Əli Dimayev

Əli Öməroviç Dimayev (çeç. Димаев, Ӏела Умарович; 27 sentyabr 1953, Qırğızıstan SSR) — Çeçen musiqiçisi və bəstəkarı, ilk çeçen "Zama" rok qrupunun yaradıcısı və daimi rəhbəri. Moskvada gənclərin və tələbələrin XII Ümumdünya Festivalının (1985) diplomu mükafatçısı, Çeçenistan Lenin komsomolu mükafatı laureatı, V Beynəlxalq "Yaroslavl şənlikləri" festivalının diplomu laureatı (2000), Çeçenistan Respublikasının (2001) və İnquşetiya Respublikasının (2001) xalq artisti.

Əli Öməroviç Dimayev
çeç. Димаев, Ӏела Умарович
Ümumi məlumatlar
Doğum tarixi 27 sentyabr 1953(1953-09-27) (70 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti çeçen
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, bəstəkar, musiqi prodüseri
Janrlar rok, pop musiqisi, xalq mahnısı
Musiqi aləti piano
Mükafatları Çeçenistan Respublikasının xalq artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əli Dimayev 27 sentyabr 1953-cü ildə Qırğızıstan SSR-də anadan olub. Atası məşhur çeçen musiqiçisi Ömər Dimayevdir.[1]

O, ümumtəhsil və musiqi məktəblərində oxuyub. Təhsil aldığı gündən müxtəlif həvəskar tamaşalarda fəal iştirak edib, rəsm və rəqs dərnəkləri ilə məşğul olub. O, həm də Respublika Pionerlər Sarayının mahnı və rəqs ansamblının solisti olmuş, respublika müsabiqələrində və məktəb özfəaliyyət tamaşalarının konsertlərində çıxış etmişdir.

Pianoda ifa etməyi öyrənib. Sinif yoldaşları ilə birlikdə 1968-ci ildə ilk milli rok "Vaynaxlar" ansamblını təşkil edib. Onun bəstəkarlıq fəaliyyətinin başlanğıcı da həmin dövrə təsadüf edir.

1974-cü ildə musiqi məktəbinin fortepiano sinfini bitirərək "Şövda" (Çeşmə) qrupunu yaradıb.

Əli Dimayev Volqoqradda hərbi xidmət keçib. Xidmət müddətində "Ratniki" estrada ansamblını yaradıb. Ansambl tez-tez konsertlərlə Volqoqrad və Şimali Qafqaz Hərbi Dairəsinin hərbi hissələrində qastrollarda olurdu.

1977-ci ildə ordudan tərxis olunduqdan sonra Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestrinin rəhbəri vəzifəsində işləyib.

1981-ci ildə ilk milli peşəkar rok qrupu "Zama"nı yaradıb. 1985-ci ildə "Zama" ansamblı Moskvada keçirilən XII Ümumdünya Gənclər və Tələbələr Festivalının mədəni proqramında iştirak etmiş və festivalın qalibi olmuşdur. 1986-cı ildə "Zama" qrupunun üzvü kimi Çeçen-İnquş MSSR Lenin Komsomolu Mükafatı laureatı olub. 1995-ci ilin iyununda ansambla "Zama" Dövlət Pop Mahnısı Teatrı statusu verildi və Dimayev onun bədii rəhbəri və direktoru təyin edildi.

2000–2004-cü illərdə Çeçenistan Respublikasının Rusiya Federasiyası Prezidenti yanında Nümayəndəliyində baş mütəxəssis, 2002-ci ilin iyun ayından isə mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb.

2001-ci ildə Çeçenistan Respublikasının Xalq artisti adına layiq görülüb. Həmin ilin oktyabrında İnquşetiya Respublikasının xalq artisti adına layiq görülüb.

Əli Dimayev 500-dən çox mahnının, orkestr musiqisinin müəllifidir. Hazırda Moskvada yaşayır, yaradıcılıqla məşğul olur, gənc ifaçılara kömək edir, prodüser fəaliyyəti ilə məşğul olur.[2][3][4]

Ailəsi

İstinadlar

  1. "Умар Димаев – это гордость и величие нашего народа («Вести республики»)". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  2. "Али Димаев возвращается на малую родину | Информационное агентство "Грозный-Информ"". www.grozny-inform.ru (ingilis). 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  3. Kostoeva, Marina. "Жизнь, как песня Гражданин мира Али Димаев". gazetaingush.ru (rus). 2018-10-24. 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  4. "Али Димаев". ИА Чеченинфо (rus). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.