Əkrəm Cəfər

Əkrəm Cəfər (tam adı: Cəfərov Əkrəm Səftər oğlu; 5 may 1905, Lahıc, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası18 avqust 1991, Bakı) — dilçi, ədəbiyyatşünas, şərqşünas-filoloq, pedaqoq.[1]

Əkrəm Cəfər
Əkrəm Səftər oğlu Cəfərov
Doğum tarixi 5 may 1905(1905-05-05)
Doğum yeri
Vəfat tarixi 18 avqust 1991(1991-08-18) (86 yaşında)
Vəfat yeri
Elmi adı

Həyatı

Əkrəm Səftər oğlu Cəfərov 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur.

1920-ci ilni oktyabrında Bakıya gələrək "Darlmüəllimin"ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış etmişdir.

1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir.

Ə. Cəfər təhsil almaqla yanaşı 1929–1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur. O, M. Qorki adına Ədəbiyyat institutu, Moskva vilayəti axşam və qiyabi pedaqoji institutlarında da ümumi dilçilik fənnini tədris etmişdir.

1935-ci ildə aspiranturanı bitirərək Moskvada iki ilə yaxın elmi işçi vəzifəsində çalışmışdır. 1937-ci ildə Bakıya qayıdan Ə. Cəfər əvvəlcə Azərbaycan Pedaqoji İnstitutunda, sonra isə Azərbaycan Dövlət Universitetində kafedra müdiri olmuşdur.

Fəaliyyəti

Ə. Cəfər Azərbaycan ədəbi dilinin tədqiqi sahəsində səmərəli fəaliyyət göstərmişdir. O, 1941-ci ildə "XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələri" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-cu ildə isə "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu ərəb, fars, türk, tacik və özbək əruzları ilə müqayisədə" adlı dissertasiyanı müvəffəiyyətlə müdafiə edərək filoloji elmlər doktoru adı almışdır.

Ə. Cəfər "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarını və bir çox elmi tədqiqat əsərlərinin və məqalələrin müəllifidir. "Azərbaycan dilinin izahlı lüğəti"nin çapa hazırlanmasında onun də böyük əməyi vardır. O, bir şərqşünas alim kimi bir sıra beynəlxalq simpozium və konfransların iştirakçısı olmuşdur.

Əkrəm Cəfər 1954-cü ildən Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda, sonra isə Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır.

1991-ci il avqustun 18-də Bakıda vəfat etmişdir.

Xarici keçidlər

İstinadlar

  1. "Cəfərov Əkrəm Səftər oğlu (Əkrəm Cəfər)". Azərbaycan epistolyar irsi. 2017-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.