Əlipənah Bayramov

Əlipənah Bayramov (azərb. Əlipənah Gülbala oğlu Bayramov; 13 dekabr 1946, Kürsəngi, Salyan — 17 dekabr 2022, Bakı) — Azərbaycanlı jurnalist, "Xalq qəzeti"nin keçmiş şöbə müdiri, "Əməkdar mədəniyyət işçisi" (2005).[1]

Əlipənah Bayramov
Əlipənah Gülbala oğlu Bayramov
Doğum tarixi
Doğum yeri Salyan rayonu, Kürsəngi kəndi
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bakı şəhəri
Dəfn yeri Kürsəngi kəndi
Vətəndaşlığı Azərbaycan SSR, Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti Jurnalist, Yazıçı
Fəaliyyət illəri 1972-2022
Tanınmış əsərləri "Beşilliyin Qəhrəmanları", "Həyatım, mühitim"
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı  — 2005 "Qızıl qələm" mükafatı — 1982

Həyatı

Əlipənah Gülbala oğlu Bayramov 1946-cı il dekabrın 13-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. Səkkizillik məktəbi doğma kəndində, orta məktəbi qonşu Xalac kəndində bitirib. Orta məktəb illərindən dövri mətbuatda müxtəlif mövzularda yazdığı məqalələrlə çıxış edib. Yeniyetməlik illərində də mətbuatda çıxışlar edən Əlipənah Bayramov taleyini birdəfəlik jurnalistika ilə bağlayıb. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olmuş, 1973-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdi.

Tanınmış jurnalist 2022-ci ildə, 76 yaşında Bakı şəhərində dünyasını dəyişib.[2] O, ömrünün son illərində də jurnalist axtarışlarını davam etdirirdi. Altmış ilə yaxın yaradıcılıq fəaliyyəti dövrünün maraqlı fakt və hadisələri barədə düşüncələrini qələmə alırdı.

Evli idi. 4 övladı var.

Fəaliyyəti

1972–1974-cü illərdə məşhur "İdman" qəzeti redaksiyasında işə başlayıb.[3] 1974–1979-cu illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəşr edilən "Neft kadrları uğrunda" çox-tirajlı qəzetinin redaktoru olub.

1979-cu ilin sentyabrından "Xalq qəzeti" (keçmiş "Kommunist" qəzeti) redaksiyasında çalışıb. Bu illər ərzində redaksiya heyətinin üzvü olaraq müxbir, baş müxbir, şöbə müdiri (sənaye, məktublar və iqtisadiyyat şöbələri üzrə) çalışıb. "Xalq qəzeti"ndə çap olunmuş və "Həyatım və mühitim" toplusuna daxil edilmiş görkəmli ziyalılarımız barədə yazılar silsiləsi jurnalistə layiqli nüfuz qazandırmışdı. Yetkin jurnalist olaraq Əlipənah Bayramov ölkənin nüfuzlu jurnalist mükafatlarına öncüllər sırasında layiq görülmüşdür.

1983-cü ildə "Beşilliyin qəhrəmanları" seriyasından Sosialist Əməyi Qəhrəmanı, maşinist Qəzənfər Əliyevə həsr olunmuş ilk kitabı çapdan çıxıb.[4] 2016-cı ildə görkəmli jurnalistin "Həyatım, mühitim" adlı kitabı çapdan çıxmışdır.[4][5][6][7][8]

"Həyatım, mühitim"

Kitabda yazıçının Nəsibə Zeynalova, Mirvarid Dilbazi, Sarvan Salmanov, Ziya Bünyadov, Arif Məlikov, Alim Qasımov, Fərman Salmanov kimi tanınmış şəxslərlə apardığı müsahibələri, xatirələri və düşüncələri yer alır.

