Ələsgər Rizvan
Ələsgər Rizvan – Təbriz teatrının aparıcı səhnə ustalarından olub. Bəzi mətbuat səhifələrində soyadı "Rizvani" kimi yazılıb. "Təbai" təxəllüsü ilə də çıxış edib.
Ələsgər Rizvan | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Fəaliyyəti | Aktyor |
Həyatı
Ələsgər Rizvan 1909-cu ildə Qarabağın Şuşa şəhərində doğulub. Üç-dörd yaşlarında ailəsi Ağdama köçüb. İbtidai təhsilini Ağdamda alıb. Onun ürəyəyatımlı, muğam ifaçılığına uyğun gələn səsi və güclü yumor bacarığı olub. Səhnə sənətinə marağı orta məktəbdə oxuyanda başlayıb. Şaqraq və cingiltili səsini eşidən Qaflan Muradov onu özünün aktyor işlədiyi Ağdam mədəniyyət klubunun dram dərnəyinə dəvət edib. Səhnəyə ilk dəfə Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasında qız rolunda çıxıb. Sonra başqa opera və operettalarda da qız rolları oynayıb.
Ələsgər Rizvan 1923-cü ildə Ağdam şəhərinə qastrola gəlmiş məşhur opera ustası Hüseynqulu Sarabskinin hazırladığı "Leyli və Məcnun" operasında Leyli rolunu ifa edib. Məcnun rolunda isə səhnəyə Sarabski çıxıb. Operanın göstərilməsi tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılanıb. Elə həmin gündən 1929-cu ilə qədər Ağdam teatrında opera artisti kimi səmərəli fəaliyyət göstərib. Müğənni-aktyor "Əsli və Kərəm", "Leyli və Məcnun", "Şah İsmayıl" (Müslüm Maqomayev) operalarında Kərəmin, Məcnunun və Şah İsmayılın partiyalarını ifa edib. 1930-cu illərin əvvəllərində Bakıdakı Azərbaycan Dövlət Filarmoniyasında məşhur sənətkarlarla birgə konsertlər verib. Muğam və təsnifləri, xalq mahnılarını ecazkar ifada oxuyub.
Ələsgər Rizvan 1930-cu illərin ikinci yarısında İrana köçüb. Tezliklə Təbrizdəki "Ariyen" dram dəstəsinin heyətinə daxil olub. Böyük sənət təcrübəsi olan Ələsgər Rizvan az müddət ərzində Təbriz teatrında opera və operetta rollarının mahir ifaçılarından sayılıb. O, öz sənətini həvəs və səylə gənclərə də öyrədib. Aktyor həm ayrı-ayrı teatr dəstələrində və həm də Dövlət Dram Teatrında Məcnun, Kərəm, Şah Abbas, Əsgər, Sərvər ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Aşıq Qərib ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov) rollarının mahir ifaçısı kimi ad çıxarıb və şöhrət qazanıb.
Ələsgər Rizvan teatrda işləməklə yanaşı, Təbriz dövlət xalq çalğı alətləri orkestrinin solisti idi. Bu orkestrlə Üzeyir bəy Hacıbəyovun "Koroğlu", Müslüm Maqomayevin "Şah İsmayıl" operalarında Koroğlunun və Şah İsmayılın mürəkkəb partiyalarını şövqlə oxuyub. İfa etdiyi Cahangir Cahangirovun "Təbrizim" mahnısı (sözləri M.Etimadındır) Cənubi Azərbaycanda milli himn kimi şöhrət qazanıb. Onun Leyla Möhsünpurla oxuduqları duetlər konsert proqramlarının bəzəyi kimi qiymətləndirilib.
Aktyorun yaradıcılıq salnaməsində Çoban Qəmbər ("Anamın kitabı", Cəlil Məmmədquluzadə), Sağdış ("Namus", Aleksandr Şirvanzadə), İbad ("Eşq və intiqam", Süleyman Sani Axundov), Dönməz ("Od gəlini", Cəfər Cabbarlı) kimi dramatik rollar da var.
Mənbə
- İlham Rəhimli. Təbriz Azərbaycan Teatrı. Bakı: Çaşıoğlu, 2005, səh. 147–148.