Əhməd Yaşat

Əhməd Yaşat — mühacir, həkim, Azərbaycan Demokrat Birliyinin üzvü, Azərbaycan Kültür Dərnəyinin sədri.

Əhməd Yaşat
2 sentyabr 1969 26 dekabr 1979
ƏvvəlkiMəhəmməd Kəngərli
Sonrakıİsgəndər Ağüzüm
2 dekabr 1962 20 dekabr 1965
ƏvvəlkiKərim Odər
SonrakıCəlal Odelli
Şəxsi məlumatlar
Doğum tarixi 1917
Doğum yeri
Vəfat tarixi 26 yanvar 1985(1985-01-26)
Vəfat yeri

Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri.

Haqqında

Əhməd Şirinzadə 1917-ci ildə Şəkidə anadan olub. İbtidai və orta təhsilini Şəkidə bitirdikdən sonra Bakıda tibb üzrə təhsil alıb[1].

Qış müharibəsi dövründə Əhməd Şirinzadə fin cəbhəsinə həkim kimi göndərilib[2].

II Dünya Müharibəsində ön cəbhədə həkim kimi xidmət edən Əhməd Şirinzadə xidmət etdiyi hərbi birliyin tərkibində əsir düşüb. Əsirlikdən qurtulduqdan sonra Yaşat arxa cəbhədə həkim kimi çalışıb. II Dünya Müharibəsi bitdikdən sonra Almaniyadakı azərbaycanlıları qorumaq və onların SSRİ-yə verilməsinin qarşısını almaq üçün Rəsulzadənin təlimatı ilə Azərbaycan Demokrat Birliyi yaradılıb[3]. Birliyin ilk üzvlərindən biri də Əhməd Yaşat olub[4]. Müharibədən sonra Yaşat bir müddət Hannoverdə həkimlik edib.

1948-ci ildə Türkiyəyə köçüb, burada da həkim kimi fəaliyyət göstərib.[5] 1949-cu il fevralın 1-də Ankarada Azərbaycan Kültür Dərnəyi qurulub[6]. Dərnək qurulanda onun idarə heyətində təmsil olunub. Daha sonra iki dəfə dərnəyin sədri seçilib[7]. İlk sədrliyi 2 dekabr 1962-ci ildən 20 dekabr 1965-ci ilədək, ikinci sədrliyi isə 2 sentyabr 1969-cu ildən 26 dekabr 1970-ci ilədək davam edib.[1][8] Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri olub[9][10][11].

Əhməd Yaşat 1985-ci il yanvarın 26-da vəfat edib və Ankarada dəfn olunub.[5]

Xatirələri

Qış müharibəsində iştirakı ilə bağlı xatirələri:[1]

" Gənc bir həkim ikən Fin cəbhəsinə göndərildim. Rus orduları bir-iki ay içində Finlandiyanı məğlub edəcəyini zənn edirdi. Fəqət qocaman birliklər bir ovuc Fin ordusu qarşısında bir addım da irəli gedə bilmirdi. Böyük meşələrlə örtülü olan Finlandiyada qara bürünən hər ağac bir fin əsgərinin qərargahı idi. İldırım sürətiylə gələn bir neçə fin əsgəri rus bölmələrini güllələyib gedirdi. Buna alışıq olmayan rus orduları pərişan halda idilər. Bu dəfə xizək sürən kişilərdən ibarət birliklər cəbhəyə göndərildi, onlar da mübarizə apara bilmədilər. Beləcə, kiçik Finlandiya qarşısında qocaman Sovet Rusiyası dünya qarşısında rüsvay oldu. "

II Dünya Müharibəsində Əhməd bəy ön cəbhəyə göndərilib. Əsir düşməsi haqqında bunları deyib[1]:

" Almanların hücumunu gözləyirdik. Mən bir tank tuqayında həkim idim. Hücumdan bir gün əvvəlki gecə ruslar birliklərə ziyafət verdilər. Yeyib-içdilər. Sabahın erkən saatlarında almanların hücumu başladı. Rus tankları hərəkətə keçənə qədər bir mərmi də atmayan bizim tuqay kimi digər rus birlikləri də almanlar tərəfindən mühasirəyə alınaraq əsir götürüldü. İlk əsarət həyatı belə başladı. "

Ailəsi

Əhməd Şirinzadə 1917-ci ildə Həsən Şirinzadə və Zəhra Şirinzadənin ailəsində anadan olub. Ənvər adlı qardaşı, Zərifə və Əzizə adlı bacıları olub[1].

Həmçinin bax

İstinadlar

  1. Dilqəm Əhməd. Bir ildən Yüz ilə. Bakı: TEAS Press Nəşriyyat evi. 2018. səh. 115-116. ISBN 9789952310474.
  2. Leyla Sarabi. "Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı inanılmaz sirləri açdı" (az.). goyce.az. 2020-05-28. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-03.
  3. Sabahattin Şimşir. Azerbaycan'ın İstiklal Mücadelesi (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2013. səh. 115. 2023-04-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-04.
  4. Nəsiman Yaqublu. Azərbaycan legionerləri. Bakı: Çıraq. 2005. səh. 147. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  5. Dilqəm Əhməd. ""Rəsulzadə məni diqqətlə süzdü və…" – Bir legionerin həyatı". teleqraf.com. 25 mart 2018. 28 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2020.
  6. Xaləddin İbrahimli. Azərbaycan mühacirəti tarixi. Bakı: ADPU nəşriyyatı. 2012. səh. 101. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  7. Ahmet B. Ercilasun. "Azerbaycan Kültür Derneği 70 yaşında" (türk). yenicaggazetesi.com.tr. 2019-02-10. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  8. Refik Turan. Türkiye'de bir Azerbaycanşinazlık ocağı: Azerbaycan Kültür Derneği. Aksaray: International Journal Of Turkish Literature Culture Education. 2016. səh. 1188. Archived from the original on 2023-04-04. İstifadə tarixi: 2023-09-12.
  9. Abid Tahirli. Azərbaycan Mühacirət Mətbuatı (PDF). Bakı: Qapp poliqraf. 2002. səh. 47. 2021-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-04.
  10. Abid Tahirli. Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991) (PDF). Bakı: CBS. 2005. səh. 77. 2020-09-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-04.
  11. Nəsiman Yaqublu. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası (PDF). Bakı. 2013. səh. 168.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.