Həmçinin kitabda yer alan Kürsəngi kəndinin tarixi haqqında bəzi araşdırmalar:

Atamın sağlığında nəsil şəcərəmizi tərtib etmədiyimə görə özümü bağışlaya bilmirəm. İndi yaddaşıma nə qədər güc versəm də babalarımın sayı səkkizi keçmir: Ağca,… Qubad, Piri, Haşım, Bədir, Qasım, Bayram və Kərim. Atam deyərdi ki, bizim nəsil bineyi-qədimdən tərəkəmə olub. Yayda yaylaqda, qışda qışlaqda qoyun sürüləri bəsləmişik. Dədə-baba örüşlərimiz yaylaqda Şamaxının Çalov kəndinin, qışlaqda isə Salyanın Kürsəngi kəndinin əraziləri olub. Aralarındakı kəsə məsafə, təxminən, yüz kilometrdir. Yeri gəlmişkən onu da deyim ki, Kürsəngi dağı palçıq vulkanın püskürməsi nəticəsində yaranıb. Azərbaycan Sovet Ensiklopediyasında yazılıb: "Kürsəngi (dağı) Kür-Araz ovalığında ən iri palçıq vulkanlarından biridir. Hündürlüyü 77 metr, ümumi sahəsi 170 hektardır".

Dağın ərazisi orta əsrlər dövrünə aid yaşayış yeridir. 23x23x5 santimetr ölçüdə qırmızı və açıq-sarı rəngli bişmiş kərpicdən tikilmiş qala divarlarının qalıqları keçmişdə Kürsənginin zirvəsində qala olduğunu sübut edir. Yaşayış yerindən çoxlu keramika, şüşə bilərzik parçaları və qədim muncuqlar tapılmışdır. Alimlərin qənaətinə görə, bu tapıntılar abidənin IX–XIII əsrlərə aid olduğunu göstərir. Camaatımız tərəkəmə olsa da onların əsas yaşayış yeri Çalov kəndi olmuşdur. Kəndin tarixini, buradakı əqrəbaların şəcərəsini yorulmadan və səbrlə araşdıran Əlifağa Osmanov "Azərbaycan Milli Ensiklopediyası"na göndərdiyi məqalədə yazır: "Yaşıların dediklərinə görə, kəndin hazırkı sakinlərinin ulu babaları təxminən 1710–1720-ci illərdə burada məskən salmışlar. Kənd məscidi 1873-cü ildə Hacı Cahangir tərəfindən tikilmişdir. 1918-ci ildə bu tarixi bina erməni daşnakları tərəfindən yandırılmış, 1930-cu ildə bərpa olunaraq əvvəl ibtidai məktəb, sonra isə kitabxana kimi fəaliyyət göstərmişdir". Ata nənəmin dayısı Tapdıq baba 100 ildən çox yaşadı. Onu mən də görmüşdüm. Gözləri göy, sarışın bənizli nurani qoca idi. Atamın "dayı" deyə xüsusi bir istəklə müraciət etdiyi bu kişi Çalovdan Kürsəngiyə gələndə evimizin ən əziz qonağı olardı. O da yadımdadır ki, uşaqdan-böyüyə, bütün qohum-qonşu Tapdıq babanın ətrafına toplaşıb onun maraqlı söhbətlərinə saatlarla qulaq asardılar. Kiçik olduğum üçün indi o söhbətlərin heç birini xatır- laya bilmirəm. Ancaq atamın kəndimizin tarixi ilə bağlı Tapdıq babadan eşitdiyi bu söhbəti olduğu kimi nəzərinizə çatdırmaq istəyirəm: …Çalovun binəsini üç kişi qoyub- Şamxal, Ağca və Piri. Şamxal hansı səbəbdənsə Cənubi Azərbaycandan gəlib və Çalovda ilk binə salıb. Ağca ilə Piri qardaş olublar, əsilləri Şamaxıdan. Sarıtorpaqdandır. Uzun illər kənd məktəbinin direktoru işləmiş Abdulla Rəcəbov Çalovun tarixi, maddi mədəniyyət abidələri ilə bağlı araşdırmalar aparmış, mətbuat səhifələrində maraqlı yazılarla çıxış etmişdir. Onun imzası ilə "Yeni Şirvan" qəzetinin 22 may 1982-ci il tarixli nömrəsində dərc olunmuş məqalədə oxuyuruq: "Çalov kəndinin əhalisi, əsasən, Şamaxı rayonunun ətraf kəndlərindən və respublikamızın digər rayonlarından köçüb gəlmişdir. XVIII əsrin əvvəllərində bu kənd 12 qəbilə (əqrəba) və 5 ata uşağından ibarət olub."

