Əliağa Həsənov
Əlağa Hacı Süleyman oğlu Həsənov (1871, Bakı – 18 mart 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri olmuşdur[1].
Əliağa Həsənov | |
---|---|
1919 – ? | |
14 mart 1919 – 22 dekabr 1919 | |
Əvvəlki | İvan Protasov |
Sonrakı | Rəşid xan Qaplanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1871 |
Doğum yeri | |
Vəfat tarixi | 18 mart 1933 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | məmur, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ə.Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirmişdir. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir. Bakının ictimai həyatında fəal iştirak edən Ə.Həsənov şəhər Dumasının üzvü seçilmişdir. O, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından köməklik etmişdir. Bundan başqa Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olmuşdur.
1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın azərbaycanlını qırdı. Onlar S.Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşunhissələri tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə.Həsənov olmuşdu. O, qırğının son günü yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. Bitərəf Ə.Həsənov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir.[2] Ə.Həsənov F.X.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinetində (26 dekabr 1918–14 mart 1919) maliyyə nazirinin müavini, 1919-cu ilin yanvarın 16-dan isə dövlət müfəttişi vəzifələrini yerinə yetirmişdir. Azərbaycan Nazirlər Şurasının Sədri N.Yusifbəylinin yaratdığı 1-ci (ümumi sayca 4-cü) Hökumətdə o, maliyyə naziri vəzifəsini icra etmişdir.[3] Ə.Həsənovun rəhbərliyi altında 1919-cu il sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Bankın Gəncədə, Şamaxıda, Lənkəranda və başqa şəhərlərdə şöbələri təşkil olundu. 1919–1920-ci illərdə ADR-nın 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı. Yüksək bədii zövqlə tərtib olunmuş bu əskinasların üzərində nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları var idi. 1919-cu ilin sonunda ADR hökumətinin rəsmi icazəsi ilə Bakıda şəhər upravası tərəfindən 500 manat dəyərində istiqraz vərəqələri də dövriyyəyə daxil edildi. 1919-cu il dekabrın ortalarında N.Yusifbəylinin kabinəsi istefaya çıxdığı üçün dekabr ayının 24-də Ə.Həsənov tutduğu vəzifəni tərk etmişdir. O, II Yusifbəyli hökumətində maliyyə nazirinin müavini olmuş, sonra Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində (həm milli hökumət, həm də sovet dövründə) çalışmışdır.
İstinadlar
- "Cümhuriyyətin maliyyə və bank sistemini formalaşdıran "Bakı taciri"". 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.
- Azərbaycan Xalq Cumhuriyyəti Parlament (stenoqrafik hesabatlar). Bakı. 1998.
- Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası I cild. Bakı: "Lider" nəşriyyat. 2004.
- "Гасанов Алиага Хаджи Сулейман — министр финансов АДР". 2018-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.