Əli Vəliyev

Əli Qara oğlu Vəliyev (27 fevral 1901, Ağdü, Zəngəzur qəzası2 fevral 1983, Bakı) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1937), Azərbaycan SSR xalq yazıçısı (1974), M.F.Axundov adına mükafat laureatı (1958).

Əli Vəliyev
Doğum tarixi 27 fevral 1901(1901-02-27)
Doğum yeri
Vəfat tarixi 2 fevral 1983(1983-02-02) (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Uşağı Məsud Əlioğlu
Fəaliyyəti yazıçı
Mükafatları "Lenin" ordeni  — 1971 "Qırmızı əmək bayrağı" ordeni  — 1959 "Şərəf nişanı" ordeni  — 1946 "Əmək veteranı" medalı  — 1976 "Oktyabr inqilabı" ordeni  — 1981
"Azərbaycan SSR xalq yazıçısı" fəxri adı  — 1974

Həyatı

Əli Vəliyev 1901-ci il fevralın 27-də Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Ağdü kəndində anadan olmuşdur.[1] Mənşəcə kürddür.[2] 1917-ci ildə Ağdü kəndindəki 3 sinifli rus məktəbini bitirmişdir. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olmuşdur. Şuşa firqə məktəbindən sonra Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirmişdir.

1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1925–1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışmışdır. Yay pedaqoji kurslarında təhsilini artırmış və Şuşada orta təhsil haqqında diplom almışdır. 1928-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olmuşdur.

1931-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsini bitirmişdir. 1933–1934-cü illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində çalışmışdır. 1935–1937-ci illərdə Azərbaycanın bir sıra rayonlarında partiya işində işləmişdir. 1937–1941-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqında, Azərbaycan İncəsənət İşçiləri İttifaqında, Voroşilov Rayon İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışmışdır.

1942–1945-ci illərdə Kommunist qəzetinin redaktor müavini işləmişdir. 1945–1950-ci illərdə Kommunist qəzetinin məsul redaktoru vəzifəsində çalışmışdır.

1950–1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifəsində işləmişdir. 1954-cü ilin yanvarında M. F. Axundov adına Respublika Dövlət mükafatına layiq görülmüşdür. 1954–1959-cu illərdə "Azərbaycan" jurnalının məsul redaktoru vəzifəsində çalışmışdır.

Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir.[3]

Mükafatları

1945-ci ildə "1941–1945-ci illərdəki Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalı ilə təltif olunmuşdur. 1959-cu ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.

1971-ci ildə anadan olmasının 70 illiyi və sovet ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Lenin ordeni və "Əmək veteranı" medalı ilə təltif edilmişdir. Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına və "Xalq maarifi əlaçısı" döş nişanına layiq görülmüşdür.

1972-ci ildə Şamxor rayonundakı M.Əzizbəyov adına kolxozun təsis etdiyi "Qızıl oraq" mükafatına layiq görülmüşdür.

6 sentyabr 1974-cü ildə "Azərbaycan SSR xalq yazıçısı" fəxri adına layiq görülmüşdür.[4] 1976-cı ildə anadan olmasının 75 illiyi münasibətilə SSRİ Ali Sovetinin Rəyasət heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

1981-ci ildə Sovet ədəbiyyatının inkişafındakı xidmətlərinə görə və anadan olmasının səksən illiyi ilə əlaqədar olaraq "Oktyabr inqilabı" ordeni ilə təltif olunmuşdur (26.02.1981).[5]

Yaradıcılığı

Sərraf Şiruyə, (?), Əli Vəliyev, (?) və Qulu Xəlilov. 1980-ci il, Kəlbəcər

Yaradıcılığa Bakı mərkəzi firqə məktəbində oxuyarkən başlamış, fəal fəhlə-kəndli müxbiri kimi "Kommunist", "Kəndli", "Gənc işçi", "Yeni fikir" qəzetlərinin səhifələrində çıxış etmişdir.

"İnqilab və mədəniyyət", "Hücum", "Ədəbiyyat cəbhəsində" jurnallarında hekayələri çap edilmişdir. 1930-cu ildə "Allahın səyahəti" və "Nənəmin cəhrəsi" kitablarını nəşr etdirmişdir.

1937–1941-ci illərdə "Qarlı dağlar", "Qəhrəman", "Ordenli çoban" və "Sübut" kitabları çap edilmişdir. 1941–1942-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində yazıçı-jurnalist kimi iştirak etmiş, gördüyü, şahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında "Cəbhə hekayələri" kitabını yazmışdır. 1942–1945-ci illərdə "Ərköyün", "Sovqat" kitablarını çap etdirmişdir.[6]

1945–1950-ci illərdə "Gülşən" povesti və "Hekayələr" kitabları nəşr edilmişdir. 1958-ci ildə "Gülşən" povesti və "Çiçəkli" romanı M.F.Axundov adına mükafata layiq görülmüşdür. 1954–1959-cu illərdə yazıçının "Madarın dastanı", "Ürək dostları", Azərbaycan, rus və Ukrayna dillərində "Çiçəkli" romanı, "Seçilmiş əsərləri"nin I cildi oxuculara təqdim olunmuşdur.

