Ələkbər Quliyev
Ələkbər Məmməd oğlu Quliyev (27 sentyabr 1911, Tiflis – 16 aprel 1983, Bakı) — Azərbaycan alimi və dövlət xadimi, akademik, biologiya elmləri doktoru (1950), professor (1952), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1967)[1][2], Azərbaycan SSR kənd təsərrüfatı naziri (1961–1962).
Ələkbər Quliyev | |
---|---|
Azərbaycan SSR kənd təsərrüfatı naziri | |
16 mart 1961 – 31 mart 1962 | |
Əvvəlki | Möhsün Poladov |
Sonrakı | Əsgər Orucov (kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri kimi) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 sentyabr 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 16 aprel 1983 (71 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | botanik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | botanika |
|
|
Təltifləri |
|
Həyatı
Ələkbər Quliyev 27 sentyabr 1911-ci ildə Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 1930-cu ildə orta məktəbi bitirən Quliyev elə həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) qəbul olunmuşdur. O, 1934-cü ildə həmin institutu əla qiymətlərlə bitirdiyinə görə institutun Botanika kafedrasında saxlanılmış, əvvəlcə assistent, daha sonra baş müəllim kimi fəaliyyət göstərmişdir.[1][2]
Əmək fəaliyyəti
Ələkbər Quliyev uzun illər bir sıra tədris, elmi, dövlət və ictimai vəzifələrdə çalışmışdır. O, 1944–1960-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinin dekanı, Seleksiya və sistematika kafedrasının müdiri, 1955–1959-cu illərdə Tədris və elmi işlər üzrə prorektor kimi fəaliyyət göstərmişdir.[1][2]
1959–1960-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun rektoru, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Birinci vitse-prezidenti, 1961-ci ildə isə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilmişdir. 1962–1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunun direktoru, 1962–1983-cü illərdə isə həmin İnstitutun Texniki və yem bitkiləri şöbəsinin müdiri vəzifəsini icra etmişdir.[1][2]
Elmi fəaliyyəti
Ələkbər Quliyev akademik A.A.Qrossheymin rəhbərliyi ilə Gəncə və Göygöl rayonları ərazisində bal və tozverən bitki müxtəlifliyini öyrənmişdir. O, 1941-ci ildə "Kirovabad və Xanlar rayonlarının bal və tozverən bitkiləri" mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Daha sonra 1950-ci ildə Leninqradda EA-nın V.L.Komarov adına Botanika İnstitutunda "Azərbaycanın bal və tozverən bitkilərinin öyrənilmə məsələləri" mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Eyni zamanda 1952-ci ildə professor elmi adı verilmiş, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.[1][2]
Ələkbər Quliyev 11 monoqrafiyanın, 288-dən çox elmi əsərin, o cümlədən İtaliya, Bolqarıstan, Yaponiyada çap edilmiş 4 elmi məqalənin, 13 sortun (müəlliflik şəhadətnaməsi və patent alınmışdır) müəllifidir. Alimin təcrübəvi mutagenez, onun bioloji obyektlərdə istifadəsi metodlarının işlənib hazırlanması və tətbiqi sahəsində böyük rolu olmuşdur. Alimin bu sahədəki araşdırmaları bitkilərdə dəyişkənliyin fundamental əsaslarını müəyyən etməklə yanaşı, praktiki istifadəsi və son nəticə olaraq pambıq və başqa mədəni bitkilərin yeni, yüksək göstəricilərə malik sortlarının yaradılması ilə nəticələnmişdir.[1][2]
Müəllifi olduğu və təcrübəvi mutagenez metodu ilə yaratdığı "Ağdaş-3" pambıq sortu uzun illərdir ki, yerli və xarici sortlarla rəqabətdə bütün təsərrüfat göstəricilərinə görə öz üstünlüyünü qoruyub saxlayır. Hazırda "Ağdaş-3" sortu respublikamızda pambığın əkin sahələrinin 60%-ni təşkil edir. Bundan başqa, o, rayonlaşmış "AZXİ-1" qarğıdalı və "Azərbaycan" yonca sortunun, DSS-na təqdim olunmuş 7 pambıq, 2 qarğıdalı və 1 yonca sortunun müəllifidir.[1][2]
Mükafatları
Ələkbər Quliyev elmi və ictimai fəaliyyətinə görə "Şərəf nişanı" ordeni və bir sıra medallarla, o cümlədən, "SSRİ Əməkdar ixtiraçısı" fəxri adı ilə təltif olunmuş, "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür(1960).[1][2]
Həmçinin bax
İstinadlar
- "Quliyev Ələkbər Məmməd oğlu" (Azərbaycan). science.gov.az. 17-9-2021 tarixində arxivləşdirilib.
- "Ələkbər Məmməd oğlu Quliyev" (Azərbaycan). genres.az. 3-7-2020 tarixində arxivləşdirilib.