archived from the original on 2022-10-24.
  2. Ədalət Qasımov. "Əliyevşünaslıq elmi məktəbinin yaradıcısı" (az.). https://ikisahil.az. Archived from the original on 2020-01-26.
  3. Heydər Əliyev və müasir Azərbaycan: I Ümumrespublika Əliyevşünaslıq konfransının materialları, 6 may 2003-cü il. Bakı. Azərbaycan Universitetinin nəşri, 2003. 360 s.  (az.)
  4. AZƏRTAC. ""HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN" MÖVZUSUNDA BİRİNCİ ÜMUMRESPUBLİKA ƏLİYEVŞÜNASLIQ KONFRANSI" (az.). İstifadə tarixi: 2013-02-06.
  5. Yaqub Mahmudov. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Təhsil. 2002. 328 səh.
  6. İradə Hüseynova. Müstəqil Azərbaycan dövlətinin qurucusu (PDF). Bakı: Təhsil. 2004. 472 səh.
  7. "«ƏLİYEVŞÜNASLIQ» ŞÖBƏSİ". 2012-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-06.
  8. "Heydər Əliyev məktəbi" (az.). Archived from the original on 2022-07-22.
  9. "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ ŞÖBƏSİ" (az.). https://mek.az. Archived from the original on 2023-01-06.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.