Oxucular üçün maraqlı olacağını və gələcəkdə axtaranların çətinlik çəkməmələri üçün həmin qəbilələrin və ata uşaqlarının siyahısını təqdim edirəm.

QƏBİLƏLƏR: Nərlilər (əsilləri Cənubi Azərbaycandan gəlmədir), Ağcalar (Şamaxı, Sarıtorpaq), Keçəllər (Cənubi Azərbaycan, Germi vilayəti, Keçəllər kəndi), Muradlılar, Carolar (Şamaxı, Sarıtorpaq), Pəncililər (Göyçaydan gəliblər), Mərəşlilər (Qubadan gəliblər), Darğalı (Cənubi Azərbaycandan gəliblər), Kürkətli (Nabur kəndindən gəliblər), Coranlı (Sündü kəndindən gəliblər), Topgüllülər (Şabrandan gəliblər), Tulunclu (Şəkidən Cəyirli kəndinə, oradan da Çalova köçüblər).

ATA UŞAQLARI isə bunlardır: Yaqubuşağı, Abıluşağı, Keçəluşağı, Dəmiruşağı və Söylənuşağı. XX əsrin 30–40-cı illərində ata uşağılarının siyahısına əsilləri Ağcalar qəbiləsindən olan Bayramuşağı da əlavə olunub.

Ancaq Çalovun tarixini son məskunlaşma ilə məhdudlaşdırmaq düzgün olmazdı. Kəndin ərazisində aparılan qazıntılar zamanı tapılan maddi mədəniyyət abidələri və arxeoloji materiallar onun tarixinin daha qədim olduğunu göstərir. Məmmədəli Baxışovun və Əlifağa Osmanovun evlərinin bünövrəsi qazılarkən tapılan gümüş sikkələr isə bu tarixi köklərin eramızdan əvvəl II əsrə gedib çıxdığını göstərir. Tarix elmləri doktoru, professor Aləm Nuriyev "Bakı" qəzetinin 15 may 1982-ci il tarixli nömrəsində yazır: "Şamaxı rayonunun Çalov kəndində aparılan axtarışlar zamanı xeyli maddi mədəniyyət nümunəsi aşkara çıxarılmışdır. Həmin materiallar əsasən təsərrüfatda və məişətdə işlədilmiş kasalardan, boşqab tipli qablardan ibarətdir. Əldə olunan maddi mədəniyyət nümunələrini öz xüsusiyyətlərinə görə iki dövrə eramızdan əvvəlki II əsrə və eramızın III əsrinə, habelə eramızın IV və XIII yüzilliklərinə aid etmək mümkündür. Yaşıl, ağ, bənövşəyi və qəhvəyi rəngli şirli məişət qabları diqqəti daha çox cəlb edir. Maraqlıdır ki, onlar Şamaxının Şabran, Gülüstan qalası və arxeoloji abidələrində aşkara çıxarılmış şirli qablara çox oxşayır.

Çalovda aşkar etdiyimiz üç gümüş pul xüsusi əhəmiyyətə malikdir. Bu pullardan biri eramızın 40–51-ci illərində Parfiya hökmdarı olmuş Qotarsın adından kəsilmişdir. Onun səthində hökmdarın şəkli təsvir olunmuşdur. Arxa və ön tərəflərində ay və ulduzların şəkli verilmişdir.

İkinci pul Yuli Sezarın adından Makedoniyada kəsilmişdir. Üzərində Yuli Sezarın başı təsvir olunmuş, başın arxa tərəfində isə onun adı yazılmışdır. Üçüncü gümüş pul Kappadokiyada (Kiçik Asiyanın şərq hissəsindəki qədim vilayət) kəsilmişdir. Onun eramızdan əvvəl II əsrə aid olduğu müəyyən edilmişdir. Tapıntılar sübüt edir ki, bu yerlərin sakinlərinin antik dünya ilə sıx iqtisadi, mədəni əlaqələri olmuşdur.