1959-cu ildə Rus dilində "Ürək dostları" romanı işıq üzü görmüşdür. 1960–1970-ci illərdə "Seçilmiş əsərləri"nin II–VI cildləri, görkəmli söz ustası S.Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilmiş "Xalq yazıçısı" monoqrafiyası, "Turaclıya gedən yol", "Budağın xatirələri" (Azərbaycan və rus dillərində) romanları, "Zəngəzur qartalları", "Bir cüt tərlan" povestləri, "Uşaqlara sovqat", "Əziz nəvələrimə", "Anaqız", "Bir cüt ulduz" nağıl və hekayələri çapdan çıxmışdır.

1971-ci ildə "Samovar tüstülənir", "Gəncliyimi tapdım" (rus dilində), povest və hekayələr kitabları çapdan çıxmışdır. 1972-ci ildə "Durna qatarı" oçerklər kitabı nəşr edilmişdir.

1974-cü ildə "Gənclik" nəşriyyatı 2 kitabdan ibarət "Budağın xatirələri" romanının yeni-tamamlanmış nəşrini çap etmişdir. 1975-ci ildə "Yeni həyat" hekayələr kitabı çapdan çıxmışdır. 1976-cı ildə "Zamanın ulduzları", "İstedad" (rus dilində) povest və hekayələr kitabları işıq üzü görmüşdür. 1977–1980-ci illərdə "Qarabağda qalan izlər", "Narahat adam", "Turaclıya gedən yol" (3-cü nəşri) romanları, "Qənirsiz gözəl", "Zamanın ulduzları" (rus dilində) povest və hekayələri, "Şamama Həsənova" oçerki çap edilmiş, bir sıra povest, hekayə, oçerk və ədəbi-tənqidi məqalələri dövri mətbuatda yayımlanmışdır.

Əsərləri

  • Allahın səyahəti (1930)
  • Nənəmin cəhrəsi (1930)
  • Qarlı dağlar (1938)
  • Dostlar (1939)
  • Ordenli çoban (1939)
  • Qəhrəman (1940)
  • Sübut (1941)
  • Cəbhə hekayələri (1942)
  • Gülşən (1953)
  • Çiçəkli (1955)
  • Turaclıya gedən yol (1961)
  • Anaqız (1965)
  • Bir cüt ulduz (1967)
  • Bir cüt tərlan (1968)
  • Seçilmiş əsərləri,(6 cilddə) Bakı, Azərnəşr — 1968 (12 000 nüsxə)
  • Seçilmiş əsərləri, (povest, hekayələr və romanları — 6 cilddə) Azərbaycan Dövlət Kitab Palatası 1969. — 12 000 nüsxə
  • Seçilmiş əsərləri, Azərbaycan Dövlət Kitab Palatası — 1970, 12 000 nüsxə
  • Gülşən və ürək dostları,(Povestlər) — Azərbaycan Dövlət Kitab Palatası, 1970
  • Ürək dostları (1970)
  • Samovar tüstüləri (1971)
  • Durna qatarı (1972)
  • Budağın xatirələri, Bakı: "Gənclik", 1974
  • Zamanın ulduzları (1976)
  • Narahat adam (1978)
  • Oçerklər (1978)
  • Ötən günlər (1981)
  • Madarın dastanı (1988)

Xatirəsi

Rejissor Vasif Məmmədzadə 2011-ci ildə "Əli Vəliyev" adlı sənədli film çəkmişdir.[7]

Həmçinin bax

İstinadlar

  1. "Qarabağ ədəbiyyatı: xronoqraf > XX əsr > Əli Vəliyev — azerbaycanli.org saytı". 2013-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-26.
  2. "Azərbaycanın tarixi şəxsiyyətlərinə dair polemika". Yeni Müsavat (az.). 3 may 2013. 9 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
  3. "Elbrus Şahmar, "Şəxsiyyətin əzəməti" ƏLİ VƏLİYEV — 110. — 525.az saytı". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-26.
  4. Ə.Q.Vəliyev yoldaşa Azərbaycan SSR xalq yazıçısı fəxri adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 sentyabr 1974-cü il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az saytı
  5. Yazıçı Ə.Q.Vəliyevin "Oktyabr inqilabı" ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 fevral 1981-ci il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az saytı
  6. "Flora Xəlilzadə, "Silsilə romanlar müəllifi" — medeniyyet.az saytı". 2013-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-26.
  7. Allahverdiyev, E. Əli Vəliyev barədə film: [Rejissor Vasif Məmmədzadənin Xalq yazıçısı Əli Vəliyevə həsr etdiyi "Əli Vəliyev" adlı sənədli filmi haqqında] //Ekran-efir.- 2011.- 6 may.- S. 5.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.