Abidə ərazisində axtarışlar nəticəsində müəyyənləşdirilmişdir ki, Çalov şəhər tipli yaşayış yeri olmuşdur." Görünür, sonralar bu yaşayış məskəni hansı səbəbdənsə dağıdılmış, yerində meşəlik və sıx kolluq yaranmışdır. Qədim Çalovun niyə və nə vaxt dağıdılması hələlik sirr olaraq qalır. Bu sirri, heç şübhəsiz, tarixçi alimlər, arxeoloji ekspedisiyalar aça bilərlər. Təəssüf ki, ötən əsrin 70–80-ci illərindən burada aparılan axtarışlar tamam dayandırılıb. Çalov kəndi ərazisində isə xalqımızın keçmişinə aydınlıq gətirəcək tarixi obyektlər, maddi mədəniyyət abidələri kifayət qədərdir. Buradakı ilk insanların yaşayış məskəni güman edilən daş mağara, iki qədim qala yeri və İslamın Qafqaza yayıldığı ilkin illərdən soraq verən qəbirüstü yazılar böyük intizarla öz tədqiqatçılarını gözləyir…

Tərəkəmə üçün örüş yerinin nə demək olduğunu təsəvvür etmək elə də çətin deyil. Atam deyərdi ki, Çalov camaatının istər qışlaqda, istərsə də yaylaqda xam otlaq sahələri vardı. Sovet hakimiyyətindən əvvəl camaatın 1600 dəvəsi, 30–40 mindən çox qoyunu, mal naxırı və at ilxısı payızda Kürsəngi kəndi yaxınlığındakı Təpəli, Axunlu, Yolqırağı, Ocaqqullu, Alyar, bir az kənardakı Ozağı qışlaqlarına enir, yazda isə Çalov kəndinin Taxta yaylağı, Yəhərcə və Dovşan təpəsi yaylaqlarına qalxardı. Sovet hökuməti qurulandan və kollektivləşmə prosesi başa çatandan sonra malı-mülkü əlindən alınan Çalov camaatının bir hissəsi yaylaqda — Çalov kəndində, bir hissəsi də aranda — Kürsəngidə oturaq həyata keçib.[5]

Mükafatları

Jurnalist respublika Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. "H. B. Zərdabi" və "Qızıl qələm" (1982) mükafatları laureatıdır. Əlipənah Bayramov 2005-ci ildə ölkə başçısının sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.[1]

İstinadlar

  1. "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). Archived from the original on 2022-09-28. İstifadə tarixi: 2023-03-13.
  2. Azərbaycan Mətbuat Şurası. "Azərbaycan Mətbuat Şurası jurnalist Əlipənah Bayramovun vəfatı ilə bağlı nekroloq yayıb". presscouncil.az. Archived from the original on 2023-03-19. İstifadə tarixi: 2023-03-19.
  3. ""İdman"dan "Kommunist"ə!". azsport.az. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
  4. "Elektron Kataloq anl.az - Ə. G. Bayramov". ek.anl.az. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
  5. "Elektron Kataloq. Həyatım və mühitim [Mətn] /Ə. G. Bayramov ; red. T. Aydınoğlu". ek.anl.az. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
  6. "Etno-bioqrafik "biblioqrafiya"..." anl.az. Archived from the original on 2017-05-11. İstifadə tarixi: 2023-03-21.
  7. "Mədəniyyət. Etno-bioqrafik "biblioqrafiya"..." medeniyyet.az. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
  8. ""Həyatım və mühitim"in gələcəyə söz körpüsü". old.xalqqazeti.com. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.

Həmçinin bax

idman qəzeti

Xalq qəzeti

"Qızıl qələm" mükafatı

"Qızıl qələm" mükafatı laureatları

"Əməkdar mədəniyyət işçisi"

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.